Menyu
spacer


spacer
spacer
spacer spacer
spacer spacer
Saytda Axtar
Ətraflı axtarış
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer spacer
spacer spacer
Xəbər qrupuna abunə ol
Abunə ol
spacer
spacer
spacer
spacer
spacer
Korrupsiyaya qarşı mübarizəni məmurlardan başlamaq lazımdır
Nazim Məmmədov: "Yalnız qanunları sərtləşdirmək yox, həm də islahatları dərinləşdirmək vacibdir"
Rövşən Ağayev: "Məmur cəzasız qalacağına əmin olduqda, əlbəttə ki, istədiyi özbaşınalığı edəcək"
Azərbaycanda rüşvət alma cinayətlərinin sayı artıb. Dünən keçirdiyi mətbuat konfransında Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəhbəri Kamran Əliyev belə deyib. O vurğulayıb ki, 2011-ci ildə Azərbaycanda əvvəlki illərlə müqayisədə korrupsiya cinayətlərinin ən təhlükəli formalarından olan passiv rüşvətxorluq, yəni rüşvət alma cinayətlərinin sayı xeyli çoxalıb. K.Əliyev bildirib ki, istintaq edilmiş cinayət faktlarının sayı əhəmiyyətli dərəcədə artıb və il ərzində 16 şəxs barəsində rüşvət alma maddəsi ilə başlanmış 11 cinayət işi istintaq edilib. 3 şəxs barəsində isə 2 iş vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə, yəni nüfuz alveri faktı aşkarlanıb.
   
   
   
   Korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin elan edildiyi, kompleks tədbirlər görüldüyü barədə davamlı bəyanatlar səsləndirildiyi bir dönəmdə nətcənin bu formada olması əlbəttə, daha ciddi tədbirləri qaçılmaz edir. Ekspertlər də bu qənaətdədirlər.
   
   Keçmiş millət vəkili, iqtisadçı Nazim Məmmədov hesab edir ki, bu sahədə daha effektli islahatlar aparılmalıdır. "Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi də yaradılıb ki, bu qurumun vəzifəsi birbaşa olaraq korrupsiya ilə bağlı hüquqpozmaları araşdırmaqdır. Düşünürəm ki, bu sahədə ciddi islahatlar aparılmalıdır. Yalnız qanunları sərtləşdirmək yox, həm də islahatları dərinləşdirmək vacibdir. Korrupsioner dövlət resurslarını öz resursları kimi istifadə edən dövlət məmuru, vəzifəli şəxsdir. Korrupsioner nə qədər öz vəzifəsindən istifadə edirsə, cinayəti bir o qədər böyükdür. Adi bir məişət rüşvətxoru sonradan asanlıqla böyük bir korrupsionerə çevrilə bilər. Belə olan halda vətəndaşlardan çox şey asılıdır. İnsanların təpkisi çox önəmlidir. Vətəndaşlar çox vaxt işinin tez bir zamanda həll olunması üçün özü məmura rüşvət verir. Belə olduqda təbii ki, korrupsiya halları çox olacaq. Biz vətəndaş olaraq özümüzdən başlamalıyıq. Prezidentin korrupsiyaya qarşı elan etdiyi mübarizəni müsbət qiymətləndirirəm və düşünürəm ki, Azərbaycan üçün zəruridir".
   
   Nazim Məmmədov deyir ki, kadr islahatları aparılması labüddür. "Qanunvericilik bazasının və sistemin mükəmməl olmasından asılı olmayaraq icraçılar insanlardır. Ona görə də hesab edirəm ki, ciddi kadr islahatlarına ehtiyac var. İdarəetmənin mexanizmləri daha da dəqiqləşdirilməli, daha da təkmilləşdirilməli və islahatlar daha da dərinləşdirilməlidir. Eyni zamanda, kadr islahatlarına yüksək səviyyədə start verilməlidir. Bu halda nəyinsə dəyişəcəyini görə bilərik". N.Məmmədovun fikrincə, istənilən hakimiyyətin nüfuzu onun məmurunun xalqla münasibətindən asılıdır. "Çalışmaq lazımdır ki, insanlarla münasibətlərdə olan sadə məmurun əməkhaqqı və məsuliyyəti artırılsın. Məmur rəhbərindən deyil, qanunun tələblərindən qorxmalıdır". Ekspertin sözlərinə görə, bir çox məmurlar dövlət vəzifəsində oturub, öz bizneslərini idarə edirlər.
   
