Menyu
spacer


spacer
spacer
spacer spacer
spacer spacer
Saytda Axtar
Ətraflı axtarış
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer spacer
spacer spacer
Xəbər qrupuna abunə ol
Abunə ol
spacer
spacer
spacer
spacer
spacer
"Elçibəyin düşüncələri və qanun dövləti"
Azərbaycanlı jurnalist Türkiyədə həyat yoldaşı ilə birgə kitab çap etdirib
Türkiyədə "Elçibəyin düşüncələri və qanun dövləti" adlı kitab işıq üzü görüb. Kitabın müəllifləri azərbaycanlı jurnalist Şeyda Kamaloğlu və onun həyat yoldaşı, türkiyəli yazar Məhəmməd Kamaloğludur.
   
   
   
   Ş.Kamaloğlunun "Media forum" saytına bildirdiyinə görə, "Elçibəyin düşüncələri və qanun dövləti" Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəyin vəfatından sonra Türkiyədə onun haqqında çıxan ilk kitabdır: "Eyni zamanda bu, 1992-93-cü illərə - Elçibəy hakimiyyəti dövrünə aid rəsmi sənədlərlə, həmin vaxt çıxarılmış qanun və qərarlarla hazırlanmış ilk kitabdır. Əldə etdiyimiz sənədlərlə bərabər sırf Elçibəyə aid olan fikirlərin və rəsmi sənədlərin tərcüməsini kitaba daxil etmişik. Özümüzdən heç nə əlavə etməmişik, kitab xronoloji ardıcıllığa əsaslanaraq hazırlanıb".
   
   Ş.Kamaloğlunun sözlərinə görə, onların təqdim etdikləri sənədlərdə bir məqsəd də Elçibəyi Türkiyədə bir dövlət adamı kimi tanıtdırmaqdır.
   
   Kitab 532 səhifədən ibarətdir. İlk hissələrdə Azərbaycan tarixinə ekskursiya xarakterli "Azərbaycan tarixi", "Azərbaycan bölünür", "Gülüstan müqaviləsinin şərtləri", "Türkmənçay müqaviləsinin şərtləri", "Azərbaycan məsələsi" və s. məqalələr təqdim edilir, sonra Əbülfəz Elçibəy haqda məqalələr başlayır. Bu sırada Elçibəyin özü haqqında, bütöv Azərbaycan haqqında, millət və millətçilik haqqında və digər məsələlər barəsində fikirləri təqdim olunub.
   
   Şeyda Kamaloğlu Azərbaycanda yaşadığı vaxt mediada Şeyda Nəsibli imzası ilə çıxış edib. Azərbaycan vətəndaşıdır. Türkiyə vətəndaşı Məhəmməd Kamaloğlu ilə ailə qurandan sonra Türkiyəyə köçüb, iki ilə yaxındır bu ölkədə yaşayır.
"Reket" qəzetlər "diplom" satır
Mətbuat Şurası bəyanat yayıb
Mətbuat Şurası (MŞ) "reket" qəzetlərlə bağlı ictimaiyyətə bayanat ünvanlayıb. Sənəddə deyilir ki, Şuranın apardığı araşdırmalar onu göstərir ki, "reket" nəşrlər təmənnalı məqsədlərin reallaşdırılmasında diplom satışına üstünlük verir:
   
   
   
