Menyu
spacer


spacer
spacer
spacer spacer
spacer spacer
Saytda Axtar
Ətraflı axtarış
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer spacer
spacer spacer
Xəbər qrupuna abunə ol
Abunə ol
spacer
spacer
spacer
spacer
spacer
Bakı bircə günün qarı ilə bacara bilmədi
Çünki şəhərə cavabdeh olan orqanların əməkdaşlarının özləri bayıra çıxa bilmədilər
Paytaxt dəhşətli günlərini yaşayır. Əslində, Bakı özünün gözəllikləri, zəngin tarixi-memarlıq abidələri, mavi Xəzəri ilə öyünməyə daha çox haqlı görünür. Amma təəssüf ki, belə deyil. Bakı bircə günün qarı ilə ən çirkli, ən yaşanılmaz şəhər halına düşən acı talenin yiyəsidi.
   
   3-4 gün ərzində gördüklərimiz yenilik deyil. Bakının qışı elə həmişə belə olub. Bir balaca qar yağan kimi şəhər zülmətə qərq olur, camaat evindəcə soyuqdan titrəyir, çörək tapılmır, yollar keçilməz olur, gedib-gəlmək mümkünsüzləşir. Yollarda qəzaların sayı kəskin artır. Yıxılıb qol-qıçını sındıranlar da o cümlədən.
   
   Bu ilin fevralı da belə dəhşətli mənzərələrlə paytaxt həyatına möhürünü vurdu.
   
   
   
   Çovğun iki nəfərin
   
   ölümünə səbəb oldu
   
   
   
   Xatırlayırsınızsa, fevralın 4-ü axşamdan başlayan qar qısa zamanda çovğuna keçdi. Qarın ilk qurbanları da məhz fevralın 4-ü olub. Paytaxtın Qaradağ rayonu ərazisindəki daş karxanasında fəhlə işləyən iki nəfər donvurmadan ölüb.
   
   Bu barədə Lent.az-a Qaradağ Rayon Prokurorluğundan məlumat verilib. Məlumatda bildirilir ki, fevralın 7-də rayonun Çənlibel daş karxanaları adlanan düzənlikdə Balakən rayonunun Qaysa kənd sakinləri, 1970-ci il təvəllüdlü Hudunov Şəhmir Əli oğlu və 1974-cü il təvəllüdlü Əhmədilov Hüseyn Tanağamoğlan oğlunun donmuş vəziyyətdə cəsədi tapılıb. Onların fevralın 4-də karxanadan evə qayıdarkən çovğuna düşüb donduğu bildirilib.
   
   
   
   53 nəfər xəsarət alıb
   
   
   
   Son günlər ərzində Bakı şəhər Təcili və Tibbi Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 53 nəfər müraciət edib. Stansiya baş həkiminin müavini Rauf Nağıyev bildirib ki, vətəndaşların xəsarət almalarına səbəb soyuq hava şəraiti nəticəsində yolların buz bağlaması olub. R.Nağıyev bildirib ki, xəsarət alanların 27-si qadın, 26-sı kişidir. Xəsarətlərin əksəriyyəti sınıq və burxulmadır. R.Nağıyev xəsarətlərin ciddi olmadığını da söyləyib.
   
   
   
   Qar dərsləri də pozdu
   
   
   
   Qarlı hava şəraiti təhsil müəssisələrinin işini də iflic edib. Bakının ümumtəhsil məktəblərində ötən həftənin cümə günü dərslər dayandırılıb. Təhsil Nazirliyi havaların kəskin soyuduğu və qarlı hava şəraitinin hökm sürməsi səbəbi ilə məktəblərdə dərslərin dayandırılmasına mane olmayıb, əksinə, valideynlərə uşaqlarının qayğısına qalmağı tövsiyə edib.
   
   Dünəndən etibarənsə orta məktəblərdə dərslərin bərpasına cəhd edilib. Lakin yolların buz bağlaması və nəqliyyatın bərbad işləməsi məktəblərdə dərslərin tam bərpasına imkan verməyib. Dünən də paytaxt məktəblərində davamiyyət çox zəif olub. Eləcə də bölgələrdə və dağ kəndlərində dərslərin bərpası prosesindən danışmaq çox tezdi. Paytaxtda vəziyyət belə acınacaqlıdırsa, bölgələrdən danışmağa dəyməz. Bakı Şəhər Baş Təhsil İdarəsi isə orta məktəblərdə dərslərin tədricən bərpa olunduğunu bildirib. Hətta Təhsil Nazirliyi təkcə paytaxtda deyil, ölkənin bütün şəhər və rayonlarında yerləşən təhsil müəssisələrinin adi rejimdə işlədiyini bəyan edib.
   
   Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Zəminə Əliqızı bildirib ki, hazırda məktəblərdə tədrisin dayandırılması üçün heç bir əsas yoxdur.
   
