Yerevan meriyası icazə verməyib
Erməni müxalifətinin mitinqi qadağan edilib
Yerevan meriyası Ermənistan müxalifətinə mitinq keçirməyə icazə verməyib.
Milli.az xəbər portalı Gazeta.Ru-ya istinadən xəbər verir ki, Erməni Milli Konqresi qadağaya baxmayaraq, sentyabrın 17-də kütləvi etiraz aksiyası keçirəcək. Hərəkatın əlaqələndiricisi Levon Zurabyan məlumat verib ki, müxalifət mitinqi Yerevandakı Milli opera və balet teatrının binası qarşısındakı "Azadlıq" meydanında keçirmək niyyətindədir.
Müxalifət Yerevan meriyasının qərarının hüququ baxımdan tamamilə qanunsuz olduğunu bildirib. Yerevan hökuməti isə öz qərarını həmin gün "Azadlıq" meydanında başqa bir tədbirin keçirilməsi ilə əsaslandırıb. Müxalifətə mitinqi başqa yerdə - Qədim Əlyazmalar İnstitutunun binası qarşısındakı "Matenadaran" meydanında keçirmək təklif olunub. Erməni Milli Konqresi meriyanın təklifini rədd edib. Müxalifətçilər "Azadlıq" meydanında mitinq keçirməkdə israrlı olduqlarını və bunun üçün qətiyyətli addımlar atacaqlarını bildiribər. Erməni Milli Konqresinin əsas tələbləri siyasi məhbusların azadlığa buraxılması və hakimiyyət dəyişikliyidir.