-Azərbaycanda solçu blokun fəaliyyəti,
səs toplaması üçün çox münbit şərait var.
Amma təəssüf ki, bu şəraitdən istifadə etmirlər...

Milli Məclisə keçiriləcək seçkilər yaxınlaşdıqca, ölkədə siyasi hərarət də artır. İndidən bu seçkiləri ötən proseslərdən fərqləndirəcək bir amili qeyd etmək olar. Bu dəfə seçki prosesində daha çox seçki bloku iştirak edəcək. Bloklaşma sarıdan müxalifət düşərgəsində sanki bir yarışma mövcuddur.
Əlbəttə, bunun bir neçə səbəbi var. Ən əsası isə maliyyə vəziyyətləri o qədər də ürəkaçan olmayan müxalifət partiyalarının 60-dan artıq namizəd qeydiyyatdan keçirməklə pulsuz efir vaxtından istifadə etmək imkanı əldə etməkdir. İnsan resursu baxımından da korluq çəkən partiyalar ancaq birlik halında belə bir şans yaxalaya bilərlər. "Azadlıq" bloku dağıdıldıqdan sonra AXCP-nin Müsavatla yeni birlik yaradacağı istiqamətində fikirlər səsləndirilsə də, hələ bu barədə konkret qərar yoxdur. Düzdür, əksər seçki dairələrində tərəflərin razılıqları mövcuddur. Amma bu seçki blokunun yaradılacağı ilə bağlı əsas deyil, çünki partiyaların bölə bilmədikləri dairələr hələ qalmaqdadır. Faktdır ki, sözügedən birlik baş tutacağı təqdirdə müxalifətin ən böyük və ən şanslı bloku olacaq.
"Qarabağ" blokuna daxil olan ADP, Ümid və Aydınlar Partiyası da seçkilərdə kifayət qədər iddialıdır. Ədalət, Böyük Quruluş və Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyalarının bir araya gəldikləri "İslahat"a münasibət isə birmənalı deyil. Bundan başqa Azərbaycan Liberal, Vətəndaş və İnkişaf partiyaları "İnsan naminə", Vətəndaş Həmrəyliyi və Demokratik İslahatlar Partiyası isə "Demokratiya" seçki bloku yaradıblar. Bir sözlə, müxalifət partiyalarının heç biri seçkiyə tək getmək fikrində deyillər. Maraqlıdır, yaratdıqları kiçik birliklərlə prosesə qatılmaq nə verəcək onlara? Seçkiöncəsi vəziyyəti politoloq Hüseynbala Səlimovla təhlil etdik. Ondan bu suala cavab almağa da çalışdıq.
Hüseynbala Səlimov yaradılmış bloklara rəğmən hesab edir ki, bu il seçki ərəfəsi nisbətən sakit keçir. Buna səbəb kimi isə o, seçki qanunvericiliyində olan dəyişiklikləri göstərdi. "Seçkilərin müddəti qısaldılıb. İndi bu müddət 2 ayı əhatə edir. Bu baxımdan götürəndə seçkiöncəsi situasiya əvvəlki illərə nisbətən bir qədər sakit və mülayim keçir. Lakin bu, o demək deyil ki, seçkidə fəallıq olmayacaq. İndidən demək mümkündür ki, bir yerə minimum on namizəd olacaq. Çox güman ki, seçki prosesi aktiv olacaq. Yəni seçkiərəfəsi sakitlik hələ seçkinin sakit keçəcəyinə dəlalət etmir. Artıq gələn həftədən başlayaraq namizədlərin irəli sürülməsi mərhələsi başlayacaq. Güman ki, onda seçki prosesi istər-istəməz canlanacaq". H.Səlimov seçkilərə münasibətdə müxalifət düşərgəsində ziddiyyətli məqamların olduğunu düşünür.
"Mən bir şeyi başa düşə bilmirəm: müxalifət 2008-ci ildə keçirilən prezident seçkisini boykot etdi. Amma indi keçirilən parlament seçkilərində iştirak edir. Dəfələrlə müxalifətçilərdən soruşmuşam ki, buna səbəb nədir? Doğrudanmı, iki il müddətində Azərbaycan siyasətində ciddi dəyişikliklər baş verib? Onlar mənə qane edən cavab verə bilmirlər. Daha çox bunu onunla izah edirlər ki, prezident seçkisində cəmi bir yer var, amma parlament seçkilərində 125, ona görə də burda qələbə qazanmaq ehtimalı daha böyükdür. Mən bütün seçkilərdə iştirakın tərəfdarıyam. Bu, müxalifət, ümumiyyətlə bütün siyasi partiyalara verilən bir şansdır, ən azından bütün hallarda özlərini sınamaq üçün, insanlarla ünsiyyət yaratmaq, öz fikirlərini cəmiyyətə çatdırmaq üçün. Siyasətdə küsmək olmur. Boykot ola bilər, amma küsmək, kənara çəkilmək o qədər də təqdir olunan bir hərəkət deyil.