   Korrupsiyaya qarşı mübarizə fondunun icraçı direktoru Vasif Mövsümov korrupsiya hallarının Azərbaycanın imicinə zərbə vurduğunu deyir. "Azərbaycanda korrupsiyaya qarşı mübarizəyə 2004-cü ildən start verilib. 2009-cu il 10 fevral tarixdə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilib. Bu, beynəlxalq təşkilatlar tərəfindən müsbət qiymətləndirilsə də, ölkədə korrupsiyaya qarşı mübarizənin icrası acınacaqlıdır. 2010-cu ilin yekunlarına dair müşavirədə də prezident etiraf etdi ki, Azərbaycanda korrupsiyanın səviyyəsi yüksəkdir. Prezident tərəfindən nümayiş olunan bu siyasi iradə niyə aşağı qurumlarda öz ifadəsini tapmır? Daha çox aşağılar yuxarıdan, məmurlardan gələn göstərişlə işləyir. Azərbaycan korrupsiya, daha çox aşağıların korrupsiyasıdır, yəni təhsildə, səhiyyədə və digər sahələrdə rüşvət alınır. Ölkədə əlində səlahiyyət olan bir çox məmur elə özləri korrupsionerdi. Həm də inhisarçılığın qarşısı alınmırsa, korrupsiya halları da hər zaman olacaq. Azərbaycanda ilk növbədə məişət səviyyəsində olan rüşvətxorluğu aradan qaldırmaq lazımdır. Vətəndaşların hüquqi savadları olmalıdır. Vətəndaşlar da bilməlidirlər ki, korrupsiya ölkəni dağıdır və buna qarşı müqavimət göstərməlidirlər. Güclü müqaviməti görən məmur özü geri çəkiləcək. Korrupsiya Azərbaycanın imicinə zərbə vurur. Çox yaxşı olardı ki, korrupsiyaya qarşı mübarizə güclü və davamlı olsun".
   
   İqtisadçı Rövşən Ağayev o qənaətdədir ki, korrupsiyaya qarşı mübarizəni ilk öncə məmurların özlərindən başlamaq lazımdır. "Azərbaycanda 2005-ci ildə korrupsiya əleyhinə qanun qüvvəyə minərkən, məmurların gəlir və əmlak vəziyyəti ilə bağlı deklarasiya qəbul olunmuşdu və 2 ay ərzində məmurların gəlir və əmlak vəziyyəti açıqlanmalı idi. Lakin bundan 6 il keçsə də, hələ də bu sənəd hazır deyil".
   
   İqtisadçı bundan başqa düşünür ki, nazirliklərin funksiyalarının təkmilləşdirilməsi lazımdır. "Məsələn, Torpaq Komitəsinə ehtiyac yoxdur, o, Kənd Təsərrüfatı Nazirliyi və Əmlak Komitəsi arasında bölüşdürülməlidir".
   
