Menyu
spacer


spacer
spacer
spacer spacer
spacer spacer
Saytda Axtar
Ətraflı axtarış
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer spacer
spacer spacer
Xəbər qrupuna abunə ol
Abunə ol
spacer
spacer
spacer
spacer
spacer
Qəsdən adam öldürmə faktları bağlı qalıb
Zakir Qaralov bunu ciddi nöqsan sayıb
İstintaq və əməliyyat-axtarış tədbirləri sayəsində Şöhrət Quliyevin sifarişi əsasında qabaqcadan əlbir olmuş 3 nəfərdən ibarət cinayətkar dəstə tərəfindən "Sədərək" ticarət mərkəzində alverlə məşğul olan Əhməd İbrahimovun 2003-cü ilin dekabrında, Gəncə şəhər sakini Kamal Ələkbərovun isə 2004-cü ilin martında qəsdən öldürülmələri kimi uzun müddət ərzində bağlı qalan ağır cinayətlərin açılması təmin edilib.
   
   
   
   Bunu baş prokuror Zakir Qaralov keçirdiyi kollegiya iclasında səsləndirib. Baş prokuror qeyd edib ki, hazırda həmin dəstənin Gəncə şəhərində 2002-2008-ci illər ərzində törədilmiş digər cinayətlərlə əlaqələrinin araşdırılması istiqamətində intensiv istintaq hərəkətləri həyata keçirilir: "Bundan başqa, sabiq polis zabiti Mehdi Əmrəliyevin başçılıq etdiyi 5 nəfərdən ibarət cinayətkar banda tərəfindən 1998-2008-ci illərdə Bakı şəhərində yerləşən valyutadəyişmə məntəqələrində valyuta mübadiləsi ilə məşğul olan ayrı-ayrı şəxslərə qarşı 33 quldurluq, digər ağır və xüsusilə ağır cinayətlərin törədildiyi təkzibedilməz dəlillərlə sübuta yetirilib. Təqsirkar şəxslərin məhkəmə məsuliyyətinə verilməsi və onların layiq olduqları cəzalara məhkum olunmaları təmin edilib". Zakir Qaralovun sözlərinə görə, hesabat dövründə şəxsiyyət əleyhinə olan cinayətlərə qarşı mübarizə sahəsində xüsusi istintaq-əməliyyat tədbirlərinin görülməsinə baxmayaraq, 11 qəsdən adam öldürmə cinayətinin, o cümlədən Bakı şəhərinin Sabunçu və Nərimanov rayonlarının hər birində 2, Nizami, Nəsimi, Suraxanı, Yasamal rayonlarında, Gəncə şəhər, Masallı və Tovuz rayonlarının hər birində isə 1 belə cinayətin bağlı qalması həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirlərinin ciddi nöqsanıdır: "Prokurorluğun əlaqədar struktur qurumları və tabe prokurorlara tapşırıq verilib ki, 2009-cu ildə və başvermə müddətindən asılı olmayaraq əvvəlki illərdə törədilməklə bağlı qalan bütün qəsdən adam öldürmə hadisələrinin açılması üçün zəruri tədbirlərin görülməsi, daxili işlər orqanları ilə qarşılıqlı əlaqədə konkret hadisələr üzrə istintaq və əməliyyat-axtarış işlərinin real vəziyyətinin öyrənilməsi yolu ilə onların intensivliyinin artırılması, səlahiyyət dairəsində olan bütün imkanlardan istifadə olunmaqla təqsirkar şəxslərin müəyyən olunması təmin edilsin".
   
   
   
   
Anar
Rəşid Əliyevə qarşı irəli sürülən ittiham məlum oldu
İran həbs etdiyi alimimizi lazer texnologiyası ilə bağlı məlumatları və elektron sxemləri Azərbaycana göndərməkdə ittiham edir
İranda həbsdə olan azərbaycanlı alimə qarşı irəli sürülən ittiham məlum olub. Bu barədə APA-ya təqsirləndirilən Rəşid Əliyevin Hüquqlarının Müdafiə Komitəsinin sədri, "Lazer" Elmi Texniki Mərkəzin direktoru Soltanhəmid Məlikov məlumat verib.
   
