
"Qadın Konsensus Mərkəzi" İctimai Birliyi Azərbaycanda qeyri-ənənəvi dini təriqətlərin fəaliyyətinin araşdırılması, monitorinqi və bu yöndə ictimai məlumatlandırmanın təşkili" layihəsi çərçivəsində elan etdiyi jurnalist müsabiqəsinin yekunları ilə bağlı dünən Atatürk Mərkəzində "dəyirmi masa" keçirdi.
Birliyin sədri, millət vəkili Aynur Quliyeva müsabiqə barədə məlumat verərək bildirdi ki, adıçəkilən layihə QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilib. Layihə çərçivəsində Bakı və Sumqayıt şəhərlərində keçirilmiş sosialoji sorğu çox ilginc və təhlükəli faktları üzə çıxarıb: "Bizim üçün belə bir sorğu keçirmək, araşdırma aparmaq, insanların qeyri-ənənəvi təriqətlərə münasibətini öyrənmək çox maraqlı idi. Nəticələr isə çox gözlənilməz oldu. Və təhlükəlilik baxımından bu problemin ölkə üçün aktual olduğunu üzə çıxardı. Həmçinin jurnalist müsabiqəsi nəticəsində də biz çox ilginc məlumatlarla qarşılaşdıq. Məsələn, jurnalist araşdırmaları nəticəsində üzə çıxıb ki, İbrahimilər deyilən bir təriqət var. Bu təriqət 12-13 yaşlı qızların ərə verilməsini məqbul sayır. Belə məlumatlar, qeyri-ənənəvi dini təriqətlərin fəaliyyəti barədə geniş yazılar təqdim olunub. Aşkar görünən budur ki, bu təşkilatlar Azərbaycana elə-belə gəlməyiblər. Hər gəlişin arxasında gizli bir məqsəd, insanları yanlış yönə istiqamətləndirmə dayanır. Məsələn, "Yəhova şahidləri"nin fəaliyyəti Avropa ölkələrində qadağan olunub. Ancaq bu təriqət dünənədək Azərbaycanda zərərli fəaliyyət göstərirdi. Zərərli cəhət bundan ibarətdir ki, bu təriqət müharibəni, hərbi xidməti qəbul etmir, gənclərin əlinə silah almasını qadağan edir. Biz də müharibəyə, qan-qadaya qarşıyıq. Amma torpaqlarımızın 20 faizi işğal altında olduğu bir vaxtda gənclərimizi hərbi xidmətdən yayındırmağa yönələn bir fəaliyyət hansı nəticələrə gətirib çıxara bilər, təsəvvür etmək çətin deyil. Dini təriqətlərə qarşı maarifləndirmə yolu ilə mübarizə aparılmalıdır. İnsanlar o dərəcədə maariflənməlidir ki, yaxşı ilə pisi, xeyirli olanla zərərli olanı ayırd edə bilsinlər".
Dini məsələlər üzrə ekspert Elşad Miri qeyri-ənənəvi dini təriqətlərin artıq virtual fəaliyyətə keçdiyini, müxtəlif saytlar vasitəsilə internetdə cəlbedici informasiyalar yerləşdirdiklərini, internetlə daim təmasda olan gənclərin də bircə dəfə bu sayta daxil olmaqla onların "əsirinə" çevrildiyini dedi. "Mən özüm bunu yoxlamışam. Məlumatların altında əlaqə telefonları da qeyd edilir. Elə ki, telefona zəng edirsən, çox cəlbedici bir səs səninlə danışmağa başlayır, səni söhbətə çəkir, görüş yeri təyin edir, ünvanı göstərir, beləliklə, bir də görürsən ki, bu təriqətin üzvünə çevrilmisən". E.Miri qeyri-ənənəvi dini təriqətlərlə effektiv mübarizə aparmaq üçün orta məktəblərdə dinin tədris olunmasını, islam dini haqqında ibtidai şəkildə də olsa məlumat verilməsini vacib saydı.
