Ziba Norman:
"Qafqazda dondurulmuş
münaqişələr silahlı
qarşıdurmaya çevrilə bilər"

"İngiltərə ictimaiyyətində Qarabağ haqqında, münaqişə barəsində çox az bilgilər var. Onlar Qarabağın Azərbaycanın tərkib hissəsi olması barədə məlumatsızdırlar. Bizim təşkilat Londonda Azərbaycan haqqında, Qarabağ konflikti barədə iki dəfə böyük tədbir düzənlədi və oradakı insanları maarifləndirdi. Tədbirlərdə 60-dan artıq KİV nümayəndələri iştirak edirdi. Bu səbəbdən də düzənlədiyimiz tədbirlərin vacib əhəmiyyət daşıdığını zənn edirəm".
Bu sözləri ötən gün "Trend" xəbər şirkətinin ofisində jurnalistlər üçün brifinq keçirən İngiltərənin Transatlantik İnstitutunun direktoru Ziba Norman səsləndirib. Rəhbərlik etdiyi qurum barədə məlumat verən qonaq Azərbaycana gəlməyinin səbəblərindən də danışıb. O bildirib ki, regiondakı vəziyyəti öyrənmək, insanların fikirləri ilə maraqlanmaq üçün Azərbaycandadır. Z.Normanın qənaətincə, bu yay Rusiya ilə Gürcüstan arasında baş verən müharibə Qafqaz regionunun ciddi münaqişə ocağı olduğunu bir daha sübut edib: "Hazırda dünya ictimaiyyətində, beynəlxalq aləmdə qorxu var ki, Qafqazda dondurulmuş münaqişələr silahlı qarşıdurmaya çevrilə bilər. Qafqazda qan tökülməsə, dünya ictimaiyyəti bu regionla bağlı danışmırlar. Beynəlxalq aləm hərəkətə keçmir. Halbuki Qafqaz hər an dünyanın diqqət mərkəzində olmalıdır". Transatlantik İnstitutunun yarandığı gündən Rusiyanın regiondakı mövqeyini analiz etdiyini deyən qonaq vurğulayıb ki, Rusiya-Gürcüstan müharibəsi başlayana qədər Qərb burada dondurulmuş konfliktlərin silahlı müharibəyə çevriləcəyinə inanmayıb: "Rusiyanın qaz silahı bir çox ekspertlərin proqnoz arqumentlərinə çevrilib. Qərb ictimaiyyəti Rusiyanın enerji silahından istifadə edərək regionda meydan sulamasını, soyuq müharibəyə başlamasını ciddi qəbul etmirdi. Bu yay baş verən hadisələr onu göstərdi ki, Rusiya Kremlin siyasi maraqları üçün hətta soyuq müharibəyə start verməkdən çəkinmir". Yeni proseslərin baş verəcəyini deyən Z.Norman bununla Rusiyanın təəccüblənəcəyini də diqqətə çatdırıb: "BMT-dəki müzakirələr, Türkiyə-Ermənistan münasibətləri və Qarabağ danışıqları ilə yəqin ki tanışsız. Qafqazda bu günə kimi vəziyyət qeyri-sabit olub və bundan sonra da tam sabitliyin yaranacağını güman etmirəm. Amma Türkiyə regionda mövqeyini gücləndirir. Ermənistan isə həm daxili, həm də beynəlxalq təzyiqlərə məruz qalmaqdadır. Çünki dünya ictimaiyyəti Gürcüstan hadisələrinin təkrarlanmasını istəmir. Türkiyənin mövqeyinin güclənməsi Azərbaycanla Ermənistan arasında vasitəçilik rolunu artıra bilər". Bütün hallarda Türkiyənin ehtiyatlı addımlar atmasını vacib sayan Transatlantik İnstitutunun direktoru onun NATO-nun üzvü olduğu üçün Rusiya ilə arasında gərginlik yaşadığını diqqətə çatdırıb: "Eyni zamanda Türkiyə iqtisadiyyatı Rusiyadan asılı olduğuna görə bu ölkə diqqətli olmalıdır. Hesab edirəm ki, Cənubi Osetiyada baş vermiş hadisələr Qafqaz üçün müsbət nəticə verəcək. Beynəlxalq aləm Rusiyanın yenidən soyuq müharibəyə başlamasının qarşısını alacaq". Rusiya ilə ticarət əlaqələri olan dövlətlərin bu ölkəyə etibarının azaldığını deyən Z.Normanın qənaətincə, Vladimir Putin bununla dərsini almış oldu: "Putin indi kapitalizmin nə olduğunu yaxşı dərk edir". Azərbaycandan əvvəl Gürcüstanda, Qori şəhərində olduqlarını, orada müharibədən əziyyət çəkən insanlarla görüşdüklərini bildirən qonaq Ermənistana səfər planlarının olmadığını deyib.