Firudin Ağasıoğlu:
"Bu həqiqətləri geniş
təbliğ etmək lazımdır"

90 illik yubileyi qeyd olunan Qafqaz İslam Ordusunun adının əbədiləşdirilməsi, Bakı şəhərinin görkəmli yerlərindən birində abidə ucaldılması məsələsi müzakirəyə çıxarılmaqdadır. İctimaiyyət bu təklifi irəli sürməklə 90 il bundan əvvəl göstərdiyi qəhrəmanlığına görə Qafqaz İslam Ordusunun əsgər və zabitlərinin əməyinə qiymət verilməsinin tərəfdarı olduğunu göstərir.
Məsələyə münasibət bildirən türkoloq Firudin Ağasıoğlu qeyd edib ki, Qafqaz İslam Ordusuna abidə qoyulması məsələsi çox aktualdır: "Qafqaz İslam Ordusunun tarixi missiyasının nəticəsidir ki, bu gün Azərbaycan dövləti öz mövcudluğunu saxlayır. Çünki bu ordu geciksəydi, Azərbaycanın yerli əhalisi bolşeviklər və daşnaklar tərəfindən tamamilə təmizlənmiş olacaqdı. Nəticədə Azərbaycan adlı dövlət xəritədən silinəcəkdi. Bu məsələlərə bir az ayıq baxmaq lazımdır. Qafqaz İslam Ordusu ağır döyüşlər və ciddi itkilər verərək, savaşa-savaşa gəlib Bakını və bir sıra yerləri ermənilərin işğalından azad etdi. Bir daha təkrar edirəm ki, Azərbaycanın xilası onların tarixi missiyası idi. Ordunun başında gələn insanın adına küçə, bağ, prospektlər verilməsi, abidə ucaldılması çox vacib məsələdir. Bu həm tarixi həqiqətdir, həm də həmin insanların tarixi qiymətlərinin verilməsi deməkdir. Bu işin digər tərəfdən çox ciddi tərbiyəvi əhəmiyyəti də var".
Türkoloq bu səbəbdən Qafqaz İslam Ordusuna Azərbaycan ictimaiyyətinin münasibətinin dəyişməsinin vacib olduğunu söyləyib: "Təsəvvür edin ki, 20-25 il qabaq bu barədə beş-altı adam bilirdi. Xalq bunu bilmirdi. Çünki 70 illik sovet rejimi bunu gizlətmişdi. Ona görə də bu həqiqətləri geniş təbliğ etmək lazımdır".
F.Ağasıoğlu bildirib ki, bu təklifin reallaşması üçün müvafiq orqanların konkret addımlar atması lazımdır: "Qafqaz İslam Ordusuna müvafiq bir yerdə heykəlin qoyulması həmin orqanlardan asılıdır. Bu ordu Bakı şəhərinə Qurd qapısı deyilən ərazidən daxil olub. Yaxşı olar ki, heykəl məhz həmin ərazidə qoyulsun. Yaxud Kirovun heykəlinin yerində qoyulması müsbət qarşılanar".
Türkoloq Sahil bağında Azərbaycan Xalq Cümhuriyyətinin lideri Məhəmməd Əmin Rəsulzadəyə abidə qoyulmasını vacib sayıb. F.Ağasıoğlu Dzerjinski, Əzizbəyov və s. kimi şəxslərin heykəllərinin saxlanılmasından narazı olduğunu da gizlətməyib.
F.Ağasıoğlu 90 illik yubileyi tamam olan Qafqaz İslam Ordusu ilə bağlı tədbirlərdən narazı qaldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, bu məsələ Azərbaycanın var olması demək olduğu üçün ciddi münasibət göstərmək gərəkdir.