Menyu
spacer


spacer
spacer
spacer spacer
spacer spacer
Saytda Axtar
Ətraflı axtarış
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer spacer
spacer spacer
Xəbər qrupuna abunə ol
Abunə ol
spacer
spacer
spacer
spacer
spacer
Sumqayıtda zəlzələ baş verib
Yeraltı təkanlar 3-3,5 bal gücündə olub
Dünən səhər saat 08:15-08:20 radələrində Sumqayıtda zəlzələ baş verib.
   
   Zəlzələnin episentri Sumqayıtdan 5 kilometr kənarda, Xəzər dənizində olub. Zəlzələnin gücünün Rixter cədvəli üzrə 3-3,5 bal gücündə olduğu bildirilir.
   
   Sumqayıt sakinləri zəlzələni hiss edib. Sakinlərin verdiyi məlumata görə, yeraltı təkanlar şəhərdə hiss edilib, evlərdə əşyalar və çıl-çıraqlar tərpənib.
   
   
Bir adamı 3 nəfər bıçaqladı
Hər 3 şəxs tutularaq istintaqa təhvil verilib
Bakı şəhər Nərimanov rayon Polis İdarəsinin 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan 3 nəfər tutulub.
   
   Daxili İşlər Nazirliyinin məlumatsya görə, yanvarın 23-də Fəqan Həsənovaya ayaq nahiyəsindən bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış şəxslərin Bakı şəhər sakinləri Tural Mirzəyev, Elçin Quliyev və Vüsal Məmmədov olması müəyyənləşdirilib.
   
   Hər 3 şəxs tutularaq istintaqa təhvil verilib.
   
   
   
   
Əsgərimiz ermənilərə könüllü təslim olmayıb
O ya yolunu azıb, ya da erməni kəşfiyyatı onu əsir götürüb
Dəqiq məlumat yalnız araşdırmalardan sonra məlum olacaq
Son günlər ölkədə müzakirə edilən məsələlərdən biri də Azərbaycan Ordusunun kiçik çavuşu, 1990-cı il təvəllüdlü Axundzadə Məmmədbağır Talıb oğlunun ermənilər tərəfindən əsir götürülməsidir. Fakt Azərbaycan Müdafiə Nazirliyi tərəfindən təsdiqlənsə də, əsgərin hansı səbəblərdən əsir düşməsi hələ də dəqiqləşməyib. Hərbçi ilə bağlı isə cəmiyyətdə müxtəlif fikirlər səslənir.
   
   
   
   Bəziləri doğrudan da əsgərin əsir götürülməsi ilə razılaşsalar da, digərləri əsgərin könüllü olaraq əsir düşməsi ehtimalının olduğunu güman edirlər. Əsgərin atası isə oğlunun könüllü olaraq erməni tərəfə keçməsini qəbul etmir. O, mətbuata bildirib ki, Məmmədbağır ermənilərə nifrət edirdi, Azərbaycan torpaqlarının erməni işğalından azad olunmasını istəyirdi. "Oğlum heç vaxt ermənilərə könüllü əsir düşməz. Talıb Axundov deyib ki, Məmmədbağır 2010-cu ilin iyul ayına kimi Sərhəd Qoşunlarında həqiqi hərbi xidmət keçib, sonra isə öz arzusu ilə müddətdən artıq xidmət edən çavuş kimi Tərtərdəki hərbi hissədə xidmətə başladı. Onun könüllü olaraq ermənilər tərəfə keçməsi barədə deyilənlər yalandır. Məmmədbağır Vətənini sevməsəydi, hərbi xidmətini başa vurandan sonra yenidən ordu sıralarına qayıtmazdı".
   
   Qeyd edək ki, əsgərin atası oğlunun geri qaytarılmasına yardım etmək üçün Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinə müraciət edəcəyini də bildirib. Onun sözlərinə görə, dövlət qurumları oğlunun geri qaytarılması üçün nə lazımdırsa, edirlər. Beynəlxalq Qızıl Xaç Komitəsinin də bu işdə öz yardımını göstərməsini xahiş edəcək.
   
