
Son illər ərzində Şimali Koreya böhranının öz aktuallığını qoruyub saxlamağa nail olduğu müşahidə edilməkdədir. Belə ki, bu təhlükəli böhranın daim dərinləşməyə doğru meyllənməkdə olduğu açıq-aşkar nəzərə çarpır. Hətta son dövrlərdə Şimali Koreya böhranı bir neçə dövlət arasında qarşıdurma mühitinin formalaşmasına da münbit şərait yaradıb. Və bu qarşıdurma mühitinin artıq kifayət qədər təhlükəli həddə çatdığı da qətiyyən diqqətdən yayınmır. Bu baxımdan, hazırda beynəlxalq ictimaiyyətin Şimali Koreya böhranının dərinləşməyə meylli olması ucbatından müəyyən qədər narahatlıq keçirtməsi qətiyyən təəccüblü deyil.
Onu da qeyd etmək lazımdır ki, hazırda Uzaq Şərq regionu ətrafında yaranmış situasiya olduqca təhlükəli görüntülərə malikdir. Və bu təhlükə bütün dünyanın gələcək taleyini açıq-aşkar təhdid etməkdədir. Belə ki, Şimali Koreya özünün əsas beynəlxalq rəqiblərini, daha doğrusu, əsas düşmənlərini açıq-aşkar hədələməyə üstünlük verməkdə davam edir. Düzdür, rəsmi Pxenyanın bu hədə-qorxuların arxasında durub-durmayacağı hələlik müəyyən suallar doğurmaqdadır. Halbuki Şimali Koreyanın vaxtilə Cənubi Koreyaya qarşı hərbi zərbələr endirməsini nəzərə aldıqda rəsmi Pxenyandan istənilən gözlənilməz addımın gözlənilməsi qətiyyən yersiz görünmür.
Üstəlik onu da nəzərə almaq lazımdır ki, rəsmi Pxenyanın hədələri kifayət qədər konkretdir və ünvanı da açıq-aydındır. Belə ki, Şimali Koreya adətən qəzəbli olduğunu hər imkanda birmənalı şəkildə biruzə verməyə çalışır. Əsas səbəb kimisə, ABŞ və Cənubi Koreyanın ənənəvi davranışlarını göstərir. Həm də, rəsmi Pxenyan ABŞ və Cənubi Koreyaya həmin davranışların olduqca xoşagəlməz nəticələr verə biləcəyi barədə qəti xəbərdarlıqlar etməyi də qətiyyən unutmur.
Məsələ ondadır ki, vaxtilə Cənubi Koreyaya məxsus hərbi döyüş gəmisi kənar müdaxilə nəticəsində batırılmışdı. ABŞ və Cənubi Koreya həmin hərbi gəminin batırılmasına görə əsas məsuliyyəti məhz Şimali Koreyayanın üzərinə qoymağa çalışırdı. Belə ki, həm Ağ Ev, həm də rəsmi Seul Cənubi Koreyaya məxsus hərbi gəminin Şimali Koreyanın hərbi donanmasından atılan torpedonun hədəfə dəyməsi nəticəsində batdığını sübuta yetirməyə çalışırdı. Halbuki sonradan ABŞ və Cənubi Koreya Şimali Koreyaya qarşı bu itthamlarını inkaredilməz faktlarla sübuta yetirməyə nail ola bilmədi. Ancaq bununla belə, Şimali Koreya əsas günahkar qismində göstərilməkdə davam edirdi.
Təbii ki, rəsmi Pxenyan ABŞ və Cənubi Koreyanın sözügedən ittihamlarının heç birisini qəbul etmirdi. Əksinə, bu ittihamları qondarma suçlama bəhanəsi olaraq dəyərləndirdiyini birmənalı şəkildə bəyanlamaqdaydı. Üstəlik, rəsmi Pxenyan Cənubi Koreya hərbi gəmisinin batırılmasını əvvəlcədən yaxşı düşünülmüş məqsədyönlü təxribat kimi də dəyərləndirirdi. Xatırladaq ki, bu mübahisənin lap əvvəlindən başlayaraq, rəsmi Pxenyan hesab edirdi ki, Cənubi Koreya gəmisi məhz onun sahibləri tərəfindən bilərəkdən batırılıb. Əsas məqsədsə, Şimali Koreyaya qarşı hərbi güc nümayişinə bəhanə qazanmaqdan ibarətdir. Rəsmi Pxenyan hətta ABŞ və Cənubi Koreyanın bu bəhanədən yararlanmaqla, Şimali Koreyaya qarşı hərbi müdaxiləyə hazırlaşmağa başladığını da birmənalı şəkildə vurğulamaqdaydı.
