Menyu
spacer


spacer
spacer
spacer spacer
spacer spacer
Saytda Axtar
Ətraflı axtarış
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer spacer
spacer spacer
Xəbər qrupuna abunə ol
Abunə ol
spacer
spacer
spacer
spacer
spacer
Türkiyə Davudoğlunun timsalında Rusiyaya mesaj verdi
"Azərbaycanın təklənməsinə izn verməyəcəyik"

Rusiyanın dövlət başçısı sentyabrın 2-də Azərbaycana rəsmi səfərə gəldi və ikitərəfli bir çox məsələlər müzakirə edildi. Səfər çərçivəsində iki ölkə arasında müəyyən sənədlər də imzalandı. Amma onu qeyd edək ki, Medvedyevin Bakı səfərində imzaladığı sənədlərlə bir neçə gün öncə Yerevanda Ermənistan rəhbərliyi ilə imzaladığı sənədlər arasında dağlar qədər fərq var.
   
   Düzdü, Medvedyev siyasi prosesləri balanslaşdırmaq üçün Bakıda müəyyən açıqlamalar verdi, amma bu açıqlamalar mənasız bəyanatları xatırlatdı. Sanki Medvedyev Yerevana Ermənistanın maraqlarının xidmətçisi kimi, Bakıya isə öz rəhbərlik etdiyi dövlətin maraqlarının müdafiəçisi kimi gəldi. Ekspertlər hesab edirlər ki, Rusiyanın Ermənistanda Gümrü bazasının müqaviləsinin 49 ilədək uzadılmasını Dmitri Medvedyev Bakıda imzaladığı sənədlərlə eyniləşdirmək istəsə də, bu mümkün olmayacaq. Çünki Medvedyevin Yerevan səfəri, orada verdiyi açıqlamalar və imzalanan sənədlər onu göstərdi ki, Rusiya bundan sonra da hər zaman olduğu kimi Ermənistanın arxasındadır. Bakı səfərində isə bir sıra enerji məsələlərini müzakirə etdi, sərhədlərin delimitasiyasına toxundu və s.
   
   Medvedyev Bakıya Davudoğlu Naxçıvana
   
   Maraqlı məqamlardan biri də Medvedyevin Bakıya səfər edəcəyi gün Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu da Azərbaycanın Naxçıvan torpağına ayaq basıb və orada qardaşlıqla bağlı mesajlar səsləndirib. Arpaçayda əlini yuyan Davudoğlu çıxışında bildirib ki, Azərbaycanın torpaqları işğaldan azad olunmayınca bölgədə sülhün yaradılması mümkün deyil. Ekspertlər hesab edirlər ki, Rusiya dövlət başçısının Bakı səfəri zamanı Davudoğlunun Naxçıvana gəlməsi və Azərbaycan XİN başçısı ilə telefonda müzakirə aparması heç də təsadüfi deyil. Bəzi politoloqların qənaətincə, Türkiyə Davudoğlunun timsalında Rusiyaya bildirdi ki, Azərbaycan tək deyil, Türkiyə hər zaman onun yanındadır. Davudoğlu Rusiya tərəfindən silahlandırılan Ermənistan ordusunun atəşkəsi davamlı olaraq pozmasına, sərhədlərdə təhlükəli manevrlərinə də diqqət yönəldərək Azərbaycan ordusu şəhidlərinə min rəhmət oxudu. Davudoğlunun gəlişi Rusiyaya mesaj idi. Bu mesajda sadə və olduqca aydın bir fikir vardı: "Azərbaycanın təklənməsinə izn verməyəcəyik". Medvedyevin Azərbaycana səfərindən isə məmnun qalanların sayı azdır. Bəzi ekspertlər və siyasətçilər bu səfəri o qədər də əhəmiyyətli hesab etmirlər. Azərbaycan Demokrat Partiyasının (ADP) sədr müavini Həsrət Rüstəmov bildirir ki, Medvedyevin səfərinin Azərbaycan üçün xüsusi əhəmiyyəti yoxdur: "Hesab edirəm ki, Medvedyevin Qafqazda ilk olaraq, Ermənistana getməsi, Azərbaycanın ərazisini işğal edən cinayətkar ölkə ilə hərbi müqavilənin müddətini uzatması, Cənubi Qafqazda İrəvanın neqativ hərəkətlərinə toxunmaması və əksinə, Ermənistanın Rusiya tərəfindən müdafiə olunacağını dolayısı ilə çatdırması onu göstərir ki, Rusiya Ermənistanın dostudur. Ermənistanın yanında olan bir dövlət Azərbaycanın yanında ola bilməz".
   