   Bütün bu söz-söhbətlərə şərh almaq üçün "Doktrina" Æurnalist Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli ilə əlaqə saxladıq. O, "Şərq"ə deyib ki, son illər əsir düşən əsgərlərin tam əksəriyyəti Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülb, bəziləri isə azaraq erməni tərəfə keçib. "Könüllü şəkildə Ermənistana əsir düşmə halları isə qeydə alınmayıb. Bu təcrübədən çıxış edərək deyə bilərəm ki, sonuncu olaraq, Ermənistan tərəfinə əsir düşən əsgərimiz də ya yolunu azıb, ya da erməni kəşfiyyatı onu əsir götürüb. Təbii ki, burada bizim bilmədiyimiz müəyyən səbəblər də ola bilər, hansı ki, onlar hələ ki, mətbuata bəlli deyil. Bununla bağlı Hərbi Prokurorluq və Müdafiə Nazirliyi araşdırma aparmalı və hadisənin dəqiq səbəbini mətbuata açıqlamalıdır. Yalnız bu halda cəmiyyətdəki səs-küyə son qoymaq mümkündür. Əks halda, hər kəs istədiyini danışacaq. Doğrudur, nazirlik M.Talıbovun könüllü olaraq Ermənistana əsir düşməsi faktını təkzib edib. Amma, dəqiq məlumat yalnız araşdırmalardan sonra məlum olacaq". Ermənistan tərəfindən əsir götürülən əsgərin geri qaytarılması üçün BQXK-yə ediləcək müraciətin hansı nəticə verəcəyinə gəldikdə isə C.Sümərinli bildirib ki, ötən illərdə Azərbaycan Milli Ordusunun əsir düşən iki hərbi qulluqçusu öz istəyinə görə BQXK tərəfindən üçüncü ölkəyə göndərildi. "Və buna da səbəb kimi həmin əsgərlərin Azərbaycana qayıtmaq istəməmələri göstərilib. M.Talıbovun isə hansı ölkəni seçməsi öz istəyindən asılı olacaq. Onun qayıtmaq istəməsi və ya üçüncü ölkəni seçməsi onun özündən asılı olan bir şeydir. Amma ən azı həmin əsgər bir neçə ay əsirlikdə qalacaq. Çünki onun qaytarılması ilə bağlı müəyyən prosedurlar var ki, mütləq həmin mərhələlərdən keçmək lazımdır. Bir şeyi də qeyd edim ki, əsgərin hansı ölkəyə qayıtması ona edilən işgəncələrdən də asılıdır. Çünki bəzən bizim əsgərlərə orada işgəncələr edirlər və onların Azərbaycana qayıtmasına mane olurlar. Orada bizim əsgərlərə zülm edərək, onun üçüncü bir dövləti seçməsini tələb edirlər. Təsir altında qalan əsgər də bəzən buna məcbur olur və başqa ölkəyə göndərilir".
   
   
Şəymən
Yasamalda intihar
Qadın damarlarını doğrayıb, özünə od vurdu
Yanvarın 25-də Bakıda dəhşətli intihar hadisəsi baş verib.
   
   Yasamal rayonu ərazisində, Rahib Tağıyev küçəsi 13 ünvanda yerləşən binanın yaxınlığında, hasarın kənarında naməlum qadın meyiti tapılıb. Araşdırmalar nəticəsində məlum olub ki, ölən şəxs Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Əliyeva Təranə Fazil qızıdır. Meyit ekspertizaya aparılıb. Ekspertiza zamanı qadının sol qolunda damarların kəsilməsi izləri aşkarlanıb. Bundan başqa, 35 yaşlı qadının bədənində yanıq xəsarətləri də müəyyənləşdirilib.
   
   İlkin ehtimala görə, qadın damarlarını kəsib və daha sonra üzərinə yandırıcı maddə tökərək özünü yandırıb.
   
   
Piyadanı vurub qaçmaq istəyən sürücü yaxalandı
Yanvarın 26-da Xətai rayonunun Sarayevo küçəsində Gəncə şəhər sakini Vüqar Süleymanov "VAZ-2107" markalı avtomaşını idarə edərkən Bakı şəhər sakini Ayət Bağırovu vurub.
   
   Daxili İşlər Nazirliyinin məlumatına görə, sürücü hadisə yerindən qaçarkən Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Sürücü Xətai RPİ-yə təhvil verilib.
   