Bütun bunlara baxmayaraq, ABŞ və Cənubi Koreya Şimali Koreyaya qarşı hərbi müdaxilə niyyətində olduqlarını birbaşa biruzə verə biləcək hər hansı davranışa yol vermək istəmirlər. Halbuki yuxarıda da qeyd olunduğu kimi, artıq bu iki Koreya dövləti bir neçə saatlıq savaşla bir-birilərinin əsəblərini və imkanlarını yoxlamağa da imkan tapa biliblər. Ancaq bununla belə, rəsmi Pxenyanın belə iddiaya düşməsinə münbit şərait yarada biləcək müəyyən addımlar da atılmamış deyil. Belə ki, ABŞ və Cənubi Koreyanın vaxtaşırı keçirtdiyi ortaq hərbi təlimlər rəsmi Pxenyanı əməlli-başlı qıcıqlandırır. Adətən, həmin ortaq hərbi təlimlərdə ABŞ-ın hərbi dəniz donanmasının onlarla döyüş gəmisindən ibarət qruplaşması iştirak edir. Eyni zamanda, Cənubi Koreya da bu təlimlərdə çoxlu sayda hərbi gəmilərlə qatılır. Yəni, Şimali Koreyanın sərhədləri yaxınlığında kifayət qədər böyük hərbi dəniz qüvvələri cəmləşdirilmiş olur. Və həm Ağ Ev, həm də rəsmi Seul nə qədər inkar etməyə çalışsalar da, bütün bunların Şimali Koreyaya qarşı açıq güc nümayişinə cəhd olduğu qətiyyən şübhə doğurmur. Bəzi hərbi müşahidəçilər bu ortaq hərbi təlimlərin rəsmi Pxenyana yönəlik qəti xəbərdarlıq olduğunu iddia edirlər. Onlar hesab edirlər ki, Ağ Ev və rəsmi Seul bu ortaq təlimlərlə Şimali Koreyanın davranışlarının, xüsusilə də, neytral sularda üzən xarici gəmilərə hücum cəhdlərinin sarsıdıcı əks zərbələrə səbəb ola biləcəyini rəsmi Pxenyana anlatmağa çalışır. Bu isə, Şimali Koreyanın dolayısıyla savaş təhdidiylə üz-üzə qalması anlamına gəlməkdədir.
Ancaq rəsmi Pxenyanın bütün bu təhdidlərdən narahat olaraq geri çəkiləcəyini düşünmək də sadəlövhlük olardı. Belə ki, rəsmi Pxenyan Şimali Koreyanın hərbi qüvvələrini mütəmadi olaraq ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirməklə istənilən savaş situasiyana hazır olduğunu qabartmağa çalışır. Və üstəlik, həmişə öz əsas düşmənləriylə savaşa hazırlaşmaqda olduğunu açıq-aşkar biruzə verməkdədir. Hər halda rəsmi Pxenyan bu hazırlıqların məhz savaş üçün olduğunu da qətiyyən gizlətmir.
Məsələ ondadır ki, vaxtilə rəsmi Pxenyan ABŞ və Cənubi Koreyadan ortaq hərbi dəniz təlimlərini dərhal dayandırmağı tələb etmişdi. Ardıncasa, bir daha analoji təlimlərin keçirilməsinin yolverilməz olduğunu da vurğulamışdı. Eyni zamanda, rəsmi Pxenyan bu təlimlərin doğura biləcəyi nəticələr barədə də müəyyən xəbərdarlıqlar etməyi qətiyyən unutmamışdı. Belə ki, bir müddət öncə rəsmi Pxenyan ortaq hərbi dəniz təlimləriylə Şimali Koreyanın təhdid edilməsinə son verilməyəcəyi təqdirdə, "müqəddəs nüvə müharibəsi"nin baş verə biləcəyini birmənalı şəkildə bəyanlamışdı. Rəsmi Pxenyan xəbərdarlıq etmişdi ki, qarşı tərəf inadkarlıq edərək təlimlərin təkrarlanmasında israrlı olarsa, onda, Şimali Koreya ABŞ və Cənubi Koreya hərbi qüvvələrinə nüvə zərbəsi endirmək məcburiyyətində qala bilər.
Göründüyü kimi, Şimali Koreya ardıcıl olaraq ABŞ və Cənubi Koreyanı nüvə müharibəsiylə hədələməkdə davam edir. Həm də bu hədələrini reallığa çevirə biləcəyi məsələsində tamamilə ciddi olduğunu xüsusi olaraq qabartmağa da çalışır. Düzdür, hələlik ABŞ və Cənubi Koreya rəsmi Pxenyanın bu hədələrinə reaksiya verməyi o qədər vacib saymır. Bununla belə, vaxtaşırı ortaq hərbi təlimlərin keçirilməsindən də qətiyyən imtina olunmur. Halbuki rəsmi Pxenyanın nüvə savaşıyla bağlı təhdidləri kifayət qədər ciddi görünür. Və istənilən halda, ona hansısa cavabın verilməsi vacibdir.