Prokurorluqdan "Yeni Müsavat"a
xəbərdarlıq edilib
Buna "Bakıda terror şayiəsi"
başlıqlı yazı səbəb olub
Dünən Bakı Şəhər Prokurorluğu "Yeni Müsavat" qəzetinə rəsmi xəbərdarlıq edib. Lent.az-ın xəbərinə görə, Prokurorluğun yaydığı rəsmi məlumatda bildirilir ki, buna qəzetin 24 sentyabr 2008-ci il tarixli sayında dərc edilmiş "Bakıda terror şayiəsi" başlıqlı yazı səbəb olub.
Həmin yazıda sentyabrın 23-də metronun 28 May stansiyasında partlayış baş verdiyi, sonra isə bu məlumatın şayiə olduğu göstərilib. Qəzetin baş redaktorunun 1-ci müavini Azər Ayxan və müxbiri Məhəbbət Orucov bununla bağlı şəhər Prokurorluğuna dəvət ediliblər. Hər iki şəxs söhbət zamanı bildirib ki, bu barədə tanımadığı adamlardan eşidiblər. Belə ki, həmin tarixdə metroda heç bir partlayış baş verməyib. Şəhər Prokurorluğunda Azər Ayxana qanun pozuntularından çəkindirmək məqsədilə rəsmi xəbərdarlıq edilməklə, onların nəzərinə çatdırılıb ki, əhali arasında terror aktına dair bilə-bilə yalan şayiələrin yayılması yolverilməzdir və cinayət məsuliyyətinə səbəb olur. Azər Ayxan Lent.az-a verdiyi açıqlamada bildirib ki, Bakı Şəhər Prokurorluğunda onlardan yazının mənbəyini soruşublar: "Lakin biz bildirdik ki, müxbir yolda gedərkən bununla bağlı camaatın söhbətlərini eşidib, sonra bizə məlumat verib. Biz də demişik araşdırsın, faktları gətirsin, yazsın. Belə də etmişik".
A.Ayxan deyib ki, rəsmi xəbərdarlıq olunsa da, həmin xəbərdarlığın nüsxəsi ona verilməyib: "Mən də onun arxasına öz qeydlərimi yazaraq, bu cür xəbərdarlığa öz etirazımı bildirdim. Bu, KİV-ə qarşı böyük təpkidir. Prokurorluq orqanının bu cür məsələlərə reaksiya verməsi təqdir olunmalıdır, lakin bu cür formada yox".