İqtisadi inkişaf demokratikləşməyə və insan
hüquqlarının etibarlı təminatına yol açır

Demokratiya sürətlə qloballaşan dünyada hər bir dövlətin sabit inkişafının mühüm şərti kimi bəşəriyyətin mənəvi-hüquqi ideallarının ali təzahürünə çevrilməklə, hüquqi dövlət və vətəndaş cəmiyyətinin yetkinliyinin başlıca meyarı sayılır. Əksər dövlətlərdə insanın mövcudluğunun və milli inkişafın vacib şərti kimi qəbul olunan demokratikləşmə hüquqi dövlət quruculuğunun başlıca meyarlarından biri kimi tanınmışdır. Hazırkı mərhələdə bu və digər ölkənin beynəlxalq münasibətlər sisteminə qatılması, maraq və mənafelərini beynəlxalq hüququn verdiyi imkanlar hesabına təmin etməsi, sivil birgəyaşayış normaları ilə tənzimlənən dünya siyasətində iştirakı, ilk növbədə, onun daxili siyasətindən, demokratik normalara, insan hüquq və azadlıqlarına necə əməl etməsindən asılıdır.
Avroatlantik məkana inteqrasiya kursu seçmiş Azərbaycan da qloballaşan dünyanın bərabərhüquqlu subyekti kimi bu inteqrasiya magistralında uğurla irəliləyir və demokratik dəyərləri sürətlə mənimsəyir. Ulu öndər Heydər Əliyevin böyük müdrikliklə irəli sürdüyü inkişaf konsepsiyası cəmiyyətin təkamülə əsaslanan demokratiya yolu ilə irəliləməsi, vətəndaş cəmiyyəti institutlarının iqtisadi nailiyyətlərə adekvat olaraq inkişafı, insan hüquq və azadlıqlarına etibarlı təminat mexanizmlərinin formalaşdırılması məsələlərini özündə ehtiva etmişdir. Ümummilli lider dəfələrlə bildirmişdir ki, demokratikləşmə və hüquqi dövlət quruculuğu prosesi dövlətin siyasi, iqtisadi, sosial-mədəni həyatının modernləşdirilməsi, əhalinin maarifləndirilməsi, təfəkkürünün və vərdişlərinin tədricən dəyişdirilməsi, ictimai davranış normalarının yeniləşməsi ilə birlikdə həyata keçirilməlidir.
Böyük strateq Heydər Əliyevin müdrikliklə irəli sürdüyü milli demokratiya modelinin reallığa adekvatlığı və milli mənafelərə tam cavab verməsi Azərbaycanın bugünkü sosial-iqtisadi inkişaf göstəriciləri fonunda bir daha real təsdiqini tapır. Bu reallıq indi bütün səviyyələrdə etiraf edilir ki, demokratikləşmə prosesinin həyata keçirilməsi üçün ilk növbədə insanın azadlığını təmin edən iqtisadi mühit olmalıdır. Demokratik cəmiyyətin əsas təməl prinsiplərindən biri məhz fərdiyyətçiliyə əsaslanan iqtisadi münasibətlər sisteminin təşəkkülü, xüsusi mülkiyyət formasının genişlənməsi, orta sahibkarlar sinfinin mövqelərinin möhkəmlənməsidir.
Respublikamızda formalaşmaqda olan yeni makroiqtisadi mühit - ümumi daxili məhsulun artımı, milli iqtisadiyyatda sahibkarlar sinfinin mövqelərinin əsaslı şəkildə güclənməsi, beynəlxalq iqtisadi münasibətlər sisteminə uğurlu transformasiya, habelə qlobal enerji layihələrinin həyata keçirilməsi nəticə etibarilə demokratikləşmə və vətəndaş cəmiyyəti təsisatlarının sürətli inkişafına, tətbiq olunan mütərəqqi yeniliklərin total şüurda mənimsənilməsinə imkan yaratmışdır. Müasir mərhələdə respublikada demokratik inkişafı şərtləndirən başlıca amillərdən biri də insanların iqtisadi azadlıqlarının, səmərəli təşəbbüskarlığının artması, mülkiyyət münasibətlərinin yeni forma və məzmun kəsb etməsidir. İqtisadi azadlıqlarını təmin edən vətəndaşın siyasi cəhətdən yetkinləşməsi, tədricən cəmiyyətin demokratikləşməsi xəttinin fəal iştirakçısına çevrilməsi də qaçılmaz prosesə çevrilir. Keçid prosesini tam başa vurmayan Azərbaycanda demokratiyanın mərhələli səciyyə daşıması da iqtisadi inkişaf və demokratikləşmə xəttinin biri-birini tamamlaması vacibliyi ilə şərtlənir. Daha dəqiqi, iqtisadi problemlər məngənəsində sıxılan bir dövlətdə demokratik dəyərlərin sürətli inkişafından danışmaq mümkün deyildir. Sosioloq Seymur Martin Lipsetin dediyi kimi, "Millət nə qədər varlı olsa, onun sabit demokratiyaya nail olmaq şansları da bir o qədər yüksəkdir".