   R.Ağayev məhkəmə sistemində islahatların aparılmasını zəruri hesab edir. "Ölkədə süründürməçilik, məmur özbaşınalığı halları var. Nəinki dövlət idarələrində, habelə məhkəmələrdə də vətəndaşların əsəblərini tarıma çəkirlər. Vətəndaş hər hansı qurumda haqqı pozulanda məhkəməyə üz tutmalıdır. Amma məhkəmələrin özü süründürməçiliklə, sifarişlə çalışır. Məmur cəzasız qalacağına əmin olduqda, əlbəttə ki, istədiyi özbaşınalığı edəcək. Elə bunun nəticəsidir ki, vətəndaşlarla dövlət qurumları arasında qeyri-sağlam münasibət formalaşıb. Vəziyyət o qədər mürəkkəbləşib ki, vətəndaşlar çıxış yolunu intiharda görürlər. Faktın özü isə həyəcan siqnalı sayıla bilər. Məmur özbaşınalığı, korrupsiya, rüşvətxorluq, süründürməçilik hallarına qarşı təcili müdaxilə olmalıdır. Bu sahədə köklü islahatlar aparılmasa, nəticə daha pis olacaq".
   
   
Firdovsi
Səfirimiz geri çağırılsın!
Gənc fəallar Fransanı boykota çağırır
Yanvarın 27-də Respublikaçı Alternativ Hərəkatının (REAL), Bütöv Azərbaycan Gənclər Təşkilatı, Vətəndaş Həmrəyliyi, Klassik Xalq Cəbhəsi, Xalq Cəbhəsi partiyalarının gənclər təşkilatlarının fəalları Fransanın Azərbaycandakı səfirliyi yaxınlığında piket keçiriblər.
   
   Aksiyada Fransa Senatının qəbul etdiyi, "erməni soyqırımı"nın inkarına görə cəza nəzərdə tutan qanuna etiraz bildirilib, bu qanunun tarixi cəhətdən yanlış olduğu, eyni zamanda söz azadlığına qarşı yönəldiyi vurğulanıb.
   
   Etirazçılar Fransanın ATƏT-in Minsk qrupunun həmsədrliyindən çıxarılmasını, Fransadakı Azərbaycan səfirinin geri çağırılmasını, Fransa ilə siyasi və iqtisadi əlaqələrin dayandırılmasını, Fransa istehsalı olan məhsulların boykot olunmasını, Fransanın orden və medallarını almış azərbaycanlıların bundan imtina etməsini tələb ediblər.
Azərbaycanlı hərbi əsirə baş çəkiblər
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlı hərbi əsirə baş çəkiblər.
   
   Bu barədə APA-ya BQXK-nın Azərbaycan nümayəndəliyinin mətbuat katibi Şəhla Qəhrəmanova bildirib.
   
   Qeyd edək ki, Azərbaycan Ordusunun kiçik çavuşu, 1990-cı il təvəllüdlü Axundzadə Məmmədbağır Talıb oğlu Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində, Tərtər rayonunun Yuxarı Çaylı kəndi yaxınlığında ermənilər tərəfindən əsir götürülüb. Azərbaycan Müdafiə Nazirliyi hərbçinin ermənilər tərəfindən əsir götürülməsi faktını təsdiqləyib.
   
   
İnsanlar ayıq-sayıq olmalıdır
İranın Azərbaycana qarşı münasibəti daha da aqressivləşəcək
Ciddi iqtisadi sanksiyalara məruz qalan İran bir çox hallarda qeyri-adekvat addımlara əl atır. Hətta onun hədəf olaraq seçdiyi məkanlar da adekvat olmur. Əslində bu addımlar İran rejiminin mahiyyətinə xas xarakterdir. Belə ki, Qərb ilə "soyuq müharibə" aparan fars rejimi nədənsə, Azərbaycanla da türklər demiş, uğraşmaqdan usanmır.
   
   
   
    Rəsmi Bakının Qərb, eləcə də İsraillə münasibətlərini qısqanan İranın zaman-zaman Azərbaycanın daxili işlərinə qarışmasının şahidi olmuşuq. Hətta bir az da qabağa gedərək ölkədə terror aktları törətmək cəhdləri də olub. Azərbaycanın hüquq-mühafizə orqanlarının həyata keçirdikləri əməliyyatlar nəticəsində cənubdan gələn sifarişlər əsasında Azərbaycanda qanlı aktlar törətməyə cəhdlərin qarşısı alınıb.
   
