Menyu
spacer


spacer
spacer
spacer spacer
spacer spacer
Saytda Axtar
Ətraflı axtarış
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer spacer
spacer spacer
Xəbər qrupuna abunə ol
Abunə ol
spacer
spacer
spacer
spacer
spacer
"Bu seçkilərdə fərqli bir BQP ortaya çıxacaq"
Fazil Mustafa: "Biz öz potensialımızı bu dəfə daha ciddi şəkildə ortaya qoyacağıq"
-Hər halda daha uğurlu nəticələr əldə etmək üçün müəyyən hazırlıq işləri görürük...
Ölkədə fəaliyyət göstərən siyasi partiyalar payızda keçiriləcək parlament seçkilərində aktiv iştirak etmək niyyətindədirlər. Görünən odur ki, Milli Məclisdə mandat qazanmaq uğrunda hər bir partiya öz səylərini göstərmək, bacarığını, qabiliyyətini ortaya qoymaq niyyətindədir.
   
   Təşkilatların hələ ki, bloklarda və yaxud da ayrı-ayrılıqda seçki prosesinə qatılacağı tam məlum olmasa da, artıq bir neçə qurum namizədlərin müəyyənləşdirilməsi istiqamətində müəyyən addımlar atırlar. Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa ilə müsahibəmizdə parlament seçkiləri öncəsi ictimai-siyasi vəziyyətə, rəhbərlik etdiyi qurumun seçkilərə hazırlıq səviyyəsinə və digər məsələlərə toxunduq. F.Mustafanın qənaətincə, payızda keçiriləcək parlament seçkiləri öncəsi hələ də qeyri-müəyyənlik özünü qoruyub saxlayır...
   
   
   
   - Hələ də siyasi partiyalar haqqında qanunun qəbul olunmaması, partiyaların cəmiyyətdə yerini, öz siyasətini, hansı çəkiyə malik olmasını müəyyənləşdirməsinə xeyli çətinlik yaradır. Ona görə də bu seçki prosesində partiyaların aktivliyi necə olacaq, təşkilatların seçkilərdə iştirak imkanları nə səviyyədə olacaq, bunu müəyyən etmək çətindir. Amma bütün hallarda hesab edirəm ki, bizdə kifayət qədər praktika var. Artıq Azərbaycan 20 ilə yaxındır ki, müstəqil dövlətdir və bu müddət ərzində bir neçə dəfə seçkilər keçirilib. Yəni seçki təcrübəsi, cəmiyyətin həyatında seçki prosesi kifayət qədər aktualdır. İnsanların informasiyası kifayət qədər genişdir. Hər halda çalışmalıyıq ki, Avropanın, beynəlxalq qurumların da qəbul etdiyi demokratik seçkilərin keçirilməsinə nail ola bilək.
   
   - Rəhbərlik etdiyiniz partiya seçkilərə necə hazırlaşır?
   
   
- BQP parlament seçkilərinə ciddi şəkildə hazırlaşır. Amma bununla bağlı bizdə hələ ki, siyasi qərar verilməyib. Qərar verən orqan BQP-nin Ali Məclisidir. Biz Ali Məclisin iclaslarında istəyirik ki, bütün məsələlər tam çılpaqlığı ilə müzakirə olunsun, seçkilərə hansı formada getmək məsələsi, blok şəklindəmi, təkbaşınamı, bunlar aydınlaşsın. Çalışacağıq ki, bu kimi məsələləri həll edəndən sonra seçkidə iştirak formasını da cəmiyyətə açıqlayaq. Amma bütün hallarda ötən ilin bələdiyyə seçkiləri ilə birlikdə bizdə parlament seçkilərinə hazırlıq prosesi də davam edib. Bu gün də partiyanın seçki qərargahı fəal şəkildə çalışır, yerli təşkilatlanma işləri sürətləndirilib.
   
   - Belə çıxır ki, seçkilərə digər partiyalarla blok şəklində qatılmağı istisna etmirsiz...
   
   
- Prosesə blok şəklində qatılmaq da imkanlardan biridir. Amma hələ ki, bununla bağlı qeyri-rəsmi formada müzakirələr gedir. Rəsmi formada qərar o zaman olacaq ki, BQP-nin Ali Məclisi yekun qərar verəcək. Bundan sonra digər siyasi təşkilatlarla rəsmi şəkildə, rahatlıqla danışıqlar apara bilərik. Ola bilsin ki, seçki bloku yox, hansısa bir siyasi əməkdaşlıq bloku yaransın. Yəni bu mümkündür. Seçkilər ərəfəsində isə taktiki vəziyyət əgər bizim istədiyimiz kimi diktə edərsə, onda blok formalaşdırmaq olar. Bu olmasa, təkbaşına seçkiyə qatılacağıq.
   
