Yaxın günlərdə məsləhətləşmələr başlayacaq
Demokratiya Uğrunda İttifaqla Müsavat Partiyası bir araya gələcək
Demokratiya Uğrunda İttifaqla (DUİ) Müsavat Partiyası arasında bu il Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı yaxın günlərdə məsləhətləşmələr başlayacaq.
Bu barədə APA-ya DUİ-də təmsil olunan Klassik Xalq Cəbhəsi partiyasının sədri Mirmahmud Mirəlioğlu məlumat verib. Onun sözlərinə görə, sonrakı mərhələdə digər siyasi partiyaların da bu müzakirələrə qatılması mümkündür.
"Azadlıq" blokunun DUİ-nin müraciətinə mənfi cavab verməsinə gəldikdə, M. Mirəlioğlu deyib ki, bu məsələ qurumun Sədrlər Şurasında müzakirə edilib: "Onlar mövcud şəraitdə müzakirələri mümkün saymadılar, biz də bunu Sədrlər Şurasında müzakirə edib təəssüfümüzü bildirdik. Amma müzakirələrin davam etməsi haqda da qərar qəbul etdik. Mən inanıram ki, müxalifətin geniş koalisiyası alınacaq, "Azadlıq" blokunun da müsbət addımları olacaq. Biz buna inanırıq və güman edirik ki, onlar da müəyyən mərhələdə birgə müzakirələrə qatılacaqlar".