
Vurğun Əyyub:
"Orta məktəblərdəki
qiymətləndirmə
sistemi qüsurludur"
Hamlet İsaxanlı:
"Gündəlik qiymətləndirmədə təsadüflər ola bilər"
Etibar Əliyev:
"Şagirdlər daha çox testlərə hazırlaşır, nəinki məktəb proqramını öyrənirlər"
Təhsil Nazirliyi növbəti tədris ilindən orta məktəblərdə gündəlik qiymətləndirmə sistemini ləğv etməyə hazırlaşır. Bu yeniliyi mediaya açıqlayan təhsil naziri Misir Mərdanov bildirib ki, şagirdlər ənənəvi gündəliklərdən daha istifadə etməyəcəklər. Nazirin sözlərinə görə, müəllimin subyektiv fikrinə əsaslanan gündəlik qiymətləndirmə sistemi şagirdlərin təhsilə marağını artırmaq əvəzinə, azaldır.
Şagirdlər məktəbə elm öyrənməyə deyil, qiymət almaq xatirinə gəlir. Nazir köhnə sistemi hansı yeni sistemin əvəzləyəcəyinə konkretlik gətirməyib. Qeyd edib ki, şagird nailiyyətlərinin qiymətləndirilməsi sistemində köklü dəyişiklikləri nəzərdə tutan yeni mexanizmlər hazırkı tədris ili ərzində hazırlanacaq, 2009-2010-cu tədris ilindən isə onun sınaqdan keçirilməsinə başlanacaq. Qeyd edək ki, şagird nailiyyətlərinin qiymətləndirilməsində keyfiyyətin yüksəldilməsi məsələsi elə-belə ortaya çıxmayıb. Bu məsələ srağagün Təhsil Nazirliyi ilə Dünya Bankı arasında imzalanmış kredit sazişi üzrə layihəyə daxildir. Yəni şagird nailiyyətlərinin qiymətləndirilməsindəki islahatların bir hissəsi Dünya Bankının ayırdığı kreditlər hesabına həyata keçiriləcək. Bəs yeni qiymətləndirmə sistemi şagirdlərə nə verəcək və ümumilikdə təhsil sahəsində hansı müsbət islahatlara gətirib çıxaracaq? Məsələ ətrafında təhsil sahəsi üzrə bir neçə mütəxəssis fikrini öyrəndik.
TQDK-nın sabiq sədri Vurğun Əyyub:
- Orta məktəblərdə tətbiq olunan qiymətləndirmə sistemi, təbii ki, qüsurludur. Qiymətləndirmə sistemi dəyişməlidir, ancaq hansı üsul tətbiq ediləcək, hələ ki, bu barədə danışan yoxdur. Mexanizm ortada olmalıdır ki, onun ətrafında da fikir mübadiləsi aparılsın, müzakirələr açılsın. Müxtəlif variantlar təklif olunur. Bəzisi deyir ki, şagirdlər hansısa bölməni başa vurduqdan sonra test üsulu ilə qiymətləndirilsin. Ancaq burada da müəllimlərin subyektivliyə əsaslanmayacağına kim zəmanət verə bilər? Müəllimlərin subyektivizmini hansısa üsulu dəyişib yerinə başqasını tətbiq etməklə dəyişmək mümkün deyil. Bunun üçün ilk növbədə təfəkkür dəyişməlidir. Avropa ölkələrindəki lisey və kolleclərdə biliyin qiymətləndirilməsində tam sərbəstlikdir. Çünki Avropada təhsilə baxış fərqlidir.
Xəzər Universitetinin rektoru, professor Hamlet İsaxanlı:
- Qiymətləndirmə sisteminin dəyişməsi çox ağır, dərin məsələdir. Bu ilk illərdə müəyyən məktəblərdə pilot layihə kimi həyata keçirilməlidir. Həm də aşağı siniflərdə. Çünki yuxarı siniflərə qalxdıqca qiymətləndirməyə ehtiyac yaranır. Məsələn, İngiltərədə aşağı sinif şagirdlərinin rəqəmlə qiymətləndirilməsi prinsipi yoxdur. Orada yaxşı oxuyan şagirdə "ulduz" verilir. Bir müddət keçdikdən sonra qiymətləndirmə sistemi dəyişir. Gündəlik qiymətləndirmədə təsadüflər ola bilər. Şagird bir gün dərsə hazırlıqlı gələ bilər, o biri gün hazırlıqsız gələr. Bizim Xəzər Universiteti nəzdində "Dünya" məktəbi fəaliyyət göstərir. Bu, məktəbdə həftəlik qiymətləndirmədir. Həm də müəllimlər qiyməti şagirdə bildirmir, məktub şəklində onun valideyninə göndərirlər. Çünki valideyn övladının hansı fənnə marağı olduğunu, hansı fəndən zəif, hansından güclü olduğunu hamıdan yaxşı bilir. Ancaq bu metod aşağı siniflərdə - valideyn uşaqla daha çox məşğul olduğu, ona daha çox vaxt ayırdığı mərhələdə tətbiq olunur. Bu cür sistem təbii ki, yuxarı siniflərə tətbiq edilə bilməz.
"XXI əsr" Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev:
- İnkişaf etmiş ölkələrin bir çoxunda, İngiltərədə, Yaponiyada şagirdlərin biliyinin qiymətləndirilməsi universal əlifbanın ilk beş hərfi ilə aparılır. Hətta "a" hərfinin üstündə "ulduz" işarəsi ilə qiymətləndirmə də var. Bu dövlətlərin təhsil sistemində şagirdin biliyinin tam qiymətləndirilməsi aparılır. Qiymətləndirmədə baza bilikləri ilə yanaşı, esselər, tematik, attestasion və diaqnostik testlər əsas götürülür. Bizdə isə 5 ballıq qiymətləndirmədir. Və istənilən şagird orta məktəbi "əlaçı" kimi bitirə bilər. Amma orta məktəbi əla qiymətlərlə bitirmiş şagirdlərin 40 faizindən çoxu qəbul imtahanlarında yüksək bala müvəffəq ola bilmir, bəzən heç keçid balı da toplaya bilmir. Orta məktəbin qiymətləndirməsi ilə qəbuldakı qiymətləndirmə arasında fərq böyükdür. Deməli, orta məktəblərdəki qiymətləndirmənin 80 faizi falsifikasiyadır. Şagirdlər daha çox testlərə hazırlaşır, nəinki məktəb proqramını öyrənirlər. Avropada hər hansı məktəb 15 faizdən artıq attestat verə bilmirsə, dərhal bağlanır. Bizdə belə bir hal mümkündürmü? İndiyədək hansısa məktəbin bağlandığını, cəzalandığını heç kim görməyib. Bunun bir əsas səbəbi də vətəndaş cəmiyyətinin məktəblərə buraxılmamasıdır. Təhsil Nazirliyi isə öhdəsində olan heç bir orta məktəbi bağlamaz. Ona görə də qiymətləndirmə sistemində hansı islahatların aparılacağı əsas deyil, əsas strategiyanın düzgün qurulmasıdır.