Cəmiyyətin azadlığı şəxsiyyətin azadlığından, şəxsiyyətin azadlığı təfəkkürün azadlığından, təfəkkürün azadlığı isə iqtisadi azadlıqdan başlanır. Özlərini yedirə biləcəyinə əmin olmayan insanlarda müstəqil ağla və güclü xarakterə nadir hallarda rast gəlmək olur. Bu mənada hər bir ölkədə demokratik norma və prinsiplərin tam şəkildə bərqərar olmsı üçün, yaxud qurulmuş demokratiyanın davamlı olaraq yaşaması üçün iqtisadi inkişafın müəyyən bir həddə çatması vacibdir. Beynəlxalq iqtisadçı ekspertlərin rəyinə görə, əgər hansısa ölkədə adambaşına düşən ümumi daxili məhsulun həcmi 1000 dollardan aşağıdırsa, orada demokratiyadan danışmaq da mümkün deyildir. Belə ölkələrdə demokratikləşmə istiqamətində atılan addımlar uğurlu sonluqla nəticələnmir. Azərbaycanda isə ümumi daxili məhsulun 2008-ci ildə 3500 dollar təşkil edəcəyi gözlənilir və bu da demokratik proseslərin cəmiyyətdə adekvat dərkini təmin edən mühüm amillər sırasındadır.
Son beş ildə ölkədə həyata keçirilən hüquqi-siyasi islahatların mühüm nəticələr verməsi də məhz bu reallığa əsaslanmış, ölkədəki iqtisadi inkişafla, ictimai təfəkkürün yeniləşməsi meyilləri ilə uzlaşmışdır. Bu mərhələdən qanun yaradıcılığı prosesi də dövlətin siyasi, iqtisadi, sosial-mədəni həyatının modernləşdirilməsi, əhalinin maarifləndirilməsi, təfəkkürünün və vərdişlərinin tədricən dəyişdirilməsi, ictimai davranış normalarının yeniləşməsi ilə həyata keçirilmişdir. Eyni zamanda kommunizm ideologiyasının zehinlərdəki və sosial gerçəklikdəki yaşantılarını aradan qaldırmaq, sürətlə yeni ictimai-iqtisadi münasibətlər sisteminə keçmək, cəmiyyət həyatının müxtəlif sahələrində demokratikləşməyə nail olmaq, yeni mərhələnin tələblərinə uyğun mükəmməl hüquqi baza formalaşdırmaq, qanunun aliliyini bütün səviyyələrdə təmin etmək ardıcıl və davamlı səylər göstərilməsini zərurətə çevirmişdir.
Azərbaycanın Avropa Şurasının tamhüquqlu üzvünə çevrildikdən sonra təşkilatla əməkdaşlığın əsas istiqamətlərindən biri ölkədə insan hüquq və azadlıqlarını tənzimləyən mühüm qanunların Avropa standartlarına uyğunlaşdırılması, qanunvericiliyin liberallaşdırılması olmuşdur. Qanunların qəbulunda təşkilatın ekspertlərinin rəyi nəzərə alınmış, eyni zamanda AŞPA qarşısında götürülmüş öhdəliklərin icrası uğurla başa çatdırılmışdır. Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində Azərbaycan məhkəmə sisteminin islahatı, vəkillik fəaliyyətinin təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizə, İctimai televiziyanın fəaliyyətə başlaması istiqamətində mühüm tədbirlər görmüşdür.
Son illər respublikamız onlarla beynəlxalq konvensiya və sazişə, o cümlədən yalnız 2000-2005-ci illərdə ratifikasiya etdiyi "İşgəncələrin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzaların qarşısının alınması haqqında", "İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında", "Ekstradisiya haqqında", "Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında", "Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılması, aşkar olunması, götürülməsi və müsadirə edilməsi haqqında" konvensiyalara qoşulmuşdur. Eyni zamanda Azərbaycan BMT Baş Assambleyasının "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında", "Aparteid cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında" "Genosid cinayətlərinin qarşısının alınması və onun cəzalandırılması haqqında", "Hərbi cinayətlərə və bəşəriyyətə qarşı cinayətlərə cinayət məsuliyyətinə cəlb etmə müddətinin tətbiq edilməməsi haqqında", "Terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə haqqında" və bir sıra başqa konvensiyaların üzvü olmaqla, onlardan irəli gələn öhdəlikləri yerinə yetirmişdir.
