Nuru Paşa Fondunun
yaradılması gündəmdədir
İsmayıl Ağayev:
"Artıq Türkiyədə sənədlərin toplanması istiqamətində işlər aparılır"
Azərbaycanda Nuru Paşa Mərkəzi və bunun nəzdində fondun yaradılması istiqamətində işlər davam etdirilir. Qeyd edək ki, bir müddət bundan öncə Bakının azad edilməsinin 90 illik yubileyi münasibətilə ölkəmizə gələn Ənvər paşanın yeganə varisi Arzu Ənvər burada olan zaman bir çox görüşlər keçirdi.
O, Dünya Azərbaycanlıları Konqresində (DAK) olarkən DAK nümayəndələri Nuru Paşa Fondunun yaradılması ideyasını gündəmə gətiriblər. A.Ənvər isə bunu müsbət qarşıladığını bildirərək, təsisçilərdən olmağa razılıq verib. Fondun həmtəsisçilərindən olan DAK-ın Azərbaycan nümayəndəliyinin sədri İsmayıl Ağayev "Şərq"ə açıqlamasında bildirib ki, artıq Türkiyədə sənədlərin toplanması istiqamətində işlər aparılır: "Nuru Paşa Mərkəzinin Türkiyə təmsilçisi Arzu Ənvərdir. Mən Türkiyə ilə mütəmadi olaraq əlaqə saxlayıram. Oradan bildirdilər ki, lazımi sənədlər Türkiyənin Ədliyyə Nazirliyinə göndərilib. Biz də öhdəmizə düşən işləri burada görürük. Sənədləri toplayırıq, yaxın günlərdə qeydiyyat üçün Ədliyyə Nazirliyinə təqdim edəcəyik". Təsisçilərin Türkiyədə Nuru paşa və Ənvər paşanın ailə üzvlərinin olacağını deyən İ.Ağayev bildirib ki, Azərbaycandakı həmtəsisçilər isə özü və millət vəkili Gülər Əhmədovadır. Mərkəzin gələcək fəaliyyət istiqamətləri haqqında məlumat verən həmtəsisçi vurğulayıb ki, 1918-ci ildən üzü bu yana xalqımızın başına gətirilən fəlakətlər istiqamətində araşdırmalar aparılacaq: "Yeni kitabların nəşr olunması, qondarma erməni soyqırımlarının ifşa edilməsi ilə əlaqədar filmlərin çəkilməsi planlaşdırılır. Məlumdur ki, mənfur ermənilər türklərin onlara qarşı soyqırım etdiyini dünyaya bəyan etmək niyyətindədirlər. Halbuki ermənilər biz türkləri soyqrıma, terrora məruz qoyublar. Biz düşmənlərin qondarma iddialarını ifşa etmək istəyirik. Beynəlxalq aləm bilməlidir ki, günahlı kimdir, günahsız kimdir. Eyni zamanda Türkiyə-Azərbaycan münasibətlərinin daha da yaxşılaşmasında fond öz köməkliyini göstərəcək. Mərkəz vasitəsilə Türkiyə və Azərbaycan diasporlarının yaxınlaşması istiqamətində töhfəmizi verəcəyik".
Anar