   - Əməkdaşlıqla bağlı qeyri-rəsmi söhbətlər hansı təşkilatlarla aparılır?
   
   
- Belə söhbətlər daha çox Ədalət Partiyası ilə, BAXCP və onların rəhbərliyi ilə aparılır. Amma qələmdə olanı kağıza köçürmək reallaşmayıb.
   
   - Son vaxtlar seçkidə iştirak edəcək partiyalar namizəd seçimində kəmiyyətə deyil, daha çox keyfiyyətə, cəmiyyətdə nüfuzu olan, savadlı insanlara yer verəcəklərini açıqlayırlar. BQP namizəd seçimini hansı prinsiplərlə həyata keçirəcək?
   
   
- Biz ilkin növbədə kəmiyyətə üstünlük verməyi düşünürük. Qanunvericiliyin tələbi ilə televiziyada efir vaxtı almaq üçün, təbliğatı geniş formada aparmaq üçün namizədlərin sayı çox olmalıdır. Ona görə də rayon təşkilatlarına daxil olan, nisbətən namizədliyini verəcəyi dairədə nüfuzu olan şəxslərin seçkidə iştirak etməsinə çalışacağıq. Bu, önəmli məsələdir. Həmçinin əlbəttə ki, çalışmaq lazımdır ki, intellekti, cəmiyyətdə nüfuzu olan adamlar öndə dayansınlar. Onu deyim ki, bu seçkilərdə fərqli bir BQP ortaya çıxacaq. Biz öz potensialımızı bu dəfə daha ciddi şəkildə ortaya qoyacağıq. Açığı mən xoşlamıram ki, əvvəlcədən nəyisə deyəsən, şişirdəsən, ay nə bilim seçkidə "qaz vurub qazan dolduracağıq", bu qədər namizəd irəli sürəcəyik. Hər halda daha uğurlu nəticələr əldə etmək üçün müəyyən hazırlıq işləri görürük. Çalışacağıq ki, seçkilərdə yüksələn performansımızı davam etdirək.
   
   - Bəzi şəxslər açıqlamalarında bildirirlər ki, BQP seçkilərdə bütün dairələr üzrə namizəd irəli sürə bilməz. Yəni o baxımdan ki, BQP-də üzvlərin sayı buna imkan vermir...
   
   
- Bu sözləri bizim partiya haqqında ötən ilin bələdiyyə seçkiləri öncəsi də deyirdilər. Amma görünən o oldu ki, əgər bir partiya bələdiyyə seçkilərində 700-dən artıq namizəd irəli sürürsə və bunların da 140-dan çoxu seçilirsə, bu, təşkilatın kifayət qədər normal potensiala sahib olmasının göstəricisidir. Sadəcə olaraq bizim bir xüsusiyyətimiz var ki, əvvəlcədən özümüzün imkanlarımızı şişirtmirik. Bu, olduqca vacib məsələdir. Ona görə ki, sonra bu imkanları ortaya qoymayanda müəyyən inamsızlıq yaranır. Biz hər zaman ölçülü-biçili hərəkət edirik ki, sabah istənilən sualı cavabsız buraxmayaq. BQP haqqında müxtəlif sözlər deyilə bilər. Bu gün Azərbaycanda bir lağım müxalifəti formalaşmaqdadır. Yəni bu cür siyasilər torpağın altından lağım atırlar, üzdə isə deyirlər ki, "biz müxalifətik". Biz öz addımımızla torpağın üzərində yeriyirik. Torpağın altından lağım ataraq hakimiyyətlə danışığa gedib nəsə əldə etməyi düşünmürük. BQP parlament seçkilərində bugünkü lağım müxalifətindən fərqli taktika ortaya qoyacaq. Uğur qazanacağımıza da inanıram.
   
   - Müxalifət tərəfindən parlament seçkilərinin müxalifət üçün dönüş nöqtəsi olduğu səsləndirilir. Sizcə, seçkilərdə nəsə dəyişəcəkmi?
   
   
- İki cür dönüş nöqtəsi var. Biri var geriyə dönəsən, biri də sağa və yaxud da sola dönüşdür. Mən isə hesab edirəm ki, irəliləyiş nöqtəsi haqqında düşünmək lazımdır. Dönüş nöqtəsi əslində məğlubiyyət nöqtəsi anlamını verir. Yəni bu, irəliyə yox, ya geriyə, ya da ki, sağa, sola addım atmaqdır. Ona görə də dönüş nöqtəsi deyiləndə nəyin nəzərdə tutulduğunu anlamıram.
   