   Bu mənada son hadisə xüsusi diqqət çəkir. Bakıda İsrailin ictimai xadimlərinə qarşı planlaşdırılan terror aktının qarşısı alındı ki, bu məqama görə, hətta İsrail prezidenti Şimon Perez Azərbaycanın dövlət başçısı İlham Əliyevə xüsusi təşəkkürünü bildirib. Hadisələrin bu cür inkişafı fonunda bəzi ekspertlər ehtimal edirlər ki, İranın Azərbaycana qarşı münasibəti daha aqressivləşəcək. Belə ki, bundan sonra fars rejiminin Azərbaycanda müxtəlif təxribatlarına hazır olmaq lazımdır.
   
   Bu mənada Azərbaycanın xarici siyasətini təhlil edən politoloq Qabil Hüseynli hesab edir ki, Azərbaycanın xarici diplomatiyası doğru yoldadır. Onun sözlərinə görə, İsraillə münasibətlər Azərbaycanın xeyrinədir. "Bu münasibətlər hesabına ölkə iqtisadiyyatının bir çox sahələri, xüsusilə də hərbi potensialımız durmadan inkişaf edir. İsrailin elektronika sahəsində, bir sıra hərbi sahələrdə Azərbaycana yardım göstərməsi ölkəmizi bu müstəvidə ön sıralara çıxarıb. Pilotsuz kəşfiyyat təyyarələri istehsalının Azərbaycanda istehsalının başlanması ölkənin hərbi sənayesi üçün çox böyük nailiyyətdir. Gələcəkdə, ümumiyyətlə, təyyarəqayırma sənayesinin istehsalı nəzərdə tutulur. Bundan başqa, elektron kəşfiyyat sahəsində, ordunun xəbərləşmə sisteminin qurulması sahəsində İsrail tərəfindən Azərbaycana böyük dəstək verilir. İsraillə əlaqələr həm də dünyada böyük lobbiçilik və böyük media sənayesi ilə yaxınlıq deməkdir".
   
   Ekspert deyir ki, İran şimalında yerləşən suveren bir dövlətin bu cür müstəqil, uğurlu xarici əlaqələrinə qısqanclıqla yanaşır. Onun sözlərinə görə, İran siyasəti dar bir dalana dirənib. "Biriləri sırf ideoloji dini əlamətlərə görə İranla düşməndir, biriləri isə yaxın iqtisadi partnyordur. Uzun müddətdir ki, "Hizbullah" və "Həmas" kimi terrorçu təşkilatların xətti ilə İsraillə düşmənçilik aparırlar. Adını da qoyublar ki, Fələstin probleminin həlli ilə məşğuluq. Amma əslində Fələstin probleminin telləri kimin əlindədir və kimlər vasitəsi ilə həll edilir, bunu hamı yaxşı bilir. Bu, beynəlxalq güclərin əlinə keçmiş bir məsələdir. Mövcud problemi kənardan silahlı dəstələr yararaq İsrailə hücum etməklə yalnız mürəkkəbləşdirmək olar. Ona görə də İran tərəfi İsraildən özünə süni bir düşmən obrazı yaradıb, eləcə də Amerikadan. Bu dövlətlərlə əməkdaşlıq edənləri də özünün düşməni elan edir". Q.Hüseynli vurğuladı ki, özünü müsəlman dəyərlərinin müdafiəçisi kimi qələmə verən İran işğalçı, terrorist dövlət olan Ermənistanla qol-boyun olmağı bacarır. Amma Azərbaycanın İsrail kimi müasir bir dövlətlə ikitərəfli normal iqtisadi münasibətlər qurmasını istəmir. "Bu səbəbdən də Azərbaycan ərazisində müxtəlif təxribatlara əl atır. Tutaq ki, İran ərazisində nüvə sahəsində çalışan mütəxəssisi öldürüblər. Bunun kimlər tərəfindən həyata keçirilməsi ortaya çıxmayıb, amma İran birtərəfli qaydada Amerika və İsraili bu sahədə günahlandırır. Bu məqsədlə Azərbaycan ərazisində guya, həmin alimin qanını alırmış kimi, iki günahsız yəhudinin öldürülməsini planlaşdırır. Onlardan biri məktəb direktorudur. Mən onu şəxsən tanıyıram. Çox gözəl və Azərbaycana dərindən bağlı bir insandır. Azərbaycan dilində bizim kimi səlis danışır. Digəri də orta məktəbdə fizika müəllimidir. İndi onları hədəfə almaq insani nöqteyi-nəzərdən hər hansı əxlaq normasına sığırmı?"
   
