Menyu
spacer


spacer
spacer
spacer spacer
spacer spacer
Saytda Axtar
Ətraflı axtarış
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer spacer
spacer spacer
Xəbər qrupuna abunə ol
Abunə ol
spacer
spacer
spacer
spacer
spacer
"Bizim səbrimizin həddi var"
İlham Əliyev: "Qarabağ münaqişəsinin daha 15 il dondurulmuş vəziyyətdə qalmasına imkan verə bilmərik"
Azərbaycan prezidenti İlham Əliyev Euronews telekanalına müsahibə verib. APA-nın məlumatına görə, Azərbaycan prezidenti Dağlıq Qarabağ münaqişəsi, danışıqların gedişi və perspektivi, regional və digər məsələlər barədə suallara cavab verib.
   
   
   
   Prezident Əliyev vurğulayıb ki, Azərbaycan Dağlıq Qarabağa dair sülh danışıqlarına böyük ümidlər bəsləyir. "Çünki artıq neçə ildir ki, davam edən proses məhz sülh vasitəsilə həllə gətirməlidir. Lakin, əlbəttə ki, bu Ermənistanın beynəlxalq hüquq normalarına riayət etməyə və öz qoşunlarını Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqlarından çıxarmağa hazır olub-olmamağından asılı olacaq. Yalnız o halda sülhə nail olmaq olar", deyə prezident bildirib.
   
   İlham Əliyev əlavə edib ki, ATƏT Minsk Qrupu həmsədrlərinin təklifləri Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, erməni qoşunlarının bütün işğal olunmuş ərazilərdən çıxarılması, məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtması və bütün kommunikasiya xətlərinin açılmasına əsaslanır. Azərbaycan prezidenti həmçinin işğal olunmuş ərazilərin hərbi yolla qaytarılmasının Azərbaycanın müstəsna hüququ olduğunu və bu hüququn ona həmçinin beynəlxalq təşkilatlar, o cümlədən BMT tərəfindən verildiyini bildirib. "Biz Qarabağ münaqişəsinin daha 15 il dondurulmuş vəziyyətdə qalmasına imkan verə bilmərik. Buna son qoyulmalıdır. Biz buna sülh yolu ilə son qoymaq istəyirik və bu istiqamətdə işləyirik. Lakin eyni zamanda bizim səbrimizin həddi var. Ümid eləyirəm ki, artıq əldə olunmuş baza razılaşmaları və bu il razılaşdırmağı planlaşdırdığımız məqamlar münaqişəyə son qoyacaq və Qafqaza sülh gələcək", deyə İlham Əliyev vurğulayıb.
   
   Eyni zamanda prezident Əliyev qeyd edib ki, Azərbaycan heç vaxt Dağlıq Qarabağın müstəqilliyinə razı olmayacaq və onun ayrılmasına gətirib çıxaracaq heç bir mexanizm və proseduraları qəbul etməyəcək: "Həll variantlarından biri vilayətə müvəqqəti status verilməsi ola bilər. Biz hamımız yan-yana yaşayırıq: Azərbaycanda ermənilər yaşayır, Ermənistanda azərbaycanlılar olub və keçmişdə bu sahədə heç bir problem yaşanmayıb. Ona görə də barışıq vacibdir: və ondan sonra əlbəttə ki, əlaqələr qurula bilər və son nəticədə Dağlıq Qarabağın statusu müəyyənləşə bilər".
   
   Türkiyə-Ermənistan yaxınlaşmasına toxunan İlham Əliyev bu yaxınlaşmanın Dağlıq Qarabağ prosesindəki tərəqiyylə uzlaşdırılmamağı halında münaqişənin sülh yolu ilə həll şanslarının azalacağını bəyan edib. "Bizim fikrimizcə, bu yalnız bölgədə əlavə çətinliklərə gətirəcək. Ona görə də hesab edirəm ki, bizim qarşımızda indi unikal imkan açılır: hazırda davam edən Türkiyə-Ermənistan prosesinin fonunda biz Ermənistan-Azərbaycan danışıqlarında həlledici mərhələyə çatmışıq. Gəlin bu iki prosesin enerjisini birləşdirək. Onda bölgədəki heç bir ölkə özünü unudulmuş hiss etməyəcək və fikirləşməyəcək ki, onun milli maraqlarıyla hesablaşmırlar: Əks halda gərginlik qaçılmazdır", deyə dövlət başçısı qeyd edib.
   
   İlham Əliyevin sözlərinə görə, bəzən Azərbaycan beynəlxalq KİV-in və beynəlxalq hüquq-müdafiə qruplarının tamamilə əsassız, qərəzli tənqidi hücumların hədəfinə çevrilir. "Azərbaycanı qeyri-demokratik ölkə kimi göstərməyə yönəlmiş bütün bu cəhdlər qəbuledilməzdir", deyə prezident Əliyev bəyan edib.
   
