
Sentyabr ayının Azərbaycan türkünün taleyində xüsusi yeri var.
Paytaxtımız məhz bu ayda erməni daşnaklarından və eserlərin əlindən xilas edilib. Qafqaz İslam Ordusu qanı bahasına doğma Bakımızı onun əzəli sahiblərinə - Azərbaycan türkünə qaytarıb. Üçrəngli, aylı-ulduzlu bayrağımız ilk parlament binası üzərində məhz bu ayda dalğalanmağa başlayıb... Bayrağın bu qürurlu duruşu istiqlal şairi Əhməd Cavada bu misraları yazdırmışdı:
Köksümdə tufanlar gəldim irəli,
Öpüm kölgən düşən mübarək yeri.
Allahın yıldızı, o gözəl pəri,
Sığınmış köksündə aya bayrağım...
Adına bayram dediyimiz bu müqəddəs rəmzə Əhməd Cavaddan qeyri-kim belə heyranlıqla şeir həsr edə bilərdi ki?!. Əhməd Cavad istiqlal şairi idi. Və istiqlalımızın əsas rəmzlərindən biri olan bayrağımızı öyməkdən, onun tərənnümündə ən gözəl epitetlər, təşbihlər işlətməkdən də yorulmurdu.
Gül rəngində bir yarpağın ortasında bir hilal,
Sevgili bayrağım, söylə, rəngin nədən böylə al,
Nədən rəngin bənzər şəhidlərin qanına
Uğurunda can verənlər neçin qıyar canına?!
Əhməd Cavadın bu şerini oxuyanda bir nüans gözdən qaçmır; bayrağımızın al rəngdə olması. Həqiqətən də Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı ilk əvvəl tək bir rəngdə - qırmızı rəngdə olub. Bayrağın üçrəngli olması sonradan qəbul edilib.
Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 24-də verilib. Həmin qərar: Azərbaycan bayrağını qırmızı materialdan, üstündə ağ, aypara və qırmızı fonda ağ səkkiz guşəli ulduzun təsviri verilmiş bayraq kimi qəbul etmək. Bu qərar qəbul edilərkən Azərbaycan hökuməti hələ Gəncə şəhərində yerləşirdi və Bakıda fəaliyyət göstərmək qeyri-mümkün idi. Azərbaycan hökuməti Bakıda yalnız sentyabrın 15-də - şəhər türk qoşunlarının köməyi ilə düşmən qüvvələrdən təmizləndikdən sonra fəaliyyət göstərə bildi. Göründüyü kimi, ilk dövlət bayrağı qırmızı rəngdə, hazırkı Türkiyə Cümhuriyyətinin dövlət bayrağının rəngində olub. Azərbaycanın ilk hökumətinin fəaliyyətə başlamasından az sonra, bayraq haqqında ikinci qərar 9 noyabr 1918-ci il tarixdə qəbul olunub və bayrağın rəngi mavi, qırmızı, yaşıl olmaqla üç zolaqlı təsdiq edilib.
Bunları niyə xatırladıq. Məlum olduğu kimi, sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi keçirildi. Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Prezident təntənəli mərasimdə söylədiyi nitqində dedi ki, bu, dünyanın ən hündür bayraq dirəyidir. Və bu dirək bu gün paytaxtın bütün nöqtələrindən görünür. Azərbaycanın istənilən memarlıq nümunəsini yaratmağa imkanı olduğunu vurğulayan prezident İlham Əliyev bildirdi ki, onun Sərəncamına əsasən, hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd ediləcək.
Qeyd etməliyik ki, Dövlət Bayrağı Meydanının təməli 2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Meydan üçün seçilmiş yer dövlət bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır.
Amerika Birləşmiş Ştatlarının "Trident Support" şirkəti tərəfindən hazırlanmış layihənin icrasını Azərbaycanın "Azenko" şirkəti yerinə yetirib. Ümumi ərazisi 60 hektar, yuxarı hissəsinin sahəsi 31 min kvadratmetr olan meydanda bütün infrastruktur yaradılıb. Xüsusi layihə əsasında reallaşdırılan tikinti işlərini xarici və yerli mütəxəssislər həyata keçiriblər.
İnşa olunmuş dayağın hündürlüyü 162, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kiloqramdır. Bir əsas məqamı da vurğulamalıyıq ki, Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.
Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.
Bu da sentyabr ayının Azərbaycana verdiyi daha bir töhfə. Dövlət Bayraq Meydanının açılışı da hər bir Azərbaycan türkü üçün əziz olan sentyabr ayına təsadüf etdi. Təki sentyabr ayında ürəyimi riqqətə gətirən belə tarixi hadisələrin sırasına biri də yazılsın - torpaqlarımızın işğaldan azad olunması. İnşallah, o günü də görəcəyik.