Menyu
spacer


spacer
spacer
spacer spacer
spacer spacer
Saytda Axtar
Ətraflı axtarış
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer spacer
spacer spacer
Xəbər qrupuna abunə ol
Abunə ol
spacer
spacer
spacer
spacer
spacer
Bakının 10 məktəb direktoru işdən çıxarıldı
Daha 5 direktora isə töhmət verilib
Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə bu ilin yanvar-fevral ayları ərzində 143 müraciət daxil olub. Nazirlikdən verilən məlumat görə, müraciətlərin 36-sı telefonla, 107-si elektron poçtla göndərilib.
   
   
   
   Müraciətlərin 55 faizi sorğu və məlumat xarakterlidir. Ümumtəhsil məktəblərində IX və XI siniflərdə buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada təşkili, müəllimlərin işə qəbulu üzrə yeni mexanizmin tətbiqi ilə əlaqədar "Qaynar xətt" xidmətinə daxil olan sorğuların sayı əhəmiyyətli dərəcədə artıb. Belə ki, bu mövzuda müraciətlər ümumi sorğuların 43 faizini təşkil edir. Digər sorğular xaricdə təhsil, müəllimlərin əmək haqqının hesablanması, təhsil sənədlərinin alınması, tanınması və sair məsələlərlə bağlı olub.
   
   Müraciətlərin 45 faizi məktəbəqədər, ümumi, texniki peşə, orta ixtisas və ali təhsil müəssisələrindəki problemlərlə bağlıdır. Məktəbəqədər təhsil müəssisələri ilə əlaqədar müraciətlərdə Bakı şəhəri və Abşeron rayonunda yerləşən bəzi müəssisələrə uşaqların qəbulu, binaların istilik təchizatı, sanitar-gigiyenik baxımdan yol verilmiş nöqsanlardan bəhs olunur. Bu müraciətlər əsasında araşdırmalar aparılıb, problemlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib.
   
   "Qaynar xətt" xidmətinə ümumtəhsil məktəbləri ilə əlaqədar 46 müraciət daxil olub. Bu müraciətlər Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərindən, Şəki, Abşeron, Tərtər, Xaçmaz, Qazax, Şamaxı, Gədəbəy, İsmayıllı, Saatlı, Beyləqan, Bərdə, Goranboy, Yevlax, Balakən, Ağdam rayonlarından qeydə alınıb. Müraciətlərdə məktəblərin istiliklə təminatı, bir sıra müəllimlərin tədris prosesində, məktəb direktorlarının idarəetmədə yol verdikləri nöqsanlar və digər məsələlər əksini tapıb.
   
   Təhsil Nazirliyinin "Qaynar xətt"inə edilən bütün müraciətlər ciddi araşdırılıb və aparılmış ümumi monitorinqlər nəticəsində yol verdikləri nöqsanlara görə Bakı şəhərində 10 məktəbin (37, 228, 192, 141, 110, 321, 208, 26, 79 və 61 nömrəli məktəblər) direktoru vəzifəsindən azad edilib, 5 məktəb direktoruna isə (38, 151, 139, 94 və 270 nömrəli məktəblər) töhmət verilib.
   
   Təhsil Nazirliyinin "Ali və orta ixtisas təhsili müəssisələrində 2009-2010-cu tədris ilinin qış imtahan sessiyasının təşkili və keçirilməsi haqqında" 18 dekabr 2009-cu il tarixli, 1387 saylı əmrinə uyğun olaraq qış imtahan sessiyası müddətində ali və orta ixtisas təhsili müəssisələri ilə əlaqədar "Qaynar xətt" xidmətinə daxil olan müraciətlər operativ şəkildə araşdırmaya yönəldilib.
   
   Bu ilin yanvar-fevral ayları ərzində nazirliyin "Qaynar xətt" xidmətinə ali təhsil müəssisələri ilə bağlı 38 müraciət daxil olub ki, bu da ümumi müraciətlərin 26,6 faizini təşkil edir. Müraciətlərin 14-ü imtahanların gedişində baş verənlər, 5-i diplomların verilməsində ləngimə, 3-ü ödəniş haqqı, 3-ü kredit sistemi ilə qiymətləndirmə, 3-ü özəl ali məktəblərdə diplom üçün ödəniş tələb edilməsi barədə, digərləri isə sorğu xarakterli olub.
   
   2010-cu ilin mart ayının ilk 5 günü ərzində Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə 200-dək müraciət daxil olub. Onlardan 100-ü anonimdir.
   
