Az öncə Azərbaycana gələn türkiyəli millət vəkilləri qardaş köməyini dilə gətirməlidirlər

Hazırda dünyanın, əsasən də Türkiyə və Azərbaycanın gündəmini məşğul edən ən mühüm hadisələrdən biri Fransa Senatının insan haqlarına zidd qərarıdır. "Erməni soyqırımı"nı tanımayanlara qarşı maliyyə sanksiyasının, eləcə də həbs cəzasını nəzərdə tutan qanuna özünü insan hüquqlarının, demokratiyanın müdafiəçisi kimi qələmə verən bir dövlətin müsbət rəy verməsi əslində Fransa hökumətinin əsl mahiyyətini ortaya qoydu.
Heç bir hüquqi əsası olmayan bir qərarla bağlı çox geniş bir sferada müzakirələrin açıldığı, Fransa ilə əlaqələrin ciddi şəkildə ortaya qoyulduğu bir dönəmdə çox təəssüflər olsun ki, başqa bir cəbhənin açılması cəhdlərinin şahidi oluruq. Türkiyə ilə Azərbaycanın sözügedən məsələdə birgə hərəkəti ilə bağlı, fəaliyyətin koordinasiyası istiqamətində addımların atıldığı bir çağda kimlərsə, şüurlu şəkildə diqqəti fərqli səmtə yönəltməyə çalışır.
Belə ki, Fransa Senatının məlum qərarından sonra Türkiyənin bəzi media qurumlarında Azərbaycan əleyhinə kampaniyaya start verilib.
Bu dəfə də hədəf Türkiyə-Azərbaycan münasibətləridir. Aşkar şəkildə görsənir ki, yaranmış vəziyyətdən maksimum yararlanmağa çalışan bəzi qüvvələr özlərinəməxsus arqumentlərlə iki qardaş ölkə arasındakı əlaqələrə kölgə salmağı qarşılarına məqsəd qoyublar. Əslində zaman-zaman belə halların şahidi olmuşuq. Müxtəlif vaxtlarda beynəlxalq məsələlərdə Azərbaycanın Türkiyəyə yetəri qədər dəstək verməməsi qabardılıb. Türkiyə mətbuatına bu tip yazılara müəlliflik edən şəxslər daim cılız, heç bir əsası olmayan fikirlərlə sifariş əsasında hazırladıqları məhsulları ictimai rəyə sırımağa çalışıblar.
Lakin hər dəfəsində Azərbaycanla Türkiyənin proseslərdə birgə addımlaması, vahid mövqedən çıxış etmələri, beynəlxalq təşkilatlarda bir-birlərinin mövqelərini əzmkar şəkildə müdafiə etmələri iki ölkənin ilişkilərindən narahat olan qüvvələrin ümidlərini boşa çıxarıb.
Birmənalı söyləmək mümkündür ki, Türkiyənin daxilində bu məqsədə xidmət edən qüvvələr Ermənistanın dəyirmanına su tökməklə məşğuldurlar. Təsadüfi deyildir ki, türkiyəli professor Ümid Özdağ vurğulayıb ki, Türkiyədə bəzi dairələr Azərbaycan əleyhinə ictimai rəy formalaşdırmaq üçün əllərinə düşən hər fürsətdən istifadə edirlər. Qeyd edirlər ki, Fransa məsələsində Azərbaycan Türkiyəyə dəstək vermədi. Məlum qərardan sonra Azərbaycan mediasını izləmək kifayətdir ki, həm rəsmi Bakının, həm ictimaiyyətin məsələ ilə bağlı mövqeyindən tam agah olasan. Bunları görməmək isə sadəcə korluqdur. Bu münasibətlər, reaksiyalar, bəyanatlar, qərarlar fonunda belə yazıların ortaya çıxması isə əlbəttə ki, sifarişdir.
Belə fikirlərin ortaya çıxması və ictimai rəyə ayaq açması Azərbaycanın proseslərdə hansı formada iştirakını bir daha xatırlatmağı labüd edir.
Əvvəlcə ondan başlayaq ki, Azərbaycan rəhbərliyi Fransanın atdığı bu addımın səhv olduğunu və Azərbaycan-Fransa münasibətlərinə xələl gətirəcəyi barədə bəyanatla çıxış etdi. Azərbaycan parlamentində bu məsələ ilə bağlı xüsusi müzakirələr keçirildi və 125 millət vəkilinini imzası ilə Fransa Senatına müraciət göndərildi. Azərbaycan Xarici İşlər Nazirliyi xüsusi bəyanatla çıxış etdi, Fransa səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət olunaraq etiraz bildirildi.
