Əli Orucov tələsmir
"AMİP sədri postuna namizədliyimi irəli sürüb-sürməyəcəyimi dəqiqləşdirməmişəm"
"AMİP funksionerlərinin partiya sədrliyinə iddialı olmaması son iki sədrin taleyi ilə bağlı deyil.
Sadəcə, bir sıra şəxslər Nizamnaməyə uyğun olaraq sədrlik iddiasının ortaya qoyulması ilə bağlı müəyyənləşmiş müddəti gözləyir". Bu açıqlamanı APA-ya Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) mətbuat və təbliğat katibi Əli Orucov partiyanın rəhbərliyindəki tanınmış şəxslərin sədrliyə iddialı olmamalarının səbəbinə aydınlıq gətirərkən deyib. Partiyada son iki sədrin öz səlahiyyətlərini axıra kimi yerinə yetirməməsinin bu məsələdə hər hansı rolunun olmadığını deyən AMİP katibinin fikrincə, vaxtı gələndə bir sıra şəxslər öz namizədliyini irəli sürəcək. O, partiya rəhbərliyində qeyri-rəsmi söhbətlərdə bəzi şəxslərin bu barədə öz niyyətlərini açıqladığını da qeyd edib: "Amma hələlik bununla bağlı ortaya rəsmi iddia qoyan yoxdur. Mən də namizədliyimi irəli sürüb-sürməyəcəyimi dəqiqləşdirməmişəm. Bu, situasiyadan asılı olacaq".