Akif Nağı isə arzulayır ki, gənc,
enerjili və xarici dilləri bilən şəxs
icmaya rəhbərlik etsin

Şuşanın mərhum icra başçısı, Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Nizami Bəhmənovun vəfatından sonra hələlik bu vəzifələrlə bağlı təyinat olmayıb.
Bu vəzifələrə kimlərin layiq olması məsələsi ilə bağlı səsləndirilən fikirlər isə müxtəlifdir. Hər halda hər kəs N.Bəhmənovun yerinə təyin olunacaq şəxsin onun başladığı işi uğurla davam etdirə biləcək biri olmasını arzulayır. Məsələ ilə bağlı əslən Qarabağdan olan tanınmış ictimaiyyət nümayəndələrinin mövqeyini öyrənməyə çalışdıq.
Millət vəkili Aqil Abbas bildirdi ki, elə Qarabağın özündən bu vəzifəni tutmağa layiq şəxslər kifayət qədərdir: "Elə deputat Elman Məmmədov həmin icmanı quranlardan biridir. Mən bunu məsəl üçün deyirəm. İcmanın işi ilə daha yaxından tanış olan insanlardan birinin bu vəzifəni tutması yaxşı olardı. Elman Məmmədov daim bu məsələlərin içindədir".
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı da düşünür ki, Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbərliyini bu icmanın fəaliyyəti ilə yaxından tanış olan insanlardan birinin tutması arzuolunandır. QAT sədrinin sözlərinə görə, bu insanlar sırasında millət vəkilləri Həvva Məmmədova və Elman Məmmədovun adını çəkmək olar: "Bu şəxslərlə yanaşı, mənim bildiyimə görə, bir neçə gənc də burada təmsil olunur. O prosesin içində olan və bu günə qədər Qarabağ məsələsi ilə bağlı kəskin mövqe qoyan şəxslər o icmaya rəhbərlik etməlidir". A.Nağı icmaya rəhbərlik edən şəxsin Şuşa şəhərinin icra başçısı olması ilə bağlı tələbi də qəbul etmir: "Şuşa Qarabağın simvoludur. O baxımdan burada bir qədər məntiq var. Amma mən istəyərdim ki, icmadakı gənc, enerjili insanlardan biri icmaya rəhbər seçilərdi. Onlar bir neçə dil bilirlər, araşdırmalar aparırlar. Mən düşünürəm ki, Elman Məmmədovun da icma rəhbəri olması yaxşı olardı. O, ermənilərin iç üzünü bilir. Həm də Xocalının icra başçısı olub. Xocalı ilə bağlı olan bir şəxsin icma rəhbəri olması beynəlxalq ictimai rəyə təsir etmək baxımından da əhəmiyyətli olardı. Bu, istər-istəməz Xocalı soyqırımını beynəlxalq təşkilatlara bir daha xatırlatmış olardı".
Qarabağ Qaziləri İctimai Birliyinin sədri Etimad Əsədov isə deyib ki, kimin bu vəzifəni tutacağını gələcək göstərəcək. Ona görə də indidən kiminsə adını çəkmək doğru sayılmaz: "Öncə Nizami Bəhmənova rəhmət diləyirəm. Yaxşı insan, yaxşı ziyalı idi. Kimin Dağlıq Qarabağın azərbaycanlı icmasına rəhbərlik etməsindən asılı olmayaraq hakimiyyətin apardığı siyasətə əsaslanıb fəaliyyət göstərəcək bir şəxs olacaq. Ona görə də orada müstəqil fikir bildirəcək insanın olacağını gözləmirəm. O baxımdan kimin daha layiqli namizəd olması ilə bağlı fikir söyləyə bilmərəm".