
Müxalifət düşərgəsində birləşmə cəhdləri iflas təhlükəsiylə üzləşib. Belə ki, bu düşərgənin parlament seçkilərinə yeni seçki blokuyla qatılmaq istəkləri qarşısında olduqca ciddi əngəllər yaranmış kimi görünür. Hər halda, son günlər belə bir seçki blokunun yaradılmasıyla bağlı təkliflərin yeni ittihamlarla əvəzlənməsi belə düşünməyə tamamilə əsas verir.
Ən azından ona görə ki, cəmisi bir neçə həftə əvvəl birləşmənin mümkünlüyündən danışanların köhnə "palan içi" tökməyə xüsusi həvəs göstərmələri açıq-aşkar nəzərə çarpır. Bu baxımdan, müxalifət düşərgəsinin növbəti parlament seçkilərini də indiki qarşılıqlı münasibətlər sisteminin təsiri altında yola verməli ola biləcəkləri qətiyyən istisna deyil.
Onu da qeyd etmək lazımdır ki, belə vəziyyətin yaranmasının kifayət qədər ciddi səbəbləri mövcuddur. Və həmin səbəblərin mütləq əksəriyyətinin Müsavat və AXCP arasındakı münasibətlərin ənənəvi keyfiyyətindən qaynaqlandığını düşünmək mümkündür. Üstəlik, ortada olduqca paradoksal situasiya da var. Belə ki, Müsavat yeni seçki blokunda iştirak edə biləcək partiyaların sırasını konkretləşdirib. Həmin konkretləşdirməylə yeni seçki blokunun əhatə dairəsi "Elçibəy-Rəsulzadə xəttinə sadiq olan partiyalar" tezisi altında məhdudlaşdırılıb. İndiki qeyri-müəyyən və əlverişsiz situasiya da əslində məhz həmin tezisin ağırlıq yükündən qaynaqlanır.
Məsələ ondadır ki, "Elçibəy-Rəsulzadə xəttinə sadiq olan partiyalar" tezisinin özü kifayət qədər mübahisəli məsələdir. Belə ki, Müsavat bu tezisi irəli sürərkən əsasən AXCP və KXCP ilə əməkdaşlığı nəzərdə tutduğuna eyham vurur. Eyni zamanda, bu tezisin ADP-yə də aid edilə biləcəyini istisna etmir. Və bu tezisin mübahisəli məqamları da məhz bu məqamdan qaynaqlanır.
Məsələ ondadır ki, AXCP-nin "Elçibəy-Rəsulzadə xəttinə sadiq olan partiyalar" tezisinə hansı səviyyədə uyğun gəlməsi açıq-aşkar müəmmalı xarakter daşıyır. Ən azından ona görə ki, vaxtilə AXCP-nin parçalanmasıyla bağlı baş verən proseslər hələ unudulmayıb. Həmin dövrdə indiki AXCP təmsilçiləriylə Elçibəy tərəfdarlarının qarşılıqlı münasibətlərinin hansı keyfiyyətdə olması bu tezisin ciddiliyi ilə bağlı kifayət qədər suallar doğurmaqdadır. Hər halda AXCP-nin mərhum lideri Əbülfəz Elçibəylə indiki sədri Əli Kərimlinin qarşılıqlı münasibətlərində müəyyən ziddiyyətlərin və gərginliyin olması heç kəsə sirr deyil. Hətta bu barədə ölkə mətbuatında da kifayət qədər məlumatlar yer alıb.
Digər tərəfdən, AXCP-nin bir neçə qanada parçalanmasının özündə də siyasi-ideoloji ziddiyyətlərin xüsusir rol oynadığı qətiyyən şübhə doğurmur. Hər halda, bu yeni qurumların nizamnamə və məramnamələrində indi nə yazılmasından asılı olmayaraq, həmin partiyalar "Elçibəy-Rəsulzadə xəttinə sadiq olan partiyalar" tezisinə uyğun fəaliyyət göstərmiş olsaydılar, onda AXCP-nin parçalanmasına ümumiyyətlə, ehtiyac qalmazdı. Əgər parçalanma baş veribsə, deməli, bu siyasi qurumların siyasi xəttində kifayət qədər fərqlər və ziddiyyətlər mövcud olub. İndi həmin qurumları yenidən "Elçibəy-Rəsulzadə xəttinə sadiq olan partiyalar" tezisi altında bir araya gətirmək cəhdləri o qədər də uğurlu variant sayıla bilməz. Bu baxımdan, indiki AXCP ilə KXCP-nin necə ortaq mövqedən çıxış edə biləcəkləri kifayət qədər ciddi suallar doğurmaqdadır.
Təbii ki, eyni sözləri Müsavat-AXCP münasibətlərinə də aid etmək mümkündür. Ən azından ona görə ki, hələ AXCP-nin parçalanmasından əvvəl də Müsavatın Əli Kərimli tərəfdarlarıyla münasibətləri həmişə kəskin ziddiyyətlərlə müşayiət olunub. Üstəlik, Müsavat başqanı İsa Qəmbərlə AXCP sədri Əli Kərimlinin heç vaxt müttəfiqlik meylləriylə diqqəti çəkməkdiklərini də mütləq nəzərə almaq lazımdır. Hər halda, bu iki siyasətçi arasında həmişə davamlı gərginliyin olduğu heç kəsə sirr deyil. Əksinə, bu gərginlik Müsavat və AXCP-nin əsasən bir-birinə əks olan bloklarda yer almasına səbəb olub. Hətta formal birləşmə variantları da son nəticədə Müsavat və AXCP-nin üzv olduqları blokları sərt qarşılıqlı ittihamlarla parçalamalarına yol açıb. Buna misal kimi, 2005-ci ilin parlament seçkilərindən sonra "Azadlıq" bloku ətrafında baş verən prosesləri göstərmək mümkündür. Bu baxımdan, Müsavat və AXCP-nin ortaq seçki blokunda təmsil olunmasına əngəl törədən faktorlar, bunu mümkün edə biləcək amillərdən qat-qat daha ciddi və çoxsaylıdır.