Menyu
spacer


spacer
spacer
spacer spacer
spacer spacer
Saytda Axtar
Ətraflı axtarış
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer spacer
spacer spacer
Xəbər qrupuna abunə ol
Abunə ol
spacer
spacer
spacer
spacer
spacer
"Azərbaycanda neft gəlirləri ədalətlə bölünür"
İlham Əliyev: "Bizdə neft ixrac edən bəzi ölkələrə xas olan təbəqələşmə prosesi getmir"
"Vaxtilə başqa ölkələrə miqrasiya edənlər indi vətənə qayıdırlar. Bizim inkişaf perspektivimiz çox aydın görünür"
"Hazırda 7,3 milyard dollar valyuta ehtiyatımız var. 2008-ci ildə məbləğ ən azı iki dəfə artacaq. 4 il ərzində Azərbaycanın dövlət büdcəsi 10 dəfə artıb. Bu il üçün icmal büdcəmiz 12 milyard dollar təşkil edir. Bu il büdcəyə əlavələr də istisna olunmur". Bu fikirləri Azərbaycan prezidenti İlham Əliyev dünən "Regionların sosial-iqtisadi inkişafı haqqında Dövlət Proqramı"nın icrasının 4 illiyi ilə bağlı "Gülüstan" sarayında keçirilən konfransın açılış mərasimində səsləndirib. İlham Əliyevin sədrliyi ilə keçirilən konfransda dövlət qurumlarının rəhbərləri, millət vəkilləri, Azərbaycandakı xarici ölkə səfirləri və beynəlxalq təşkilatların nümayəndələri, həmçinin rayonların icra hakimiyyətlərinin başçıları və sahibkarlar da iştirak edirdilər.
   
   
   