   "Gurultulu, ibarəli ifadələrlə tərtib olunmuş həmin nümunələr əsasən büdcə təşkilatlarının, sahibkarlıq müəssisələrinin rəhbərlərinə müvafiq məbləğlərin müqabilində satılmaqdadır. Təəssüf ki, həmin şəxslərin əksəriyyəti "nominasiya qalibi" kimi diplomları alır, çərçivəyə salaraq başları üzərindən asırlar. Mahiyyətcə maraqlanmırlar ki, nəşrin, onun rəhbərliyinin və əməkdaşlarının normal mətbuata nə dərəcədə aidiyyəti var. Halbuki MŞ bu məsələ ilə əlaqədar dəfələrlə açıqlamalar verib, adlar çəkib". Müraciətdə göstərilir ki, MŞ-nin regionların inkişafına dair Dövlət Proqramının yerlərdə həyata keçirilməsinin mediada aktiv, obyektiv və dolğun işıqlandırılmasına yönələn layihəsi çərçivəsində Yardımlı və Lənkərana səfərləri zamanı məsələyə ciddi narahatlıqla münasibət bildirilib: "Müstəqil dövlət" qəzetinin təsisçisi savadsız və məntiqsiz cümlələrdən tərtib olunmuş "Şərəf və ləyaqət diplomu"nu Lənkəran və digər bölgələrdə "nominant"larını tapmaq üçün idarə və müəssisələrə baş çəkməli olub. "Ədalər uğrunda" qəzetinin rəhbərliyi də bu yollarla vəzifəli şəxsləri, insanları aldatmaqla məşğuldur". MŞ bu nəşrlərin çirkin məqsədləri üçün görkəmli siyasi xadimlərin adlarından, portretlərindən sui-istifadənin yolverilməzliyini önə çəkib. Belə hallara qarşı mübarizədə ictimai qınaqla yanaşı, kəsərli tədbirləri vacib sayıb. Sənəddə həmçinin vurğulanıb ki, ictimaiyyət bu kimi faktlarla rastlaşarkən diqqətli olmalıdır: "İctimaiyyət medianın və özlərinin adlarına utanclıq gətirən halların reallaşmasına yol verməsin. Bu halda sivil mətbu məkanımızın yaradılması üçün yardım göstərmiş olarlar".
   
   
Anar
Qarabağ əlillərindən rüşvət istəyirlər
Müraciət müəllifləri prezidentin müdaxiləsini xahiş edirlər
"Qarabağ Qaziləri" İctimai Birliyi prezident İlham Əliyevə və əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova müraciət edib.
   
   
   
   Birlikdən aldığımız məlumata görə, müraciətdə torpaqlarımızın müdafiəsi zamanı gedən döyüşlərdə yaralanaraq əlil və şikəst olmuş insanların hüquqlarının müdafiəsi, onların sosial-iqtisadi vəziyyətlərinin yaxşılaşdırılması ilə məşğul olan QQİB-nin yarandığı dövrdən bu istiqamətdə xeyli müsbət iş gördüyü vurğulanır və qeyd edilir ki, hazırda təşkilat Azərbaycanın əksər şəhər və rayonlarında dayaqlara malikdir.
   
   Daha sonra müraciətdə bildirilir ki, mərhum dövlət başçısı Heydər Əliyev Qarabağ əlillərinin problemlərinin həlli istiqamətində xeyli işlər görmüşdü. Müraciət müəllifləri bu xeyirxah işi hakimiyyətə gələndən sonra İlham Əliyevin də uğurla davam etdirdiyini vurğulayırlar. Bu sırada müharibə əlillərinə pulsuz mənzillərin, minik avtomobillərinin və protez ortopedik vasitələrin verilməsi, əlillərin reabilitasiya mərkəzlərinin Qarabağ əlillərinin müalicəsində əhəmiyyətli rol oynaması qeyd olunur. Prezidentin tapşırığı ilə son zamanlar bəzi dövlət orqanlarının, konkret olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu sahədə xeyli iş gördüyünü diqqətə çatdıran müraciət müəllifləri bildirirlər ki, sözügedən nazirlik son vaxtlar saxta yolla əlillik və digər sosial status əldə etmiş çoxlu adamı aşkarlayıb və müvafiq tədbirlər görüb: "Ümid edirik ki, bu proses bundan sonra da davam etdiriləcək".
   