   - Beynəlxalq məsələ ilə bağlı nə düşünürsüz? Bir neçə gün öncə ABŞ Konqresinin komitəsi qondarma "erməni soyqırımı" haqqında qərar çıxardı. Görünən odur ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı deyil. Həmçinin Türkiyə ilə bu vaxta kimi olan müttəfiqliyi mənasızmış...
   
   
- Mən konqresin komitəsinin qəbul etdiyi qərarı Türkiyə buxımından müsbət hadisə kimi qiymətləndirirəm. Çox istərdim ki, Türkiyə bu məsələdə, ümumiyyətlə, ABŞ rəhbərliyinə qarşı yumşaldıcı mövqe tutmasın. Çünki bu addımın atılmasının bir növ indiki vəziyyətdə Türkiyəyə xeyri var. O mənada ki, ABŞ-ın indiki halda bölgədə bu qədər zəif olduğu halda problemin çözülməsi Türkiyə üçün daha yaxşıdır, nəinki bunun o biri illərə təxirə salınması. Çünki İraq və Əfqanıstan problemi ilə üz-üzə qalan ABŞ-ın yeni bir Türkiyə probleminin yaranmasının səbəblərini ictimaiyyətə izah etməyə heç bir imkanı olmayacaq. Türkiyənin bu qərara sərt təpki göstərməklə ABŞ-la müttəfiqlikdən uzaqlaşması üçün daha əlverişli imkan vardı. Məncə, Türkiyə bu imkanı qaçırdı. Qardaş ölkə bunun üzərinə getməli və deməli idi ki, "buyurun "erməni soyqırımı"nı tanıyın. Bu qərarın Türkiyə, türk xalqı üçün heç bir mənası yoxdur". Yəni belə açıqca jest etməklə Türkiyə saymazyana şəkildə ABŞ-ın bu qərarının mənasız olduğunu dünyanın diqqətinə çatdıra bilərdi. ABŞ rəhbərliyi bütün hallarda Türkiyə ilə müttəfiqliyi pozmağa maraq göstərməyəcəkdi. Ona görə ki, İraqdan qoşun çıxmalıdır. ABŞ həmin qoşunun yerini nə ilə dolduracaq, Türkiyənin dəstəyi olmadan ABŞ İraqda vəziyyəti sabitləşdirə biləcəkmi? Xeyr, bu, mümkün deyil. Bugünkü qədər ABŞ-ın mövqeyinin bölgədə zəif olduğu zaman olmayıb. Amerikanın gələcəkdə güclü vaxtında bu addımı atmağındansa, indiki məqamda atmağı daha yaxşı idi. Təəssüf ki, Türkiyə başqa yol tutdu. Yəni Ermənistan-Türkiyə münasibətlərinin çətinləşəcəyi bəhanəsi ilə Amerikanın Türkiyə üzərinə minnət qoymasına şərait yaratdı. Məncə, bu, yanlış siyasət idi. Hər halda yenə də gec deyil. Türkiyə, ümumiyyətlə, "soyqırım"la bağlı qərarın verilməsinə əhəmiyyət verməməlidir. Deməlidir ki, buyur qəbul et, mən də sənin qərarını saymıram. Bunun ardınca ABŞ irəliyə heç bir addım ata bilməyəcək. İraqdan, İrandan, Əfqanıstandan sonra yeni bir düşmən Amerika xalqının, ictimaiyyətinin marağındadırmı? ABŞ-ın "erməni soyqırımı" ilə bağlı qərarı və Türkiyənin buna sərt təpkisi, müttəfiqliyin itməsi Amerika hakimiyyətinin ziyanına olardı. Yəqin ki, bundan sonra konqresdə bu məsələ qəbul olunmayacaq. Ümumiyyətlə, inanmıram ki, gündəliyə çıxarılsın. Çünki Amerika ictimaiyyətində artıq qondarma erməni soyqırımı məsələsi öz populyarlığını azaltdı. Bu, ABŞ-ın xarici siyasəti, ölkənin maraqları üçün əlverişli deyil. Bir amerikalı üçün bu qədər problemlər olduğu bir şəraitdə yeni bir Türkiyə probleminin yaranması nə qədər faydalıdır? Bunu Amerikanın sadə vətəndaşı belə ağlına gətirməz və yanlış hesab edər.
   
   
Anar Bayramoğlu
 
 
spacer
  Copyright © 2008 Bütün haqqları qorunur.
Content by azDesign.ws