-Düşünürəm ki, siyasi
partiyalar və siyasətçilər
cəmiyyətdə itmiş inamı
qaytarmağa çalışmalıdırlar...

Payızda keçiriləcək parlament seçkilərində əvvəlcədən təkbaşına iştirak etmək qərarı verən Aydınlar Partiyası sonra fikrini dəyişdi. Belə ki, sözügedən partiya seçkilərə Demokrat və Ümid partiyalarının birgə təsis etdiyi "Qarabağ" seçki blokunun tərkibində qatılacaq. Artıq bununla bağlı qərar qəbul olunub və hazırda blok daxilində üç partiyanın namizədlərinin müəyyənləşməsi prosesi getməkdədir. Ölkədəki ictimai-siyasi proseslərə, seçkilərlə bağlı məsələlərə münasibətini bildirən "Aydınlar" sədri Qulamhüseyn Əlibəyli "Şərq"ə müsahibəsində rəhbərlik etdiyi təşkilatın seçki hazırlıqları ilə bağlı da məlumat verib. Q.Əlibəylinin sözlərinə görə, seçki dairələrinin əksəriyyəti üzrə namizədlərini müəyyən ediblər...
- Bildiyimiz kimi, Aydınlar Partiyası "Qarabağ" seçki blokunun tərkibində seçkilərə qatılacaq. O mənada hazırda namizədlərlə bağlı məsələlər müzakirə edilir. Sənədlərin hazırlanması və bir sıra texniki məsələlərlə bağlı işlər gedir. Seçki kampaniyasına start veriləndən sonra qanunvericiliyə uyğun olaraq Mərkəzi Seçki Komissiyasına müraciət etməliyik, qeydiyyatdan keçməliyik. Ondan sonra namizədlərin imzatoplama və digər prosedurlar başlayacaq. O vaxta qədər də "Qarabağ" seçki blokunun rəhbərliyi görüşlər keçirəcək, namizədlərin müəyyənləşdirilməsi ilə bağlı mütəmadi olaraq müzakirələr aparılacaq.
- Aydınlar Partiyası necə oldu ki, "Qarabağ" seçki bloku ilə parlament seçkilərinə qatılmaq qərarına gəldi?
- Ümumiyyətlə, bizim partiyanın əvvəldən qərarı belə idi ki, seçkilərdə təkbaşına iştirak olsun. Yəni bir növ qüvvəmizin hansı səviyyədə olduğunu, cəmiyyət tərəfindən necə qarşılandığımızı öyrənmək istəyirdik. Amma seçki bloku yaxınlaşdıqca cəmiyyətdə bloklaşmaya meylin artdığını gördük. Sonradan siyasi təşkilatların seçkilərdə birgə əməkdaşlığı ilə bağlı müzakirələr aparılmağa başladı. Bu baxımdan biz də qərara gəldik ki, müxalif seçki bloklarından birinə qoşulaq və əməkdaşlıq edək. Düzü, ölkədə elə də böyük bloklar yaranmadı. Sadəcə, Müsavat-AXCP birliyi ilə bağlı məsləhətləşmələr getdi. Digər yandan isə ADP ilə Ümid Partiyası "Qarabağ" adlı seçki bloku formalaşdırdı. Biz fikirləşdik ki, AXCP-Müsavat birliyinə qoşulmaqla bağlı müraciət yanlış olar. Çünki bu iki partiya yalnız özləri arasında müzakirələr apardı. Hətta AXCP Müsavat Partiyasının müttəfiqlərini yaxına buraxmaq istəmədi, AXCP öz müttəfiqlərindən imtina etdi. Ona görə də fikirləşdik ki, "Qarabağ" seçki blokuna qoşulaq. Bu blok da müxalifətin bir kəsimini özündə birləşdirir, normal siyasi təşkilatlar ətrafında cəmlənib. Məlumdur ki, Azərbaycanın ağrılı problemi Qarabağ münaqişəsidir. Seçkilərdə Qarabağ şüarı ilə iştirak etmək daha uyğundur. O baxımdan bu seçki bloku ilə seçkilərə qatılmağı lazım bildik.
- Əgər AXCP-Müsavat birliyi bütün partiyalar üçün açıq olsaydı, həmin birlikdə təmsil olunardızmı?
- Təbii ki, biz hesab edirik ki, bloklaşma başlayırsa, bu ittifaqda daha çox partiyalar iştirak etsin. Geniş tərkibli və müxalifətin bütün qüvvələrinin təmsil olunduğu birliyin olması daha yaxşıdır. İndi baxın, əksər müxalifət partiyaları bir neçə blokda təmsil olunurlar. Sabah bu blokların namizədləri bir növ hakimiyyətə qarşı mübarizə aparmalı olacaqsa, digər yandan da öz düşərgəsi ilə mübarizə aparacaq. Bundan qaçmaq mümkün deyil. Yəni ayrı-ayrı dairələrdə maraqlar toqquşacaq. Amma o toqquşan maraqları bir yerə cəmləmək mümkün olsaydı, daha yaxşı nəticələr əldə etmək mümkün idi. Ona görə də biz geniş tərkibli blokda təmsil olunmaq istərdik. Amma təəssüflər olsun ki, bizdən asılı olmayan səbəbdən məhdud sayda, 3-4 siyasi təşkilatdan ibarət bloklar formalaşır.
- Seçkiöncəsi hazırkı siyasi vəziyyəti necə dəyərləndirirsiz?