   Müraciətdə Qarabağ əlilləri bəzi problemlərə də toxunurlar: "Təəssüf ki, bəzi dövlət məmurları sizlərin Qarabağ əlilləri üçün gördüyü bu xeyirxah işlərdən də öz şəxsi məqsədləri üçün istifadə edirlər. Bizə daxil olan məlumatlara görə, dövlət tərəfindən Qarabağ əlillərinə pulsuz verilən mənzillərin, avtomobillərin paylanmasında, protez ortopedik məmulatların verilməsində bir çox insanlardan rüşvət tələb etmə halları baş verir. Xahiş edirik ki, aidiyyəti orqanlara bəzi məmurların Qarabağ əlillərindən rüşvət tələb etmə faktlarının araşdırılmasına və bunlar təsdiqlənərsə, günahkarların cəzalandırılmasına göstəriş verəsiniz". Qarabağ əlilləri müraciətdə pensiyalarının az olmasını da prezidentin diqqətinə çatdırırlar.
   
   
Məlahət
KİV-in məlumat kitabçası hazırlanır
Azərbaycan Mətbuat Şurası ölkədə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin məlumat kitabçasını hazırlamaqdadır.
   
   MŞ-dən "Şərq"ə verilən məlumata görə, həmin nəşrdə KİV-in adı, qeydiyyatdan keçmə tarixi, dövriliyi, təsisçisi, baş redaktoru, ünvanı, telefonları, veb-səhifələri, elektron ünvanları barədə məlumatlar toplanacaq. Mətbuat Şurası bütün KİV rəhbərlərindən həmin məlumatların tezliklə MŞ-yə çatdırılmasını xahiş edir. Bu, kitabçanın daha operativ işıq üzü görməsini sürətləndirər.
Nəsimi
Əli Orucov tələsmir
"AMİP sədri postuna namizədliyimi irəli sürüb-sürməyəcəyimi dəqiqləşdirməmişəm"
"AMİP funksionerlərinin partiya sədrliyinə iddialı olmaması son iki sədrin taleyi ilə bağlı deyil.
   
   Sadəcə, bir sıra şəxslər Nizamnaməyə uyğun olaraq sədrlik iddiasının ortaya qoyulması ilə bağlı müəyyənləşmiş müddəti gözləyir". Bu açıqlamanı APA-ya Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) mətbuat və təbliğat katibi Əli Orucov partiyanın rəhbərliyindəki tanınmış şəxslərin sədrliyə iddialı olmamalarının səbəbinə aydınlıq gətirərkən deyib. Partiyada son iki sədrin öz səlahiyyətlərini axıra kimi yerinə yetirməməsinin bu məsələdə hər hansı rolunun olmadığını deyən AMİP katibinin fikrincə, vaxtı gələndə bir sıra şəxslər öz namizədliyini irəli sürəcək. O, partiya rəhbərliyində qeyri-rəsmi söhbətlərdə bəzi şəxslərin bu barədə öz niyyətlərini açıqladığını da qeyd edib: "Amma hələlik bununla bağlı ortaya rəsmi iddia qoyan yoxdur. Mən də namizədliyimi irəli sürüb-sürməyəcəyimi dəqiqləşdirməmişəm. Bu, situasiyadan asılı olacaq".
Qaçqınlara verilən çörək pulları artırılacaq
Bu haqda jurnalistlərə Əli Həsənov deyib
"Hazırda məcburi köçkünlərə verilən aylıq çörək pulu 9 manat təşkil edir. Bu məqsədlə büdcədən 67 milyon manat vəsait ayrılıb. Yaxın vaxtlarda məcburi köçkünlərə verilən aylıq çörəkpulunun məbləği artacaq. Lakin hələlik bu məbləğin nə qədər artırılacağı məlum deyil".
   
   Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənov dünən jurnalistlərə açıqlamasında belə deyib. "Dövlətqaçqınkom"un sədri onu da bildirib ki, yaxın vaxtlarda məcburi köçkünlərin məskunlaşdığı yataqxanaların təmirinə başlanılacaq. Həmçinin fin evlərində yerləşdirilmiş məcuri köçkünlər üçün yeni qəsəbələr salınacaq. Əli Həsənov məcburi köçkünlərin öz yerlərinə qaytarılması ilə bağlı "Böyük qayıdış" planı barəsində də danışıb. Əli Həsənov bildirib ki, qayıdış proqramı ilə bağlı Azərbaycanda fəaliyyət göstərən bütün beynəlxalq təşkilatlar və xarici ölkə səfirlikləri öz təkliflərini veriblər.
Vüsalə
Dini mövzular mediada qərəzsiz işıqlandırılmalıdır
Ćurnalistlər üçün seminar keçirilib
Fevralın 6-dan 11-dək "İnternyus Azərbaycan" İctimai Birliyi "Yeni Nəsil" Ćurnalistlər Birliyi ilə birgə "Üç mediada dini mövzuların işıqlandırılması" mövzusunda seminar keçirib.
   
   "Yeni Nəsil" Ćurnalistlər Birliyindən verilən məlumata görə, məqsəd islamla və ya digər dinlərlə bağlı məsələlərin mediada qərəzsiz işıqlandırılması yolları haqda iştirakçıları məlumatlandırmaq olub. Seminar nəzəri və praktiki hissələrdən ibarət olub. Sonda həm nəzəri, həm də praktiki hissələrdə fəal olan iştirakçılara sertifikatlar verilib. Seminarda iştirak edən jurnalistlər həmçinin çəkilişin əsaslarını öyrənmək imkanı qazanıblar. Seminarı üç media-televiziya, radio və mətbuat sahəsində beynəlxalq təcrübəsi olan, Fulbrayt proqramı ilə Bakıda yayım jurnalistikasını tədris edən ABŞ mütəxəssisi Brent Hurd və Bakı Dövlət Universitetinin dosenti Zeynal Məmmədli aparıb. Seminarda Bakı, Sumqayıt, Mingəçevir, Zaqatala, Lənkəran və Şəkidə fəaliyyət göstərən və hər üç media sahəsini təmsil edən jurnalistlər iştirak edib.
   
   
Firdovsi
"Bakı-Xəbər" bazarertəsi gizli çıxır
Aydın Quliyev nəşriyyatla belə sözləşib
"Çap evi" mətbəəsi altı günlük iş rejiminə keçdiyindən "Yeni Müsavat", "Bakı-Zaman", "24 saat" qəzetlərinin bazar ertəsi nömrələri işıq üzü görməyib.
   
   Qrafikini dəyişməyən yeganə qəzet isə "Bakı-Xəbər" olub. Belə ki, qəzet həftənin birinci günü köşklərə çıxmağa müvəffəq olub. Digər mətbu orqanlar isə başqa mətbəə tapa bilmədiklərindən qrafiklərində dəyişiklik etmək məcburiyyətində qalıblar.
   
   "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev isə bazarertəsi sayını hansı mətbəədə çıxardıqlarını gizli saxlamaq niyyətindədir. Bunun kommersiya sirri olduğunu açıqlayan baş redaktor məsələ ilə bağlı nəşriyyat rəhbərliyinin xahişinin olduğunu deyib. "Bunun aramızda qalmasına dair söz vermişəm. Ona görə də hansı mətbəədə nəşr olunduğumuzu açıqlaya bilmərəm". A.Quliyev problemi yalnız şəxsi münasibətlər zəminində yoluna qoya bildiyini söyləyib. Onun sözlərinə görə, yeni mətbəədə qəzet texniki baxımdan bir qədər fərqli çıxıb. "Mətbəənin A:3 formatında çap etmək imkanları məhduddur. Bu səbəbdən də ənənəvi formatımız 1 santimetr civarında kiçilib".
Firdovsi
 
 
spacer
  Copyright © 2008 Bütün haqqları qorunur.
Content by azDesign.ws