"Bu dəfə qəbula yazılanda pul istəmədilər. Amma həkimin hörmətini edəcəm. Nə qərar olur-olsun, kişi
vaxtını ayırıb xəstəmizi müayinə edir"
"Ali təhsilli həkim cəmi 100-120 manat maaş alır. İnsanfla danışaq, bu pulla dolanmaq olar? Neyləyək, vaxtında bu sənəti seçmişik. Bu sənəti seçdiyimiz üçün ac qalmalıyıq?"

Fevralın 1-dən Səhiyyə Nazirliyinin strukturuna daxil olan və dövlət büdcəsindən maliyyələşən müalicə-profilaktika müəssisələrində əhaliyə göstərilən pullu tibbi xidmət ləğv edilib. Bu, səhiyyə naziri Oqtay Şirəliyevin yanvarın ortalarında imzaladığı əmrə əsasən həyata keçirilib. İstənilən vətəndaş ölkənin hansı regionunda yaşamasından və maddi durumunun az və ya çox olmasından asılı olmayaraq dövlət büdcəsindən maliyyələşən müalicə-profilaktika müəssisələrində özlərini pulsuz müayinə etdirə bilərlər.
Səhiyyə Nazirliyi
qaydaları pozan həkimləri
cəzalandıracağını deyir
Bu müəssisələrdə çalışan həkimlərin xəstələrdən pul tələb etmək hüququ yoxdur. Nazirlikdən deyirlər ki, əmrə tabe olmayan tibb işçilərinə qarşı inzibati tədbirlər görülür. Hətta Səhiyyə Nazirliyi həkimləri nəzarətdə saxlamaqdan ötrü "qaynar xətt" də yaradıb. Xəstə qeyd olunan məsələ ilə bağlı problemlə üzləşsə, kimsə ondan müayinə üçün pul tələb etsə, 012-495-35-39 və 012-495-40-15 nömrəsinə zəng edib şikayətlərini çatdıra bilər. Nazirliyin mətbuat xidmətindən bir neçə gün öncə mətbuata verilən məlumata görə, həkimlərin müayinəyə görə pul tələb etməsi faktı üzrə problem dərhal yerində həll olunacaq və həmin tibb müəssisəsi, orada çalışan tibb işçisinə qarşı müvafiq tədbirlər görüləcək. Fevralın 1-dən pulsuz xidmət haqqında qanun qüvvəyə mindiyi gündən nazirliyin nümayəndələri tərəfindən dövlət tibb müəssisələrində reydlərə başlanılıb. Xəstəxanalarda aparılan reydlər zamanı hələ ki heç bir neqativ hal aşkar olunmayıb. Reydlər zamanı həmin tibb ocaqlarında yalnız xırda çatışmazlıqlar aşkar edilib: "Bəzi dövlət tibb müəssisələrində pullu tibbi xidmətlə bağlı plakatlar aşkar edilib. Artıq həmin plakatların da yığışdırılması ilə bağlı göstəriş verilib. Lakin bütün bunlara baxmayaraq, biz hər an daxil olan şikayətlərə baxmağa hazırıq. Əgər pasiyentlər Səhiyyə Nazirliyinə gəlmək istəmirlərsə, bununla bağlı nazirliyin nəzdində "qaynar xətt" də yaradılıb, ora müraciət edə bilərlər.
Nazirliyin "qaynar xətt"inin nə dərəcə aktiv olduğunu öyrənmək üçün telefon nömrələrindən birinə zəng etdik. Telefonu götürən xanım mətbuatdan olduğumuzu bilib bizim Səhiyyə Nazirliyinin mətbuat xidmətinə müraciət etməyimizi məsləhət bildi: "Oradan icazə verməsələr, mən bu günə qədər "qaynar xətt"ə nə qədər müraciətin daxil olduğunu sizə deyə bilmərəm. İcazəm yoxdur". Gün ərzində bir neçə dəfə nazirliyin mətbuat xidməti ilə telefon əlaqəsi yaratmağa cəhd göstərsək də, cəhdlərimiz uğursuzluqla nəticələndi.