   
   
   S. Məlikovun bildirdiyinə görə, R. Əliyev lazer texnologiyası ilə bağlı məlumatları və elektron sxemləri Azərbaycana göndərməkdə ittiham olunur. Təqsirləndirilən şəxsin bu ittihamları qəbul etmədiyini vurğulayan S. Məlikov lazer texnologiyası ilə bağlı İranda mütəxəssis olmadığı üçün R. Əliyevin bu ölkəyə dəvət olunduğunu qeyd edib. Artıq bu barədə Azərbaycanın İrandakı səfirliyi də məlumatlandırılıb. S. Məlikov, həmçinin Azərbaycanın İrandakı səfirliyi tərəfindən R. Əliyevin hüquqlarını müdafiə etmək məqsədilə ona vəkil tutulduğunu da sözlərinə əlavə edib: "Rəşid Əliyevin işi ölkəmizin İrandakı səfirliyinin nəzarəti altındadır. Onun azad olunması üçün tədbirlər görülür. Bu yaxınlarda Milli Məclisdə də Rəşid Əliyevlə bağlı məsələ qaldırılacaq".
   
   Qeyd edək ki, Bakı Dövlət Universitetinin Fizika problemləri Elmi Tədqiqat İnstitutunun "Bioloji sistemlər fizikası" laboratoriyasının aparıcı elmi işçisi Rəşid Əliyev 2008-ci ildə İran İslam Respublikasında həbs edilib. Rəşid Əliyev İranın "Sazan Electronics İndustry Company" şirkətinin dəvəti ilə, Bakı Dövlət Universitetinin rəhbərliyinin razılığı əsasında bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində Semnan şəhərinə gedib və 2006-2008-ci illərdə adıçəkilən şirkətlə əməkdaşlıq edib. Bu müddət ərzində onun rəhbərliyi altında şirkətdə ilk dəfə olaraq proqramla idarə edilən texnoloji lazer sistemlərinin qurulması və işə salınması, müasir lazer sistemləri üçün mükəmməl təcrübə və sınaq stendinin hazırlanması prosesi həyata keçirilib.
   
   Şirkətin rəhbərliyi R. Əliyevə İranda daimi qalıb işləməsi ilə bağlı dəfələrlə təklif ünvanlasa da, o, bu təklifi qəbul etməyib və Azərbaycana qayıdıb. Şirkətin direktoru Abbas Eftexarinin təkidli xahişindən sonra Rəşid Əliyev sonuncu dəfə ötən ilin oktyabrın 5-də İrana qısamüddətli səfərə gedib. Bir gün sonra isə polis Rəşid Əliyevin viza ilə bağlı problemi olduğunu bəhanə gətirərək onu həbs edib.
Bakı-Şamaxı yolunda qalan yüzlərlə insan xilas edilib
Fevral ayının 5-i saat 17:00-dan başlayaraq, fevral ayının 6-sı bütün gecə və gün ərzində Fövqəladə Hallar Nazirliyinin xilasedici qurumlarının gördüyü tədbirlər nəticəsində Bakı-Şamaxı yolunun Müşfiqabad qəsəbəsinə qədər olan ərazisində qarda batıb qalmış avtomobillərdən 80 nəfərdən artıq şəxs xilas edilərək Müşfiqabad qəsəbəsinə və Bakı şəhərinə çatdırılıb.
   
   
   
   Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, fevralın 7-i və 8-i, həmçinin, Bakı-Şamaxı yolunun 55-ci kilometrliyindən sonra olan sahədən 42 nəfər şəxs xilas olunaraq Şamaxı şəhərinə çatdırılıb. Yolun tam bağlanması səbəbindən həmin yolun 35-45-ci kilometrliyində müxtəlif avtomaşınlarda qalmış 70-dən çox şəxs xilas olunub.
   
   Bakı-Şamaxı yolunun 40-cı kilometrindən 40 nəfər şəxs götürülərək Bakıya gətirilib. 55-ci kilometrindən sonra olan sahədən 42 nəfər şəxs götürülərək Şamaxı şəhərinə aparılıb. Hazırda həmin yolun 35-45-ci kilometrliyində müxtəlif avtomaşınlarda qalmış 30-dan çox şəxsin xilas olunması üçün nazirliyin xilasediciləri və Sərhəd Qoşunlarının şəxsi heyəti müvafiq tədbirlər görür.
   
   Hövsan-Zığ şosesində qalmış avtomobillərdən isə səhər saat 4-6 radələrində 106 nəfər şəxs xilas olunaraq nazirliyin Mülki müdafiə qoşunlarının Zığ qəsəbəsindəki hərbi hissəsinə yerləşdirilib.
   
   Mərdəkan şosesi və Pirallahı qəsəbəsi arasında yolun bağlanmış hissəsində qalan avtomobillərdən 66 nəfər şəxs çıxarılaraq Heydər Əliyev Beynəlxalq Aeroportuna aparılıb. Qalan 50-yə yaxın vətəndaşın çıxarılması üçün əlavə tədbirlər görülür.
   
