
Prezident seçkilərinin təbliğat-təşviqat kampaniyasına start verildikdən sonra gözlənilirdi ki, mətbuat orqanlarında, qəzetlərdə namizədlərin ödənişli şərtlərlə reklamları dərc olunacaq. Amma seçkilərə bir aydan az vaxt qalmasına baxmayaraq prezidentliyə iddialı şəxslərin qəzetlərlə əməkdaşlığı nəzərəçarpacaq dərəcədə görünmür.
Reklam materialları pulsuz olduğuna görə ancaq rəsmi qəzetlərdə öz əksini tapır. Müstəqil KİV-də, qəzet səhifələrində isə namizədlərin təbliğat materialları gözə dəymir. Bunun səbəbi nədir? Namizədlərin maddi imkanları məhduddur, yoxsa qəzetlərə reklam vermək marağında deyillər? Bəlkə qəzetlər namizədlərlə işləmək istəmirlər?
"Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev məsələyə münasibət bildirərkən deyib ki, burada qəzetlərlə bağlı problem yoxdur. Onun sözlərinə görə, namizədlərin reklam materiallarının qəzetlərdə çap olunması qarşılıqlı razılaşma əsasında ortaya qoyulan biznes layihəsidir: "Hansısa biznes layihəsinin də iki tərəfi olur və tərəflərin də hər biri mövqeyini, şərtlərini açıqlayırlar. Konkret olaraq bu məsələdə qəzetlər öz şərtlərini açıq şəkildə bəyan ediblər. İstər "Bakı-Xəbər", istər "Şərq" istərsə də digər qəzetlər təbliğat kampaniyası başlamazdan əvvəl MSK-ya müraciət edərək namizədlərlə əməkdaşlıq etmək istəklərini bildiriblər. Reklam tarifləri ilə bağlı da elanlar verilib. Görünür, namizədlər reklam vermək niyyətində və yaxud da iqtidarında deyillər. Namizədlərin mətbuatda təbliğ olunmasına bu qədər laqeyd münasibət göstərməsi təbii ki, müəyyən səbəblərə söykənir. Görünür, onlar üçün seçkinin hansı nəticəni verəcəyi əhəmiyyəti, seçkilərlə bağlı marağı yoxdur". Tariflərdə dəyişikliyi mümkün sayan A.Quliyev deyib ki, namizədlər məbləğlə razılaşmasaydılar, ən azından müraciət edə bilərdilər: "Təəssüf ki, namizədlər hətta tariflərin onları qane edib-etməmək məsələsinə də reaksiya vermədilər".
"525-ci qəzet"in baş yazarı Rəşad Məcid isə namizədlərin reklam verməməsinin bir səbəbi kimi qəzetlərdə tariflərin yüksək olmasını göstərib: "Düşünürəm ki, televiziyada, qəzetlərdə reklam verilməsi maddi baxımdan bahadır. Məncə, bu səbəbdən də namizədlər reklam materiallarını çap mətbuatında verməkdən imtina edirlər". Tariflərin artıq MSK-ya təqdim olunduğunu vurğulayan R.Məcid söyləyib ki, rəhbərlik etdiyi mətbu orqan ən aşağı məbləği təyin edib: "Buna baxmayaraq müraciət edən yoxdur. Ola bilsin ki, namizədlər əhali ilə görüşlərə daha çox vəsait ayırır. Bu səbəbdən də mətbuatla işləməyə maraq göstərmirlər".
Namizədlər isə məsələni başqa arqumentlərlə izah etməyə çalışırlar. Prezidentliyə iddialı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin seçki qərargahının rəhbəri Elçin Mirzəbəyli "Şərq"in əməkdaşı ilə söhbətində bildirib ki, onlar qəzetlərə reklam verməyi oktyabr ayının əvvəllərinə planlaşdırıblar. O, mətbuata reklam verilməsi ilə əlaqədar ciddi problemlərinin olmadığını da söyləyib: "Hər halda qəzetlərdə Qüdrət Həsənquliyevin təbliğat materialları əks olunacaq və cəmiyyət bunu görəcək. Hesab edirəm ki, səbəblərdən biri də mətbuatın özünün mövcud problemləridir. Hər bir namizəd seçki fondunda olan vəsaitlərin düzgün istiqamətdə xərclənməsinə önəm verir. Düşünür ki, mən hansısa qəzetə reklam verirəm. Bu mənə nə qədər dividend gətirəcək. Və yaxud da reklam verdiyim qəzetin oxucu kütləsi, nüfuzu hansı səviyyədədir. Təbii ki, hər kəsin məsələyə özünəməxsus yanaşması var. Biz də ümumi qaydada, əldə etdiyimiz məlumatlara uyğun hərəkət edirik. Həmçinin qeyd etməliyəm ki, bir çox mətbuat orqanlarının reklam materialları verməklə əlaqədar MSK-ya müraciəti olmayıb. Məlumdur ki, sentyabr ayının 4-nə kimi MSK-ya məktub göndərməyən qəzetlər ödənişli siyasi reklamlar yerləşdirə bilməzlər. Bu da baryer yaradan amillərdən biridir". BAXCP sədrinin mətbuatla əməkdaşlıq etdiyini deyən E.Mirzəbəyli qeyd edib ki, Q.Həsənquliyev bundan sonra da ödənişsiz və ödənişli qaydada əməkdaşlığını davam etdirəcək.
Prezidentliyə daha bir namizəd, Böyük Quruluş Partiyasının başqanı Fazil Qəzənfəroğlu 4 qəzetdə reklam materialının dərc olunduğunu söyləyib: "Digər qəzetlərlə də müqavilə bağlanmalıdır. "Yeni Müsavat" qəzeti ilə əməkdaşlıqda ilkin addımlar atılıb. Fikrimizdə var ki, "Şərq" qəzeti ilə də müqavilə bağlayaq. Ölkədə olan populyar qəzetlərdə heç olmasa bir-iki nömrədə reklamımızın getməyini istəyirik. Həmçinin deməliyəm ki, bu qiymətlərlə də asılı olan bir məsələdir. Reklam tarifləri qaneedici olmasa da, biz nüfuzlu qəzetlərin fəaliyyətindən istifadə etməliyik. Onların təbliğat imkanlarından yararlanmaq namizəd üçün vacibdir".