   Bununla əlaqədar Təhsil Nazirliyində yaradılmış Korrupsiyaya qarşı mübarizə üzrə işçi qrupun martın 3-də iclası keçirilib, bu müraciətlərin ən qısa müddətdə araşdırılması üçün tədbirlər görülüb. Anonim olmasına baxmayaraq müraciətlərdə göstərilən məktəblərdə monitorinqlər təşkil olunub, şagird və müəllimlər arasında maarifləndirmə işi aparılıb.
Ramil Usubov və Zakir Qaralov Sumqayıtda olub
Onlar valyutadəyişmə məntəqəsinin işçisinin qətli ilə bağlı istintaqla maraqlanıblar
Azərbaycanın daxili işlər naziri Ramil Usubov və Baş prokuroru Zakir Qaralov Sumqayıtda baş vermiş silahlı insidentlə bağlı bu şəhərdə olublar.
   
   
   
   Sumqayıt şəhərinin hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, R. Usubov və Z. Qaralov ötən həftənin sonunda Sumqayıta gedərək, fevralın 20-də Sumqayıtda valyutadəyişmə məntəqəsinin işçisi Vüqar Balayevin ölümü, atası İsmayıl Balayevin isə ağır yaralanması ilə nəticələnən cinayət hadisəsinin istintaqı ilə maraqlanıblar. R. Usubov və Z. Qaralovun iştirakı ilə hadisə şahidləri dindirilib, əldə olunan sübutlar analiz edilib. Bundan başqa, baş prokuror və daxili işlər naziri istintaq materialları ilə yaxından tanış olaraq əməliyyat qrupuna zəruri tapşırıqlar veriblər.
   
   Qeyd edək ki, fevralın 20-də Sumqayıt sakinləri İsmayıl Balayev və onun oğlu Vüqar Balayev iş yerinə gedərkən Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində naməlum şəxslər tərəfindən silahlı hücuma məruz qalıblar. Nəticədə iki güllə yarası alan Vüqar Balayev hadisə yerindəcə keçinib, İsmayıl Balayev isə xəsarətlə Sumqayıt Şəhər xəstəxanasına yerləşdirilib.
   
   Baş vermiş hadisə ilə bağlı Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Faktı ilə əlaqədar Cinayət Məcəlləsinin 120.2.5 (tamah məqsədi ilə adam öldürmə), 29,120.2.5, 29, 120.2.7 (tamah məqsədilə iki və ya daha çox şəxsi öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxsin fotorobotu da hazırlanıb. Hazırda cinayəti törətmiş şəxsin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
   
   Qeyd edək ki, Sumqayıtda silahlı basqına məruz qalan ata-oğul millət vəkili İqbal Ağazadənin yaxın qohumlarıdır.
Sifarişli qətllərdə təqsirləndirilən iş adamı...
Şöhrət Quliyevin cinayət işi məhkəməyə göndərilib
Sifarişli qətllərdə təqsirləndirilən iş adamı Şöhrət Quliyevin barəsində başlanmış cinayət işinin istintaqı yekunlaşaraq baxılması üçün məhkəməyə göndərilib.
   
   Bu barədə APA-ya Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədən bildirilib. Cinayət işi hakim Kəramət Əliyevin icraatına verilib. Hazırlıq iclasının vaxtı isə hələ müəyyənləşməyib.
   
   Xatırladaq ki, Gəncə şəhər sakini Şöhrət Quliyev iki nəfərin qətlində təqsirli bilinir.
   
   O, Bakıdakı "Sədərək" Ticarət Mərkəzində çilçıraq satışı ilə məşğul olan Əhməd İbrahimovu və həmyerlisi, iş adamı Kamal Ələkbərovu qətlini sifariş etməkdə günahlandırılır.
Sankt-Peterburq məhkəməsi qərar verib
Gürcüstan vətəndaşı olan azərbaycanlı 7 il müddətinə azadlıqdan məhrum edilib
Sankt-Peterburq məhkəməsi Gürcüstan vətəndaşı olan azərbaycanlını qətldə təqsirli bilib.
   
   APA-nın kp.ru-ya istinadən məlumatına görə, 29 yaşlı Rasim Zeynalov 7 il müddətinə azadlıqdan məhrum edilib.
   
   R.Zeynalov 27 sentyabr 2008-ci ildə öz soydaşını - 40 yaşlı Azərbaycan vətəndaşını odlu silahdan atəş açmaqla qətlə yetirib. Qatil öz cəzasını ciddi rejimli həbsxanada çəkəcək.
"Mercedes" sərnişin avtobusu ilə toqquşub
Kürdəmirdə ölümlə nəticələnən avtomobil qəzası baş verib
Kürdəmir rayonunun Karrar kəndi ərazisində avtobusla minik avtomobilinin toqquşması ölümlə nəticələnib.
   