İndi müxalifətin birlik məsələsi həll olunmamış qaldı. Dünya təcrübəsinə baxsaq, görmək olar ki, sağçı, sağ-mərkəzçi partiyalar bir blokda birləşirlər, solçular bir blokda birləşirlər. Yəni daha iri, daha böyük bloklar yaranır. "Azadlıq" bloku ilə Müsavatın münasibət qurması mümkün olmadı. Sonradan AXCP ilə Müsavat özləri ikitərəfli münasibət qurmağa üstünlük verdilər. Burda bir detalı qeyd etmək istəyirəm. Əvvəl AXCP-nin ətrafında "Azadlıq" bloku vardı. Müsavatın ətrafında isə DUİ vardı. Müsavat AXCP-ni müttəfiqlərindən əl çəkməyə sövq edə bildi. Amma özü müttəfiqlərini ətrafında saxladı və seçki siyahılarına daxil etdi. Lakin AXCP hətta belə bir təklif olsa da, bunu edə bilmədi. Təəssüf edirəm ki, AXCP-Müsavat birliyində ALP kimi partiya iştirak etmədi. İndi o, VİP-lə əlaqə qurub". Siyasi şərhçi hesab edir ki, müxalifətin seçkilərə bir neçə blokla getməsi ona yüksək dividendlər vəd etmir. "İstər-istəməz ümumilikdə müxalifətin siyasi bazası var və hər bir müxalifət partiyası həmin bazadan səs götürür. Bu, bir neçə yerə parçalananda, çoxlu bloklar olanda təbii ki, elektoratın özü də parçalanır. Nəticədə insanlar kimə səs verəcəkləri ətrafında düşünürlər. Bəzən seçicilər bundan qeyzlənərək gedib hakimiyyətə və yaxud ona yaxın olan partiyaların namizədlərinə səs verirlər.
Yenə də siyasi spektrə baxanda güman edirəm ki, sağ təmayüllü birliklərin şansları var. Amma solçu blok, ümumiyyətlə, yoxdur. Onlar siyasətdən kənardadırlar. Solçuların fəaliyyətinə baxdıqda onlar daha çox ya müstəqil politoloqluq edirlər, ya Ayaz Mütəllibovun Bakıya dönüşünü təmin etməyə çalışırlar, ya da "Eks-prezidentlik statusu haqqında" qanunun qəbul edilməsini istəyirlər. Halbuki, Azərbaycanda solçu blokun fəaliyyəti, səs toplaması üçün çox münbit şərait var. Amma təəssüf ki, bu şəraitdən istifadə etmirlər. Sağ partiyalar isə ideologiya zəminində qurulmayıb, onlar daha çox şüarlar üzərində qurulmuş partiyalardır. Hər halda onlar blok yaradıblar, parlamentdə iştirak etmək niyyətindədirlər. Gələn həftədən etibarən güman edirəm ki, bütün bloklar özlərini rəsmiləşdirəcəklər". Yaradılmış blokları səciyyələndirərkən H.Səlimov Azərbaycandakı siyasi spektri bir neçə yerə böldü. "Birincisi, iqtidar partiyası, ikincisi, özlərini hakim partiya ilə müttəfiq sayanlar, üçüncüsü, hakimiyyətə yaxın partiyalar və nəhayət, müxalifət partiyaları. Hakimiyyətə yaxın partiyaların müxalifətin elektoratını parçalamaq məsələsinə mən şübhə ilə yanaşıram. Onlar daha çox hakimiyyətin elektoratına şərik partiyalardır. Əsl müxalifət partiyalarının elektoratını onlar parçalamaq iqtidarında deyillər. Heç bir zaman inandırıcı görünmür ki, müxalifətin seçicisi BXCP-nin namizədinə səs versin. Güman edirəm ki, onlar daha çox hakimiyyətin mandatına şərikdirlər. Əsl müxalifət cəbhəsinin özündə bir neçə blokun yaranması daha çox özlərinə problem yaradır. Bunların öz sferalarında blokların çoxluğu səsləri parçalayacaq. İndi "Azadlıq" parçalandı, nəticədə AXCP Müsavatla yaxınlaşmaya getdi, ADP başqa bir blok yaratdı".
H.Səlimov "İnsan naminə" blokunda təmsil olunan partiyalara münasibətdə Müsavatın mövqeyini bölüşmür. "ALP-nin o qədər də böyük elektoratı yoxdur, sıralarında o qədər böyük potensial cəmləşməyib. Təəssüf ki, Lalə Şövkət parlament seçkilərində iştirak etməyəcəyini bildirib. Bütün hallarda bu, ALP-nin və VİP-in siyasətinə təsir edir. Çünki orda Lalə Şövkətdən başqa o qədər də tanınmış simalar yoxdur. Seçki də elədir ki, bütün hallarda tanınmış simalara səs verirlər. Yəni tanınmış simaların partiyada, blokda olması və seçkilərə qatılması, həmin qurumun üstünlüyüdür. Bu baxımdan Lalə Şövkətin prosesdə iştirak etməməsi "İnsan naminə" blokunun seçki prosesində iştirakına təsir edəcək".