"Azərbaycan Rusiyaya qaz ixracını 2 mlrd. kubmetrə çatdıracaq"
"Qazprom" rəhbəri Aleksey
Miller belə bir nəticəyə gəlib
"Azərbaycan artıq gələn ildən Rusiyaya qaz ixracını bir neçə dəfə artıra bilər".
Bu barədə jurnalistlərə iki ölkə prezidenti - İlham Əliyev və Dmitri Medvedyev arasında aparılan danışıqların yekununda "Qazprom"un rəhbəri Aleksey Miller bildirib. Bununla yanaşı, Miller belə nəticəyə gəlib ki, Azərbaycan gələcəkdə də qaz tədarükü həcmini artırmaq niyyətindədir: "Danışıqların gedişatı belə deməyə əsas verir ki, Azərbaycan gələcəkdə də Rusiya Federasiyasına qaz ixracını artırmaq niyyətindədir". O həmçinin Azərbaycan Dövlət Neft Şirkəti ilə Rusiyanın "Qazprom" Açıq Səhmdar Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair daha əvvəl bağlanmış müqaviləyə əlavə olunan və 2010-2011-ci illərdə "Qazprom"a satılan təbii qaz həcminin artırılmasını nəzərdə tutan sazişin nadir olduğunu bildirib. "İmzalanan müqavilə nadirdir və alqı-satqı həcminin bundan yuxarı həddi yoxdur. Baza sazişi 500 milyon kubmetr həcmində alqını nəzərdə tutur. Azərbaycan bu həcmin 1 milyard kubmetrədək artırılmasını təklif edib. Bu gün imzalanan sənəd həcmin daha iki dəfə artırılmasını nəzərdə tutur: 2011-ci ildə 2 milyard, 2012-ci ildə isə 2 milyarddan artıq", - deyə Miller müqaviləyə aydınlıq gətirib.