Menyu
spacer


spacer
spacer
spacer spacer
spacer spacer
Saytda Axtar
Ətraflı axtarış
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer spacer
spacer spacer
Xəbər qrupuna abunə ol
Abunə ol
spacer
spacer
spacer
spacer
spacer
Xankəndi və Ağdərənin icra strukturları yaradılmalıdır
Əliməmməd Nuriyev: "Onları icma halında birləşdirmək lazımdır"
Aqil Abbas: "Millət vəkili kimi bu məsələnin izinə düşəcəm və parlament səviyyəsində problemin həllinə nail olmağa çalışacam"
"Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri, Şuşa Rayon İcra hakimiyyətinin başçısı Bayram Səfərov deyib ki, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan rayonlarından yalnız Ağdərə və Xankəndinin icra orqanları fəaliyyət göstərmir. Bu bölgələrin sakinləri dəfələrlə məsələ qaldırsalar da hələ ki, qaldırdıqları problem həll olunmayıb. İcma rəhbəri deyib ki, bu, 1990-cı illərdə Azərbaycana rəhbərlik etmiş adamların işbilməzliyi nəticəsində belə problem yaranıb: "Hesab edirəm ki, bu bölgələrin də icra strukturları olmalıdır. Heç olmasa, həmin bölgələrin insanlarının əlaqələndirilməsi üçün bu, çox vacibdir. Ona görə də mən də bu məsələnin tərəfdarıyam".
   
   
   
   "Konstitutsiya" Araşdırmalar Mərkəzinin sədri Əliməmməd Nuriyev də B. Səfərovun dedikləri ilə razılaşdığını deyib. Onun sözlərinə görə, tez bir zamanda dövlət bu məsələ ilə ciddi şəkildə maraqlanmalı və Hər iki rayonda icra strukturu yaratmalıdır. Ordan olan insanlar arasında koordinasiya yaratmaq və onları icma halında birləşdirmək lazımdır. Çünki hazırda onlar ölkənin müxtəlif ərazilərinə səpələnib yaşayırlar. Əgər həmin rayonlarda icra strukturları yaradılarsa, bu eyni zamanda onların qohumluq əlaqələrinini də bərpa edilməsinə köməklik edər. Xankəndi və Ağdərədə icra orqanlarının yaradılmasının həm iqtisadi, həm mədəni-insani, həm də siyasi-hüquqi tərəfləri var. Ona görə də həmin rayonlarda icra strukturlarının yaradılması məqsədəuyğundur. Bu proses həm də Dağlıq Qarabağda yaşayan Azərbaycan icmasının əlaqələrini də genişləndirər. Çünki gələcəkdə həmin insanların geri qaytarılması və öz yurdlarında yerləşdirilməsi məsələsi var. İndiyə qədər Xankəndi və Ağdərə rayonlarında icra strukturunun olmamasının səbəbini B. Səfərov 1990-cı illərdə Azərbaycana rəhbərlik etmiş adamların səriştəsizliyində görür. Bəs Ə. Nuriyev necə düşünür? Doğrudan da bu gün Ağdərə və Xankəndinin icra strukturunun olmamasında 90-cı illərin payı varmı?
   
   - Mən hesab edirəm ki, keçmişi qınamaq yox, ona hörmət etmək lazımdır. Çünki keçmişinə atəş açanın gələcəyini topa tutarlar. Ola bilsin ki, keçmişdə müəyyən səhvlər olub. Əslinə qalsa, mən bunun belə olduğunu heç qəbul da etmirəm. Düşünürəm ki, keçmişi ittiham etməzdən əvvəl biz unutmamalıyıq ki, Ağdərə rayonunun özü də elə həmin illərdə yenicə yaradılıb. Mən təklif edirəm ki, keçmişə daş atmadan gələcək üçün işləməli və öz fəaliyyətimizi də elə bu cür qurmalıyıq. Hər kəsə məlumdur ki, 90-cı illər Azərbaycanın ictimai-siyasi həyatında müvəqqəti bir dövr olub və ona görə də indi mövcud əskiklikləri 90-cı illərin üzərinə atmaq düzgün deyil. Sadəcə biz irəliyə baxmalıyıq və lazım olan işləri görməliyik. Keçmişin günahıdır deyəndə ki, heç nə gec deyil. Biz bu gün də həmin strukturları asanlıqla yarada bilərik, yalnız bu məsələyə diqqət edilməli və lazımi qərarlar qəbul edilməlidir. Və mən bunun belə olacağına da əminəm.
   