Dəyirman öz işini görür, çax-çaxsa baş ağrıdır...
Qaydalara nə dərəcədə əməl olunduğunu öyrənmək üçün Mirqasımov adına Respublika Xəstəxanasına baş çəkdik, vəziyyətlə yerindəcə tanış olduq.
Xəstəxanaya daxil olarkən ilk diqqətimizi cəlb edən ayrı-ayrı şöbələrin qapısı ağzındakı növbə oldu. Baxmayaraq ki, biz xəstəxanaya nahar fasiləsi vaxtı getmişdik, növbə kifayət qədər uzun idi. Xəstələr ehtiyat edir ki, hər hansı səbəbdən növbədən çıxa və həkimin qəbuluna düşməyə bilərlər. Xüsusən də rentgen otaqlarının qarşısında vəziyyət daha acınacaqlıdır. Burada hər otağın qarşısında 20-dən artıq növbə gözləyən var. Tibb bacıları bildirdi ki, otaqların qarşısında növbənin bu qədər uzanmasına səbəb rentgen müayinəsinin bir qədər uzun proses olmasıdır. Çoxluğun pulsuz müayinə ilə heç bir əlaqəsi yoxdur. Nazirin əmrindən əvvəl də otaqların qarşısında eyni vəziyyət olub. Rentgen otağının qarşısında dayanıb xəstələrin növbə sisteminə əməl etməsinə nəzarəti təmin edən tibb bacısı bildirdi ki, onların şöbəsində nazirin əmrinə ciddi əməl olunur. Xəstələrdən müayinə üçün bir manat da olsun pul alınmır.
Pilləkənlərin yanında dayanan, xəstəxananın təmizlik işlərinə baxan yaşlı xanımsa pulsuz tibbi xidmətlə bağlı verdiyimiz sualı təbəssümlə qarşıladı. "Ay oğul, onsuz da pul alan alır. İstəyirsən, min dəfə əmr verilsin. Nə xeyri var... Çalışasan, bura yolun düşməyə. Yolun düşdüsə, necə olur-olsun aldıqlarını alacaqlar. Pul almayanlar var. Onlar elə əvvəldən də var idi. Pul alanınsa əlini də kəssən, mümkün deyil. Qozbeli qəbir düzəldər".
Xəstələr nazirin müvafiq əmrindən xəbərsizdir.
Xəstəxanalarda isə
bildirişlərə rast gəlmək müşkül məsələdir
Müayinə üçün gələnlərə şəfa diləyib söhbət apardıq. Məlum oldu ki, xəstələrin əksəriyyəti nazir Oqtay Şirəliyevin əmrindən xəbərsizdir. Xəstəxananın demək olar ki, bütün şöbələrini gəzdik. Pullu müayinə xidmətinin ləğv olunması ilə bağlı bir dənə də olsun bildirişə rast gələ bilmədik. Səbəbini öyrənməyə çalışdıq. Adının çəkilməsini istəməyən tibb bacılarından biri bizi inandırmağa çalışdı ki, xəstəxananın giriş və çıxışlarında qeyd olunan bildirişlər vurulub və xəstəxana rəhbərliyi bu məsələni ciddi nəzarətdə saxlayır. Nə qədər çalışsaq da, tibb bacısı bizə bir dənə də olsun bildiriş göstərmədi. Axırda da "Mənim işim-gücüm var, deyəsən, siz bekar adamsınız, imkan verin, işimizlə məşğul olaq" deyib uzaqlaşdı. Bildiriş məsələsi ilə bağlı bir neçə tibb bacısı və həkimlə danışmağa cəhd etdik. Amma sualımıza cavab ala bilmədik. Həkimlərdən biri bizə bildirdi ki, istənilən mətbuat vasitəsinə danışmaq xəstəxana rəhbərliyi tərəfindən onlara qadağan edilib. Ona görə də heç kim boş yerə danışıb başını cəncələ salmaq istəmir: "Əslində danışmaq məsələsi xəstəxana rəhbərliyindən də asılı deyil. Nazirlikdən tapşırıblar ki, istənilən mətbuat vasitəsinə nazirliyin mətbuat xidmətinin icazəsi olmadan danışmayın. Özünüz bilirsiz də, gündə bir qəzetdən gəlirlər, ordan-burdan danışıb pul istəyirlər..." (Həkimlərə danışmamaqla bağlı ciddi göstəriş verildiyinin nazirliyin "qaynar xətt"inə müraciət edərkən də bir daha şahidi olduq. Bu barədə bir qədər sonra) Daha nə etmək olar, naəlac qalıb həkimlərdən soruşmalı olduğumuz sualı xəstələrə ünvanladıq.
