Menyu
spacer


spacer
spacer
spacer spacer
spacer spacer
Saytda Axtar
Ətraflı axtarış
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer spacer
spacer spacer
Xəbər qrupuna abunə ol
Abunə ol
spacer
spacer
spacer
spacer
spacer
Türkiyə iqtidarı müəyyən səhvlərə yol verib
Buna görə də Konqresdə yəhudi lobbisinin dəstəyini qazana bilmədi
ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsində qondarma "erməni soyqırımı" ilə bağlı qətnamə layihəsinin müzakirəsi zamanı konqresdə təmsil olunan yəhudi konqresmenlərin ermənilərin lehinə səs verməsi Azərbaycanda birmənalı qarşılanmayıb.
   
   
   
   Baxmayaraq ki, ABŞ-dakı yəhudi lobbisinin nümayəndələri və konqresmenlər əvvəlcədən bu qətnamə layihəsinin əleyhinə olduqlarını bəyan etmişdilər və səsvermə zamanı heç də yəhudi konqresmenləri mütləq şəkildə erməniləri dəstəkləmədi, bununla belə sənədin qəbul edilməsi üçün ermənilərin xeyrinə həlledici səsin yəhudilərdən gəlməsi etiraz doğurdu. Onu da qeyd edək ki, bəzi ekspertlər bunu ötən il Davos forumunda Türkiyənin baş naziri və İsrail prezidenti arasında yaşananlardan sonra Türkiyə və İsrail arasında münasibətlərin soyuqlaşması ilə izah edirlər. Hətta bu, bir çox hallarda yəhudi lobbisinin Türkiyəyə cavabı kimi də qiymətləndirilir. Onu da deyək ki, İsrail son vaxtlar Azərbaycanla əlaqələrini genişləndirməyə başladığından qardaş ölkəyə qarşı ABŞ Konqresindəki yəhudi konqresmenlərinin erməniləri dəstəkləməsi etirazla qarşılanıb. Hətta bu, yəhudi konqresmenlərin tək Türkiyəyə deyil, ümumilikdə türk xalqına və Azərbaycana qarşı da mənfi münasibəti kimi dəyərləndirilir.
   
   Politoloq Rauf Mirqədirov isə hesab edir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici əlaqlər komitəsində keçirilən səsvermənin taleyini yəhudi konqresmenlərdən ermənilərin xeyrinə gələn bir səslə həll etməsi təkcə Davosda baş verənlərlə bağlı deyil. Davos forumunda Ərdoğan-Peres mübahisəsindən sonra iki ölkə arasında xeyli problemlərin ortaya çıxdığını bildirən politoloq konqresin Xarici əlaqələr komitəsindəki müzakirələrdən əvvəl Türkiyənin ABŞ-dakı yəhudi lobbisinə müraciəti və ona gələn cavabı xatırladıb. "Yəhudi lobbisindən belə bir cavab gəldi ki, onlar bu məsələdə həmişə Türkiyəni dəstəkləyiblər. Bu qətnamə layihəsinin də əleyhinədirlər. Ancaq bu dəfə Türkiyəni başa düşmədik",- deyə verilən cavabı xatırladan Rauf Mirqədirova görə, bu cavab həm də rəsmi Ankaranın yəhudi lobbisindən olan gözləntilərinin heç də müsbət olmayacağına işarə idi. Politoloq onu da bildirib ki, İsrail-Türkiyə münasibətlərinin soyuqlaşmasına bir sıra amillər təsir etsə də, burada rəsmi Ankaranın dini meyilləri həlledici faktorlardan biridir. Türkiyə iqtidarının dini bağlantılarına görə belə bir gərginlik yaratdığını qeyd edən politoloq hesab edir ki, ərəb ölkələri ilə müqayisədə Türkiyənin belə bir radikal addımlar atmasına gərək yox idi və bu cür addımlar sonra Türkiyənin öz maraqları üçün problemlər yaradır. Bununla belə politoloq elə konqresin komitəsində qətnamə layihəsinin qəbul edildiyi gün Türkiyə XİN başçısının iki müavininin dövlətlərarası münasibətlərin daha da yaxşılaşdırılması üçün Rusiyaya səfər etməsini yanlış addım kimi dəyərləndirib. "Dövlətin siyasəti bir gündə dəyişmir. Dövlətlərarası münasibətlər də bir gündə yaranmır"- deyən politoloqa görə, rəsmi Ankaranın əvvəlki müttəfiqlərindən "küsüb üzünü başqa yerə" tutmasına gərək yoxdu. "Türkiyənin xarici işlər nazirinin iki müavininin gedib Rusiyada dövlətlərarası əlaqələrin genişləndirilməsi ilə bağlı müzakirələr aparması o baxımdan düzgün deyil ki, əgər bu gün qondarma "soyqırım" məsələsinə görə Türkiyə ABŞ-dan küsüb Rusiyaya üz tutursa, nəzərə almalıdı ki, Rusiya Dövlət Duması qondarma soyqırımı çoxdan tanıyıb. Yəni kimdən küsüb kimə getmək olar, siyasətdə bu, ciddi məsələdi. Amma Türkiyənin hazırkı iqtidarı bir çox məsələlərdə belə səhvlərə yol verdiyinə görə sonradan problemlər ortaya çıxır". Politoloq onu da xatırladıb ki, bu, ABŞ Konqresində qondarma "soyqırım"ın tanınması ilə bağlı birinci cəhd deyildi. Bundan əvvəl də ABŞ Konqresində bu məsələnin tanınması üçün cəhdlər edildiyini xatırladan politoloq həmin cəhdlərin baş tutmamasının bir çox hallarda yəhudi lobbisinin dəstəyi sayəsində mümkün olmadığını deyib. Bu baxımdan da Rauf Mirqədirov hesab edir ki, bu gün Türkiyənin ABŞ-dakı yəhudi lobbisi tərəfindən niyə dəstəklənmədiyini söyləyəndə rəsmi Ankaranın yol verdiyi səhvlər də nəzərə alınmalıdı. "Hər bir dövlət hansısa məsələ ilə bağlı addım atanda birinci öz maraqlarını nəzərə almalıdı. Bu gün Azərbaycanın maraqları İsraillə əlaqələrin qurulmasını tələb edirsə, bu addımlar atılır. Türkiyə iqtidarında təmsil olunanlar da hansısa siyasi qərarlar verəndə birinci olaraq dövlətin maraqlarını nəzərə almalıdırlar ki, sonra ortaya problemlər çıxmasın".
   