   Konfrans işinə başlamazdan əvvəl ölkə başçısı yerli müəssisələrin istehsal etdiyi məhsullardan ibarət sərgi ilə tanış olub. Prezident konfrans iştirakçıları qarşısında çıxışına da elə sərgi haqqında fikirlərini bölüşməklə başlayıb. Ölkədə qeyri-neft sektorunun inkişafının zəruriliyindən danışan prezident İlham Əliyev bildirib ki, son dörd il ərzində Azərbaycan iqtisadiyyatı 96 faiz artıb. Ölkədə ümumdaxili məhsulun həcmi iki dəfə artıb. 2007-ci ildə adambaşına düşən gəlir 3700 dollar təşkil edib. 2008-ci ildə Azərbaycanda adambaşına düşən gəlir 4500 dollara çatacaq ki, bu da ölkənin iqtisadi inkişafının göstəricisidir. Ölkə başçısı 2003-cü il prezident seçkiləri ərəfəsində beş il ərzində ölkədə 600 min yeni iş yerinin açılacağı barədə bəyanatını da xatırladıb. Dövlət başçısı bəyan edib ki, 4 il ərzində ölkədə 650 min yeni iş yeri açılıb. Onlardan 480 mini daimi iş yerləridir. Bunu ölkə iqtisadiyyatının güclənməsinin bariz nümunəsi kimi dəyərləndirən dövlət başçısı onu da əlavə edib ki, əldə olunan uğurlu nəticələr bu istiqamətdə aparılan siyasətin düzgün olduğunu bir daha təsdiqləyir. Prezident İlham Əliyev ölkənin gələcəyinin çox aydın göründüyünü deyib. O, həmçinin ölkədə yoxsulluğun tamamilə aradan qalxacağına da inandığını bildirib. "Əminəm ki, bu tendensiya davam edəcək. Əminəm ki, gələcəkdə ölkədə işsizlik problemi tamamilə aradan qaldırılacaq" söyləyən dövlət başçısı onu da əlavə edib ki, Azərbaycanda neft-qaz hasilatı artıb. "Amma bu sahədə böyük iş yerlərinin yaranması o qədər də mümkün deyil" söyləyən prezident İlham Əliyev ölkədə yoxsulluğun səviyyəsinin azalmasının da birbaşa regionların inkişafı ilə bağlı olduğunu bildirib. Regionların sosial-iqtisadi inkişafı haqqında Dövlət Proqramı çərçivəsində regionlarda həyata keçirilən işlər nəticəsində ölkədə yoxsulluğun səviyyəsinin son 4 ildə 49 faizdən 16 faizə düşdüyünü qeyd edən ölkə başçısı bildirib ki, Azərbaycanda yoxsul insan olmamalıdı. Neft gəlirlərinin xərclənməsindən danışarkən isə prezident İlham Əliyev Azərbaycanda neft gəlirlərinin şəffaf və ədalətli şəkildə bölündüyünü, xalqın sosial problemlərinin həlli məqsədi ilə bir sıra böyük layihələr həyata keçirildiyini diqqətə çatdırıb. "Azərbaycanda neft gəlirləri ədalətlə bölünür. Bizdə neft ixrac edən bəzi ölkələrə xas olan təbəqələşmə prosesi getmir". Ölkə başçısı yoxsulluğun səviyyəsinin aşağı düşməsinin onun üçün vacib məsələ olduğunu da açıq şəkildə bəyan edib. "Mənim üçün yoxsulluğun azalması, sözün düzü, daha böyük əhəmiyyət daşıyır, nəinki iqtisadi göstəricilər". Prezident xalqın problemlərinin həlli ilə bağlı dövlət qurumlarını da aktiv olmağa çağırıb. "Biz xalq üçün yaşayırıq. Elə etməliyik ki, xalq yaxşı yaşasın. İşləmək istəyən işlə təmin olunsun. Vaxtilə başqa ölkələrə miqrasiya edənlər indi vətənə qayıdırlar. Bizim inkişaf perspektivimiz çox aydın görünür". Prezident İlham Əliyev həmçinin onu da əlavə edib ki, regionların sosial-iqtisadi inkişafını özündə əks etdirən Dövlət Proqramı çərçivəsində əksini tapan məsələlərin demək olar ki, 98 faizi icra olunub. Bununla belə, prezident bütün problemlərin həllinin başa çatmadığını və 2009-2013-cü illəri əhatə edəcək yeni beşillik proqramın hazırlanacağını deyib. "O proqramda hər bir kəndin məsələsi öz həllini tapmalıdı". Prezident İlham Əliyev builki dövlət büdcəsindən investisiya xərcləri üçün 3.5 milyard dollar vəsait nəzərdə tutulduğunu bildirib. Eyni zamanda, ölkə başçısı Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlığın inkişafına bu il 90 milyon manat ayrıldığını da diqqətə çatdırıb. Dövlət qurumlarının sahibkarlığın yerlərdə fəaliyyətinə kömək məqsədi ilə infrastrukturu yaratmalı olduğunu vurğulayan prezident İlham Əliyev bu yaxınlarda yaradılmış Dövlət İnvestisiya Şirkətinin də buna yaxından yardım edəcəyini deyib. Qeyri-neft sektorunun inkişaf etdirilməsini vacib məsələlərdən biri kimi önə çəkən ölkə başçısı qeyd edib ki, son dörd ildə BTC neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri işə düşüb, Şahdəniz yatağından qaz hasilatına başlanılıb. Bundan başqa, bu il nəqliyyat sahəsində Azərbaycan öz partnyorları ilə birlikdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinə start verib. Bundan başqa, ölkə əhalisinin sosial rifah halının yaxşılaşdırılması üçün də bir sıra tədbirlər görülüb. Son 4 ildə minimum əməkhaqları 6,7 dəfə artırılıb. Prezident İlham Əliyev onu da bildirib ki, minimum əməkhaqlarının bir neçə dəfə artmasına baxmayaraq minimum əməkhaqqının hazırkı səviyyəsi onu qane etmir və bu istiqamətdə addımlar davamlı olaraq atılacaq. Ölkədə qeyri-neft sektorunun inkişafını gücləndirmək üçün yeni fabrik və zavodların açılmasına ehtiyac olduğunu bildirən prezident İlham Əliyev qeyd edib ki, bir sıra sahələrdəki problemlərin həlli dövlətin öz imkanları hesabına həyata keçirilir. 