   Müsahibədə dövlət başçısı Azərbaycandakı iqtisadi vəziyyətə də toxunub. "Azərbaycan xalqı getdikcə daha yaxşı yaşayır. Böhranlı 2009-cu ildə bizim iqtisadiyyatımız 9.3 %, sənaye 8.6 % artıb, inflyasiya yalnız 1.5 % olub və valyuta ehtiyatları 20.4 milyard dollara çatıb", deyə prezident qeyd edib.
   
   Söhbətin sonunda ölkənin demokratik inkişafı barədə suala cavab verən İlham Əliyev "Azərbaycanda demokratik prosesin çox aktiv getdiyini, lakin demokratiya meyarlarından öz şəxsi məqsədlərinə nail olmaq üçün istifadə olunmasının yolverilməz olduğunu" bəyan edib.
"Gəncə qürur duyulası şəhərdir"
Anders Herkel Nizami Gəncəvinin məqbərəsini ziyarət edib
Avropa Şurası Parlament Assambleyası monitorinq komitəsinin həmməruzəçiləri Andres Herkel və Ĉozef Debono Qrexin Azərbaycana səfəri başlayıb. Həmməruzəçilər artıq Gəncədədirlər. İki gün davam edəcək səfər çərçivəsində hüquq mühafizə, QHT, partiya nümayəndələri ilə görüş keçiriləcək.
   
   
   
   Bu gün isə məruzəçilər ilk olaraq Gəncə şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovla görüşüb, sonra isə Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər. Avropa Şurasının təmsilçiləri həmçinin şəhər polis idarəsi, 2 saylı istintaq təcridxanası, Gəncə şəhər prokurorluğuna gedərək bir sıra görüşlər keçirəcəklər. Andres Herkel açıqlamasında bildirib ki, Gəncəyə gəlişləri onların ümumi səfərlərinin tərkib hissəsidir.
   
   "Sadəcə paytaxtda deyil, eyni zamanda rengionlara da səfər etməyi nəzərdə tutmuşuq. Gəncəni özümüz seçmişik. Gəncə çox qürur duyulası qədim tarixə malik Azərbaycan şəhərdir", deyə Herkel qeyd edib.
   
   Həmməruzəçilər şəhər icra hakimiyyətinin başçısı ilə görüşüblər. Sabah isə QHT-lər və digər tərəflərlə görüşləri olacaq.
   
   "Daha sonra Gəncədə gördüklərimiz problemlər barədə və digər məsələlər haqda danışmaq mümkün olacaq. Ümumi nəticələri isə səfərin sonunda keçirəcəyimiz mətbuat konfransı zamanı açıqlayacağıq", deyə Herkel bəyan edib.
   
   Qeyd edək ki, həmməruzəçilər Azərbaycanın qurum qarşısında götürdüyü öhdəliklərin icrası, ölkəmizdə gedən demokratikləşmə prosesi və onun nəticələri barədə hesabat hazırlayacaqlar. Hesabat məruzəsi monitorinq komitəsində müzakirə olunacaq.
Ermənilər Ağdam istiqamətində atəşkəsi pozublar
Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlayan Ermənistan Silahlı Qüvvələri qoşunların təmas xəttində atəşkəs rejimini pozmaqda davam edir.
   
   Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri fevralın 6-da saat 05.20-dən 05.30-dək Ağdam rayonununun Qaraqaşlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
Türkiyə Azərbaycanla aparılan qaz danışıqlarının konturlarını açıqladı
"Razılıq əldə edildikdən sonra qiymətdəki bütün fərq tamamilə ödənəcək"
Türkiyə iki ölkə arasında bu məsələ üzrə razılıq əldə olunandan sonra Azərbaycan qazının qiyməti ilə bağlı bütün fərqi ödəməyə hazırdır.
   
    Türkiyənin energetika və təbii ehtiyatlar nazirinin rəsmi nümayəndəsi Mehmet Akif telefonla Trend Capital-a deyib: "Tərəflər arasında "Şahdəniz" yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində qazın dəyəri üzrə müəyyən razılaşma var. İkinci mərhələ və tranzit məsələləri üzrə razılaşma isə hələlik əldə olunmayıb. Bütün bu məsələlər paketdə nəzərdən keçirilir. Razılıq əldə edildikdən sonra qiymətdəki bütün fərq tamamilə ödənəcək". Onun sözlərinə görə, yatağın işlənməsinin birinci mərhələsi çərçivəsində qazın dəyəri açıqlanmır, çünki bu, ticari danışıqlar mövzusudur. Hazırda Azərbaycan qazı Türkiyəyə 1000 kubmetri 120 dollar dəyərində tədarük edilir. Türkiyə ilə bağlanmış müqavilədə göstərildiyi kimi, "Şahdəniz" qazının dəyərinə tədarükün başlanmasından 1 il sonra baxıla bilər, yəni yeni qiymət 2008-ci il aprelin 15-dən tətbiq olunmalıdır.
Hərbçilərin sosial müdafiəsi gücləndiriləcək
Qanuna dəyişikliklər nəzərdə tutulur
Milli Məclisin yaz sessiyası ərzində "Hərbi qulluqçuların statusu haqqında" qanuna dəyişikliklərin edilməsi nəzərdə tutulur.
   
