Menyu
spacer


spacer
spacer
spacer spacer
spacer spacer
Saytda Axtar
Ətraflı axtarış
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer spacer
spacer spacer
Xəbər qrupuna abunə ol
Abunə ol
spacer
spacer
spacer
spacer
spacer
ATƏT PA-nın prezidentinin regiona səfəri başlayıb
Joao Soareş Azərbaycanda martın 13-də olacaq
ATƏT Parlament Assambleyasının prezidenti Joao Soareşin Cənubi Qafqaz regionuna səfəri başlayır. Region səfərinə ilk olaraq Gürcüstandan başlayan ATƏT PA sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana martın 13-də gələcək.
   
   
   
   Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, MM-in Aqrar-siyasət daimi komitəsinin sədri, millət vəkili Eldar İbrahimov bildirib ki, ATƏT PA sədrinin regiona səfəri çərçivəsində DQ regionundakı vəziyyət, əsasən də DQ münaqişəsinin nizamlanmasına dair müzakirələr aparılacaq. ATƏT PA-nın Dağlıq Qarabağ üzrə məruzəçisi Qoran Lenmarkerin də nümayəndə heyətinin tərkibində səfər etməsinə toxunan millət vəkili Qoran Lenmarkerin ATƏT PA sədrini müşayiət etdiyini bildirib. "Burada Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, münaqişə ətrafındakı vəziyyət müzakirə olunacaq. Qoran Lenmarker də bu münaqişə üzrə xüsusi məruzəçidi və onun da bu müzakirələrdə iştirakı lazımdı" deyən millət vəkili xüsusi məruzəçinin problemin həllinə dair hansısa sənəd hazırlayıb-hazırlamayacağı barədə məlumatsızdı. Bununla belə o, bundan əvvəl münaqişə ətrafındakı vəziyyətə dair hazırlanan məruzənin üzərinə qayıdılmasının gözlənilmədiyini deyib. "Hər halda ATƏT PA sədrinin səfəri zamanı keçiriləcək görüşlərdə DQ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycanın mövqeyi bir daha onun diqqətinə çatdırılacaq".
   
   
Vüsalə
Elmar Məmmədyarov Karl Lamersi qəbul edib
Qarabağ münaqişəsinin nizamlanmasına dair aparılan danışıqlar müzakirə olunub
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Almaniya Parlamentinin Müdafiə Komitəsinin sədr müavini, NATO Parlament Assambleyasının Siyasi Komitəsinin sədri Karl Lamersi qəbul edib.
   
   Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycanla Almaniya arasındakı münasibətlərin yüksək səviyyədə olmasından məmnunluq ifadə olunub, əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
   
   E. Məmmədyarov Azərbaycanın regiondakı rolu, Avropa-Avroatlantik institutları ilə əməkdaşlığı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair aparılan danışıqlar prosesi barədə də qonağa məlumat verib.
Əli Əhmədov: "Həmsədrlər üzərlərinə götürdükləri missiyanın məsuliyyətini dərk etməlidir"
"ATƏT-in Minsk Qrupunun həmsədrləri üzərlərinə götürdükləri missiyanın məsuliyyətini dərk etməlidir.
   
   Amma təəssüf ki, 1992-ci ildə yaradılmış ATƏT-in Minsk Qrupu indiyə qədər öz missiyasını başa çatdırmayıb". APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov partiyasının internet saytına açıqlamasında deyib. Ə. Əhmədov həmsədrlərin öz missiyalarına vicdanla və beynəlxalq hüquq normalarına uyğun yanaşacaqlarına inandığını söyləyib.
   
