Naxçıvanda həlak olan
əsgərlərin meyiti ailələrinə verilib
Baş vermiş hadisə ilə bağlı
hələ cinayət işi açılmayıb
Sentyabrın 24-də Naxçıvan Muxtar Respublikasındakı "N" saylı hərbi hissədə təlim zamanı tankda baş vermiş partlayışla bağlı hələ cinayət işi qaldırılmayıb.
Bu barədə qəzetimizə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu məlumat verib. O bildirib ki, hazırda nazirliyin əməkdaşlarından ibarət xüsusi komissiya baş vermiş hadisənin səbəblərini araşdırır. E.Sabiroğlu qeyd edib ki, hadisə zamanı həlak olanların meyiti ailələrinə təhvil verilib. Onun sözlərinə görə, əsgərlərin dəfn və yas mərasimlərinin bütün xərcini Müdafiə Nazirliyi ödəyəcək.
Xatırladaq ki, partlayış zamanı həlak olanlar tankda 1989-cu il təvəllüdlü, əsgər Asif Həsən oğlu Orucov, 1989-cu il təvəllüdlü, əsgər Rauf İlqar oğlu Məmmədov və 1977-ci il təvəllüdlü, gizir Mayis Tahir oğlu Abıyevdir.
Firdovsi