   Millət vəkili Aqil Abbas isə "Şərq"ə açıqlamasında Xankəndi və Ağdərə rayonlarında indiyə qədər icra strukturunun olmaması məsələsini ilk dəfə həm mətbuatda, həm də parlamentdə məhz onun qaldırdığını deyib:
   
   - Mən bu məsələni dəfələrlə işıqlandırmışam və bildirmişəm ki, Ağdərənin 5 kəndi işğaldan azad olunub. Hazırda həmin kəndlər ermənilərin yox, bizim nəzarətimiz altındadır. Mən Ağdərə əhalisinin məktublarını da, müraciətlərini də parlamentdə qaldırmışam. Bilirsiniz ki, referendum keçirilməsi ilə bağlı söz-söhbət var. Bu gün Ağdərənin 15 min nəfərlik əhalisi var. Hansı ki, həmin rayonun əhalisini bölük-bölük edərək müxtəlif rayonlarda yerləşdirdilər. 1992-ci ildə Xalq Cəbhəsi səriştəsizlik elədi və Ağdərə rayonunun əhalisini parçaladı. Cəbrayıl və Füzulidən fərqli olaraq Ağdərənin 5 kəndi işğaldan azaddır. Ağdərə rayonunda icra strukturu yaratmaqla ağdərəliləri ora köçürtmək olar. Bu elə də çətin proses deyil. Sadəcə Ağdamdakı, Füzulidəki kimi Ağdərədə də qəsəbələr tikib, əhalini ora köçürtmək lazımdır. Doğrudan da bu çox ciddi məsələdir. Nəyə görə Xankəndi bizim rayonumuz olduğu halda orada icra strukturu, icra başçısı yoxdur? Bu gün 20 minlik Xankəndi camaatının gedəcək yeri, döyəcək qapısı yoxdur. Onlar ya Ağdam, ya da Şuşa İcra Hakimiyyətinin qapısını döyür. Problemlərini onlara deyirlər. Mən hesab edirəm ki, hazırkı vəziyyət bu iki rayona qarşı ayrı-seçkilikdir. Çünki onlardan başqa bütün rayonların, hətta həm əhalisinə görə, həm də ərazisinə görə kiçik olan rayonların belə özlərinə məxsus icra orqanları, vergi dairələri var. Güc-bəla ilə həmin rayonun parlamentdə təmsilçisinin olmasına nail olduq. İndi qalıb icra orqanının yaradılması. Və inanıram ki, tez bir zamanda bu problemimiz də aradan qalxacaq. Bizim bu məsələni uzatmağımız o anlama gəlir ki, sanki biz Xankəndindən, Ağdərədən birdəfəlik əlimizi üzmüşük. Axı bu belə deyil. Onda niyə həmin rayonların icra orqanı olmamalıdır?
   
   Mən Bayram Səfərovu da alqışlayıram. Çünki o, "Dağlıq Qarabağın Azərbaycanlı İcması"nın rəhbəri kimi bu məsələni qaldırır və onun arxasınca gedirsə, doğrudan da bu, təqdirəlayiq haldır. Mən də bir millət vəkili kimi bu məsələnin izinə düşəcəm və parlament səviyyəsində problemin həllinə nail olmağa çalışacam. Yəqin ki, dövlət rəhbərliyi də bu barədə düşünüb, artıq bu yöndə lazımi addımları atıb, gözlənilən qərarı verəcəklər.
   
   
   
   
Şəymən
Bu gün 22 min şagird imtahan verməlidir
Şaxtalı havaların mərkəzləşdirilmiş sınaq imtahanına təsir edəcəyi istisna olunmur
Havaların kəskin soyuması orta məktəblərdə şagird davamiyyətinə də təsirsiz qalmayıb. Dünən şaxtalı hava, yolların buz bağlaması səbəbi ilə şagirdlər arasında dərsə gedə bilməyənlər çoxluq təşkil edib. Xüsusən də məktəbə uzaq məsafədə yaşayanlar belə havada evdən çıxmamağa üstünlük veriblər.
   
   
   
   Gəl bir üstünlük verməsinlər də. Dünyanın düz vaxtı - yəni havalar normal keçəndə şəhərdə müəyyən saatlarda tıxac əlindən tərpənmək olmur. Buzlu yollarla şəhər nəqliyyatının hərəkətini təsəvvür etmək çətin deyil. Odur ki, valideynlərin kəskin soyuq və buzlaşma vaxtı uşaqları məktəbə buraxmamasına haqq qazandırmaq olar.
   
   Bakı Baş Təhsil İdarəsindən isə dünən orta məktəblər üzrə dərs davamiyyətində nəzərəçarpan pozulmalar olmadığı bildirildi. BBTİ-nin Beynəlxalq və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı havaların kəskin soyumasına rəğmən məktəblərdə dərslərin normal keçdiyini dedi:
   
   - Dərslər öz qaydasında, normal keçib. Təbii ki, uzaqdan gələ bilməyənlər də olub. Ancaq şagirdlərin kütləvi şəkildə dərsə gəlməməsi müşahidə edilməyib. Hidrometeoroloqlar bu gün axşamdan (dünən axşamdan -red) havaların daha da soyuyacağını proqnozlaşdırırlar. Bizim də sabah (bu gün) 11-cilərin mərkəzləşdirilmiş sınaq imtahanları keçirilməlidir. Bu imtahan bütün paytaxt məktəbləri üzrə 22 min şagirdi əhatə etməlidir. İmtahan səhər saat 10:00-da başlayır. Bazar günü də 9-cuların sınaq imtahanıdır. Bu da 30 min şagirdi əhatə edir. Bilmirik, sabah vəziyyət necə olacaq. Hələ ki, imtahanların təxirə salınması ilə bağlı bir qərar yoxdur. Havanın necəliyindən asılı olaraq yəqin ki, şəraitə uyğun qərar verəcəyik.
   
