
3 gündür paytaxt sakinləri küçələrdə əsir-yesirdir. Minməyə avtobus tapılmır, tapılanda da ya yarı yolda sərnişinlər avtobusdan endirilir, ya da məlum olur ki, avtobus daha əvvəlki marşrutu ilə hərəkət etmir. Paytaxtın mərkəzindən kənarlara, eləcə də kənarlardan mərkəzə hərəkət etmək isə sərnişinlər üçün əsl əzaba və əsəbə çevrilib. Yasamal rayonu ilə mərkəz arasında ən yaxşı əlaqələndirici olan 39 və 177 saylı marşrutlar, ümumiyyətlə, yoxa çıxıb.
306, 58, 207 saylı marşrutlar "Elmlər Akademiyası"na buraxılmır. Marşrutların sürücüləri elə belə də deyir: "Bizi "Elmlər Akademiyası"na buraxmırlar". "Montin"dən "Sahil" metrostansiyasınadək hərəkət edən 283 saylı marşrut da "itib". Bu marşrutun sərnişinləri mənzilə çatmaq üçün indi iki marşrut dəyişməli olur. Yeni Günəşlidən "Nizami" metrostansiyasına işləyən 244 saylı marşrut da "Xətai" metrostansiyasına çatanda "bizi şəhərə buraxmırlar" deyib camaatı aşağı tökür, sərnişin də yenidən 20, yaxud 9 saylı marşrutlara minməli olur. Qısası, şəhərdaxili nəqliyyatda əsl xaos yaranıb, "ara qarışıb, məzhəb itib". İctimai nəqliyyat deyilən ifadə də demək olar ki, anlamını itirib.
Əslində, sərnişindaşımadan savayı bütün digər təyinatlara yarayan mikroavtobusların marşrutdan çıxarılması təqdirolunasıdır. Bəlkə Cənubi Koreyanın, Özbəkistanın yaraşıqlı, rahat avtobuslarına minib biz də özümüzü tamhüquqlu sərnişin kimi hiss edərik. Amma daha bu yolla yox. Nədənsə bizim ölkədə yaxşı yeniliklərə keçid də ən pis xatirələrlə yadda qalır. Bir saat dayanacaqda dayanandan sonra, nəhayət avtobusa minən, amma yarı yolda aşağı endirilən sərnişinin keçirdiyi stress, əsəb uzun illər yadından çıxmır. Yəni islahatı da elə həyata keçirmək lazımdır ki, insanlar narazı yox, razı qalsın. Bizdə isə əksinədir. Çanaq həmişə camaatın başında çatlayır. İndi ictimai nəqliyyatdan istifadə edən istənilən şəxsi dindirsən, əsəbi halda deyəcək ki, istəmirəm o qəşəng avtobusu, bir saatdı yolda qalmışam, iki-üç marşrut dəyişmişəm, 20 qəpiyə gedə biləcəyim yol mənə az qala 1 manata başa gəlib. Elə o balaca, yöndəmsiz, qırıq-sökük mikroavtobus yaxşıdır. Heç olmasa, evimizə-eşiyimizə vaxtında gedib çıxırdıq. Sakinlərin sözündə həqiqət var. Əsas nəticədir, onun hansı yolla əldə edilməsi yox.
"Dünən məni evə
buraxmırdılar..."
Bu sözləri "Şərq"ə Nəqliyyat Nazirliyi mətbuat xidmətinin rəhbəri Namiq Həsənov dedi. Səhərdən bəri telefonların bir dəqiqə də susmadığını, bütün zənglərin ancaq şəhər marşrutunda yaranmış problemlə bağlı olduğunu deyən N.Həsənov məsələnin nə zaman həllini tapacağına dair də konkret müddət söyləyə bilmədi:
- Şəhərdaxili marşrutlara iritutumlu avtobusların yerləşdiriləcəyi dünənin, bu günün işi deyil. Nəqliyyat Nazirliyi 2 ildir bildirir ki, kiçiktutumlu avtobusları marşrutdan çıxarın, amma çıxarmırdılar, elə bilirdilər, sözdü deyilir. İndi artıq əmələ keçəndə başlayırlar narazılığa, sərnişinlər də əziyyət çəkir. Biz də başa düşürük ki, bu, bir-iki gündə həll olunası problem deyil. Yaxın günlərdə ölkəyə daha 300 iritutumlu avtobus gətiriləcək. Problem yavaş-yavaş həllini tapacaq. Şəhərdaxili marşrutlarda orta və iritutumlu avtobuslara keçid 2009-cu ildə başa çatmalıdır. Biz insanları başa düşürük. Şəhərdə yaranmış vəziyyətdən də xəbərdarıq. Təsəvvür edin ki, dünən məni evə buraxmırdılar. Deyirdilər, bu nə işdi başımıza açırsınız?! Yəni demək istəyirəm ki, biz də ictimai nəqliyyatdan istifadə edirik. Problemləri də görürük, sərnişinlərin vəziyyətini də.
