Qarabağ əlillərindən rüşvət istəyirlər
Müraciət müəllifləri prezidentin müdaxiləsini xahiş edirlər
"Qarabağ Qaziləri" İctimai Birliyi prezident İlham Əliyevə və əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova müraciət edib.
Birlikdən aldığımız məlumata görə, müraciətdə torpaqlarımızın müdafiəsi zamanı gedən döyüşlərdə yaralanaraq əlil və şikəst olmuş insanların hüquqlarının müdafiəsi, onların sosial-iqtisadi vəziyyətlərinin yaxşılaşdırılması ilə məşğul olan QQİB-nin yarandığı dövrdən bu istiqamətdə xeyli müsbət iş gördüyü vurğulanır və qeyd edilir ki, hazırda təşkilat Azərbaycanın əksər şəhər və rayonlarında dayaqlara malikdir.
Daha sonra müraciətdə bildirilir ki, mərhum dövlət başçısı Heydər Əliyev Qarabağ əlillərinin problemlərinin həlli istiqamətində xeyli işlər görmüşdü. Müraciət müəllifləri bu xeyirxah işi hakimiyyətə gələndən sonra İlham Əliyevin də uğurla davam etdirdiyini vurğulayırlar. Bu sırada müharibə əlillərinə pulsuz mənzillərin, minik avtomobillərinin və protez ortopedik vasitələrin verilməsi, əlillərin reabilitasiya mərkəzlərinin Qarabağ əlillərinin müalicəsində əhəmiyyətli rol oynaması qeyd olunur. Prezidentin tapşırığı ilə son zamanlar bəzi dövlət orqanlarının, konkret olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu sahədə xeyli iş gördüyünü diqqətə çatdıran müraciət müəllifləri bildirirlər ki, sözügedən nazirlik son vaxtlar saxta yolla əlillik və digər sosial status əldə etmiş çoxlu adamı aşkarlayıb və müvafiq tədbirlər görüb: "Ümid edirik ki, bu proses bundan sonra da davam etdiriləcək".
Müraciətdə Qarabağ əlilləri bəzi problemlərə də toxunurlar: "Təəssüf ki, bəzi dövlət məmurları sizlərin Qarabağ əlilləri üçün gördüyü bu xeyirxah işlərdən də öz şəxsi məqsədləri üçün istifadə edirlər. Bizə daxil olan məlumatlara görə, dövlət tərəfindən Qarabağ əlillərinə pulsuz verilən mənzillərin, avtomobillərin paylanmasında, protez ortopedik məmulatların verilməsində bir çox insanlardan rüşvət tələb etmə halları baş verir. Xahiş edirik ki, aidiyyəti orqanlara bəzi məmurların Qarabağ əlillərindən rüşvət tələb etmə faktlarının araşdırılmasına və bunlar təsdiqlənərsə, günahkarların cəzalandırılmasına göstəriş verəsiniz". Qarabağ əlilləri müraciətdə pensiyalarının az olmasını da prezidentin diqqətinə çatdırırlar.
Məlahət