   
"Üç ay reanimasiyada qalmaq dəhşətlidir"
Yaşar Nurinin xanımı: "Onu bu vəziyyətdə görmək, həm mənim, həm də övladlarımız üçün çox ağırdır"
Xalq artisti Yaşar Nurinin səhhəti sabitləşsə də, ağır olaraq qalır.
   
   Bunu aktyorun həyat yoldaşı Rəhimə xanım Day.Az saytına açıqlamasında bildirib. Onun sözlərinə görə, Y.Nuri hələ də reanimasiya şöbəsindədir: "Əlbəttə ki, üç ay reanimasiyada qalmaq dəhşətlidir. Ümidverici olan, tibbi personalın ona böyük qayğı göstərməsi, onun adamları tanıması, bizim yanında olmağımıza reaksiya verməsidir. Sağalması üçün hər gün dua edirik. Onu bu vəziyyətdə görmək, həm mənim, həm də övladlarımız üçün çox ağırdır".
   
   
Jurnalist vəfat edib
Alışoğlu şəkər xəstəliyindən əziyyət çəkirmiş
Azərbaycan mətbuatına itki üz verib. APA-nın məlumatına görə, 51 yaşlı Qismət Alışoğlu ötən gün xəstəlikdən dünyasını dəyişib.
   
   Mərhum Masallı rayonunda dünən torpağa tapşırılıb. Q. Alışoğlu şəkər xəstəliyindən əziyyət çəkirmiş. Qeyd edək ki, Q. Alışoğlu uzun illər mətbuatda çalışıb. O, "Respublika", "Xalq", "Azərbaycan Müəllimi", "Poliqlot" və s. qəzetlərlə yaxından əməkdaşlıq edib. Q. Alışoğlu həmçinin hekayə və şeirlər müəllifidir.
"Mercedes" motosikleti vurub
Sürücü hadisə yerində ölüb
Yanvarın 26-da İmişli rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
   
   Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, İmişli şəhərində "Kolxoz bazarı"nın yaxınlığında 10 OT 215 nömrə nişanlı "Mercedes" motosikleti vurub. Nəticədə motosikletin sürücüsü, 1971-ci il təvəllüdlü Məmmədov Tofiq Yaqub oğlu aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
   
   Qeyd edək ki, T.Məmmədov rayon bazarına yük daşıyırmış. Faktla əlaqədar araşdırma aparılır.
Qədim türklərin daha bir nəvəsi tapıldı
Hinduların əcdadları 20-25 min il əvvəl Altaydan Amerikaya köç edən insanlardır
Amerikalı və rus antropoloqların apardıqları araşdırmaların nəticələrinə görə, Şimali Amerikanın əzəli sakinləri olan hinduların əcdadları Sibirin cənubundakı Altaydan oralara getmiş qədim türklərdir.
   
   ABŞ-dakı Pensilvaniya Universitetinin antropologiya kafedrasının dosenti Teodor Şurr Rusiya, Monqolustan, Çin və Qazaxıstanın kəsişdiyi Altayın on minlərlə il ərzində çoxsaylı xalqların köç yeri olduğunu deyir. Amerika qitəsində ilk insanların ulu əcdadları da bu xalqlardan biri olub.
   
   Daha doğrusu, hinduların əcdadları 20-25 min il əvvəl Altaydan Amerikaya köç edən insanlardır.
   
   Asiyalılara aid genetik xüsusiyyətlərə malik həmin adamlar o dönəmdə sular altında qalmamış Berinq boğazını keçərək Amerikada yerləşənə qədər Sibirdə on minlərlə kilometr qət ediblər.
   
   Araşdırmalar zamanı amerikalı hindular və Altayın cənubunda yaşayan qədim türk tayfalarının mənsublarının DNT-lərindəki Y xromosomu identikdir.
   
   Üstəlik, hindularla altaylı xalqların, xüsusilə də yakutların genlərində anadan miras olan mitoxondriya gen molekullarının da eyni olduğu aşkarlanıb.
 
 
spacer
  Copyright (c) 2008 Bütün haqqları qorunur.
Content by azDesign.ws