- Çox təəssüf edirəm ki, seçkilərə az vaxt qalmasına baxmayaraq ölkədə seçki ab-havası hiss olunmur. Ayrı-ayrı partiyalar arasında siyasi danışıqlar, məsləhətləşmələr aparılır və bu normaldır. Amma insanların seçkilərə marağı sanki azalıb və əhali siyasi proseslərin gedişinə maraq göstərmir. Bu halın yaranmasında bir qədər də hökumət günahkardır. Çünki hökumət siyasi partiyalara münasibətdə ayrı-seçkilik edir. Partiyaların fikirlərini azad ifadə etməsində problemlər var. Yerli məmurlar tərəfindən müəyyən inzibati maneələr yaradılır. Bu hallar da seçkilərin ictimai həyatda ikinci dərəcəli məsələ olmasına gətirib çıxarır. Artıq insanlar seçki proseslərinə inanmaq istəmir. Düşünürəm ki, siyasi partiyalar və siyasətçilər cəmiyyətdə itmiş inamı qaytarmağa çalışmalıdırlar.
- "Aydınlar" "Qarabağ" seçki blokunda neçə nəfər namizədlə iştirak edəcək?
- Ümumilikdə blokun 90 nəfərdən artıq namizədi müəyyənləşib. Amma təklikdə bizim partiyanın 12 namizədi 90-dan artıq namizədin sırasındadır. Amma hələlik yekun qərar verilməyib. Proses davam etdiyindən ola bilər ki, bizim blokda namizədlərimizin sayı artsın.
- Özünüzün namizədliyinizi hansı dairədən irəli sürəcəksiz?
- Əvvəl haradan deputat olmuşdumsa, oradan da namizədliyimi verəcəm. 2005-ci ildə namizədliyimi verdiyim, seçildiyim, amma sonradan Konstitusiya Məhkəməsinin ləğv etdiyi 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən namizədliyimi irəli sürmək niyyətindəyəm. Həmin dairənin seçicilərinin problemlərinə bələdəm və hesab edirəm ki, həmin dairənin insanları məni dəstəkləyəcəklər.
- Namizədlərin təbliğatı hansı formada aparılacaq?
- Təbii ki, əgər hansısa seçki bloku ilə birlikdə prosesə qatılırıqsa, həmin blokla da birlikdə namizədlərin təbliğat-təşviqat kampaniyası aparılacaq. Blokun artıq İşçi Qrupu seçki qərargahı kimi fəaliyyətə başlayıb. İndi təkcə namizədlərin sənədlərinin qaydaya salınması ilə deyil, həmçinin də təşviqat kampaniyasının təşkili ilə bağlı müəyyən təkliflər hazırlanır. Çalışılır ki, blok nümunəvi bir platforma ilə seçici qarşısına çıxsın. Nəzərə almaq lazımdır ki, regionlar üzrə platformalarda müəyyən fərqlər ola bilər. Amma Aydınlar Partiyası seçkilərdə vahid blok şəklində iştirak edirsə, ümumi şüarlar qeyd ediləcək.
- "Qarabağ" seçki bloku seçkilərdə hara qədər uğur qazana bilər?
- Hesab edirəm ki, normal seçki şəraitində və normal seçki prosesində namizədlərin əksəriyyəti mandat qazanmaq imkanına malikdir. Baxmayaraq ki, blokda bizim partiya nisbətən gəncdir, ilk seçkilərdir ki iştirak edir. Amma ADP və Ümid Partiyasının artıq bir neçə seçki təcrübəsi var. Təbii ki, demək olmaz ki dairələrin mütləq əksəriyyətini "Qarabağ" bloku götürəcək. Hakim partiyanın da namizədləri olacaq, digər müxalifət partiyalarının da həmçinin. Və onlar da namizədliklərini verdikləri dairələrdən uğur qazanmağa çalışacaqlar. Amma hesab edirik ki, blokun vahid namizəd olaraq seçdiyi şəxslər uğurlu namizədlərdir və uğur qazanmaq şansları böyükdür.
- AXCP-Müsavat birliyinin perspektivini necə görürsüz? Hər halda uzun müddət AXCP sıralarında fəaliyyət göstərmisiz...
- Əvvəla, onu deyim ki, bu cür birliyin, ittifaqın yaradılmasının özü müsbətdir. Bu birlik nəticəsində iki partiya arasında uzun müddət mətbuatda, qəzet səhifələrində gedən çəkişmələrə son qoyula bilər. Amma Müsavat-AXCP məsləhətləşmələrinin gedişi, danışıqlardan çıxan nəticələr əməkdaşlığın uğurlu yekunlaşacağını şübhə altına alır. Çünki AXCP ilə Müsavat birlik haqqında danışırlar, amma bir sıra dairələrdə ortaq məxrəcə gələ bilmirlər. Funksionerlər və yaradacaqları blokların namizədləri bir də görürsən ki, mətbuatda bir-birlərinin əleyhinə təbliğat aparırlar. Bu, artıq həmin blokun hətta yarana biləcəyini şübhə altına alır. Və yaxud da blok baş tutsa belə bunun perspektivi şübhə altına düşür. Hesab edirəm ki, əgər bu iki partiyanın təmsilçiləri bir araya gəlmək istəyirlərsə, ilk öncə məsləhətləşmələri normal şəkildə aparmalıdırlar. Təmkinli və qarşılıqlı güzəştlər etməlidirlər. Bir-birlərinə mətbuat vasitəsi ilə atmaca atmağa son qoymalı və müəyyən məsələləri ciddi şəkildə müzakirə etməlidirlər.