   Bununla belə, bəzi məktəblərdə dərsə davamiyyət adi günlərdəkinə nisbətən xeyli aşağıdır. Zəminə Əliqızı bunu təbii sayır: "Mən bu gün bir neçə məktəblə əlaqə saxlamışam. Direktorlar deyirlər ki, hava şəraiti ilə əlaqədar dərsə davamiyyət aşağıdır. Bu təbiidir, çünki hələ bəzi ərazilərdə yollarda hərəkət təhlükəlidir. Ona görə də valideynlər uşaqlarını məktəbə buraxmaq istəmirlər".
   
   Təhsil İdarəsinin rəsmisi onu da bildirib ki, hava şəraiti yenidən pisləşməsə, Bakıdakı bütün təhsil müəssisələri qısa müddət ərzində normal qaydada fəaliyyətini bərpa edəcək
   
   
   
   Dəhşətli şəhər...
   
   
   
   Qar bir tərəfə, dünən şəhərin küçələrində buz-su-palçıq üçlüyü "yarışa" çıxmışdı. "Kim daha güclüdür" devizi altında gedən savaşda qar bu "üçlüyə" açıq-aşkar uduzurdu. Qar yağanda heç olmasa əhalinin böyük qismi evindən çölə çıxmır. Belədə paytaxtın qışa həmişəki hazırlıqsızlığı da az gözə dəyir. Amma elə ki, günəş bir balaca buludların arasından sivişib çıxır və qarı əritməyə başlayır, əhali bu qısa ömürlü ərintiyə aldanıb nəhayət ki, yarımçıq qalmış işlərinin ardınca getmək sevdasına düşür, əsl müsibət onda başlayır. Camaatın ayağının altında qar, buz, gölməçə, çala-çuxurmu qalmasına əhəmiyyət vermədən (elə buna görə də camaat kəllə-mayallaq yıxılıb qol-qıçını sındırır) avtobusların ardınca qaçdığını, avtobus dayanacağı ilə avtobus arasındakı məsafəni əsl usta yüngül atletlər kimi hoppanıb özünü avtobusun pilləsinə yetişdirdiyini görəndə Bakının necə talesiz bir paytaxt olduğunu bir daha yəqin edirsən.
   
   Bəli, dünən şəhərdə əsl dəhşət yaşanırdı. Hərzamankı cavabsız suallar bu dəfə də cavabsız qalırdı. Küçələri kim təmizləməlidir? Bakı Şəhər İcra Hakimiyyətinin vəzifəsi nədir? Təkcə "mərkəzi" küçə və prospektləri - Prezident Aparatına aparan yolları təmizləməkmi? Məgər Mehdi Hüseyn, Həsən Seyidbəyli, Neftçilər və Azadlıq prospektlərindən savayı şəhərdə küçə və prospekt yoxdu. Yoxsa şəhərin başqa yerlərində əhali yaşamır?!.
   
   Bəs hərəsinə bir rayonun taleyi tapşırılmış icra hakimiyyətləri nə işlə məşğuldur?
   
   Kimin nə işlə məşğul olduğu məlumdur da. Yazıq şəhər camaatının və palçığa bürünmüş şəhərin halına...
   
   Bakı Şəhər İcra Hakimiyyəti isə şəhərin yollarına 100 tona yaxın qum səpilməsi haqqında məlumat yayıb. Guya ki, "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin texnikaları yolların qardan və buzdan təmizlənməsinə səfərbər olunub. Bakı Şəhər İcra Hakimiyyəti isə son 2 gün ərzində paytaxtdaxili yollara 100 tona yaxın qum səpib. Körpülər və yol qovşaqlarında da artıq buz əriməyə başlayıb. Bəli, əriməyə başlayıb, ancaq özbaşına!
   
   Deyilənə görə, hazırda yolların qardan və buzdan təmizlənməsi respublika əhəmiyyətli magistral yollarda davam etdirilir. Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a bildiriblər ki, yolların sürüşkən vəziyyətdə olması səbəbindən bölgələrə gedən yollarda avtomobillərin hərəkəti hələ tam normal hala düşməyib. Bu səbəbdən yollarda nəqliyyat qəza hadisələri qeydə alınmaqdadır. Qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar müvəqqəti bağlanmış Ağsu aşırımında isə nəqliyyatın hərəkəti bərpa edilib. Belə ki, artıq Ağsu aşırımında yollar qardan və buzdan tam təmizlənib.
   
   Hazırda Dövlət Yol Polis İdarəsi gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. Ağır texnikaların köməyi ilə yollardan təmizlənmiş qar və buz yığınları kənar ərazilərə daşınır.
   
