
Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair aparılan danışıqlarda yenidən fasilə yaratmağa çalışır. Qeyd edək ki, ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən hazırlanan və daha çox ermənilərin maraqlarını əks etdirən "Madrid təklifləri"nə edilən son dəyişikliklər rəsmi İrəvanı razı salmayıb. Azərbaycan tərəfinin tələbi ilə edilən dəyişikliklərin mahiyyəti bəlli olmasa da, Ermənistan rəsmiləri bu variantın problemin ədalətli həllinə uyğun olmadığını bəyan edirlər.
Siyasi ekspertlər isə hesab edir ki, rəsmi İrəvanın "Madrid təklifləri"ndən imtinası danışıqlarda yenidən vaxtı uzatmağa xidmət edir. Bununla belə ekspertlər rəsmi İrəvanın imtinasının həm sənədə edilən dəyişikliklərlə bağlı olmasını da mümkün sayırlar. Politiloq Rasim Musabəyov isə hesab edir ki, indiki şəraitdə Ermənistanı narazı salan əsas məqam DQ-nin statusu ilə bağlı referendum keçirilməsi məsələsinin "Madrid təkliflərin"dən çıxarılması və ya onun müəmmalı şəkildə göstərilməsi ola bilər.
Ermənilər danışıqları
pozmaq istəyir
Politoloq Rasim Musabəyov hesab edir ki, Azərbaycanın "Madrid təklifləri" ilə bağlı təqdim etdiyi dəyişikliklər çox böyük ehtimalla sənədə daxil edilib. Ermənilərin danışıqlardan yayınmaq cəhdlərinin də bununla bağlı olduğunu güman edən politoloq deyir ki, ermənilərin DQ-nin statusu ilə bağlı məsələdə mövqeyi dəyişməyib. "Onlar istəyirlər ki, sənəddə statusla bağlı konkret göstərilsin. Həmsədrlər isə Azərbaycanın tələblərini nəzərə alaraq onu sənəddə müəmmalı göstəriblər. Onlar da buna razılaşmaq istəmirlər"- deyən politoloq ermənilər bu mövqeləri üzərində israrla dayanarsa, danışıqların pozulmasını və "Madrid təklifləri"nin ümumiyyətlə gündəlikdən çıxmasını da mümkün sayır. "Hər şey ola bilər, istisna deyil ki, bu təkliflər hansısa şəkildə razılaşdırılmış çərçivə sənəddə təsdiqlənməsə, onda bu təkliflərin də taleyi o birilər kimi ola bilər. Hər halda "Madrid təklifləri"nin o biri təkliflərdən heç bir üstünlüyü yoxdu".
Çərçivə sazişi imzalana bilər
Ermənistanın danışıqlardan yayınmaq cəhdini həm də rəsmi İrəvana çərçivə sazişinin imzalanması ilə bağlı artan təzyiqlərlə izah edən politoloq deyir ki, bu təzyiqlər daha çox Rusiya tərəfdən müşahidə edilməkdədi. Azərbaycan tərəfinin artıq danışıqlarla bağlı təkliflərini ortaya qoyduğunu bildirən politoloqa görə, artıq bütün tərəflərin rəsmi Bakının bu vəziyyətin olduğu kimi davam etməsinə yol verməyəcəyini anlayır. Bu baxımdan da politoloq "Madrid prinsipləri"nin çərçivə müqaviləsi şəklində imzalanacağını ehtimal edir. Onun fikrincə, Ermənistanın müqavimətinə baxmayaraq bu sənədi Rusiya Ermənistana imzaladacaq. Bu sənədin münaqişənin həllində ciddi dəyişiklik, əsasən də işğal olunmuş torpaqların azad edilməsi ilə bağlı hər hansı yeniliyə gətirib çıxarmayacağını deyən Musabəyovun fikrincə, çərçivə sazişi sadəcə olaraq konfliktin həlli hüdudlarını özündə əks etdirəcək. Onun fikrincə, sənədin imzalanmasından sonra tərəflər sülh müqaviləsinin imzalanmasına hazırlaşa bilər, lakin burada da tərəflərin nə qədər səy göstərməsi əhəmiyyətli olacaq. "Əgər ermənilər sülh müqaviləsində yenə də istəklərini konkret olaraq dilə gətirməyə başlasalar, bu da təbii ki, yenə vaxtı müəyyən qədər uzadacaq"- deyən politoloq hesab edir ki, ola bilər, sülh müqaviləsinin hazırlanması çərçivə sazişi imzalandıqdan sonra ən azı iki-üç il uzansın.
