İcazəsiz şəkil çəkmək olmaz
Elçin Mirzəbəyli:
"Mən burda təhlükəli hər hansı bir fakt görmürəm"
Elçin Şıxlı:
"İnsanlar referendumda
"hə" deyiblər, indi bunu həzm etməlidirlər"
Mətbuatda yaxın zamanlarda "Kütləvi informasiya vasitələri haqqında" qanuna əlavə və dəyişikliklər ediləcəyi barədə məlumatlar əksini tapıb. Qeyd olunur ki, əlavə və dəyişikliklər Milli Məclisin Dövlət quruculuğu və hüquq daimi komissiyasında və İnsan hüquqları daimi komissiyasında müzakirə olunaraq plenar iclasın müzakirəsinə və səsverməyə çıxarılması qərara alınıb.
Qanunvericilik təklifində "KİV haqqında" qanunun 60-cı maddəsinə belə bir əlavə olunması təklif edildiyi bildirilir: "Əməliyyat-axtarış halları istisna olmaqla digər hallarda şəxsin onun xəbəri olmadan və etirazına baxmayaraq KİV nümayəndələri tərəfindən izlənilməsi, video və fotoçəkilişinin, səs yazısının aparılması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur".
Bu məlumatlardan narahat olan Media Hüququ İnstitutu (MHİ) bəyanatla çıxış edib. Təşkilat bildirib ki, "İnformasiya əldə etmək haqqında" qanunun tələblərini pozan Milli Məclis administrasiyası bu təklifləri parlamentin saytı vasitəsilə zamanında açıqlamayıb. "Özündə ifadə azadlığı üçün ciddi təhlükələri daşıyan bu qanunvericilik təklifinin qeyri-şəffaf şəraitdə, ictimai müzakirələr olmadan, tələm-tələsik qəbul olunması heç bir halda məqbul sayıla bilməz".
MHİ belə dəyişikliyin qəbul edilməsinin jurnalistlərin məlumat toplamaq və yaymaq azadlığına ağır zərbə vuracağını düşünür. "Ćurnalist fəaliyyəti təkcə onlara dövlət qurumlarının, rəsmilərinin, ayrı-ayrı şəxslərin könüllü verdikləri məlumatları yaymaqla məhdudlaşdırıla bilməz. Ćurnalistin məlumat toplamaq hüququ sadəcə gözlə müşahidə etməklə də məhdudlaşdırıla bilməz. Araşdırma aparan jurnalist nəinki hər hansı şəxsi izləmək haqqına, eləcə də hər hansı məlumatları texniki vasitələrdən istifadə etməklə dinləmək və yazmaq haqqına sahib olmalıdır. Demokratik toplumda jurnalistin üzərinə düşən vəzifə, jurnalist fəaliyyətinin cəmiyyətə gətirdiyi fayda ayrı-ayrı dövlət qurumlarının yerinə yetirdikləri vəzifələrdən az önəmli sayıla bilməz". MHİ dəyişikliyin konstitusiyanın 47-ci və 50-ci maddələri ilə yanaşı, Avropa İnsan Haqları Konvensiyasının 10-cu maddəsinə zidd, ifadə azadlığına qeyri-adekvat müdaxilə olduğunu bildirir, parlamenti bu qanun layihələrinin ictimai müzakirələrdən keçirilməsi üçün imkanlar yaratmağa və ifadə azadlığına zərər vuran müddəaları təkliflər layihəsindən çıxarmağa çağırır.
"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə deyir ki, bu dəyişikliklər mətbuat tərəfindən göz önünə alınmışdı. -"Çünki bunlar bilavasitə keçirilən referendumdan irəli gələn dəyişikliklərdir. Orda insan hüquq və azadlıqlarının qorunması, şəxsiyyətin təhlükəsizliyinin təmin olunması ilə bağlı prinsiplər öz yerini almışdı. Həmin konstitusion normalardan irəli gələn dəyişikliklər təbii ki, digər analoji qanunvericilik qaydalarına da, normativ aktlara da təsirini göstərməlidir. Ona görə də əslində burda qeyri-adi heç bir hadisə yoxdur". E.Mirzəbəyliyə görə, qanuna belə bir dəyişiklik edilsə belə seçim imkanları yenə mətbuatın öz üzərinə qalır. "Təbii ki, hər hansı bir fərdin gizli olaraq izlənilməsi və yaxud onun görüntülərinin lentə alınması şantaj məqsədi ilə istifdə olunursa, yolverilməzdir. Lakin əgər mətbuat nümayəndəsi hər hansı cinayət faktı barədə dəqiq məlumat alıbsa və həmin faktı lentə alıbsa, o zaman burda onun üçün açıq-aşkar alibi var və həmin şəxsin cinayət məsuliyyətinə cəlb olunması nə qanunvericilik, nə də hüquqi məntiq tərəfində deyil. O baxımdan əgər biz insan hüquq və azadlıqlarından danışırıqsa, onların qorunmasından söhbət açırıqsa, təkcə jurnalistlərin deyil, sıravi vətəndaşların da hüquqlarının qorunmasına hörmətlə yanaşmalıyıq. Parlamentə əgər belə bir qanun layihəsi çıxarılacaqsa, mən burda təhlükəli hər hansı bir fakt görmürəm. Əgər doğrudan mətbuatın missiyası özünün gerçək funksiyasını yerinə yetirməkdən ibarətdirsə, ortada digər məqsədlər yoxdursa, mətbuat nümayəndələri bundan narahat olmalı deyil". Baş redaktor hesab edir ki, bu dəyişikliyin qəbul edilməsi nəticə etibarilə "Diffamasiya haqqında" qanunun qəbul olunmasına yol açacaq. "Çünki vətəndaşların hüquq və azadlıqlarının qorunması ilə bağlı normativ hüquqi aktlar qaydaya düşməlidir ki, nəticə etibarilə "Diffamasiya haqqında" qanun qəbul ediləndə ortalığa digər problemlər çıxmasın".
E.Mirzəbəyli məsələnin yeni olmadığı üçün ictimai müzakirəsinə də ehtiyac duymur. "Bu, yeni qanun deyil, konstitusiyada artıq bu dəyişikliklər öz əksini tapıb. Referendum keçirilməmişdən öncə də, sonra da bu məsələlər kifayət qədər müzakirə olundu. Bu, konstitusion normadır və digər qanunvericilik aktları buna uyğunlaşdırılmalıdır. O baxımdan burda yeni heç nə yoxdur".
"Ayna" və "Zerkalo" qəzetlərinin baş redaktoru Elçin Şıxlı da qanuna belə bir dəyişikliyin ediləcəyinin onun üçün gözlənilən olduğunu vurğuladı. "Əlbəttə, bu əlavəyə münasibətim mənfidir. Biz referendum zamanı konstitusiyaya dəyişiklikdə artıq bunu əsas qoymuşuq. Konstitusiyada biz hamımız "hə" dedik ki, icazə olmadan şəkil çəkmək olmaz. İndi qanunverici aktlara həmin dəyişikliyi salıblar. Yəni bunu gözləmək lazım idi. Mən bunu geriyə bir yox, bir neçə addım sayıram". E.Şıxlı da məsələ ilə bağlı ictimai müzakirə açmağı lazım bilmir. "Əgər Konstitusiyaya dəyişiklik edilməsəydi, ictimai müzakirənin yeri var idi. Amma referendumda dəyişikliyə insanlar "hə" deyib. İndi də bunu həzm etməlidirlər".
Firdovsi