   
   
   Qaranlıq, soyuq, ac şəhər
   
   
   
   Şəhərdə işıqlar hələ qar başlamamış sönməyə başlamışdı. Paytaxtın Suraxanı rayonu ərazisində işıqlar çərşənbə günündən etibarən saatlarla sönülü vəziyyətdə idi. Qar başlayanda isə bütün nəinki Bakı, bölgələr də iflic vəziyyətə düşdü. Verilən xəbərə görə, Mingəçevir Elektrik Stansiyasında qəza vəziyyəti yaranıbmış. Fevralın 5-i bütün Bakı qaranlığa qərq olmuşdu. Belə vəziyyət bazar gününədək davam etdi. Elektrik enerjisi qısa fasilərlə verildi, uzun fasilələrlə kəsildi. Səbəbini soruşanda da deyirdilər ki, yarımstansiyada təmir aparılır. Yüklənmə çox olduğundan naqillər dözə bilmir. Məlum məsələdir ki, bunlar hamısı əsassız səbəblərdir. Elektrik enerjisi sahəsində hər bir detal nəzərə alınmalıdır. Amma bizdə əksinədir. Yarımstansiyalarda təmir işləri aparmaq qar yağanda yada düşür, naqillərin yüklənməyə tab gətirməyəcəyi də qar yağanda məlum olur.
   
   Elektrik enerjisinin kəsilməsi çörəkbişirmə sexlərinin də işini dayandırıb. Şənbə və bazar günləri çörək mağazalarının piştaxtaları saatlarla boş qalıb. Çörəyin bişirilməsində yaranmış fasilə sonra da çörəyin mağazalara çatdırılmasında problemlərin yaranması ilə əvəzlənib. Yolların qarla örtülü qalması, sonra isə buz bağlaması bişmiş çörəklərin mağazalara daşınmasına mane olub.
   
   Bu son 3-4 gündə bir tərəfdən işıq, bir tərəfdən qaz paytaxt əhalisini qırıb-çatdı. Qaz məsələsinə xüsusi diqqət yetirmək istəyirik. Çünki dünən Respublika Prokurorluğu qaz məsələsi ilə bağlı məlumat yayıb. Söhbət qaz sızmaları nəticəsində baş verən partlayışlar və dəm qazından boğulma hallarından gedir. Prokurorluq xeyli müddətdir can almaqda davam edən dəm qazı kabusunun günahını yenə əhalinin boynuna qoyub. Guya ki, bütün günah camaatın özündədi. Əhali qeyri-standart qaz cihazları istifadə edir, təhlükəsizliyə riayət etmir. Amma mənzillərə verilən təbii qazın gün ərzində niyə birdən-birə kəskin azalıb, kəskin də artmasının səbəbini soruşan və bu işdə məsuliyyət daşımalı olan şəxslərdən danışılmır. Mənzillərə ötürülən təbii qazın kəskin azalıb, birdən-birə təzyiqin artmasının Suraxanı rayonu ərazisində şəxsən şahidi olmuşam. Belə vəziyyət gün ərzində bir neçə dəfə təkrarlanıb. Təsəvvür edin ki, mənzildə yaşlı adam var. Və o qazı tənzimləyə bilmir. Görəsən, prokurorluq, "Azəriqaz" rəsmiləri belə vəziyyətdə nə təklif edir? Yaşlı adam, yaxud evdə körpələri ilə tənha qalan qadın soyuqdan ölməlidir, yoxsa belə naqis qaz ötürmə səbəbindən evini göyə uçurtmalıdı, yoxsa hamısı dəm qazından boğulub ölməlidir? Yeri gəlmişkən, dünən bu məsələ ilə əlaqədar "Azəriqaz" Səhmdar Cəmiyyəti ilə əlaqə yaratmağa səy etdik. "Azəriqaz"ın mətbuat xidmətinin rəhbəri Kamandar Eyvazlı həmişəki kimi yerində tapılmadı. Suraxanı Rayon Qaz İdarəsindən isə bizə belə cavab verdilər: "Qış mövsümüdür. Qazın artıb-azalması təzyiqlə bağlıdır". Biz də bilirik ki, qışdı. Və qazın təzyiqi artanda çox gəlir, təzyiq aşağı düşəndə az gəlir. Belə çıxır ki, hamı başqa işini-gücünü atıb qazı güdməlidir. Çoxalanda azaltmalıdı, azalanda çoxaltmalıdı. Məhz qış mövsümü və mümkün qəzalar nəzərə alınmaqla təbii qazın eyni təzyiqlə verilməsi, yaxud da əhalinin xəbərdar edilməsi gərəkir. Bizdə isə həmişə günah öləndə olur.
   
   Ümid yenə... bircə Allahadı. Daha qar yağmasın, səkilərin kənarında yığılıb qalmış palçıq dağları, küçələrdəki sel-su çəkilib harasa getsin. Təki Günəş parlasın və bircə bu qışı da birtəhər yola salaq. Kasıbınkı yaydı...
   
   
   
   
   
   
Məlahət Rzayeva
 
 
spacer
  Copyright © 2008 Bütün haqqları qorunur.
Content by azDesign.ws