Sümüklər 15 il çürüməyəcək
Quba məzarlığındakı prosesin qarşısı alınıb
"Bir müddət öncə Quba məzarlığından götürülən insan sümüklərinin bir qismi tədqiq olunması üçün Səhiyyə Nazirliyinə verilib.
İş başa çatdıqdan sonra Səhiyyə Nazirliyi soyqırım qurbanı olan soydaşlarımızın sümüklərini məzarlıqdakı yerinə qaytaracaq". Bu fikirləri Quba məzarlığında işləyən ekspedisiya qrupunun rəhbəri, Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi Qəhraman Ağayev bildirib. O əlavə edib ki, nazirlik sümükləri geri qaytarandan sonra ekspedisiya üzvləri onları əvvəlki yerində yerləşdirəcəklər. Q.Ağayevin sözlərinə görə, Səhiyyə Nazirliyində sümüklərin çürüməsinin qarşısının alınması üçün 6 mərhələdə iş görülür: "Artıq 3 mərhələ arxada qalıb. Sümüklərə "fomalin" məhlulu vurublar. Daha 3 mərhələ qalır. Bu mərhələlərdən keçəndən sonra sümüklərdə 15 il çürümə prosesi olmayacaq".
Qubadan deputat seçilən Yevda Abramov isə "modern.az" saytına bildirib ki, havalar yaxşılaşan kimi Quba kütləvi məzarlığında muzeyin tikilməsi işlərinə start veriləcək.