   Z.Əliqızı imtahanların gedişatından asılı olaraq BBTİ-nin fərqli qərarlar verəcəyini, sınaq imtahanlarının vaxtının dəyişdiriləcəyini, yaxud, imtahanda iştirak edə bilməyən şagirdlər üçün əlavə vaxt təyin edilə biləcəyini də istisna etmədi.
   
   
Məlahət
Qaçqınların mülkiyyət hüququ Avropa Məhkəməsində
Qurban Məmmədov: "Müraciətin siyasi məsələnin və ya cinayət prosesinin nəticəsi olmasının heç bir əhəmiyyəti yoxdur"
Əliməmməd Nuriyev: "Mülkiyyət hüququ ilə bağlı olan proses davamedici bir işdir, bu qanunla bağlı tələsik qərar vermək mümkün deyil"
Aslan İsmayılov: "Onlar bu işlə bağlı ən yaxşı halda siyasi qərara oxşar bir şey deyəcəklər"
İntiqam Əliyev: "Məcburi köçkünlərin "Çıraqov və başqaları Ermənistana qarşı" məhkəmə işi ilə bağlı Avropa Məhkəməsinə ünvanladığı müraciət sırf hüquqi məsələdir"
MÖVZU: "Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması"
Nə qədər ki, dünyada müharibələr, təqibolunmalar, hüquqi tapdalanmalar, dözümsüzlük və insanlığa laqeydlik mövcuddur, qaçqınlar və məcburi köçkünlər də mövcud olacaq. Bu insanlar müxtəlif irq və dinlərə mənsubdurlar. Onlara planetin hər bir küncündə rast gəlmək olar. Məcburi köçkünlər öz həyatlarını qorumaq və azadlıq naminə, qaçqınlar isə yad bir ölkədə qeyri-müəyyən gələcək üçün çox vaxt hər şeylərini - evlərini, mülklərini, ailələrini və vətənlərini atırlar. Onların acınacaqlı vəziyyəti müasir dövrün ən böyük faciələrindən biridir, onların müqəddəratı isə insan hüquqlarını müdafiə problemi kimi hər birimizi narahat etməlidir.
   
   
   
   Azərbaycan zaman-zaman yadelli işğallarına məruz qalıb və soydaşlarımız öz yurd-yuvalarından didərgin düşüb. Məhz 1988-ci ildə Ermənistan SSR Ali Soveti "Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi haqqında" hüquqazidd qərar qəbul etdikdən sonra erməni silahlı birləşmələri tərəfindən Azərbaycan torpaqlarının 20 faizi, Dağlıq Qarabağ və ətraf yeddi rayon - Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Zəngilan, Qubadlı və Cəbrayıl işğal edilib, 10 minlərlə insan kütləvi qırğınların qurbanı olub, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib, minlərlə soydaşımız, o cümlədən, hərbi qulluqçular, uşaqlar, qadınlar, qocalar əsir və girov götürülüb, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb. Ata-baba yurdlarından məcburi şəkildə çıxardılmış soydaşlarımız pozulmuş hüquqları ilə bağlı davamlı olaraq beynəlxalq məhkəmələrə müraciət ediblər. Əlbəttə ki, qaldırılan iddialar arasında mülkiyyət hüququ ilə bağlı məqamlar da yer alıb. Amma görünür, Avropa Məhkəməsi yenə də Azərbaycanı və onun problemlərini arxa plana keçirib. Həmin şikayətçilər isə hələ də ümidlə Avropa Məhkəməsinin obyektiv qərar çıxaracağını və onların hüquqlarını müdafiə edəcəyini gözləyir. Məhkəmə isə hələ də müraciət edən azərbaycanlı köçkünlərin "Çıraqov və başqaları Ermənistana qarşı" işinə mövqe bildirməyib. Halbuki həmin qaçqın və məcburi köçkünlərin mülkiyyət hüquqlarının pozulması iddiası ilə bağlı Avropa Məhkəməsinə müraciət etmələrində kifayət qədər əsasın olduğu vurğulanır. Prokurorluğun araşdırmasında qeyd edilib ki, Avropa İnsan Hüquqları Məhkəməsi mülkiyyət hüququnun davam edən pozuntusu konsepsiyasının mövcudluğunu təsdiq edir. Bu prinsip Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyasını Azərbaycan Respublikası tərəfindən tanındığı tarixdən öncə baş vermiş mülkiyyət hüququnun pozuntularına da şamil edilir (Təbii ki, pozuntular hələ də davam edərsə). Göründüyü kimi, beynəlxalq hüquqla təsbit edilmiş belə humanist bir mövqe məcburi köçkünlərimizin hələ 1994-cü ilə qədər itirdikləri mülkiyyətləri ilə əlaqədar hazırkı vaxtda Avropa İnsan Hüquqları Məhkəməsinə Ermənistan dövləti tərəfindən bu hüququn pozulması iddiası ilə bağlı müraciətə əsas verir. Qeyd etmək yerinə düşərdi ki, hər bir məcburi köçkünümüz belə bir məzmunlu ərizəsi üzrə presedent rolu oynaya biləcək və Avropa İnsan Hüquqları Məhkəməsində baxılaraq müvafiq qərar qəbul edilmiş praktika mövcuddur.
   
