"Nəsimi" stansiyasında
tikinti işləri başa çatıb
Yaxın günlərdə paytaxtda yeni metro stansiyası açılacaq
Bakı Metropoliteninin yeni tikilmiş stansiyası istismara verilməyə hazırdır. Bu barədə "APA-Economics"ə Bakı Metropoliteninin rəisi Tağı Əhmədov məlumat verib.T.Əhmədovun sözlərinə görə, artıq "Nəsimi" stansiyasında tikinti işləri başa çatıb:
"Biz tikinti işlərini yekunlaşdırmışıq. Hazırda stansiyanın istismara daxil edilməsi ilə bağlı hökumətin qərarını gözləyirik". Metropoliten rəisi stansiyanın yaxın günlərdə istifadəyə veriləcəyini vurğulayıb. "Nəsimi" stansiyası Dərnəgül-Günəşli layihələndirilən metro xətti üzərində - "Memar Əcəmi" stansiyasından sonra yerləşir. Stansiyadan Bakının 6-cı və 9-cu mikrorayonları ərazisinə çıxış olacaq. Metronun yeni stansiyasının uzunluğu 310 metr, platformanın uzunluğu isə 102 metrdir. Qeyd edək ki, hazırda Bakı Metropoliteni 20 stansiyadan ibarətdir.