Lalə Şövkət 100 min manatın davasını aparır
ALP lideri "Ölkə" qəzeti ilə bağlı yenidən məhkəməyə müraciət edib
Azərbaycan Liberal Partiyasının (ALP) lideri Lalə Şövkət "Ölkə" qəzeti ilə bağlı yenidən Yasamal Rayon Məhkəməsinə müraciət edib.
ALP-nin sədr əvəzi Əvəz Temirxanın APA-ya verdiyi məlumata görə, iddia məhkəməyə ötən gün təqdim olunub. Ə. Temirxan bildirib ki, məhkəmənin ötən dəfə edilən iddia ərizəsi ilə bağlı iradı düzəldilib və Orxan Sultanəli imzalı şəxs müəyyən edilmədiyi üçün onunla bağlı məqam iddiadan çıxarılıb. Yeni təqdim olunan iddia ərazisində cavabdeh kimi qəzetin baş redaktoru Rəfael Becanov göstərilib. Lalə Şövkət cavabdehin atılmış böhtanı təkzib etməsini, üzr istəməsini, dəymiş mənəvi ziyana görə 100 min manat məbləğində cərimə edilib bütün məbləğin Bilgəh qəsəbəsində yerləşən Müharibə və Əmək Əlilləri üçün Pansionatın hesabına köçürülməsini tələb edib.
Qeyd edək ki, Lalə Şövkət "Ölkə" qəzetinin 11 fevral 2010-cu il tarixli sayında dərc olunan "Madam" ləqəbli "KQB" agenti" yazısında şərəf və ləyaqətinin təhqir olunduğu bildirib.