Bəzi marşrutların ikiyə bölünməsinə gəlincə, N.Həsənov bildirdi ki, bu yenilik marşrutların optimallaşdırılması proqramına uyğun həyata keçirilir:
Bir-birini "döyən" marşrutlar
- Bu proqrama əsasən bir-birini "döyən" marşrutlar (eyni hərəkət sxeminə malik olan avtobuslar) başqaları ilə əvəzlənir. Bu proqram həm də tıxacların mümkün qədər aradan qaldırılması məqsədi daşıyır. Eyni sxem üzrə bir neçə avtobusun hərəkət etməsi yollarda problemlər yaradır. Sadəcə, insanlar köhnə marşrutlara vərdiş edib yenilərinə uyğunlaşa bilmirlər.
Digər bir problem orta və iritutumlu avtobusların sərnişin az olduqda yola çıxmamasıyla bağlıdır. Avtobus sürücüləri bildirir ki, 3 nəfər sərnişinlə hərəkət etmək maddi problemlər yaradır. Sürücü heç benzin pulunu çıxara bilmir. Bu səbəbdən də iritutumlu avtobus dayanacaqda 5 dəqiqə əvəzinə 20 dəqiqə dayanıb avtobusun dolmasını gözləyir. Eyni hal "Sahil" metrostansiyasının yaxınlığında, Akademik Zərifə Əliyeva küçəsindəki dayanacaqda baş verir. 20 və 65 saylı marşrutlar durduğu yerdən tərpənmək bilmir. Arxadan gələn marşrutların siqnal səsləri küçəni "başına alır". N.Həsənov qaydanı pozan sürücülərin də cəzalandırılması mexanizminin tezliklə işə düşəcəyini bildirdi:
- Nazirlik tərəfindən nəqliyyatın intellektual idarəedilməsi sistemi hazırlanır. Bu sistemə əsasən bütün dayanacaqlar dispetçerlərin nəzarəti altında olacaq. Monitorla marşrutları izləyən dispetçerlər qaydanı pozan və digər avtobusların hərəkət sxeminə mane olan sürücüləri təyin edəcəklər.
"İctimai nəqliyyatda yaranmış bu problem nə zaman həll olunacaq" sualına gəlincə, N.Həsənov "Mən deyə bilmərəm, bir günə, yoxsa iki-üç günə. Problem yaxın günlərdə həllini tapacaq".
Məsələ ilə bağlı marşrut
sürücülərinin və sərnişinlərin də fikirlərini öyrənməyə çalışdıq.
Mehman Hüseynov, 177
nömrəli marşrutun sürücüsü:
-Bizi heç Əzizbəyov heykəlinin qarşısındakı dayanacağa qədər getməyə də qoymurlar. Lakin biz camaata görə ora qədər gedirik. Deyirlər ki, mikroavtobuslar "Azərbaycan" nəşriyyatının yanından geri qayıtmalıdır. İndi bizi yol polisləri görsə, maşınlarımızı cərimə meydançasına aparacaqlar. Camaat isə bizi danlayır, şikayət edirlər. Amma onlar özləri camaatla işləmirlər. İşləsələr, bu işin çətinliklərini görərlər. Deyirlər ki, şəhərin mərkəzinə mikroavtobuslarla girmək olmaz. Böyük avtobusları da özləri vermir. Deyirlər ki, bizdə böyük avtobuslar yoxdur. Biz də adi sürücülərik, qalmışıq çarəsiz. Marşrut sahibi də iritutumlu avtobuslar gətirib marşruta salmalıdır. Sabah 10 avtobus gətirməlidir. Onlar gələndən sonra işimiz əvvəlki qaydaya düşəcək.