   Laçın rayonundan məcburi köçkün düşmüş Çıraqov və digər 5 nəfərin "Çıraqov və başqaları Ermənistana qarşı" işi üzrə məhkəmə qərarının isə ilin sonuna kimi məlum olacağı gözlənilirdi. Amma artıq ili başa vurmağımıza baxmayaraq, ortada hər hansı bir nəticə yoxdur. Hazırda Avropa İnsan Haqları Məhkəməsində Ermənistana qarşı daha 600 işin olduğu və bu şikayətlərin sayının gündən-günə artdığı bildirilir. Qeyd edək ki, "Çıraqov və başqaları Ermənistana qarşı" işi üzrə məhkəmə iclası yekunlaşıb. İndi məhkəmə öz mövqeyini bildirməlidir. İddia ərizəsi Birinci İnsan Haqları Konvensiyasının 1-ci Protokolunun 1-ci (mülkiyyətin toxunulmazlığı), 8-ci (şəxsi həyatın toxunulmazlığı), 13-cü (ədalətli mühakimə hüququ) maddələrinə əsaslanır. İddiaçılar, həmçinin, milli ayrı-seçkiliyə (14-cü maddə) məruz qaldıqlarını bildirərək qeyd ediblər ki, əgər erməni və xristian olsaydılar, onları evlərini tərk etməyə məcbur etməzdilər. Şikayət ərizəsi Avropa İnsan Haqları Məhkəməsinə 2005-ci il aprelin 6-da daxil olub. Bəlkə də artıq Çıraqov və onunla birlikdə Avropa Məhkəməsinə müraciət edən vətəndaşların Məhkəmənin işə baxmasına olan ümidləri tükənib. Amma Avropadan onlara ümidlərini itirməmək mesajı gəlib. Avropa Məhkəməsinin sədri deyib ki, azərbaycanlı məcburi köçkünlərin Ermənistana qarşı şikayəti siyasi və həssas məsələdir. Amma o qeyd edib ki, məhkəmənin bu cür şikayətlərin qəbul olunmasında və nəzərdən keçirilməsində artıq müəyyən vərdişləri var. Və baxmayaraq ki, bu çox mürəkkəb məsələdir, amma biz buna hüquqi qiymət verəcəyik. İndi sadəcə bizə dünyadan ədalət gözləmək qalıb. Çünki bu şikayətə baxılması və düzgün qərar çıxarılması Azərbaycanın imkanları xaricində olan bir şeydir və buna nə bizim rəhbərliyimizin, nə də ki, vəkillərimizin gücü çatmaz. Maraqlıdır, hüquqşünaslar necə düşünür? Avropa Məhkəməsi sözünə sadiq qalıb, "Çıraqov və başqaları Ermənistana qarşı" işi üzrə məhkəmə prosesinə baxıb, hüquqi qərar verəcək, yoxsa ki, vaxtı uzatmaqla işi başdansovdu edəcək?
   
   Hüquqşünas Qurban Məmmədov deyib ki, müraciətin siyasi məsələnin və ya cinayət prosesinin nəticəsi olmasının heç bir əhəmiyyəti yoxdur. Nəticə odur ki, burada vətəndaşlar ziyan çəkib. Avropa Məhkəməsi də hüquqi cəhətdən məsələyə baxıb qiymət verməlidir. Və Məhkəmənin prosesə bu cür yanaşacağına da inanıram. Bü qədər ümidsiz olub, hər şeyə mənfi gözlə baxmaq da düzgün deyil. Biz düşünürük ki, Avropa bizə laqeyd yanaşır. Bizim problemlərimizi, müraciətlərimizi hər zaman arxa plana keçirib, digər məsələlərə önəm verirlər. Ona mən təklif edirəm ki, türklər də birləşib öz məhkəmələrini, Asiya İnsan Haqları Məhkəməsi yaratsınlar. Ancaq mən buna ehtiyac olacağını düşünmürəm, çünki Avropa İnsan Haqları Məhkəməsinin obyektivliyinə əminəm.
   