   Bu barədə parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə məlumat verib. A.Mirzəzadə bildirib ki, qanuna dəyişiklikləri nəzərdə tutan layihənin müzakirəsi komitənin yaz sessiyasındakı iş planına daxildir. Onun sözlərinə görə, dəyişikliklər hərbi qulluqçuların sosial müdafiəsinin güclənməsinə xidmət edir.
   
   
İşçi qrupunun üzvlərinin sayı artıb
Konqresmen Mayk Makmahon da Azərbaycanı dəstəklədi
ABŞ Konqresində fəaliyyət göstərən Azərbaycan işçi qrupunun üzvlərinin sayı artıb. Bu günlərdə konqresmen Mayk Makmahon Azərbaycan üzrə işçi qrupuna qoşulub.
   
   Bu barədə "Şərq"ə Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib. Bildirilir ki, 2008-ci ildən Nümayəndələr Palatasında Nyu-York ştatını təmsil edən demokrat konqresmen Makmahon palatanın Xarici əlaqələr komitəsinin Avropa məsələləri üzrə alt komitənin üzvüdür. O, həmçinin palatanın nəqliyyat və infrastruktur komitəsinin də üzvüdür. Konqresmen Makmahonun işçi qrupuna qoşulması ilə artıq ABŞ Konqresində Azərbaycan işçi qrupunun üzvlərinin sayı 42-yə çatıb. Məlumat üçün deyək ki, bundan öncə də Azərbaycan işçi qrupunda 42 nəfər konqresmen var idi. Bu ilin əvvəlində konqresmen Robert Veksler istefa verdiyindən qrup üzvlərinin sayı 41-ə enmişdi.
Vüsalə
Həmsədrlər təkliflər gözləyir
Yuri Merzlyakov: "Əvvəlcə tərəflərin təkliflərini alaq, sonra səfər barədə düşünərik"
Azərbaycan və Ermənistan "Madrid prinsipləri"nin razılaşdırılmamış bəndləri üzrə təkliflərini hələlik vasitəçilərə təqdim etməyib.
   
   Bu barədə dünən APA-ya eksklüziv açıqlamasında ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov bildirib.
   
   "Regiona səfər planlaşdırırsınızmı" sualının cavabında diplomat tərəflərin təqdim edəcəyi təklifləri gözlədiklərini deyib: "Əvvəlcə tərəflərin təkliflərini alaq, sonra səfər barədə düşünərik".
   
   Xatırladaq ki, Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin yanvarın 25-də Soçidə keçirilən görüşündən sonra Y. Merzlyakov Bakı və İrəvanın iki həftə ərzində "Madrid prinsipləri"nin razılaşdırılmamış bəndləri üzrə öz təkliflərini təqdim etməli olduqlarını, bundan sonra regiona səfər edəcəklərini söyləyib.
Sabiq namizəd Obamanı İrana müharibə elan etməyə çağırdı
ABŞ-ın vitse-prezidenti postuna keçmiş namizəd və Alyaskanın sabiq qubernatoru Sara Peylin Ağ Ev sahibi Barak Obamanı İrana qarşı müharibəyə başlamağa səsləyib.
   
    Milli.Az xəbər portalının məlumatına görə, "Fox News" telekanalına açıqlamasında o, bildirib ki, Obamanın mövqelərini möhkəmləndirməsi və növbəti seçkidə əhalinin dəstəyini alması üçün bu addım mütləq atılmalıdır. Peylin Obamanın ərəb-İsrail münaqişəsində yəhudi dövlətinə tam dəstək verməsinin vacibliyini də bildirib.
İranda hərbi avtobus aşdı
Ölən və xəsarət alanlar var
İranın Rəfsəncan-Kirman magistral yolunda əsgərləri daşıyan avtobus aşıb.
   
    Hadisə nəticəsində 2 nəfər ölüb, 19 nəfər yaralanıb.
   
   Bu barədə İran televiziyasının rəsmi xəbər saytı İRİBNEWS məlumat yayıb.
   
   Məlumata əsasən, hadisə sürücünün yuxulu olması və nəqliyyat vasitəsini idarə edə bilməməsi səbəbindən baş verib.
   
   Yaralılar Kirman şəhər xəstəxanasına çatdırılıb. Avtobus Kərəc şəhərindən Kirman əyalətinə əsgər aparırmış.
 
 
spacer
  Copyright (c) 2008 Bütün haqqları qorunur.
Content by azDesign.ws