Fəzail Ağamalı dairəsini dəyişmir
Zahid Orucun məsələsi isə dəqiqləşməyib
Böyük ehtimalla, Ana Vətən Partiyası (AVP) qarşıdan gələn parlament seçkilərində təkbaşına iştirak edəcək.
Bunu Lent.az-a açıqlamasında AVP sədrinin təşkilati məsələlər üzrə müavini, partiyanın Mərkəzi Seçki Qərargahının rəhbəri Etibar Quliyev söyləyib.
Etibar Quliyev deyib ki, eyni platformada dayanan partiyalarla blok yaratmaq olar: "Amma AVP heç bir partiya ilə fikir mübadiləsi aparmayıb. Namizədlərimiz də müəyyənləşib. 18 seçki dairəsi üzrə namizədimiz olacaq". Etibar Quliyev onu da qeyd edib ki, partiya sədri Fəzail Ağamalı böyük ehtimalla əvvəlki parlament seçkisində millət vəkili seçildiyi 60 saylı Salyan Seçki Dairəsindən namizədliyini irəli sürəcək. AVP sədrinin müavini, millət vəkili Zahid Orucun dairəsi isə dəqiqləşdirilməyib: "Məsələ ondadır ki, Zahid Orucun bundan əvvəlki parlament seçkisində namizəd olduğu və millət vəkili seçildiyi 93 saylı Bərdə şəhər Seçki Dairəsində Yeni Azərbaycan Partiyasının (YAP) namizədi ilə alternativ olmaması üçün danışıqlar aparılmayacaq. YAP güclü partiya olduğu üçün bu partiyanın dəstəyinə ehtiyac var". Etibar Quliyev özü isə bu parlamenti seçkilərində namizəd olmayacaq: "Mən Mərkəzi Seçki Qərargahının rəhbəriyəm və partiyanın da Mərkəzi Seçki Komissiyasında səlahiyyətli nümayəndəsi olacam".