   
Vüsalə Rafiqqızı
"Hərbçilərimizin döyüş hazırlığı yüksəkdir"
Zakir Həsənov: "Qoşunların bütün hərbi hissələri müasir silah, texnika ilə təmin olunub"
Ötən gün DİN Daxili Qoşunların baş idarəsində Daxili qoşunların komandanı, general-leytenant Zakir Həsənov bir qrup jurnalistlə görüşüb. Rəhbərlik etdiyi hərbi qurumla bağlı danışan Z.Həsənov bildirib ki, bu gün Daxili Qoşunlarda nizam-intizam yüksək səviyyədədir.
   
   
   
   Döyüş hazırlığının da yüksək səviyyədə olduğunu qeyd edən general əsgərlərin işğal olunmuş Azərbaycan torpaqlarını azad etməyə qadir olduğunu söyləyib: "Azərbaycan əsgəri ən yaxşı əsgərdir. Bu gün əsgərlərimiz qarşısında duran bütün vəzifələri yerinə yetirməyə hazırdır". Daxili Qoşunların əsgərlərinin döyüş hazırlığına toxunan Z.Həsənov bildirib ki, qoşunların bütün hərbi hissələri müasir silah, texnika ilə təmin olunub. General Həsənovun sözlərinə görə, daxili qoşun zabitləri dünyanın aparıcı dövlətlərinin hərbi məktəblərində və təlim mərkəzlərində təhsil alır, təlim keçir və bunu Azərbaycanda tətbiq edirlər: "Onu deyim ki, artıq digər xarici dövlətlər də Azərbaycan təcrübəsindən yararlanırlar. Biz ən müasir təhsil sistemi qurmuşuq və bu, döyüş hazırlığında öz nəticəsini göstərir". General-leytenant vurğulayıb ki, Daxili Qoşunların hərbi hissələrində ən müasir standartlara cavab verən mərkəzləşdirilmiş istilik sistemi ilə təmin olunan əsgər yataqxanaları, yeməkxanaları və tibb məntəqələri var. Alınan ərzaq məhsullarının keyfiyyətini müəyyən etmək üçün laboratoriya fəaliyyət göstərir: "Bütün bunlar da Ali Baş Komandan, Azərbaycanın dövlət başçısı İlham Əliyev cənablarının Azərbaycan ordusuna böyük qayğısının nəticəsidir".
   
   Bundan sonra brifinqdə iştirak edən jurnalistlər Daxili Qoşunların Sumqayıt şəhərində yerləşən "N" saylı hərbi hissəsində olub, əsgərlərin durumu və ümumi hərbi hissə ilə tanış olublar.
   
   İlk öncə sözügedən hərbi hissənin komandiri, polkovnik-leytenant Cavad Rzayev brifinq keçirərək KİV nümayəndələrinə hərbi hissənin yaranma tarixi, keçdiyi döyüş yolu barədə məlumat verib. C.Rzayev bildirib ki, hərbi hissə 1989-cu ildə Daxili Qoşunların milis taboru kimi yaradılıb: "1992-ci ildə isə hərbi hissə kimi formalaşdırılıb. Komandir bildirib ki, 12 mart 1992-ci ildə hərbi hissənin 472 nəfərdən ibarət şəxsi heyəti Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı Ağdam, Füzuli və Beyləqan bölgələrində döyüş əməliyyatlarında iştirak edib. 21 şəhid verib, 3 nəfər itkin düşüb. Ötən il ərzində xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə görə hərbi hissənin 136 hərbi qulluqçusu mükafatlandırılıb. Xidməti vəzifə borclarının icrasında yol verdikləri nöqsanlara görə 12 hərbi qulluqçu cəzalandırılıb". Hərbi hissənin şəxsi heyətinin mənəvi-psixoloji durumunun qənaətbəxş olduğunu qeyd edən C.Rzayev KİV nümayəndələrini əsgərlərin saxlanma şəraiti ilə tanış edib. Hərbi hissədə olan jurnalistlər əsgərlərlə birlikdə nahar ediblər.
   