   APA-nın yerli bürosunun məlumatına görə, hadisə martın 9-da gecə saat 02:15 radələrində Bakı-Qazax magistral avtomobil yolunun 186-cı kilometrliyində qeydə alınıb. İsmayıllı rayonunun Diyallı kənd sakini 1969-cu il təvəllüdlü Şərifov Cahangir Yusif oğluna məxsus "VAZ-2103" markalı minik avtomobili qarşı tərəfdən gələn, Gədəbəy rayonunun Zamanlı kənd sakini, 1973-cü il təvəllüdlü Bayramov Elsevər Nüsrəddin oğlunun idarə etdiyi 10 BF -155 dövlət nömrə nişanlı "Mercedes" markalı sərnişin avtobusu ilə toqquşub. Hadisə nəticəsində "Æiquli" nin sürücüsü C. Şərifov dünyasını dəyişib.
   
   Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Azərbaycan yay vaxtına keçəcək
Mart ayının sonuncu bazar günü saatlar 1 saat irəli çəkiləcək
Mart ayının sonuncu bazar günü - 28 mart tarixində Azərbaycan yay vaxtına keçəcək.
   
   Nazirlər Kabineti mətbuat xidmətindən aldığımız məlumata görə, qış və yay vaxtına keçidlər analoji olaraq oktyabr və mart aylarının sonuncu bazar günləri saat əqrəblərinin 1 saat geri və 1 saat irəli çəkilməsi ilə həyata keçirilir. Bu dəyişiklik Nazirlər Kabinetinin 1997-ci ildə qəbul etdiyi qərara əsaslanır. Bu il də mart ayının sonuncu bazar günü saat 04:00-da saatların əqrəbi 1 saat irəli çəkiləcək və Azərbaycanda yay vaxtı tətbiq olunacaq.
Yaz tətilinin müddəti uzadılıb
Aşağı siniflərdə martın 16-dan martın 29-na qədər dərslər olmayacaq
Orta ümumtəhsil məktəblərində yaz tətilinin müddəti uzadılıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızının verdiyi məlumata görə, təsdiqlənmiş mövcud qrafikə əsasən məktəblilərin yaz tətili martın 16-dan 23-nə qədərdir.
   
   Lakin bu il Novruz bayramı günləri ilə bağlı Nazirlər Kabinetinin məlum qərarı orta məktəblərdə yaz tətilinin günlərində dəyişiklik edilməsinə və tətil günlərinin artırılmasına səbəb olub. Dəyişikliyə əsasən bu il orta məktəblərdə yaz tətili beşgünlük qrafiklə təhsil alan uşaqlar üçün martın 16-dan başlayıb martın 29-da bitəcək. Martın 29-u dərs günüdür. Altıgünlük qrafiklə işləyən məktəblərdə isə tətil martın 16-dan başlayıb martın 26-da bitəcək. Yəni martın 26-sı və 27-si həmin məktəblərdə dərs günüdür.
   
   5 günlük qrafiklə tədris alanlar ötən illərdən fərqli olaraq bu il 13 gün, 6 günlük məktəblər isə 10 gün tətil edəcəklər.
Sümüklər 15 il çürüməyəcək
Quba məzarlığındakı prosesin qarşısı alınıb
"Bir müddət öncə Quba məzarlığından götürülən insan sümüklərinin bir qismi tədqiq olunması üçün Səhiyyə Nazirliyinə verilib.
   
   İş başa çatdıqdan sonra Səhiyyə Nazirliyi soyqırım qurbanı olan soydaşlarımızın sümüklərini məzarlıqdakı yerinə qaytaracaq". Bu fikirləri Quba məzarlığında işləyən ekspedisiya qrupunun rəhbəri, Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi Qəhraman Ağayev bildirib. O əlavə edib ki, nazirlik sümükləri geri qaytarandan sonra ekspedisiya üzvləri onları əvvəlki yerində yerləşdirəcəklər. Q.Ağayevin sözlərinə görə, Səhiyyə Nazirliyində sümüklərin çürüməsinin qarşısının alınması üçün 6 mərhələdə iş görülür: "Artıq 3 mərhələ arxada qalıb. Sümüklərə "fomalin" məhlulu vurublar. Daha 3 mərhələ qalır. Bu mərhələlərdən keçəndən sonra sümüklərdə 15 il çürümə prosesi olmayacaq".
   
   Qubadan deputat seçilən Yevda Abramov isə "modern.az" saytına bildirib ki, havalar yaxşılaşan kimi Quba kütləvi məzarlığında muzeyin tikilməsi işlərinə start veriləcək.
 
 
spacer
  Copyright © 2008 Bütün haqqları qorunur.
Content by azDesign.ws