Hüquqi dövlət quruculuğu prosesində respublikamız ATƏT, Avropa Şurası, BMT, Avropa Birliyi və sair beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etmişdir. 2006-cı ildə Azərbaycanın insan hüquqları sahəsində əldə etdiyi mühüm nailiyyətlərdən biri də ölkəmizin BMT-nin yeni yaradılmış İnsan Hüquqları Şurasına üzv seçilməsi olmuşdur. 2006-cı il martın 15-də BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş qətnaməyə əsasən İnsan hüquqları Komissiyasının əvəzinə BMT Baş Assambleyasının köməkçi orqanı olan İnsan Hüquqları Şurası yaradılmışdır. BMT-yə üzv olan 65 dövlət Şuraya öz namizədliyini irəli sürmüş, Azərbaycanın aid olduğu Şərqi Avropa qrupu namizədlərin sayının ayrılmış yerlərin sayı ilə müqayisədə çoxluğuna görə rəqabətin ən güclü olduğu qrup olmuşdur. Buna baxmayaraq, müvafiq səfirlik və nümayəndəliklərimizin fəaliyyəti sayəsində 2006-cı il mayın 9-da BMT Baş Assambleyasında keçirilən seçkilərin nəticəsində Azərbaycan bu quruma seçilmiş ilk 47 ölkədən biri olmuşdur.
İnsan hüquqlarının təşviqi və müdafiəsi sahəsində Azərbaycanın sıx əməkdaşlıq etdiyi təşkilatlardan biri də ATƏT olmuşdur. Hələ 1998-ci il noyabr ayının 26-da Azərbaycan Respublikası Prezidenti və ATƏT-in fəaliyyətdə olan sədri tərəfindən Azərbaycan Hökuməti və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu arasında Qarşılıqlı Anlaşma Memorandumu imzalanmışdır. Memorandumun əlavəsində ölkədə insan hüquqları sahəsində demokratik islahatların həyata keçirilməsi istiqamətində sıx əməkdaşlıq nəzərdə tutulmuşdur.
Azərbaycanın könüllü olaraq Avroatlantik məkana inteqrasiya kursu seçməsi, insan və vətəndaş hüquq azadlıqlarının təminatının dövlətin prioritet vəzifəsi kimi qəbul edilməsi, cəmiyyətin hərtərəfli inkişafı, yeni iqtisadi münasibətlərə keçid məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsini və müasirləşdirilməsini zəruri etmiş, yeni dövrün tələblərinə cavab verən qanunvericilik aktlarının qəbulu bu sahədə liberallaşmaya yol açmışdır. 2004-cü ilin dekabrında "Məhkəmə-Hüquq Şurası haqqında", "Konstitusiya Məhkəməsi haqqında" yeni qanunlar qəbul olunmuş, "Məhkəmələr və hakimlər haqqında" qanuna bir sıra mütərəqqi dəyişikliklər edilmişdir. Məhkəmə-Hüquq Şurasının fəaliyyəti gücləndirilmiş, Hakimlərin Seçki Komitəsi tərəfindən vakant hakim vəzifələrinə namizədlərin seçilməsi prosesinə başlanılmışdır. 19 yanvar 2006-cı il tarixdə imzalanan Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" qanunun tətbiq edilməsi barədə Fərman da son 5 ildə həyata keçirilmiş məhkəmə-hüquq islahatları sırasında xüsusi əhəmiyyətə malikdir.
Bütün bunlarla yanaşı, "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 3 mart 2004-cü il tarixli, "Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının (2004-2006-cı illər) təsdiq edilməsi haqqında" 3 sentyabr 2004-cü il tarixli, "Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" 19 yanvar 2006-cı il tarixli, "Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında" 28 dekabr 2006-cı il tarixli, "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın təsdiq edilməsi barədə" 28 iyul 2007-ci il tarixli fərman və sərəncamlar, eləcə də digər normativ-hüquqi sənədlərlə ölkədə məhkəmə-hüquq islahatları keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur.