   "Konstitusiya" Araşdırmalar Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev bildirib ki, mülkiyyət hüququ ilə bağlı açılan məhkəmə işi həmişə çətin və mürəkkəb olur. Və əgər bu müraciət başqa ölkəyə ünvanlanırsa, burada mütləq hər hansı bir siyasi aspekt olur. Faktları qiymətləndirməklə baş verən hadisəyə hüquqi qiymət vermək. Burada da söhbət gedir mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı prosesdən. Hansı ki, 1988-89-cu illərdə Dağlıq Qarabağın vətəndaşları ermənilərin hücumuna məruz qalıb və hüquqları onlar tərəfindən tapdanaraq, evlərindən, yurd-yuvalarından didərgin salınıblar. Onlar həmin vaxtdan üzü buyana öz əmlaklarından istifadə etmək hüququndan məhkum olunublar. Onların əmlakları işğalçı ermənilər tərəfindən tamamilə məhv edilib. Şübhəsiz ki, Avropa İnsan Haqları Məhkəməsi bu müraciətə baxarkən aydın olacaq ki, şikayətçilərin mülkiyyəti başqa bir dövlətin işğalçıları tərəfindən törədilib. Yəni azərbaycanlı məcburi köçkünlər başqa dövlət tərəfindən təcavüzə məruz qalıblar. Məsələnin təcavüz tərəfi olduğuna görə də, məhkəmə prosesinə çox ciddi yanaşılmalıdır. Çünki məhkəmə mülkiyyət hüququnun məhdudlaşdırılması və yaxud da vətəndaşın öz mülkiyyətindən istifadə etməsinə mane olması halları məhkəmə tərəfindən araşdırılmalı və faktlar toplusunda dəyərləndirilməlidir. Həmin məsələlərə ayrı-ayrılıqda qiymət verilməlidir ki, məsələ nəyin nəticəsində baş verib. Mülkiyyətin talanmasına səbəb nədir. Məsələyə bu aspektdən yanaşanda, ortaya siyasi məsələlər çıxacaq. Ola bilsin ki, onlar buna görə məsələyə ciddi yanaşmırlar. Amma bir şey var ki, ümumi yanaşdıqda, bu, səbəbindən asılı olmayaraq vətəndaşların mülkiyyət hüququnun pozulmasıdır. Və Avropa İnsan Hüquqları Konvensiyasına əlavə edilmiş bir saylı protokolda da mülkiyyət hüququ ilə bağlı maddə çox ciddidir. Əgər hər hansı bir fiziki və ya hüquqi şəxsin əmlakına dövlət orqanları və ya başqaları tərəfindən ziyan dəysə və onun mülkiyyət hüququ məhdudlaşdırılsa və ya onun mülkiyyəti tamamilə məhv edilsə, bu zaman məhkəmə çox ciddi və sərt qərarlar qəbul edir. Çünki mülkiyyət hüququ ilə bağlı olan maddə digər hüquqlardan üstündür. Bir növ mülkiyyət hüququ digər hüquqların bünövrəsini təşkil edir. Mülkiyyət hüququ olmayan insan heç vətəndaş kimi formalaşa da bilməz. Bütün dünyada da insan, dövlət mövcud olandan onların başlıca vəzifəsi insanların mülkiyyət hüquqlarının müdafiəsini təmin etmək olub. Ona görə də heç bir şübhə yoxdur ki, Avropa İnsan Haqları Məhkəməsi də "Çıraqov və başqaları Ermənistana qarşı" işinə düzgün baxacaq. Bunu müraciətin icraata qəbul edilməsi və proseslə bağlı kommunikasiyanın başlanması da göstərir. Hazırda proses istiqamətində də müəyyən işlər görülür, qərarın qəbul edilməsi istiqamətində də hazırlıq gedir. Və çox güman ki, müvafiq qərarlar da qəbul ediləcək. Çünki Avropa Məhkəməsinin bu günə qədər qəbul etdiyi qərarların perspektivini nəzər almaqla buna əmin olmaq mümkündür. İllərdir bizim vətəndaşlarımızın, yəni Çıraqov və digər məcburi köçkünlərin əraziləri işğal altındadır və onlar hələ də öz mülkiyyətlərindən istifadə edə bilmirlər, onlar bu hüquqdan məhrum ediliblər. Təbiidir. Bu bizi tələsdirir və istəyir ki, məhkəmə tez bir zamanda bizim xeyrimizə qərar çıxartsın. Amma bir şeyi unutmayaq ki, mülkiyyət hüququ ilə bağlı olan proses davamedici bir işdir və bu qanunla bağlı tələsik qərar vermək mümkün deyil. Mülkiyyət hüququ çox ciddi və mürəkkəbdir. Bu məsələ hərtərəfli araşdırılmalı və ətraflı öyrənilməlidir. İllərdir Çıraqov və başqalarının Avropa Məhkəməsinə etdikləri müraciətin yubadılması o demək deyil ki, məhkəmə bu prosesi bilərəkdən ləngidir. Əsla. Sadəcə, dəfələrlə şahidi olmuşuq ki, Avropa Məhkəməsi bütün müraciətlər haqqında çox gec qərar çıxarır. Həm də bu məsələ çox axıcıdır, sadə bir problem deyil ki, məhkəmə tez bir zamanda prosesə baxsın və qərar çıxarsın.
   
   Aslan İsmayılov isə həmkarlarından fərqli olaraq, Avropa Məhkəməsinin "Çıraqov və başqaları Ermənistana qarşı" məhkəmə işinə baxsa da, obyektiv qərar çıxartmayacağına inanır. Onun sözlərinə görə, məhkəmənin bu məsələ ilə bağlı konkret qərar çıxarması real görünmür. Onlar bu işlə bağlı ən yaxşı halda siyasi qərara oxşar bir şey deyəcəklər. Çünki Avropa Məhkəməsi bü müraciətə obyektiv yanaşıb, hüquqi qərar çıxartsa, deməli, Ermənistanın Dağlıq Qarabağda həyata keçirdiyi təcavüzkar əməllərə də bir münasibət bildirmiş olacaq. Bu gün Avropanın türklərə qarşı olan münasibətini də nəzərə alsaq, aydın olur ki, Avropa İnsan Haqları Məhkəməsi bu müraciətlə bağlı heç vaxt konkret qərar qəbul etməyəcək. Dediyim kimi ya siyasi bir qərar verəcək, ya da məsələni bundan sonra bir neçə il də yubadaraq, vaxt əldə etmiş olacaq.
   