   Fövqəladə Hallar Nazirliyi vətəndaşlardan xahiş edir ki, kəskin hava şəraiti ilə əlaqədar zərurət olmadığı halda şəxsi avtomobillərindən istifadə etməsinlər və Bakı-Şamaxı yolunun mürəkkəb sahələrinin faktiki olaraq bağlı olması səbəbindən bu yoldan istifadə etməsinlər. Fövqəladə Hallar Nazirliyi çətin vəziyyətə düşən vətəndaşlardan xahiş edir ki, 112 zəng mərkəzinə təcili məlumat versinlər.
"Bakıelektrikşəbəkə"də faciə
Mühəndis Asəf Musayev cərəyan vurması nəticəsində ölüb
"Bakıelektrikşəbəkə" ASC-nin mühəndisini cərəyan vurub. Bu barədə APA-ya Səbail Rayon Prokurorluğundan məlumat verilib.
   
   Hadisə fevralın 7-də "Səbail Ticarət-Tədarük" MMC-nin ofisində baş verib. Sözügedən ünvanda elektrik verilişində yaranmış problemi aradan qaldırmaq üçün ora çağırılan "Bakıelektrikşəbəkə"nin mühəndisi Asəf Musayev cərəyan vurması nəticəsində ölüb.
Yolların buz bağlaması ölümə səbəb olub
Avtomobildə gecələməli olan Qala sakini dəm qazından boğulub
Azərbaycan paytaxtında dəm qazından daha bir boğulma hadisəsi qeydə alınıb. Bu barədə APA-ya Əzizbəyov Rayon Polis İdarəsindən məlumat verilib.
   
   Hadisə rayonun Qala qəsəbəsində baş verib. Qəsəbə sakini, 16 yaşlı Ülvi Şükürlü atası Ədalət Şükürlüyə məxsus "Mercedes" markalı avtomobili yolların buz bağlaması səbəbindən qaraja sala bilməyib. Gecəni maşında keçirmək qərarına gələn yeniyetmə dəm qazından boğularaq ölüb.
Sərhəddə problem yaranıb
Yük maşınları Rusiya-Azərbaycan sərhədindən buraxılmır
Xarici ölkələrdən Azərbaycana gələn yük maşınları Rusiya-Azərbaycan sərhəddindən buraxılmır. Bu barədə Milli.Az xəbər portalına sərhəddəki yük maşınlarının sürücüləri məlumat veriblər.
   
   Belarus vətəndaşı olan sürücü Camal Vəliyev Milli.Az-a bildirdi ki, 4 gündür Samur səhəd-keçid məntəqəsində qalıb. Onun sözlərinə görə, sərhəddə xarici ölkələrdən gələn 150-dək yük maşını bir-birinin ardınca düzülüb. O, Rusiya ərazisində olduğundan sərhəddən Azərbaycana buraxılmamalarının səbəbi barədə məlumatsız olduğunu dedi. C.Vəliyev qeyd etdi ki, maşınlar Azərbaycana əsasən yeyinti məhsulları gətirir.
Bakıda 8 nəfər dəm qazından zəhərlənib
Xəstələrin vəziyyəti kafi qiymətləndirilir
Fevralın 7-dən 8-ə keçən gecə Bakıda 8 nəfər dəm qazından zəhərlənib. Binəqədi rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə 28 May qəsəbəsi ərazisində qeydə alınıb.
   
   Qəsəbə sakini Seyid Abbasov, onun həyat yoldaşı Firəngiz Abbasova, övladları Pakizə, Elnarə və Leyla yaşadıqları evdə dəm qazından zəhərləniblər. Qonşuların çağırışı əsasında hadisə yerinə gələn Təcilli Tibbi Yardım Stansiyasının həkimləri onları Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdiriliblər. Hazırda onların vəziyyəti kafi qiymətləndirilir.
   
   Daha bir dəm qazı faciəsi isə Yasamal rayonunda baş verib. Rayonun B. Ağayev küçəsində yaşayan Gülşən Fərzəliyev, onun azyaşlı övladları Tural və Fatimə dəm qazından zəhərləniblər. Ailə üzvləri xəstəxanaya yerləşdiriliblər.
Daş karxanasında iki fəhlə soyuqdan donaraq ölüb
Bakıda daş karxanasında iki fəhlə soyuqdan donaraq ölüb. Bu barədə APA-ya Qaradağ Rayon Prokurorluğundan məlumat verilib.
   
   Fevralın 7-də Qaradağ rayonu ərazisində yerləşən "Çənlibel" daş karxanası ərazisində iki naməlum meyit tapılıb. Həyata keçirilən araşdırmalar nəticəsində həmin şəxslərin daş karxanasında işləyən Balakən rayon sakinləri - 35 yaşlı Hüseyn Ədilov və 40 yaşlı Şahmir Hudulov olduqları müəyyənləşib.
 
 
spacer
  Copyright © 2008 Bütün haqqları qorunur.
Content by azDesign.ws