   
"Heç bunlardan danışmırsınız"
Misir Mərdanov: "Məktəblər var ki, valideynlərin onları təbrik etməməsi üçün qapılarını bağlayır"
"ABŞ-ın Azərbaycanda tələbələrinin əksəriyyətinin narkoman olması barədə hesabatını rədd edirəm"
"8 Martla bağlı nazirliyə müraciətlər daxil olur. Müraciətlərin sayı barədə dəqiq söz deyə bilmərəm. Mən mətbuatı gündəlik oxuyuram. Əslində, mən çox narahatam. 1-ci sinif uşağında müəlliməsinə nə qədər pul verdiyini soruşmaq bizim cəmiyyətimizə və mentalitetimizə yaraşmayan addımdır. Mən jurnalistləri bu tipli addımlardan çəkindirməyə çalışıram".
   
   
   
   
   
   Bu sözləri jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. Nazir bildirib ki, Azərbaycan təhsilində problemlər mətbuatda yazılan qədər çox da ciddi deyil: "Təhsilimiz inkişaf edir. Təəssüf ki, bir qrup jurnalist görülən işlərə qara yaxmağa çalışır. Mən onları bundan əl çəkməyə çağırıram. 8 Martdan on gün qabaq qəzet yazır ki, 50 milyon manat yığıblar. Belələrini məhkəməyə verəndə deyirlər ki, niyə belə eləyirsiniz? ABŞ Azərbaycan haqqında yanlış rəqəm elan edib ki, guya Azərbaycan tələbələrinin əksəriyyəti narkomandır. Sizin hamınız tələbə olmusunuz, yaxud tələbəsiniz, bəyəm narkomansınız? Niyə buna bir jurnalist səsini qaldırmadı, əksinə, elə bil, belə deyildiyinə sevinirlər. Hansısa jurnalist bunun əksini sübut eləyən bir yazı yazdımı? Tələbələrimizin 50 faizindən çoxu qızdır. Bəyəm qızlarımız narkomandır? Ona görə də mən bizim cəmiyyətdə, mətbuatda bu hadisələrə münasibətdən çox narahat və narazıyam. Bu fikirlərlə qətiyyən razılaşa bilmərəm. Azərbaycan qızına ləkə yaxmaq olmaz. Mən bu fikirlərin hamısını rədd edirəm. O sözləri deyən Amerikada bütün dünyada istifadə olunan narkotikin 60 faizi istehsal olunur. Məni əsəbiləşdirən odur ki, jurnalistlər bu xəbərləri qəzetin birinci səhifəsinə çıxarırlar". Nazir deyib ki, jurnalistlər cəmiyyətə örnək olan məktəblərin təcrübəsini qabartmalıdırlar: "Azərbaycanda 4500 məktəbin ikisində mənfi hallar varsa, onları deyil, yaxşı məktəbləri önə çəkmək lazımdır. Məktəblər var ki, valideynlərin onları təbrik etməməsi üçün qapılarını bağlayır. Lakin heç bunlardan danışmırsınız".
Ermənistan prezidenti Fransaya gedib
Ermənistan prezidenti Serj Sarkisyan Fransaya rəsmi səfərə yola düşüb.
   
   APA-nın "Armenia today" portalına istinadən verdiyi məlumata görə, 9-11 mart tarixlərində gerçəkləşəcək səfər zamanı S. Sarkisyan Fransa prezidenti, Senat sədri və digər rəsmi şəxslərlə görüşəcək. Görüşlərdə ikitərəfli münasibətlər və Dağlıq Qarabağ münaqişəsinin həlli diqqət mərkəzində olacaq.
Ermənistan sərbəstlik qazandı
Qonşu ölkə istənilən beynəlxalq saziş qüvvəyə minənədək ondan imzasını geri götürmək hüququ əldə edib
Ermənistan prezidenti Serj Sarkisyan "Beynəlxalq müqavilələr haqqında" qanuna dəyişiklikləri nəzərdə tutan sənədə imza atıb. Bununla da Ermənistan hər hansı beynəlxalq saziş qüvvəyə minənədək ondan imzasını geri götürmək hüququ əldə edib.
   