    Hüquqşünas İntiqam Əliyev deyib ki, məcburi köçkünlərin "Çıraqov və başqaları Ermənistana qarşı" məhkəmə işi ilə bağlı Avropa Məhkəməsinə ünvanladığı müraciət sırf hüquqi məsələdir. Və məcburi köçkünlərin də bu şikayəti orada qəbul edilən sayılıb, müraciətə isə hələ baxılmayıb. Məhkəmənin bu məsələ barədə qərar çıxarması o demək deyil ki, Avropa Məhkəməsi hər hansı bir ölkənin işğalçı dövlət kimi tanınması barədə qərar verir. Burada söhbət konkret insanların mülkiyyət hüququnun pozulmasından gedir. Və yəqin ki, Avropa Məhkəməsi də bu işlə bağlı lazımi qərarı çıxaracaq.
   
   
Şəymən Aşırlı
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə hazırlanıb
Qaçqın qadınların ən böyük dərdi yurd həsrətidi
Flora Xəlilzadə: "Mən o qədər qadın tanıyıram ki, ancaq doğma torpağında ölməyi arzulayır"
Aynur Camalqızı: "Qadınlar bu gün öz övladlarını min bir əzab-əziyyətlə, zülmlə qurduqları evlərində böyüdə bilmirlər"
Roza Əliqızı: "Məndə olan məlumata görə, bu gün də başqasının evində yaşamağa məcbur olan 500 qaçqın və məcburi köçkün ailəsi qalmaqdadır"
MÖVZU: "Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması"
Dağlıq Qarabağın işğalından sonra qaçqın düşmüş 1 milyon Azərbaycan qaçqınının əksəriyyətini Azərbaycan qadınları təşkil edir. İşğal faktının üzərindən 20 ildən artıq zaman ötməsinə baxmayaraq, bu gün də həmin köçkün ailələri, xüsusən də qaçqın qadınlar ağır günlərini yaşamaqdadırlar. Bu gün hələ də normal şəraitdə yaşaya bilməyən, ev problemlərindən, işsizlik problemindən əziyyət çəkən qaçqın qadınlarımız var. Təbii ki, qaçqınlarımızın ən böyük problemi Dağlıq Qarabağın tez bir zamanda işğaldan azad olunmasıdır.
   
   
   
   Amma bu problem həll olunanadək ən azından normal şəraitdə yaşamaq qaçqın qadınlarımızın ən təbii haqlarıdır. Elə bu problemləri nəzərə alan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, ölkəmizin Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva iki gün əvvəl AŞ PA-nın sessiyasında çıxış edib: "Azərbaycan müstəqillik əldə etdikdən sonra, qadın probleminin qoyuluşu və həllində, qadın hərəkatının geniş vüsət tapması və reallaşması sahəsində bizdə böyük dönüş olub. 1918-ci ildə Azərbaycan müsəlman şərqində ilk demokratik respublikanı yaradandan sonra qadınlara seçmək və seçilmək hüququnun verildiyini bəyan edib. Azərbaycanda bu, bir çox qərb ölkələrindən əvvəl baş verib. XX əsrdə ölkəmizdə qadın hüquqlarının təmin olunması məsələsi müxtəlif qanunlarımızda, bir çox digər rəsmi sənədlərimizdə öz əksini tapıb. Qərb və Şərqin, o cümlədən Azərbaycanın həyatında baş verən ictimai-siyasi və mədəni tərəqqi sahəsindəki bütün dəyişikliklərdə də qadınların rolu böyük olub. Çağdaş zamanda da Azərbaycanda qadın hüquqlarının müdafiəsi məsələlərinə böyük diqqət yetirilir. Bunun nəticəsi olaraq 14 yanvar 1998-ci ildə Prezidentin Fərmanı ilə Qadın problemləri üzrə Dövlət Komitəsi yaradılıb. "2011-ci ildə "Xüsusi qayğıya ehtiyaclı qadın, uşaq, aztəminatlı ailələrin hüquqlarının təbliği məqsədilə Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin potensialının gücləndirilməsi" adlı layihənin həyata keçirilməsinə başlanılıb. Milli Məclis 2010-cu ildə "Məişət zorakılığının qarşısının alınması haqqında" Qanun qəbul edib. Bu Qanun ailələrdə məişət zorakılığının qarşısının alınması məqsədi ilə profilaktik tədbirlərin görülməsini nəzərdə tutur. Ermənistanın işğalçılıq siyasəti üzündən Azərbaycan ərazisinin 20 faizini işğal etməsi nəticəsində öz doğma evlərindən didərgin düşmüş bir milyondan artıq Azərbaycan vətəndaşı arasında qadınların sayı çoxluq təşkil edir. Məhz bu problemlərin həlli beynəlxalq təşkilatların daim gündəliyində olmalıdır".
   
   Bəs görəsən, azərbaycanlı millət vəkilinin AŞ PA-nın diqqətini çəkməsini istədiyi azərbaycanlı qaçqın qadınlarımız, ümumiyyətlə, hansı problemlərdən əziyyət çəkirlər? Onları ən çox narahat edən məsələlər hansılardır?
   
