Prezidentliyə eks-namizəd İsa Qəmbər, Əli Kərimli və Lalə Şövkətə müraciət edib

Prezidentliyə eks-namizəd, fizika-riyaziyyat elmləri doktoru Qüdrət İsaqov Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli və ALP lideri Lalə Şövkətə müraciət edib.
Q.İsaqov adıçəkilən şəxslərə xitabən vurğulayıb ki, 2003-cü ildən etibarən rəhbərlik etdikləri partiyaların sıralarının kəskin şəkildə seyrəlməsi və elektoratlarını itirmələri səbəbindən seçkini boykot etməyə və bəzi partiyaları seçkidə iştirak etməməyə sövq ediblər. "Xarici ölkələrin əksər dövlət xadimləri, beynəlxalq təşkilatların nümayəndələri və Azərbaycanın əksər siyasi dairələri sizin bu hərəkətinizi seçki prosesinə dəxli olmayan uğursuz bir cəhd kimi qiymətləndirib. Buna baxmayaraq siz daha bir uğursuz cəhdə də əl atıbsınız ki, bu da seçkilərin nəticələrinin əvvəlcədən tanınmamasından və seçiləcək prezidenti qeyri-legitim hesab etməkdən ibarətdir. Nəzərinizə çatdırıram ki, bu taktikanı Siz 1993, 1998-ci illərdə də həyata keçirmisiniz və nəticələr uğursuz olub. Bütün dünya ölkələri və beynəlxalq təşkilatlar həmin seçkilərin nəticələrini tanıdı". Q.İsaqov İ.Qəmbər, Ə.Kərimli və L.Şövkəti prezident seçkilərində daha düzgün mövqe nümayiş etdirməyə dəvət edib. "Hesab edirəm ki, Siz Nostradamus deyilsiniz və indidən seçkilərin nəticələrini tanımamaqla partiya üzvlərinizin gələcək fəaliyyətinə zərbə vurursunuz. Mən seçki prosesini ciddi təhlil etdiyimdən bilirəm ki, builki seçkilər əvvəlki seçkilərlə müqayisədə daha demokratik, daha şəffaf və ədalətli bir şəraitdə keçiriləcək. Ona görə də sizi dünya praktikasında qəbul olunmayan hərəkətlərdən çəkinməyə, dünya ilə vuruşmaqdan vaz keçməyə dəvət edirəm".