   Politoloq hesab edir ki, Azərbaycan insanları da ayıq-sayıq olmalı və İranın təsirlərindən özlərini qorumalıdırlar. "İl yarım bundan əvvəl İran Azərbaycandakı İsrail səfirliyində partlayış həyata keçirmək istəyirdi. Onun üstü ABŞ, İsrail və yerli kəşfiyyat orqanlarının əməkdaşlığı nəticəsində açıldı. Nəticədə bir neçə İrandan ezam edilmiş, peşəkar şəxslər həbs edildi. Lakin həmin şəxslər qonşuluq münasibətləri nəzərə alınaraq İrana təhvil verildi. Amma İran bundan nəticə çıxarmadı və yeni bir terror əməliyyatını Azərbaycan ərazisində həyata keçirməyə çalışdı. Bu günlərdə yenə İsrail və ABŞ səfirliyi növbəti terror təhlükəsi ilə bağlı vətəndaşlarını xəbərdar etdi. Axı nəyə görə Azərbaycan ərazisi xarici vətəndaşlar, turistlər üçün riskli zonaya çevrilməlidir. Bu gün Azərbaycanın belə bir imicinin yaranmasında əsas rolu məhz İran oynayır. Bu, Azərbaycan üçün böyük zərbədir. Gələnlər azalır, Azərbaycanda sabitliyin olmaması barədə təsəvvürlər yaradılır, dövlətin müəyyən sahələrdə bacarıqsız olması barədə fikirlər formalaşdırılır. İranın bu hərəkətləri tək regiona yox, özünə ziyan vurur. İran başqa dövlətlərin daxili işlərinə qarışmamalıdır. Öz daxili problemləri ilə məşğul olmalıdır".
   
   
Firdovsi
"Hərəkatın adının başqa şəxslərlə hallandırılması doğru deyil"
Mirmahmud Mirəlioğlu: "Bu, Hərəkatı qısqanclıqla qarşılayanların işidir"
Fuad Əliyev: "Qurumda narazılıq yaratmaq üçün belə bir məsələni ortaya atıblar"
Beş partiyanın formalaşdırdığı Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı yaranandan onu daha çox Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevin adıyla bağlayırlar. Yayılan xəbərlərə görə, yeni hərəkat növbəti prezident seçkilərində də məhz R.Quliyevin namizədliyini müdafiə edəcək. Amma qurumda təmsil olunan digər partiyalar hərəkatın bu cür təqdim olunması ilə razılaşmırlar.
   
   KXCP sədri Mirmahmud Mirəlioğlu hesab edir ki, bu formada təqdimat hərəkata qarşı olan kampaniyanın tərkib hissəsidir: "Bu hərəkatın formalaşdırılması və təşkilatlanması prosesinin ACP-nin və Rəsul Quliyevin adı ilə bağlanması həm də birbaşa ACP-yə qarşıdır. Bu doğru yanaşma deyil". M.Mirəlioğlu deyib ki, sözügedən hərəkat təsis olunarkən qurumda təmsil olunan digər şəxslərlə yanaşı, eks-spiker də bu prosesdə iştirak edib: "Bütün bu proseslər də ölkə mediasının gözü qarşısında baş verib. İdarə Heyətinin toplantıları və digər tədbirlərimizə Rəsul Quliyev də qatılır və məsələlər birgə müzakirə olunur". KXCP sədri hesab edir ki, bu təqdimat həm hakimiyyətin, həm Hərəkatı qısqanclıqla qarşılayanların, həm də Hərəkatı özlərinə alternativ görənlərin vahimələnməsindən irəli gəlir: "Bunun başqa bir adı yoxdur, reallığa da uyğun deyil".
   
