Rəfiyevlər ailəsi narahatdır
Rail Rzayevin həbsdə olan köməkçisinin səhhətində problemlər yaranıb
Azərbaycan Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının sabiq komandanı, general-leytenant Rail Rzayevin hazırda həbsdə olan köməkçisi Aydın Rəfiyevin səhhətində problemlər yaranıb. Bu barədə APA-ya Rəfiyevlər ailəsindən bildirilib.
Ailə üzvlərinin sözlərinə görə, Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında saxlanılan Aydın Rəfiyev şiddətli ürək ağrılarından əziyyət çəkir. Bir neçə il əvvəl ürəyindən əməliyyat olunan A. Rəfiyev həbs olunandan sonra Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində müalicə də olunub. Dünən MTN-də A. Rəfiyevə baş çəkən vəkili onun xəstəliyi ilə əlaqədar yenidən Müalicə Müəssisəsinə köçürülməsini xahiş edib.
Xatırladaq ki, R. Rzayevin köməkçisi A. Rəfiyev və onun oğlu Anar ötən il aprelin 16-da Yasamal rayonu ərazisində yerləşən hərbi şəhərcikdə yerləşən evlərində həbs ediliblər. Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində yaradılmış istintaq qrupunun üzvləri generalın köməkçisi Aydın Rəfiyevin hərbi şəhərcikdə yerləşən mənzilinə və "Mitsubishi-Pajero" markalı maşınına baxış keçiriblər. Baxış zamanı maşından general Rail Rzayevə məxsus 1 ədəd qış gödəkcəsi və generalın xidməti avtomobilinin dövlət nömrə nişanı aşkar edilib. Məhkəmə Anar Rəfiyevi Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 179-cu (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirli bilərək barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib.
Təqsirləndirilən şəxslər avtomobildə aşkarlanan Müdafiə Nazirliyinə məxsus 10-00 HM dövlət nömrə nişanı və generala məxsus qış gödəkcəsini R. Rzayevin ölümündən bir müddət sonra generalın şəxsi sürücüsü Bəxtiyar Ələsgərov tərəfindən nazirliyə qaytarılması üçün Aydın Rəfiyevə verildiyini bildiriblər. Lakin A. Rəfiyev məzuniyyətdə olduğu üçün onları Müdafiə Nazirliyinə təhvil verməyib.
Baş prokuror Zakir Qaralov isə ötən ilin oktyabrında jurnalistlərə açıqlamasında Rail Rzayevin qətlindən dərhal sonra onun iş otağına qanunsuz müdaxilə olunduğunu və oradan bəzi maddi əşyaların oğurlandığını bildirib. Aydın Rəfiyev başda olmaqla daha bir neçə şəxsin bu qanunsuz əməllərin gizlədilməsində iştirak etdiyini vurğulayan Z. Qaralov onların məhz bu əməllərinə görə həbs olunduqlarını qeyd edib. Baş prokuror, həmçinin saxlanılan şəxslərin generalın qətlində bilavasitə iştirakının olub-olmamasının da araşdırıldığını qeyd edib.