4 ildə ölkədə 1200 yeni məktəb binasının tikildiyini vurğulayan dövlət başçısı bu il təhsil sahəsinə 1 milyard dollar vəsait ayrıldığını qeyd edib. Prezident bildirib ki, təhsil sahəsində aparılan işlər sırasına yeni məktəblərin tikilməsi ilə yanaşı, məktəblərin kompyuterləşməsi və digər həlli vacib məsələlər daxildi. Eyni zamanda dövlət başçısı səhiyyə sahəsində həyata keçirilən islahatlara da toxunub. Ölkə başçısı qeyd edib ki, bu yaxınlarda dövlətə məxsus səhiyyə obyektlərində pullu xidmət ləğv olunub. Pullu xidmətin rüşvətxorluq hallarına gətirib çıxardığını söyləyən dövlət başçısı bundan sonra həmin müəssisələrdə hər bir şeyin dövlət hesabına aparılacağını və buna ölkənin imkanlarının olduğunu da bildirib. Ölkə başçısı regionların sosial-iqtisadi inkişaf proqramı çərçivəsində görülən işlərdən razı qaldığını da bəyan edib. "Bütün görülən işlər məni qane edir. Əlbəttə, problemlər də var. Hər bir ölkədə olduğu kimi Azərbaycanda da problemlər var. Bu problemləri həll etməyə çalışırıq ki, ölkəmiz güclənsin, xalqımız daha yaxşı yaşasın". Konfransda iqtisadi inkişaf naziri Heydər Babayev regionların sosial-iqtisadi inkişaf proqramının yerinə yetirilməsi ilə bağlı son 4 ildə görülən işlərlə bağlı hesabat xarakterli çıxış edib. Nazir 2009-2023-cü illəri əhatə edəcək yeni Dövlət Proqramının hazırlanmasının davam etdirildiyini bildirib. Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişaf naziri Famil Seyidov isə çıxışı zamanı son 4 ildə MR-də görülən işlər, eləcə də yeni iş yerlərinin açılmasından danışıb. Nazir bildirib ki, son 4 ildə MR-də 30 min 639 yeni iş yeri açılıb. Daha sonra Əli Bayramlı və Zaqatala rayonlarının icra hakimiyyəti başçıları regionların sosial-iqtisadi inkişaf proqramı çərçivəsində öz rayonlarında görülmüş işlərə dair məruzə ilə çıxış ediblər. Konfransda çıxış edən Dünya Bankının Azərbaycandakı nümayəndəsi Qriqori Yedrjyçar isə əhalinin içməli su təminatı sahəsində Azərbaycan hökumətinin DB ilə birlikdə həyata keçirəcəyi layihə haqqında danışıb. Dünya Bankının nümayəndəsi bildirib ki, Su-sanitariya proqramı çərçivəsində bir il ərzində 43 rayonda bir milyona yaxın insan su ilə təmin olunacaq. "Biz bu proqramın həyata keçirilməsi ilə bağlı 429 suvarma sistemini təsis etmişik" deyən DB-nin nümayəndəsi bu layihənin həyata keçirilməsi ilə bağlı 1 milyon hektar ərazinin nəzərdən keçirildiyini deyib. Bundan başqa, DB ilə həyata keçiriləcək proqram çərçivəsində 250 kənddə rayon səviyyəsində infrastruktur qurulacaq. Bunun üçün əlavə 400-500 kiçik layihənin həyata keçirilməsi də nəzərdə tutulur. Dünya Bankının nümayəndəsinin çıxışından sonra konfransın açılışına yekun vuran prezident İlham Əliyev əhalinin su təminatı sahəsində həyata keçirilən layihələr barəsində məlumat verib. Bakının su təminatı ilə bağlı Oğuz-Qəbələ su kəmərinin çəkilməkdə olduğunu bildirən dövlət başçısı, həmçinin Taxtakörpü su anbarının da tikilməkdə olduğunu deyib. İlham Əliyev, həmçinin ölkədə elektrik enerjisi istehsalının da artdığını, eləcə də çaylarda kiçik SES-lərin qurulması və əlavə enerji mənbələrinin yaradılması ilə bağlı "Azərenerji" SC-yə tapşırıqlar verildiyini deyib. Ölkənin 80 faiz qazlaşdırıldığını deyən dövlət başçısı bildirib ki, hətta Azərbaycandan qaz ixrac edən ölkələrdə belə, qaz təminatı bu səviyyədə deyil. Bununla belə, ölkə başçısı 2008-2009-cu illər ərzində ölkədə qazlaşmanın aparılması barədə tapşırıqlar olduğunu bildirib. Prezident bildirib ki, istər enerji və qaz, istərsə də su təminatı sahəsində əhalinin heç bir problemi olmamalıdı. Hətta rayonlarda kanalizasiya xətlərinin çəkilməsi də nəzərdə tutulur. Bir qədər əvvəl dünyada enerji təhlükəsizliyi ilə bağlı məsələnin gündəmə gəldiyini qeyd edən dövlət başçısı bildirib ki, hələlik hiss olunmasa belə bir müddət sonra ərzaq təhlükəsizliyi ilə bağlı problem yarana bilər. Ötən il bütün dünyada, eləcə də Azərbaycanda ərzaq məhsullarının qiymətində kəskin bahalaşma getdiyini deyən dövlət başçısı bir sıra zəruri qida məhsullarının ölkə ərazisində istehsalının vacibliyini önə çəkərək bu barədə sahibkarlara öz tövsiyələrini də verib. İlham Əliyev çıxışı zamanı sahibkarları dəstəklədiyini bir bir daha bəyan edərək, yerli icra strukturlarına sahibkarların işinə mane olmamağı, onlara dəstək olmağı tövsiyə edib. Ölkə başçısı ölkədə aparılan quruculuq işlərinə də toxunub. O, Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsini istədiyini söyləyərək qeyd edib ki, bu cür abadlaşma işləri təkcə paytaxtda deyil, bütün ölkə ərazisində aparılmalıdı. Onu da qeyd edək ki, açılış mərasimindən sonra konfrans işini xüsusi bölmələrdə davam etdirib. Konfrans öz işini bu gün başa vuracaq.
   