   DCUMH-də təmsil olunan ALDP sədri Fuad Əliyev də qurumun yaradılmasında kiminsə adının hallandırılması ilə razı deyil. Onun əməkdaşımıza dediyinə görə, digər partiyaların rəhbərləri kimi R.Quliyev də yeni hərəkatın yaradılması ilə bağlı aparılan müzakirələrdə iştirak edib və sonda yekun qərar qəbul olunub: "Hesab edirəm ki, beş partiyanın formalaşdırdığı hərəkatın adının Rəsul Quliyevlə hallandırılması qurumda narazılıq yaratmaq üçün ortaya atılmış fikirdir. Amma DCUMH-də təmsil olunan partiyalar bu cür əsası olmayan söz-söhbətlərə fikir vermirlər. Biz öz işimizlə məşğuluq və kimin nə deməsinin o qədər də əhəmiyyəti yoxdur".
   
   
Anar
"Dalğa" fərqli aksiya keçirdi
Fransa səfirliyinin qarşısında göyə göyərçin buraxıldı
Yanvarın 27-də "Dalğa" Gənclər Hərəkatının üzvləri Fransanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirib.
   
   Aksiyada Fransa Senatının qəbul etdiyi, "erməni soyqırımı"nı inkar edənlərə qarşı cəza nəzərdə tutan qanuna etiraz bildirilib.
   
   "Media forum" saytının məlumatına görə, "Dalğa"çılar üzərində fransızca "Fransız maarifçilərinin əziz xatirəsinə", "İfadə azadlığının əziz xatirəsinə" və "Fransız həmfikirlərimizə salam olsun" yazılmış plakatlar qaldırıb, şüarlar səsləndiriblər.
   
   Aksiya göyə göyərçin buraxılması ilə başa çatıb.
Hillari Klinton siyasətdən yorulduğunu etiraf edib
ABŞ dövlət katibi ölkəsində seçkiqabağı debatları izləmədiyini də deyib
ABŞ dövlət katibi Hillari Klinton ictimaiyyət arasında olmaqdan yorulduğunu və istənilən an kənara çəkilməyə hazır olduğunu etiraf edib.
   
   "Düşünürəm ki, ABŞ siyasətində 20 ildən sonra bütün çətinlikləri nəzərə alaraq mənim necə yorulduğumu anlaya bilərsiniz." - Hillari Klinton dövlət departamentinin əməkdaşları ilə görüşdə bunu deyib. O, 2012-ci il seçkisindən sonra qadın və uşaq hüquqlarının müdafiəsi üzrə layihələrlə məşğul olmaq istədiyini, bundan sonra heç bir yüksək vəzifədə çalışmağı planlaşdırmadığını dəfələrlə qeyd edib. Hillari Klinton etiraf edib ki, prezident Barak Obamanın seçkiqabağı kampaniyasında iştirakdan yayına bilməz. O, seçkidə vitse-prezidentliyə namizəd qismində iştirakının mümkünlüyü barədə məlumatları da rədd edib. Dövlət katibi eyni zamanda siyasi rəqiblərinin seçkiqabağı kampaniyası ilə maraqlanmadığını və onların heç bir debatına baxmadığını etiraf edib.
   
   
 
 
spacer
  Copyright (c) 2008 Bütün haqqları qorunur.
Content by azDesign.ws