
Mübariz Əhmədoğlu:
"Qazın qiymətinin artması
Ermənistana əlavə xərclər yaradacaq"
Dünya bazarında qazın qiymətinin artması rəsmi Moskvanın Cənubi Qafqazdakı "forpostu" olan Ermənistana satdığı qazın qiymətini bahalaşdırması ilə müşayiət edildi. Artıq "Qazprom" şirkəti Ermənistana satılan qazın qiymətinin 40 faiz qaldırıldığını bəyan edib. Ermənistan iqtisadiyyatında son zamanlar böhran getdikcə özünü daha qabarıq şəkildə büruzə verdiyinə görə ekspertlər "Qazprom"un bu addımının rəsmi İrəvanı daha da çıxılmaz vəziyyətə salacağını bildirirlər.
Bu, bir tərəfdən son vaxtlar Ermənistanın yeni prezidenti Serj Sarkisyanın Qərbə meyillənməsi və Türkiyə ilə əlaqələrin bərpa olunması istiqamətində təşəbbüslərinin artması ilə əlaqələndirilsə də, Rusiyanın bu addımının arxasında Ermənistanda olan bəzi biznes strukturlarını da öz nəzarətinə almaq maraqlarının dayandığı istisna edilmir. Bununla belə ekspertlər Rusiyanın Ermənistana satdığı qazın qiymətinin artırılmasının Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyətə də müəyyən təsirləri olacağını istisna etmirlər. Qazın qiymətinin bahalaşmasının digər enerji daşıyıcılarının qiymətlərində də artıma gətirib çıxaracağını bildirən ekspertlər deyir ki, iqtisadi böhranın dərinləşməsi Ermənistanın Azərbaycan və Türkiyəyə olan ehtiyaclarını daha da artıracaq. Bu baxımdan da rəsmi Bakının münaqişənin nizamlanması ilə bağlı yaranmış şəraitdən istifadə etmək imkanları daha da artıb. Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlunun sözlərinə görə, "Qazprom"un Ermənistana satdığı qazın qiymətini 110 dollardan 154 dollara qaldırması qiymət baxımından o qədər də baha deyil. Bununla belə politoloq Ermənistan iqtisadiyyatının çökməkdə olduğunu və qazın qiymətində cüzi artımın belə iqtisadi duruma təsir edəcəyini bildirib. "Düzdü, Rusiya qazın qiymətini öz istədiyi şəkildə yox, Ermənistanın təklif etdiyi məbləğdə artırdı. Bu, Ermənistana sərf edir. Sərf etməyən isə odur ki, qazın qiymətinin artması Ermənistana əlavə xərclər yaradacaq". Politoloq onu da əlavə edib ki, Rusiyanın Ermənistana qaz satmasında yaranan əsas problem qiymətlə bağlı olmayacaq. "Rusiya Ermənistana qazı yenə də ən ucuz qiymətə satacaq. Məsələ burasındadır ki, Azərbaycan Gürcüstana qazı 180 dollara satır. Rusiyanın Ermənistana qaz ixrac etdiyi kəmər isə Gürcüstan ərazisindən keçir. Son hadisələrdən sonra Rusiya və Gürcüstan arasında faktiki olaraq hüquqi müqavilələrin icrası dayanıb. Belə olan şəraitdə Azərbaycandan 180 dollara qaz alan Gürcüstan öz ərazisindən Ermənistana daha ucuz qiymətə - 154 dollara qazın satılmasına imkan verməyəcək. Ermənistanın indi əsas problemi də budur"- deyən politoloq rəsmi Moskvanın Ermənistandakı bəzi sənaye əhəmiyyətli yataqları ələ keçirmək istədiyini də istisna etməyib. Hazırda Rusiya Ermənistanın Azərbaycanla sərhəddə yerləşən uran yataqlarını almağa çalışır. Bu baxımdan da politoloq yaxın iki ildə də Rusiyanın Ermənistana qazı bazar qiymətlərindən ucuz satacağını istisna etmir. Bununla belə Mübariz Əhmədoğlu qazın qiymətinin qalxmasının elektrik enerjisinin qiymətinin də artmasına təsir göstərəcəyini bildirib. Politoloqa görə, elektrik enerjisinin qiymətinin artması rəsmi İrəvanın Türkiyə və İrana elektrik enerjisi satmaq planlarını təxirə sala bilər. Digər tərəfdən isə Ermənistan artıq iqtisadi problemlər içərisində boğulmağa başladığına görə DQ münaqişəsinin nizamlanmasında kompromislərə getməyə məcburdur. Ermənistan prezidenti Serj Sarkisyanın DQ-ə Azərbaycanın investisiyalar qoymaq təklifinin təsadüfən gündəmə gəlmədiyini bildirən SİTM rəhbərinə görə, bu, bir daha rəsmi Bakının DQ münaqişəsinin nizamlanması prosesində ağıllı siyasət yeritdiyini təsdiqləyir. Bununla belə politoloq investisiyalar qoyulması təklifinə ciddi yanaşmağın tərəfdarıdır. Onun sözlərinə görə, investisiyaların qoyulması o deməkdir ki, həmin əraziyə gələn investorun təhlükəsizliyi təmin olunmalı və ona işləmək üçün şərait yaradılmalıdır. "Bu isə o deməkdir ki, ilk növbədə Azərbaycanın ərazi bütövlüyü təmin olunmalı və işğal olunmuş ərazilərdən erməni silahlı qüvvələri çıxarılmalıdır"- deyən SİTM rəhbərinin sözlərinə görə, indi DQ münaqişəsinin nizamlanması istiqamətində hər hansı dəyişikliyin olması daha çox Azərbaycan və Ermənistan prezidentlərinin yaxın vaxtlarda keçirilməsi nəzərdə tutulan görüşlərindən asılı olacaq. "Əgər prezidentlərin həmin görüşündə birinci prinsip Azərbaycanın ərazi bütövlüyünü qoruması olmaq şərtilə müqavilənin imzalanması razılaşdırılsa, onda Azərbaycanın Qarabağa investisiya qoymaq təklifi də reallaşa bilər" - deyən Mübariz Əhmədoğlunun sözlərinə görə, Ermənistanın Dağlıq Qarabağı satışa çıxarması gözlənilən idi və bunu təbii qarşılamaq lazımdır. "Serj Sarkisyan özü dili ilə işğal olunmuş ərazilərin boşaldılması üçün pul istədi. Bizə isə Qarabağı gedib daha baha qiymətə Rusiyadan və ABŞ-dan almaqdansa, elə Ermənistandan almaq sərf edir. Hesab edirəm ki, münaqişənin nizamlanmasında ən optimal variant da elə budur". Bununla belə Mübariz Əhmədoğlu rəsmi Bakının investisiyalar təklifi ilə bağlı hansı mövqe tutacağının hələlik bəlli olmadığını deyib. Bununla belə o, Azərbaycan rəhbərliyinin vəziyyəti olduqca düzgün təhlil edib nəticə çıxaracağına və buna uyğun siyasət aparacağına əmin olduğunu deyib.