"Rayonda yaşayıram, işıq yox, televizor yox,
hansı əmrin verilməsindən xəbərimiz olur ki, bilək
dünyada nə var, nə yox..."
Salyan rayonundan həyat yoldaşını müayinə olunmaq üçün gətirən Əkbər adlı həmsöhbətimiz bildirdi ki, onun pulsuz müayinə ilə bağlı məlumatı yoxdur. Əkbərin xəstəxanadan müayinələr üçün heç bir ödəniş etmədən yaxa qurtara biləcəyinə ümidi də yoxdu. "Belə çıxır ki, indi mən həkimə bir manat da olsun pul verməməliyəm?" deyə sualımıza sualla cavab verən Əkbər kişi bildirdi ki, həkimin qəbuluna yazılanda ona bu barədə bir söz deməyiblər: "Rayonda yaşayıram, işıq yox, televizor yox, hansı əmrin verilməsindən xəbərimiz olur ki, bilək dünyada nə var, nə yox... Bir də ki, indi ordan bura gəlmişik, oturub həkimlərlə pul davası edəsi deyilik ki. Bu olar gəmidə oturub gəmiçi ilə dava etmək. Sağlamlığımız onların əlindədi. Pul verməzsən, səhv diaqnoz qoyar. Ona görə də istəyərlər, verərik, istəməzlər, vermərik. Onsuz rayondan gələndə işimizi ehtiyatlı tutub pul gətirmişik".
Şahin adlı həmsöhbətimiz isə dedi ki, pulsuz müayinə ilə bağlı xəbəri televiziyadan eşidib. Amma bir o qədər də ciddi qəbul etməyib. Lakin Mirqasımov adına Respublika Klinik Xəstəxanasına gələndə məsələnin ciddi olduğuna inanmağa başlayıb: "Mən bir müddət öncə də müayinə üçün gəlmişdim. Onda qəbula yazılanda müəyyən miqdarda pul ödəmişdik. Sonra həkimin yanına da girəndə ona "hörmət" etmişdik. Bu dəfə qəbula yazılanda pul istəmədilər. Amma həkimin "hörmətini" edəcəm. Nə qərar olur-olsun, kişi vaxtını ayırıb xəstəmizi müayinə edir".
Müayinə üçün xəstəxanaya gələn Feyruz adlı yaşlı həmsöhbətimiz isə bildirdi ki, nazirin əmrindən xəbəri var. Elə o, bu əmri də əlində əsas tutub Beyləqan rayonundan Mirqasımov adına Respublika Klinik Xəstəxanasına üz tutub: "Qəbula yazılanda pul almadılar, amma həkimin qapısında dayanan "medsestra" istəyirdi alsın. Lakin mən vermədim. İstəyirdi ki, məni başa salsın ki, nazirin əmri ilə qəbula yazılanda pul vermək ləğv olunub. Bir az hədə gəldim, yola gəldi".