   
Vüsalə Rafiqqızı
Fevralın 20-də...Azərbaycanla bağlı hesabatı dinləniləcək
Avropa Şurası Nazirlər Komitəsinin fevralın 20-də keçiriləcək iclasında qurumun insan haqları üzrə komissarı Tomas Hammarberqin Azərbaycanla bağlı hesabatı dinləniləcək.
   
   Bu barədə APA-ya T. Hammarberqin köməkçisi Aleksandr Hestsel məlumat verib. O bildirib ki, iclasa Azərbaycanın AŞ-dəki nümayəndəliyinin əməkdaşları da dəvət olunacaq. Toplantıda hesabat ətrafında müzakirə aparılacaq və Azərbaycan tərəfinə öz mövqeyini bildirmək imkanı yaradılacaq. Sənəd təşkilatın saytında dərc olunacaq.
Dövriyyəyə yeni pul vahidləri buraxılacaq
Dəmir 1 manatlıqlardan da istifadə olunacaq
Milli Bank dövriyyəyə yeni pul vahidləri buraxmaq niyyətindədir. Bu dəfə dövriyyəyə buraxılacaq yeni pul vahidləri dəmir 1 manatlıq və 200 manatlıq əsginaslar olacaq.
   
   Bu barədə jurnalistlərə dünən Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov açıqlama verib. Onun sözlərinə görə, dəmir 1 manatlıqlar dövriyyəyə buraxıldıqdan sonra kağız 1 manatlıqlar dövriyyədən yığışdırılmayacaq. Milli Bankın İdarə Heyətinin rəhbəri yeni pul vahidlərinin dövriyyəyə buraxılmasını çoxlu pulun yığılması ilə izah edərək hazırda bu istiqamətdə müzakirələrin davam etdirildiyini bildirib.
   
   
Vüsalə
Kiyevdə GUAM milli koordinatorlarının növbəti görüşü olacaq
Fevralın 12-13-də Kiyevdə GUAM milli koordinatorlarının 9-cu görüşü keçiriləcək.
   
   APA-nın məlumatına görə, Azərbaycanı tədbirdə Xarici İşlər Nazirliyinin Təhlükəsizlik Problemləri İdarəsinin əməkdaşı təmsil edəcək. Milli koordinatorların görüşündən əvvəl Kiyevdə quruma üzv ölkələrin xarici işlər nazirliklərinin ekspertlərinin görüşü də olacaq.
   
   
Pakistan
Azərbaycandakı səfirini dəyişir
APA-nın Pakistanın Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, bu ölkənin hazırda Dubaydakı səfiri vəzifəsində çalışan Əbdül Həmid Çaudxru Azərbaycanda səfir postuna təqdim olunub.
   
   2006-cı ilin sentyabrından Pakistanın Azərbaycanda səfiri kimi çalışan Cavid Qureyşi isə təqaüdə çıxır. O, yaxın günlərdə Bakını tərk edəcək.
   
   
 
 
spacer
  Copyright (c) 2008 Bütün haqqları qorunur.
Content by azDesign.ws