   Xatırladaq ki, Ermənistan parlamenti "Beynəlxalq müqavilələr haqqında" qanuna dəyişikliklərlə bağlı sənədi fevralın 25-də qəbul edib. Bu sənəd Ermənistanın Türkiyə ilə imzalanmış protokollardan istədiyi vaxt imzasını geri götürməyə imkan verir.
   
   
Denktaş "erməni soyqırımı" qərarını tənqid edib
Şimali Kipr Türk Cümhuriyyətinin keçmiş prezidenti Rauf Denktaş ABŞ Konqresi Nümayəndələr palatasının Xarici Əlaqələr Komitəsində qəbul olunan "erməni soyqırımı" qərarını tənqid edərək Osmanlı dönəminin bütün arxivlərinin ermənilərin dediklərini təkzib etdiyini bildirib.
   
   APA-nın məlumatına görə, keçmiş ŞKTC prezidenti bu barədə İstanbulda qatıldığı bir toplantıda bəyan edib. "Qərarda dönəmin yüksək rütbəli rəsmiləri günahlandırılıb, bu ittihamların davam etməsinə yol verilə bilməz",- deyə Denktaş əlavə edib.
Prezident türkiyəli həmkarına başsağlığı verib
Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin Əlazığ vilayətində baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı Türkiyə prezidenti Abdulla Gülə başsağlığı verib.
   
   APA-ın xəbərinə görə, başsağlığı teleqramının mətnində prezident zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbərdən olduqca kədərləndiyini bildirib: "Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm".
Novruz bayramına az qaldı
Ölkə ərazisində 9 qeyri-iş günü olacaq
Novruz bayramında ölkə ərazisində 9 qeyri-iş günü olacaq. Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri Akif Əli ilə dəqiqləşdirdiyimiz məlumata görə, NK-nın 2009-cu ilin noyabr ayında qəbul etdiyi qərara əsasən, martın 20, 21, 22, 23 və 24-ü Azərbaycanda Novruz bayramı hesab olunur.
   
   Qanunvericiliyə uyğun olaraq həmin günlər iş günü hesab edilmir. Eyni zamanda Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən, həftələrarası istirahət günləri ilə iş günü hesab olunmayan bayram günləri üst-üstə düşdükdə, həmin istirahət günləri də bayram günündən sonrakı növbəti iş günlərinə keçirilir. Bu il də martın 20-si və 21-i həftənin şənbə və bazar günlərinə düşdüyündən onların əvəzinə martın 25-i - cümə axşamı və martın 26-sı - cümə günü də qeyri-iş günü hesab olunur. Martın 27-si şənbə, 28-i isə bazar günləridir və həmin günlər də qeyri-iş günüdür. Bununla da Novruz bayramı ilə əlaqədar ölkə ərazisində 9 qeyri-iş günü olacaq.
Məlahət Bülənt Arınc: "Konqresdəki səsvermə komediya yox, tragikomediya idi"
"Bəziləri Konqresdəki səsverməyə komediya deyir, amma məncə, bu tragikomediya idi".
   
   APA-nın məlumatına görə, Türkiyə baş nazirinin müavini və dövlət naziri Bülənt Arınc bu ifadəni ABŞ Konqresi Xarici Əlaqələr Komitəsində qəbul olunmuş qərarı şərh edərkən işlədib.
   
   "Türkiyənin parlament sistemində belə bir hadisə heç vaxt baş verməyib. Səsvermə saatlarla keçirilə bilməz. Komitə sədri açıq-aşkar qərarı keçirmək istəyirdi və bunun üçün hər vasitədən istifadə etdi", deyə o əlavə edib.
Türkiyə prezidenti baba olub
Abdullah Gülün ilk nəvəsi dünyaya gəlib
Türkiyə prezidenti Abdullah Gül baba olub. APA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, martın 8-də prezidentin ilk nəvəsi dünyaya gəlib.
   
   Abdullah Gülün qızı Kübra Gül Sarımərmər martın 8-də saat 23:30 radələrində İstanbuldakı özəl xəstəxanaların birində qız anası olub.
   
