Bərdə rayonunda qorxu
Canavarlar şəxsi təsərrüfata hücum edib
Cəbhəyanı ərazilərdə və ətraf yaşayış məntəqələrində yırtıcıların hücumlarına rast gəlinir.
APA-nın Qarabağ bürosunun məlumatına görə, bu dəfə Bərdənin Xan Ərəb kənd sakini Mənsur Əkbərovun təsərrüfatı canavarların hücumuna məruz qalıb. Onun 13 baş qoyunu yırtıcıların qurbanı olub. Onların 6-sı həyətə soxulmuş canavarlar tərəfindən parçalanaraq tələf edilib, 7-si isə yaralanıb. Bərdə Baytarlıq İdarəsindən APA-ya bildirilib ki, yaralı heyvanlar quduzluq və ya başqa yoluxucu xəstəliyin olub-olmamasını müəyyən etmək üçün kəsiləcək və onlardan götürülən nümunələr laboratoriya şəraitində yoxlamadan keçəcək. Öldürülmüş qoyunlar isə müvafiq qaydada torpağa basdırılacaq.
Qeyd edək ki, təkcə bu il ərzində Ağdam, Bərdə və Tərtər rayonlarında kəndlilərə məxsus 100 başa qədər ev heyvanı yırtıcılar tərəfindən məhv edilib.