"Həkimlər xəstələrin
problemlərini öz pullarına həll etməli deyillər ki..."
Daha sonra yolumuzu sinir xəstəlikləri şöbəsindən saldıq. Burada da ayrı-ayrı otaqların qarşısında növbə var idi. Dəhlizdəki həkimlərdən birinə jurnalist olduğumuzu bildirdik və bizi hansı məsələnin maraqlandırdığını dedik. O isə cavab verdi ki, pullu müayinənin ləğv olunması ilə bağlı xəstəxanada ciddi problem yoxdur. Bəzi xırda çətinliklər var ki, bu da yəqin yaxın vaxtlarda aradan qaldırılacaq: "Müayinəyə gələnlər müvafiq poliklinikalardan göndəriş almalıdırlar. Həmin göndəriş əsasında da bizim xəstəxanada müayinə olunmalıdırlar. Amma bəzən görürsən ki, xəstələr heç bir göndəriş-filan almadan pulsuz müayinə olunmaq istəyirlər. Elələri olur ki, heç sağlamlığında problem də olmur. Amma müayinə olunmaq istəyir. Bu da problemlər yaradır".
Adının çəkilməsini istəməyən şöbə müdirlərindən biri isə bizimlə söhbətində bildirdi ki, xidmətin pulsuz edilməsi ciddi problemlər yaradıb. Onun sözlərinə görə, xidmətin pulsuz edilməsi üçün ilk olaraq dövlət tibb müəssisələrində mövcud sistemin yenidən qurulmasına ehtiyac var idi: "Tibbi avadanlıqlar, dərman preparatları ilə təchizatın səviyyəsi olduqca aşağıdır. Əmr imzalanarkən pulsuz xidmətin təmin edilməsi üçün xəstəxanalara müəyyən miqdarda maliyyə vəsaitinin ayrıldığı bildirildi. Amma hələ vəsait xəstəxanaların hesabına köçürülməyib. Belə şəraitdə bütün problemləri pasiyentin yaxınları öz pulları hesabına etməyə məcbur olurlar. Həkimlər həmin problemləri öz pulları hesabına həll etməli deyillər ki... Vəsait daxil olana kimi bela hallar müşahidə edilə bilər. Həkimlər öz pulları hesabına pasiyentlərə iynə-dərman ala bilməzlər axı".
"Həkimləri də
qınamalı deyil..."
"Bəzi həkimlərin yenə də pul almasında pasiyentlərin günahı var. Telekanallar, mətbuat bir neçə gün elan etdi ki, fevralın 1-dən dövlət tibb müəssisələrində göstərilən xidmət pulsuzdur. Əgər onlar hər hansı tibb ocağında belə halla qarşılaşsalar, aidiyyəti orqanlara müraciət etməklə bunun qarşısını ala bilərlər. Amma belə görünür ki, həkimlərə pul verməkdə xəstələr özləri maraqlıdır. Düşünürlər ki, onlar daha çox pul verəndə yüksək səviyyəli müalicə alacaq və daha tez şəfa tapacaqlar" deyən şöbə müdiri həkimlərin maddi durumundan şikayətlənməyi də yaddan çıxarmadı: "Ali təhsilli həkim cəmi 100-120 manat maaş alır. İnsanfla danışaq, bu pulla dolanmaq olar? Neyləyək, vaxtında bu sənəti seçmişik. Bu sənəti seçdiyimiz üçün ac qalmalıyıq? İstəyirlər həkim xəstədən pul almasın, maaşı qaldırsınlar. Əvvəllər respublikanın ən savadlı həkimləri "Respublikanski"də işləyirdi. İndi qazancın azlığına görə savadlı həkimlər dövlət tibb müəssisələrindən üz döndərir. Təkcə 10 gün ərzində bizim şöbədən iki həkim hansısa özəl klinikaya gedib. Həkimləri də qınamalı deyil..."