Azərbaycanın Fransadakı səfirinə Türkiyənin bu ölkədəki səfiri ilə birlikdə Senata getmək və görülən işləri birgə koordinasiya etmək təlimatı verildi.
Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvləri qurumun qış sessiyasında Fransa Senatının qəbul etdiyi qanunu pisləyiblər.
Gələk Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin ictimai təşkilatlara Fransa prezidentinə ünvanladığı məktuba. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Azərbaycanda fəaliyyət göstərən demək olar ki, bütün QHT-lər Fransanın addımını kəskin tənqid edən bəyanatla çıxış etdi. Bir sıra ictimai təşkilatlar, gənclər birlikləri Fransa səfirliyinin qarşısında aksiyalar keçirdi.
Siyasi partiyalar dərhal reaksiya verdi, məlum qərarı pisləyən bəyanatla çıxış etdilər.
Keçid alaq mediaya. Azərbaycan mətbuatı davamlı olaraq öz səhifələrində, efir saatlarında Fransanın bu qərarını kəskin tənqid edən analizlər, şərhlər, mülahizələr verdi. Bəzi radiolar efirlərində fransız musiqilər səsləndirməkdən imtina etdi.
Hətta onu da vurğulayaq ki, bəzi fransız şirkətləri Azərbaycanda keçirilən tenderlərdə iştirakdan məhrum edilib.
Ölkə ziyalıları da bu məsələyə biganə qalmadılar. Ən sərt şəkildə sözlərini media vasitəsi ilə ictimaiyyətə çatdırdılar.
Rüstəm İbrahimbəyovun Fransanın mükafatından imtina etməsi məhz Azərbaycan ziyalısının qərara münasibətinin göstəricisi kimi dəyərləndirilə bilər.
Əlbəttə, siyahını bir qədər də uzatmaq olar.
Düşünürəm ki, bir məqama da diqqət yetirmək yerinə düşər: Məlum olduğu kimi, Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupu bir neçə gün əvvəl Azərbaycanda olub, müxtəlif görüşlər keçirib.
Prezident İlham Əliyevlə görüşən və bir çox təşkilatları ziyarət edən qrup üzvləri "erməni soyqırımı"nı inkara görə cəza nəzərdə tutan qanunun Fransa Senatından keçməməsi üçün Azərbaycan hökumətinin gördüyü tədbirlər barədə çıxışları dinləyib. Qrup üzvü, MHP-nin İqdır millət vəkili Sinan Oğan ölkəsinə qayıtdıqdan sonra yerli "Hürriyət" qəzetinə bildirib ki, Azərbaycanın iqtidarı, müxalifəti, mətbuatı hər şeyi edib: "İlham Əliyev deyir ki, biz bunları etmək üçün Türkiyədən heç bir tələb gəlməsini gözləmədik, bu, onsuz da bizim etməyimiz lazım olan iş idi və etdik".
Sinan Oğan açıqlamasında bildirib ki, İlham Əliyev "bunları Türkiyə mətbuatı niyə bilmir" deyə sual edən qrup üzvlərinə cavab olaraq deyib: "Biz qardaşın qardaşa dəstəyini mətbuata çıxarıb, bunları, bunları etdik deyə bilmərik, biz qardaşıq".
Millət vəkilinin sözlərinə görə, Azərbaycan prezidenti bu məsələnin təkcə Türkiyəyə qarşı deyil, türk dünyasına, Azərbaycana qarşı edilmiş bir təhqir olaraq gördüyünü bildirib və edilənləri Türkiyə ictimai rəyinə duyurmaq kimi bir qayğısının olmadığını bildirib.
Sinan Oğanın sözlərinə görə, "qardaşın qardaşa köməyinin reklamınımı edəcəkdik?" - deyən İ.Əliyev qrup üzvlərinə bildirib ki, digər türk respublikaların başçılarını arayaraq, onlardan da bu məsələdə dəstək istəyəcək.
Sizcə bunlar Azərbaycanın proseslərdə hansı formada iştirakının, qardaşlıq görəvinin göstəricisi deyilmi, cənablar?