Millət vəkili Həvva Məmmədova dini təriqətlərin bir vaxtlar qaçqın şəhərciklərinə də ayaq açmağa cəhd etdiyini, lakin dövlət strukturları tərəfindən bunun qarşısının alındığını dedi. "Harda ki, müharibə gedir, missioner təşkilatlar ora ayaq açır. Missionerlər müharibə şəraitindən istifadə etməyə çalışırlar".
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Mahir Məmmədov isə qeyd etdi ki, beynəlxalq hüquq dini təriqətlərin fəaliyyətini qadağan etmir. Lakin dini təriqətlər qeydiyyata alınarkən və sonrakı mərhələdə də onların fəaliyyətinə ciddi nəzarət olunur. Dini təriqətlərin fəaliyyətində dövlətçilik əleyhinə zərərli məqamlar varsa, bölücü ekstremist fəaliyyət aşkarlanarsa, onların qeydiyyatı ləğv edilir. Azərbaycanda qeyri-ənənəvi dini təriqətlər problemi var, lakin problemin həllinə radikal dini təriqətlərin fəaliyyətini məhdudlaşdırmaqla problemin həllinə çalışılır.
Daha sonra çıxış edən "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı dini maarifçiliyin aparılmasında jurnalistlərin bir sıra çətinliklərlə qarşılaşdığını dedi: "Əsas problem bundadır ki, dini sahədə ekspertlər yoxdur. Tanıdığımız bir-iki nəfər var ki, efirə çıxır, müəyyən məsələlərə münasibət bildirir. Dini sahədə yazmaq istəyən, bu sahədəki problemləri işıqlandırmaq istəyən jurnalist kimə müraciət etsin? "Yeni Nəsil" Æurnalistlər Birliyi dini sahədə yazan jurnalistlərin maarifləndirilməsi layihəsini həyata keçirdi. Adından da görünür ki, ancaq jurnalistlər maarifləndirildi. Æurnalist araşdırma aparır. Axı jurnalist prokuror deyil, müstəntiq deyil ki, zərərli dini təriqətin fəaliyyətinin qarşısını alsın. Æurnalist ancaq yaza bilər, ictimaiyyəti məlumatlandıra bilər. Mətbuatın əsas missiyası maarifləndirməkdir. Ancaq təəssüf ki, maarifçiliklə biznes bir araya sığmır".
Hüquq müdafiəçisi Çingiz Qənizadə dini sektaların fəaliyyətinin genişlənməsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini günahlandırdı. Qafqaz Müsəlmanları İdarəsini də tənqiddən kənar qoymayan hüquq müdafiəçisi yas məclislərindəki ifratçılığın qarşısının alınmasını vacib sayır: "Biz həmişə danışırıq ki, hazırkı formada yas məclisləri keçirilməsi qadağan edilməlidir. Amma Təzə Pir məscidi təmir olundu və orada 6 gözəl zal məhz dini mərasimlər üçün nəzərdə tutulub. Təzə Pir məscidinə girən kimi adamı yağın, bozbaşın iyi vurur". Ç.Qənizadə dini maarifləndirmə sahəsində telekanalların da fəaliyyətini kəskin tənqid etdi.
Müzakirələr başa çatdıqdan sonra millət vəkili Aynur Quliyeva müsabiqənin qaliblərini təqdim etdi. Millət vəkili qeyd etdi ki, müsabiqəyə təqdim olunan materialları Münsiflər Heyəti qiymətləndirib və birinci yerə Lent.az saytının əməkdaşı Pərvin Abbasov, ikinci yerə "Şərq" qəzetinin müxbiri Məlahət Rzayeva layiq görülüb. 3-cü yerə isə "Xalq Cəbhəsi" qəzeti, SİA və Kult.az saytlarında dərc olunmuş yazılar layiq görülüb. "Üç nöqtə", "Mərkəz", "Azadinform" da mükafatlandırıldı. A.Quliyeva jurnalistlərə tövsiyə etdi ki, bu sahədəki araşdırmalarını bundan sonra da davam etdirsinlər.