   Buna baxmayaraq H.Rüstəmov hesab edir ki, Azərbaycan Rusiya ilə əlaqələri genişləndirməlidir: "Bilirik ki, Ermənistan Azərbaycanın ərazilərini Rusiyanın dəstəyi ilə işğal edib. Buna baxmayaraq, Rusiyanın regionda böyük dövlət və nüvə silahına malik olmasını nəzərə alaraq, rəsmi Moskva ilə ehtiyatlı siyasət aparmağın tərəfdarıyıq. Amma indiki halda hesab edirəm ki, Rusiya Azərbaycanın mənafeyinə zərər vuran kifayət qədər yanlış xarici siyasət yürüdüb. Belə bir ərəfədə dövlət başçısının Azərbaycana gəlişi, yalnız rəsmi Bakının könlünü almaq məqsədi güdür". ADP yetkilisinin sözlərinə görə, Medvedyevin səfər proqramında demək olar ki, indiyə qədər problemli məsələlər yenidən müzakirə olundu: "Düşünmürəm ki, bu məsələlərdə hansısa irəliləyişə nail olunsun. Burada elə məsələlər var ki, təkcə Azərbaycan-Rusiya münasibətlərinə aid deyil. Eyni zamanda bu səfəri səs-küylü siyasi hadisələrdən biri kimi də xarakterizə etmək olar. Çünki Rusiyanın prezidenti dünyada böyük proseslərə təsiretmə gücünə malikdir. Sərhəd məsələləri ilə bağlı müzakirələr uzun müddətdir ki, gedir. İqtisadi münasibətlər baxımından isə Rusiya ilə əlaqələrin genişlənməsinin tərəfdarı olmalıyıq. Rusiya bizim üçün böyük bazardır və həm də bizim orada çoxsaylı soydaşlarımız var. Bundan əlavə Rusiya daha çox çalışır ki, Azərbaycan NATO-dan uzaq dursun, Avropaya inteqrasiyanı ləngitsin. Eyni zamanda Rusiya Azərbaycanda demokratik proseslərin inkişaf etməsində maraqlı deyil. Rusiya bu istiqamətdə Azərbaycana təsir etməyə və Azərbaycanı özündən asılı vəziyyətə salmağa çalışır. Təbii ki, biz bunu istəmirik.
   
   Medvedyev Azərbaycana təbii qaza görə gəlmişdi?
   
   Demək olar ki, Rusiya prezidentinin Azərbaycana səfəri fonunda diqqət mərkəzində olan əsas məsələlərdən biri də təbii qazla bağlıdır. Məlumatlardan aydın olur ki, Moskvanın başladığı yeni böyük qaz oyununun gələcək taleyi Azərbaycanın tutacağı mövqedən əhəmiyyətli dərəcədə asılıdır. Qeyd edək ki, bu il Rusiyanın "Qazprom" şirkəti Azərbaycandan aldığı qazın həcmini iki dəfə artıraraq onu 1 milyard kubmetrə çatdırıb. 2011-ci ildə isə bunu 2 milyarda çatdırmaq niyyətindədir. Belə bir vaxtda Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib ki, işlər sazişdə nəzərdə tutulduğu kimi gedir və artıq bütün detallar razılaşdırılıb. Belə ki, iki ölkə arasındakı uzunmüddətli sazişə əsasən, ilin sonuna kimi Azərbaycandan Rusiyaya 1 milyard kubmetr həcmində qaz nəql ediləcək. 2011-ci ildə Rusiya Azərbaycandan əlavə qaz almaq istəsə, bu, yeni anlaşma ilə rəsmiləşəcək və qiymət yenə də qəbul olunmuş formula əsasən müəyyənləşəcək. Ekspertlər isə Rusiyanın Azərbaycan qazının yenidən hamısını almağa hazır olmasını son hadisələr fonunda təsadüfi saymır. Bildirilir ki, Moskvanı narahat edən əsas məqamlardan biri cari ilin iyun ayında Türkiyə və Azərbaycan arasında təbii qazın nəqlinə dair imzalanan razılaşmadır. Rusiya hesab edir ki, bu razılaşma NABUCCO-nun reallaşmasına imkan verə bilər və sonuncu layihə onun böyük qaz oyununun detallarını pozmaq iqtidarındadır. Rusiyanın böyük qaz oyununun müəyyən detalları isə bir müddət əvvəl "Qazprom"un prezidenti Aleksey Miller tərəfindən açıqlanıb. O bildirib ki, 2025-ci ildə Avropanın qaza olan tələbatı 100 faiz artacaq: "Xəzər regionu ölkələri - Azərbaycan, Qazaxıstan, Türkmənistan və Özbəkistanla Rusiyaya qaz satışı ilə bağlı razılıq əldə edilib. Daha çox qaz ehtiyatına malik Türkmənistan isə artıq qazını Çinə ixrac edəcək. Rəsmi Pekin də türkmən qazının Qərbə yönəlməsinə imkan verməz. İranın layihəyə qoşulmağına gəlincə, Qərb buna imkan verməyəcək".
   
