Ceyms Steynberq: "Münaqişənin nizamlanmasında öz müqəddəratını təyinetmə prinsipinin qarışıq modelinin
tətbiqini mümkün sayırıq"

ABŞ Dövlət Departamenti Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində dövlətlərin ərazi bütövlüyü və xalqların milli müqəddəratını təyinetmə prinsipinin qarışıq modelinin tətbiqini mümkün sayır.
APA-nın "Armenia Today" saytına istinadən yaydığı məlumata görə, bu fikirləri Ermənistan İctimai Televiziyasına müsahibəsində ABŞ dövlət katibinin 1-ci müavini Ceyms Steynberq söyləyib. Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına böyük əhəmiyyət verdiyini deyən C. Steynberq bildirib ki, hazırkı danışıqlar formatı ən düzgün formatdır: "Minsk prosesi də effektlidir və bu yolu davam etdirmək daha düzgün olardı. ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri kimi həll yolunun tapılması ilə bağlı üzərinə götürdüyü öhdəliyə sadiqdir". Steynberq nizamlanma prosesinin başa çatmaqda olduğu barədə fikirləri bölüşmədiyini vurğulayıb: "Həllini gözləyən məsələlər çoxdur. Bu xüsusilə iki ölkə arasında etimad mühitinin formalaşdırılması və prosesin gələcək formatı ilə əlaqədardır. Vaşinqtonda hesab edirlər ki, münaqişə tərəfləri öz silahlanma proqramlarına və onların nəticələrinə diqqətlə yanaşmalıdır. Hər bir tərəfin müdafiə və təhlükəsizlik hüququ var, amma bunu təmin edən zaman digər tərəfin də təhlükəsizlik məsələsinə baxmaq lazımdır".