   "Azərbaycan" qəzetinin mədəniyyət şöbəsinin rəhbəri Flora Xəlilzadə düşünür ki, bu gün Azərbaycan qaçqınlarının və qaçqın qadınlarının ən ümdə problemi onun Vətənindən ayrı düşməsi, içindəki Vətən nisgilinin, Vətən həsrətinin hər gün bir az daha böyüməsidir.
   
   "Bilirsiniz, mən özüm qərbi azərbaycanlıyam. Mənimlə bərabər yüzlərlə insanlar var. Onların heç biri bu gün qaçqınlıq statusu almayıb. Yəni bu gün bu insanlar öz doğma yurd-yuvasına, doğulduğu torpağa gedə bilmirsə, onda bunun adı qaçqın deyil, bəs nədir? Qaçqın qadınların problemlərini danışmaqla bitirmək olmaz. Baxın, "Azərbaycan qadını" deyilən bir jurnal var da. Açın o jurnalı, görün siz orada bir dənə də olsun hər hansı bir qaçqın qadının həyatından, problemindən, arzu-istəklərindən yazılmış bir məqaləyə rast gələcəksinizmi? Xeyr, çünki belə jurnalda yalnız vəzifəli şəxslərin xanımlarından, vəzifəli qadınlardan, hansısa bir imkanlı şəxslərə, kiməsə yaxın olan qadınlardan-onların gördükləri işlərdən reportajlar yazılır. Məgər Azərbaycan qadını təkcə vəzifədə olan xanımlardanmı ibarətdir? Məgər Azərbaycan qadını yalnız vəzifəli şəxslərə yaxın olan qadınlardanmı ibarətdir? Axı Azərbaycan qadını bütün bu qadınlarla yekunlaşmır. Azərbaycan qadını ürəyində Vətən nisgilini daşıyan, ürəyində şəhid oğlunun, qardaşının, atasının, həyat yoldaşının, sevgilisinin dərdiylə alışıb-yanan, Vətəninə-torpağına getmək üçün alışıb yanan, sözün həqiqi mənasında həsrətdən saralıb-solan, Vətən deyə-deyə canını tapşıran qadınlardan da ibarətdir. Biz necə belə qadınlarımızı unuda bilərik? Bilirsiniz, bu gün bəzən şahidi oluruq ki, qaçqın ailələrinə sanki bir dilənçi kimi baxırlar. Amma o insanlar anlaya bilmirlər ki, bu gün kiminsə evini zəbt etməyə məhkum olunmuş, kiminsə yerini dar etmiş o qaçqın ailələri-qaçqın qadınları bəlkə də zamanında hazırda həmin qaçqına yuxarıdan aşağı baxanların yaşadıqları ev-eşiyi bəyənməzdilər. Çünki qaçqın düşmüş insanlar elə ev-eşiklərini, elə imarətlərini, elə mülklərini, toyuq-cücələrini, var-dövlətlərini arxada qoyub digər yerlərdə məskunlaşmaq məcburiyyətində qalıblar ki, bəlkə heç o yerli əhali-qaçqınları bəyənməyənlər heç vaxt elə lüks həyat şəraitinə sahib olmayıblar. Mənim xatirimdədir ki, biz Universitetdə oxuyanda, bizə kirayədə qalmaq üçün elə evlər təklif edirdilər ki, inanın mənə, biz həmin evlərə baxanda dəhşətə gəlirdik ki, ilahi, biz belə yerlərdə təkcə toyuq-cücəmizi saxlayırdıq. Bilirsiniz, qaçqın qadının, qaçqın ananın sonsuz sayda problemləri var. Bu təbiidir, amma inanın ki, qaçqını evlə təmin etmək onun problemini həll etmək demək deyil. Bəzən eşidirəm ki, çadırda yaşayan qaçqınlar evlə təmin olunub. Bilirsiniz, belə halda insanın sadəcə ürəyi yanır. Yəni bu qaçqın yazıq ömrünün sonuna qədər çadırda yaşayası deyil idi ki, əvvəl-axır o, normal bir evdə yaşamalı idi. Bu, qaçqının probleminin həlli deyil. Mən hər zaman belə düşünmüşəm ki, torpağına qayıtmayan qaçqının problemi heç vaxt həll oluna bilməz. Əgər qaçqın qadın öz doğma torpağına- dünyaya gözünü açdığı Vətəninə, suyunu içdiyi, torpağında gəzdiyi, havasını ciyərinə çəkdiyi yurduna gedə bilmirsə, onun problemi heç vaxt həll olunmuş ola bilməz. Torpağı alınmayan qaçqının problemi hər zaman qalacaq. Bu problemdən isə ən böyük əziyyət çəkən təbii ki, qaçqın qadınlarımız olacaq. İnanın mən tanıyıram, o qədər qaçqın qadınlar var ki, sadəcə, Vətənində ölməyin həsrətilə alışıb-yanır. Vətəninə getməyin həsrətiylə saralıb-solur. Ona görə də mən düşünürəm ki, bu gün qaçqın qadınların sonsuz sayda ailə-məişət, sosial və digər problemlərindən danışmaq, hətta onları həll etmək olar. Amma qaçqınların ən böyük problemi onların torpaqsız qalmaqları, ürəkləri istəyəndə vətənlərinə gedə bilmələridir".
   
