Ələtdə 4 mərtəbəli bina qəza vəziyyətdədir
Sakinlər kanalizasiya sularının mühasirəsinə düşüb
Kanalizasiya sistemindəki nasazlıq Qaradağ rayonu Ələt qəsəbəsindəki Sülh küçəsində yerləşən 1 saylı binanın sakinlərini çıxılmaz vəziyyətdə qoyub. Sakinlər deyir ki, çirkab sularının zirzəmiyə axması dördmərtəbəli yaşayış binasını qəzalı hala salıb.
Onların sözlərinə görə, dəfələrlə problemlə bağlı Mənzil İstismar Sahəsinə müraciət ediblər. "Hətta bir dəfə gəlib binanın zirzəmisindəki suyu nasoslar vasitəsi ilə təmizləyiblər. Amma yenə də köməyi olmayıb. Bir neçə gündən sonra çirkab suları əvvəlki səviyyəyə çatıb". Məsələ ilə bağlı Qaradağ rayonu Ələt qəsəbəsi MİS-in rəisi Rövşən Nuriyevə müraciət etdik. MİS rəisi qeyd olunan ünvanda yaşayan sakinlərin probleminin olduğunu təsdiqlədi. O qeyd etdi ki, hazırda orada yaranmış problemin aradan qaldırılması istiqamətində iş gedir. Məsələ Qaradağ Rayon İcra Hakimiyyətinin də diqqətindədir: "Biz problemlə bağlı məlumatlıyıq. İcra hakimiyyətində keçirilən toplantıda da bu məsələ qeyd olundu. Çalışırıq, qısa müddət ərzində problemi aradan qaldıraq".
R.Nuriyev bildirdi ki, əslində problemi yaradan sakinlər elə özləridir: "48 ailə üçün nəzərdə tutulmuş xəttə azı 480 ev qoşulub. Digər bir tərəfdən də əllərinə nə düşürsə, hamısını atırlar kanalizasiyaya. Oranın kanalizasiya xətti dəfələrlə təmizlənib. Ayaqqabı tayı, paltar, hər şey çıxır". MİS rəisi həmçinin dedi ki, binanın qəzalı vəziyyətə düşməsi ilə bağlı deyilənlər həqiqəti əks etdirmir: "Təkcə kanalizasiya problemi var ki, o da qısa müddətdə aradan qaldırılacaq".
Nəsimi