   Bu faktlar bir daha onu göstərir ki, Rusiya dövlət başçısı Bakıya öz maraqları üçün, Yerevana isə Ermənistanın maraqlarını müdafiə etməyə gedib.
   
   "Səfər iki ölkə arasında əlaqələri möhkəmləndirəcək"
   
   Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı isə hesab edir ki, Rusiya prezidenti Dmitri Medvedyevin ölkəmizə səfəri Azərbaycan-Rusiya münasibətlərində irəliləyə doğru bir addım kimi qiymətləndirilə bilər: "Bütövlükdə bu səfər çox mühüm əhəmiyyət kəsb edir. Azərbaycanla Rusiya strateji tərəfdaşlıq səviyyəsində münasibətlərə malik olması ilə yanaşı, Müstəqil Dövlətlər Birliyi çərçivəsində də əməkdaşlıq edir. Düşünürəm ki, Rusiya prezidenti Dmitri Medvedyevin Azərbaycana səfəri nəticəsində Azərbaycan-Rusiya münasibətləri irəliyə doğru inkişaf edəcək. Hamıya bəllidir ki, Rusiya Qafqaz bölgəsində böyük nüfuza malik olan, eyni zamanda ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsinin həll edilməsinə öz töhfəsini verməyə qadir olan ölkədir. Bundan əlavə, Rusiyanın Ermənistan üzərində böyük təsiri var və o da bəllidir ki, Rusiya Ermənistana təsir etməklə münaqişənin sülh yolu ilə həll edilməsi üçün kifayət qədər addımlar atmaq iqtidarındadır. Şimal qonşumuz olan Rusiya ilə Azərbaycan arasında imzalanan hər bir sənəd bizim münasibətlərimizə təkan verməklə bərabər üzləşdiyimiz ən ağır problemin - Dağlıq Qarbağ probleminin həllinə də bu və ya digər formada öz təsirini göstərəcək".
   
   Rusiya prezidenti Dmitri Medvedyev də əmindir ki, Azərbaycana hazırkı səfər iki ölkə arasındakı münasibətləri yeni səviyyəyə çıxaracaq və əlaqələrin uzunmüddətli perspektivdə inkişafı üçün əsas yaradacaq: "Bu, adi və sıradan bir səfər deyil... Bu səfər ikitərəfli münasibətlərin onilliklər irəliyə inkişafı üçün təməl yaradan, dostluğumuzu və strateji tərəfdaşlığımızı möhkəmləndirən bir sıra mühüm sənədlərin imzalanması ilə yeni səviyyəyə çıxması ilə əlamətdardır. Rusiya prezidenti Bakıda imzalanan sazişlər arasında daha çox dövlət sərhədləri haqqında Müqaviləyə diqqət çəkib. Medvedyevin sözlərinə görə, bu, nisbətən yeni dövlətlər olan Azərbaycan və Rusiya üçün olduqca mühüm hadisədir: "Bəs dövlətin hüquqi mahiyyəti nədən ibarətdir? Bu dövlətin suverenliyi, hər şeyə, o cümlədən də, sərhədlərə aid olan hakimiyyət aliliyindən ibarətdir. Və Azərbaycanın bugünkü tarixində ilk dəfə Rusiya kimi əhəmiyyətli qonşu ilə sərhədlərin bölünməsinə dair imzaladığı müqavilə olduqca mühüm hadisədir".
   
   
Anar Bayramoğlu
Oxunub: 248
ARXİV
"Azərbaycan Rusiyaya qaz ixracını 2 mlrd. kubmetrə çatdıracaq"
"Qazprom" rəhbəri Aleksey Miller belə bir nəticəyə gəlib
Həvva Məmmədova yenə deputat olmaq istəyir
O, 122 saylı Xankəndi seçki dairəsindən namizədliyini irəli sürəcək
"Ermənistan təşvişə düşüb"
Səməd Seyidov: "Məsələnin BMT müstəvisinə çıxarılması ilə bağlı Ermənistanda ciddi narahatlıq var"
Piter Semnebi sentyabrın 5-də Azərbaycana gələcək
Qonaq hakimiyyətlə məsləhətləşmələr aparacaq, siyasi partiya təmsilçiləri ilə görüşlər keçirəcək
Türkiyə Davudoğlunun timsalında Rusiyaya mesaj verdi
"Azərbaycanın təklənməsinə izn verməyəcəyik"
"Ermənistana səfərimdə heç bir gizli və ya digər niyyət olmayıb"
Dmitri Medvedyev: "Orda imzalanan hərbi müqavilənin Azərbaycan üçün heç bir təhlükəsi yoxdur"
 
spacer
  Copyright (c) 2008 Bütün haqqları qorunur.
Content by azDesign.ws