   Prezident və xanımı gecəni xəstəxanada keçiriblər. Baba olmağın sevincini yaşayan Abdullah Gül ilk nəvəsini qucağına alaraq əzizləyib. Körpə və anasının sağlıq durumunun qənaətbəxş olduğu bildirilir.
BAXCP deputatlığa namizədlərini müəyyənləşdirir
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib.
   
   Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda İdarə Heyətinin üzvləri BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Milli Məclisin ötən toplantısında ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsində uydurma "erməni soyqırımı" ilə bağlı qətnamə layihəsinin qəbul edilməsinə etirazını, eləcə də partiya sədrinin verdiyi bəyanatı birmənalı olaraq dəstəklədiklərini bildiriblər.
   
   Partiyanın parlament seçkilərinə hazırlığını müzakirə edən İH üzvləri namizədlərin müəyyənləşdirilməsi prosesinin başa çatmaq üzrə olduğunu vurğulayıblar. Bu prosesin martın sonunadək başa çatdırılması qərarlaşdırılıb və partiyanın icra strukturlarına müvafiq göstəriş verilib.
Lalə Şövkət 100 min manatın davasını aparır
ALP lideri "Ölkə" qəzeti ilə bağlı yenidən məhkəməyə müraciət edib
Azərbaycan Liberal Partiyasının (ALP) lideri Lalə Şövkət "Ölkə" qəzeti ilə bağlı yenidən Yasamal Rayon Məhkəməsinə müraciət edib.
   
   ALP-nin sədr əvəzi Əvəz Temirxanın APA-ya verdiyi məlumata görə, iddia məhkəməyə ötən gün təqdim olunub. Ə. Temirxan bildirib ki, məhkəmənin ötən dəfə edilən iddia ərizəsi ilə bağlı iradı düzəldilib və Orxan Sultanəli imzalı şəxs müəyyən edilmədiyi üçün onunla bağlı məqam iddiadan çıxarılıb. Yeni təqdim olunan iddia ərazisində cavabdeh kimi qəzetin baş redaktoru Rəfael Becanov göstərilib. Lalə Şövkət cavabdehin atılmış böhtanı təkzib etməsini, üzr istəməsini, dəymiş mənəvi ziyana görə 100 min manat məbləğində cərimə edilib bütün məbləğin Bilgəh qəsəbəsində yerləşən Müharibə və Əmək Əlilləri üçün Pansionatın hesabına köçürülməsini tələb edib.
   
   Qeyd edək ki, Lalə Şövkət "Ölkə" qəzetinin 11 fevral 2010-cu il tarixli sayında dərc olunan "Madam" ləqəbli "KQB" agenti" yazısında şərəf və ləyaqətinin təhqir olunduğu bildirib.
"Azadlıq" bloku seçki bloku yaradır
Amma ola bilər ki, fərqli bir ad da seçilsin
"Azadlıq" blokunun parlament seçkiləri ilə bağlı yaradacağı seçki blokunun tərkibi geniş olacaq. Bu barədə APA-ya blokda təmsil olunan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev məlumat verib.
   
   Onun sözlərinə görə, seçki blokuna "Azadlıq" Siyasi Blokunda təmsil olunan partiyalardan başqa daha bir neçə siyasi qurumun və ictimai təşkilatın qatılacağı gözlənilir: "Həmin partiyalarla danışıqlar aparılıb, amma hələlik yekun qərar yoxdur. Bu həftə blokun formalaşması ilə bağlı qərar qəbul etmək fikrindəyik".
   
   Ə. Əliyev yaranacaq seçki blokunun adının "Azadlıq" seçki bloku adlanacağını istisna etməyib: "Amma ola bilər ki, fərqli bir ad da seçilsin. İstənilən halda cəmiyyət biləcək ki, bu blok "Azadlıq" blokunun bazasında yaradılır".
 
 
spacer
  Copyright © 2008 Bütün haqqları qorunur.
Content by azDesign.ws