Sazişin imzalanmasına
Rusiyadan dəstək?
Rasim Musabəyov onu da bildirib ki, çərçivə sazişi imzalanarsa, bu saziş münaqişənin sülh yolu ilə həllinə apara bilər, lakin burada da tərəflərə göstərilən təzyiqlər, eyni zamanda tərəflərin özlərinin sülhə nə qədər maraqlı olması da rol oynayacaq. Onun fikrincə, bu sazişin imzalanması ən əsası müharibə ehtimallarını gündəlikdən çıxara bilər. "Həmsədrlər bu sazişin imzalanmasına nail olmaqla rahatlaşa bilərlər. Ermənilər isə sülh müqaviləsinin imzalanmasını bir qədər uzada bilərlər. Çünki çərçivə sazişi konkret olaraq torpaqların azad olunmasına gətirmir. Onun bilavasitə icra mexanizmi yoxdu, amma tərəflərin üzərinə qarşılıqlı öhdəlik qoyulur. Eyni zamanda problemin həlli ilə bağlı hüquqi çərçivə qoyur"- deyən politoloq onu da əlavə edib ki, bu gün çərçivə sazişinin imzalanmasına daha çox Rusiya maraq göstərir. "Rusiya bununla birincisi, bu məsələnin həllinin məhz onun nəzarətində olduğunu nümayiş etdirməyə çalışır. İkincisi, çərçivə sazişində çoxlu müəmmalar qalacaq ki, onun izahatı da yenə Rusiyanın əlində qalacaq. Yəni bir növ problemin həlli tam da olmasa, müəyyən qədər Rusiyanın nəzarəti altına keçə bilər. Amma bu sənədlə belə olacaq, çünki real vəziyyət çərçivə sazişi ilə dəyişmir. Bu sazişlə, sadəcə, sülh əldə etmək görüntüsü yaranır".
Ermənilər aprel ayına
qədər müxtəlif bəhanələrlə
danışıqları uzadacaqlar
Rasim Musabəyovun münaqişənin nizamlanması ilə bağlı proqnozları digər politoloqlardan fərqlidi. O hesab edir ki, Ermənistan tərəfi aprel ayına qədər müxtəlif bəhanələrlə danışıqları uzadacaqlar. Ermənilərin hələ də Türkiyənin hansısa addımlar atacağına ümid etdiklərini bildirən politoloqa görə, əgər yaya qədər çərçivə sazişi imzalanmasa, bu halda regionda müharibə ehtimalı yenidən intensivləşməyə başlayacaq. Politoloqun fikrincə, bu, ilkin mərhələdə böyük müharibə şəklində olmasa da, lokal hərbi toqquşmaların baş verməsi qaçılmaz ola bilər ki, bu da məsələlərin yenidən Təhlükəsizlik Şurasına qaytarılmasına gətirib çıxara bilər. Həmsədr dövlətlərin hazırda regionda hərbi toqquşmaların baş verməsinin əleyhinə olduqlarını bildirən politoloqa görə, əgər Minsk Qrupu üzvləri Ermənistanı yola gətirə bilməsələr, Azərbaycanın hərbi əməliyyatlara başlamaq qərarının da qarşısını ala bilməyəcəklər. "Hər halda çərçivə sazişi imzalanmasa, hərbi toqquşmaların baş verməsi ehtimalı sürətlə artacaq"