   Bundan sonra jurnalistlər Daxili Qoşunların zabiti olmuş, 1992-ci ildə Azərbaycanın bütövlüyü uğrunda döyüşərkən qəhrəmancasına həlak olan Milli Qəhrəman Mətləb Quliyevin adına olan 3 saylı orta məktəbdə olublar. Qeyd edək ki, M.Quliyev vaxtilə sözügedən orta məktəbdə hərbi fəndən dərs deyib. Sözügedən orta məktəbdə "Cəsurlar" adlanan hərbi sinfin şagirdləri hərbi "tryuklar" göstəriblər. Daha sonra sinifdə şagirdlərin vətən haqqında şeirləri, işğal olunmuş torpaqlar, Milli qəhrəmanlar haqqında bilgiləri dinlənilib.
   
   
Anar Bayramoğlu
Parlamentdə hökumətin hesabatı dinləniləcək
Hesabat artıq kitab halında çap olunaraq deputatlara paylanıb
Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq, Milli Məclisin beşinci iclasında hökumətin 2009-cu ildə fəaliyyəti haqqında hesabatı dinləniləcək. Hökumətin hesabatı kitab halında çap olunaraq deputatlara paylanıb.
   
   Bu dinləmələrin keçirilməsi ölkədə qanunvericilik və icra hakimiyyəti orqanları arasında vəhdətin, iqtisadiyyatın aşkarlıq və demokratiya prinsipləri əsasında idarə edilməsinin, dövlət hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığın artmasının göstəricisidir.
   
   Təqdim olunmuş hesabat əvvəlki illərin hesabatları ilə müqayisədə geniş məlumat tutumlu olmaqla və təhlil xarakteri daşımaqla, daha ətraflı hazırlanıb. Sənəddə sosial-iqtisadi inkişafın ətraflı təhlili ilə yanaşı, ekologiya və fövqəladə hallar, institusional, xarici əlaqələr, dövlət təhlükəsizliyi, ictimai asayiş, müdafiə və ordu quruculuğu kimi sahələr də müqayisəli şəkildə əhatə olunub, məntiqi ardıcıllıq təmin edilib.
   
   Milli Məclisin beşinci iclasının martın 16-da keçirilməsi nəzərdə tutulub.
Ukrayna konsulluğunu partlatmaq istəyən şəxs güllələndi
Dünən səhər saatlarında İstanbuldakı Ukrayna konsulluğuna üzərində silah və bomba olduğunu söyləyən bir nəfər zorla binaya girməyə çalışıb.
   
   Lent.az-ın "cihan"a istinadən verdiyi məlumata görə, konsulluğun binasının qapısında olan təhlükəsizlik qüvvələri həmin şəxsi vuraraq zərərsizləşdirib.
   
   Yaralının üzərindən saatla qurulmuş bomba aşkarlanıb. Yaralı şəxs konsulluq binasının daxilində ilk müdaxilədən sonra xəstəxanaya aparılıb. Konsulluq ətrafındakı binalar boşaldılıb. Bombanı zərərsizləşdirmək üçün mütəxəssislər çağırılıb.
   
   İstanbul valisi Müəmmər Gülər deyib ki, məsələ siyasi xarakterli deyil, şəxsi problemdən qaynaqlanıb.
Yaxın günlərdə məsləhətləşmələr başlayacaq
Demokratiya Uğrunda İttifaqla Müsavat Partiyası bir araya gələcək
Demokratiya Uğrunda İttifaqla (DUİ) Müsavat Partiyası arasında bu il Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı yaxın günlərdə məsləhətləşmələr başlayacaq.
   
   Bu barədə APA-ya DUİ-də təmsil olunan Klassik Xalq Cəbhəsi partiyasının sədri Mirmahmud Mirəlioğlu məlumat verib. Onun sözlərinə görə, sonrakı mərhələdə digər siyasi partiyaların da bu müzakirələrə qatılması mümkündür.
   
   "Azadlıq" blokunun DUİ-nin müraciətinə mənfi cavab verməsinə gəldikdə, M. Mirəlioğlu deyib ki, bu məsələ qurumun Sədrlər Şurasında müzakirə edilib: "Onlar mövcud şəraitdə müzakirələri mümkün saymadılar, biz də bunu Sədrlər Şurasında müzakirə edib təəssüfümüzü bildirdik. Amma müzakirələrin davam etməsi haqda da qərar qəbul etdik. Mən inanıram ki, müxalifətin geniş koalisiyası alınacaq, "Azadlıq" blokunun da müsbət addımları olacaq. Biz buna inanırıq və güman edirik ki, onlar da müəyyən mərhələdə birgə müzakirələrə qatılacaqlar".
 
 
spacer
  Copyright (c) 2008 Bütün haqqları qorunur.
Content by azDesign.ws