İnformasiya portalları da monitorinqə cəlb edilib
Daşkəsən faciəsinin mətbuatda işıqlandırılması araşdırılır
Yanvarın 28-də Müdafiə Nazirliyinin Daşkəsəndə yerləşən "N" saylı hərbi hissəsində baş vermiş qanlı olayla bağlı mətbuatda əksini tapan yazıların monitorinqi davam edir. Bu barədə "Şərq"ə Mətbuat Şurasının katibi Rəhim Hüseynzadə məlumat verib.
Məlumat üçün bildirək ki, hadisədən sonra rəsmi qurumların nümayəndələri bir neçə dəfə faciənin mediada qərəzli işıqlandırıldığını bəyan ediblər. Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu deyib ki, bəzi mətbuat orqanlarında qərəzsizliyi şübhə doğuran yanaşmalar və mülahizələr yer alıb. Baş prokuror Zakir Qaralovsa kütləvi informasiya vasitələrində obyektiv reallığa və konkret sübutlara əsaslanmayan fərziyyələr irəli sürüldüyünü, bununla da ictimai rəydə çaşqınlıq yaradıldığını vurğulayıb.
Mətbuat Şurasının sədri Əflatun Amaşov isə hərbi hissədə baş vermiş məlum hadisənin mətbuatda işıqlandırılmasıyla bağlı monitorinq aparıldığını bildirib. O deyib ki, əsas məqsədləri ölkədə baş verən hadisələrin ictimaiyyətə düzgün çatdırılmasıdır. "Təbii ki, bu işlər qanunvericilik çərçivəsində görülməlidir, biz dövlət sirrini qorumağı unutmamalıyıq".
Mətbuat Şurasının katibi Rəhim Hüseynzadə monitorinqin davam etdirildiyini söylədi. Onun sözlərinə görə, başlatdıqları yoxlama demək olar ki, bütün mətbuat orqanlarını əhatə edir. Hətta informasiya portalları da monitorinqə cəlb edilib. R.Hüseynzadə monitorinqin nə zaman başa çatacağı ilə bağlı konkret bir söz demədi. O, bu məsələdə tələsməməyin tərəfdarı olduqlarını söylədi. "Bu, elə bir məsələdir ki, tələm-tələsik yoxlama aparmaq, araşdırmaq olmaz. Bu prosesi dəqiq, düzgün, diqqətlə həyata keçirmək lazımdır. Ordu həssas bir məsələ olduğundan nəyinsə xatirinə tələsik nəticələr açıqlamaq düzgün olmazdı. Azərbaycan qanunvericiliyində açıq və qapalı məlumatlar barədə müddəalar var. Məsələn, "Dövlət sirri haqqında" qanunda göstərilib ki, hansı informasiyanı vermək olar, hansını yox. Amma təbii ki, ölkədə baş verən olaylar ictimaiyyətə çatdırılmalıdır. KİV-in əsas vəzifəsi də elə bundan ibarətdir.
Bütün məqamlar diqqətlə araşdırılandan sonra, ictimaiyyətə açıqlama veriləcək. Belə məsələlərdə jurnalistlər məsuliyyətli olmalıdır. Hesab edirəm ki, fəaliyyətlərinə hörmət edən, əsl qəzetçiliklə məşğul olmağı qarşısına məqsəd qoymuş mətbu orqanlar monitorinqin nəticələrinə də ciddi yanaşacaqlar".
Firdovsi