Respublikamızda həyata keçirilən qadın siyasəti bütün dövlət strukturlarında qadın və kişilər arasında bərabərliyi, müvafiq dövlət proqramlarının hazırlanması ilə qaçqın və məcburi köçkün qadınların işlə təmin olunmasını, gender nöqteyi-nəzərindən qanunvericiliyə yenidən baxılmasını təmin etmişdir. Son illərdə qadınların dövlət qurumlarında və ümumiyyətlə ictimai-siyasi həyatda təmsil olunmaq imkanlarının əhəmiyyətli dərəcədə genişlənməsi də məhz bu siyasət nəticəsində mümkün olmuşdur.
2006-cı ilin dekabrında Milli Məclisdə qəbul olunmuş "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Azərbaycan Respublikasının Qanunu da bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Qanunun əsas məqsədi kişi və qadınların ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanların təmin edilməsi və cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasıdır. Qanun gender bərabərliyinin təmin edilməsi ilə bağlı dövlət siyasətinin əsas istiqamətlərini və vəzifələrini müəyyən etmişdir.
Bununla yanaşı, ölkədə gender siyasətinin tələblərinə uyğun olaraq qadınlarla kişilərin hüquq bərabərliyi təmin olunmuş, müxtəlif nazirliklər və icra hakimiyyəti orqanlarında qadınların hüquqlarının müdafiəsi ilə məşğul olan cavabdeh şəxslər təyin edilmiş, bütün dövlət strukturlarında qadınların dövlət idarəçiliyində rolunun artırılması istiqamətində ciddi addımlar atılmışdır. Azərbaycan qadını bu gün Milli Məclisin sədr müavini, İnsan hüquqları üzrə müvəkkil, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Konstitusiya Məhkəməsinin sədr müavini, Təhsil nazirinin müavini kimi yüksək postlarda təmsil olunur. Təkcə ölkə parlamentində 13 qadın deputat fəaliyyət göstərir. Hazırda respublika üzrə 30-dək rayonda icra hakimiyyəti başçılarının müavinləri qadınlardır. Minlərlə Azərbaycan qadını müxtəlif dövlət və qeyri-hökumət təşkilatlarında rəhbər vəzifələrdə çalışır.
Keyfiyyətcə yeni mərhələdə uğurla davam etdirilən məhkəmə-hüquq islahatları nəticəsində Ədliyyə Nazirliyinin də fəaliyyətində əsaslı dəyişikliklər aparılmış, nazirlik dövlətin hüquq siyasətini həyata keçirən əsas orqanlardan birinə çevrilmişdir. 18 aprel 2006-cı il tarixli Fərmanla "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə" təsdiq edilmiş, 2006-cı ilin mayında Milli Məclisdə "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanun qəbul edilmişdir. "Ədliyyə orqanlarının inkişafı haqqında" 17 avqust 2006-cı il tarixli fərman da nazirliyin yeni strukturunun təsdiq edilməsi Azərbaycan ədliyyəsinin təkmilləşməsində yeni imkanlar açmışdır.
Ədliyyə islahatlarının tərkib hissəsi kimi penitensiar xidmətin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması, eləcə də əfvetmə institutunun çevik və işlək mexanizmlər əsasında fəaliyyəti də xüsusi qeyd olunmalıdır. Ötən 5 ildə 12 əfv fərmanının və amnistiya aktlarının verilməsi nəticəsində minlərlə məhkum cəzasının çəkilməmiş hissəsindən tam və yaxud qismən azad edilmişdir. Bu, Azərbaycanda insan hüquqlarının etibarlı təminatına və demokratikləşməyə xidmət edən strateji siyasi kursun layiqincə davam etdirildiyini göstərir. Ümumilikdə, ötən beş ildə ölkədə kadr siyasəti və dövlət idarəçiliyi məsələlərində Azərbaycanın bütün vətəndaşlarının iştirakının təmin edilməsi, müxalifətin sağlam, konstruktiv dialoqa dəvət olunması, əldə edilən iqtisadi nailiyyətlərdən hamının öz bacarıq, zəhmət və əqli imkanlarına görə bəhrələnməsi də milli birliyin möhkəmləndirilməsi istiqamətində atılmış mühüm addımlardandır. Ölkədə uğurla həyata keçirilən sosial-iqtisadi siyasət deməyə əsas verir ki, yaxın vaxtlarda hüquqi-siyasi islahatlar inamla davam etdiriləcək, ölkəmiz demokratikləşmə və insan hüquqlarının təminatı sahəsində daha yüksək nailiyyətlər əldə edəcəkdir.