Planımızı yarıdan çox azaldırlar. İndi işləmək bizə sərf edir. Çünki az məsafə qət edirik. Amma əhaliyə sərf etmir. Çünki onlar bir marşrutla getdikləri yolu indi iki-üç avtobusla getməli olurlar. Buna görə də müştərilərimiz yarıbayarı azalıb. Buna görə də planın da yarısını ödəyirik. Əvvəl 36 manat plan verirdiksə, indi 24 manat ödəyirik. Deyirlər ki, ortatutumlu avtobuslar gələndən sonra plana işləməyəcəyik. Yəni bizə maaş verəcəklər.
Araz Hüseynov, 39 nömrəli marşrutun sürücüsü:
-Marşrut yiyəsi bizə deyib ki, şəhərə çıxmayın. Ona da Nəqliyyat Nazirliyindən tapşırıblar. Biz də şəhərə çıxsaq, tutub aparacaqlar. İritutumlu avtobusların isə nə vaxt gətiriləcəyi ilə bağlı xəbərim yoxdur. Bizə deyirlər ki, Yasamaldan yola çıxın və "Azərbaycan" nəşriyyatından geri qayıdın. Amma bu, mümkün olan şey deyil. Çünki camaat adamın başını yolur. Əhali deyir ki, heç olmasa onları elə yerdə düşürək ki, getməli olduqları yerə növbəti marşrutla getsinlər. Amma nazirlik deyir ki, sərnişinləri nəşriyyatın yanında düşürt və geri qayıt.
Hələ ki planla bağlı söhbət olmayıb. Çünki sərnişinlər kəskin şəkildə azalıb və buna görə də plan barəsində dəqiq qərara gələ bilməyiblər. Bir-iki günə avtobuslar gəlsə, işləyəcəyik, gəlməsə, onda məcburuq ki, gedib özümüzə başqa iş axtaraq.
39 nömrəli marşrutun sürücüsü (adının çəkilməsini istəmədi):
Bizə bu məsələ ilə bağlı qabaqcadan heç bir məlumat verilməmişdi. Dünən (srağagün-red.) vergidən gəlib gəlir vergisi ilə bağlı 41 manat pul alıblar, əvəzində "padpres"ə kağız yapışdırıblar. Bu gün deyirlər ki, işləmə. Bəs nə edək, acından ölək? Deyirlər ki, iki-üç günə böyük avtobuslar gətirəcəklər. Sərnişinlər də narazılıq edir. Onları da başa sala bilmirik ki, bu, bizlik deyil. Mənə belə gəlir ki, bu hərəkətləri ilə bizim səs verəcəyimiz prezidentə qarşı narazılıq yaratmaq istəyirlər. Xalq qalıb yağışın altında. Camaat buna görə əsəbiləşir. Hirslərini də sürücülərin üzərinə tökürlər.
Sevda Cavanşirova, sərnişin:
-Biz iki uşaqla məktəbə necə gedib-gələk? Yeni Yasamaldan şəhərə təkcə 177 nömrəli marşrut işləyir. O da nəşriyyata qədər gedir. Mənim övladlarım isə 20 saylı orta məktəbdə oxuyurlar. Bu hal çox narahatlıq yaradır. Düşünməmiş addım atırlar. Dövlət adamları oturub bu məsələni həll etməli idilər. Belə olmaz axı. İki körpə uşaqla bugünkü yağışın altında saatlarla marşrut gözləmişəm. Bu gün (dünən- red.) zülmlə uşaqları məktəbə aparmışam. Yarım saat da gecikdik. Uşaqlar birinci dərsi ötürməli oldular.
Habil Həsənov, sərnişin:
-Əgər kiçik avtobusları böyükləri ilə əvəz etmək istəyirdilərsə, əvvəlcədən bunu camaata bildirməli, xəbər verməli idilər. Məktəb vaxtı başlayıb və hamı da uşağı məktəbə aparıb-gətirməlidir. Ona görə də əvvəlcədən deyilsəydi, hamı işini qurardı. Böyük avtobusların gətirilməsi təqdirəlayiqdir. Ona görə ki, onlarla mənzil başına rahat gedib-gəlmək olur. Ancaq hər şeyi əvvəlcədən ölçüb-biçmək lazımdır. Sonra isə iş görmək olar. Üç gündür ki, 39 və 177 nömrəli marşrutlarda problem yaranıb. Camaat saat 8-də işdə olmalıdır, amma bu məsələyə görə vaxtında işə gedə bilmirik. Ən azı bir saat gecikirik. Nə üçün avtobuslar nəşriyyata qədər getməlidir? Nə üçün sərnişin 3 dəfə marşrut dəyişməlidir? Ona görə də problem dövlət səviyyəsində həll olunmalıdır.