   "Əsgər anaları" İctimai Birliyinin sədri Roza Əliqızı:
   
   "Mən iki il bundan əvvəl qaçqın qadınlarımızın ağır vəziyyəti ilə bağlı bir layihə hazırlamışdım. Bu layihədə qaçqın xanımlarımızın bir çox probleminin mövcudluğunun şahidi olmuşam. Təbii ki, hamımıza məlumdur ki, qaçqın qadınların ən böyük problemləri ev problemidir. Hansı ki, onlar qaçqın düşərkən yataqxanalarda, məktəblərdə, yarımçıq tikililərdə məskunlaşıblar. Mən həmin evlərlə bağlı çox problemlər yaşayan qadınlarla tanış olmuşam. Bu problemlər içərisində qadınlara-qaçqın düşmüş, qaçqınlığın bütün dəhşətini yaşayan, onsuz da həyatında qaçqınlıq kimi bir faciəni yaşayan qadınlarımıza yönələn şiddətin şahidi olmuşam. Bakıya qaçqınların təzə-təzə gəldiyi vaxtlarda 9-cu mikrorayon adlanan ərazidə hansısa zavodun nəzdində tikilmiş bir bina olub. Həmin vaxtı bəzi qaçqın və məcburi köçkün ailələri o binada məskunlaşıblar. Zaman keçdikcə, həmin ailələr öz hesablarına yarımçıq binanı təmir ediblər. Özlərinə normal qapı-pəncərə qoyublar, bir sözlə, bacardıqları kimi şərait qurublar. Üstündən uzun illər keçdikdən sonra həmin zavod sahibləri öz işçilərinə qaçqınların məskunlaşdığı mənzillərdə yaşamaq üçün orderlər paylayıb. Təbii ki, mənə elə gəlir ki, neçə illərdir qaçqın ailələrin bu binada yaşadıqlarını və onların getməyə başqa bir yerlərinin olmadıqlarını gördükdən sonra zavodun belə bir addım atması anlamsız idi. Lakin zavod bu evlərə orderləri payladıqdan sonra işçilər məhkəməyə müraciət etdilər və məhkəmə də həmin işçilərə qaçqın ailələrini o evlərdən çıxarmaq hüququ verdi. İşçilər qaçqınları evlərdən çıxardıqdan sonra qaçqın ailələri- qadınlar getməyə yerləri olmadıqları üçün mitinq etməyə başladılar. Həmin mitinqdə polislər o qaçqın qadınlarla çox kobud rəftar etdi. O qadınların hamısını maşınlara mindirib polis idarəsinə apardılar. Bir neçə müddət onları orada saxladılar. Sanki həmin qadınlar hansısa bir cinayət əməli törətmişdilər. Bilirsiniz, düşünürəm ki, ev problemi qaçqın qadınlarımızın ən böyük problemlərindən biridir. Məndə olan məlumata görə, bu gün də başqasının evində yaşamağa məcbur olan 500 qaçqın və məcburi köçkün ailəsi qalmaqdadır. Daha bir problem qadınlarımızın işsizlik problemidir. İnanın, nə diplomu olanlar işləyə bilir, nə də diplomsuzlar. Mən o qədər qaçqın ailəsi tanıyıram ki, diplomu ola-ola iş tapa bilmirlər. Mən Xırdalanda da qaçqın qadınların hüquqlarının pozulması faktı ilə üzbəüz qalmışam. Həmin qaçqın ailələri mənə müraciət etdilər, mən tam 6 aydan sonra bu problemin həllinə nail oldum. Xırdalanda qaçqınların qaldığı yaşayış yerində qaz sistemi bütün ailələr üçün eyni yerdən çəkilmişdi. Hansı ki, həmin ailələrin eləsi var ki, onun 3 üzvü var, eləsi də var ki, 7-8 və daha çox. Bu da qazın pulunun ödənilməsində problem yaradırdı. Yəni ailələrin hamısından eyni məbləğ tələb olunurdu. Bu problemin həlli üçün tam 6 ay həmin ailələrə qaz verilişi dayandırıldı. Həmin evlərin qadınları 6 ay qışın günündə zülm çəkdilər. Yəni qaçqın ailələrimizin, xüsusən də xanımlarımızın əziyyət çəkdikləri bir çox nüanslar var. Bütün bunların əvvəlində təbii ki, Qarabağın işğaldan azad olunması dayanır, amma burda da onlar çox problemlərlə üz-üzə dayanmalı olurlar".
   
   Keçmiş millət vəkili Aynur Camalqızı:
   
   "Əslində əyalətlərimizdə yaşayan qadınların hamısı təxminən eyni problemlərdən əziyyət çəkirlər. Amma qaçqın və məcburi-köçkün ailələrindən olan qadınlarımızı digər qadınlardan ayıran ən başlıca fərq odur ki, bu qadınlar öz evlərindən didərgin düşüblər. Onlar öz doğma torpaqlarından, illər ərzində özlərinə qurduqları şəraitdən, yaratdıqları ev-eşiklərindən qaçqın düşüblər. Bilirsiniz ki, rayon yerlərində, kəndlərdə bir evi tam qurub-yaratmaq üçün bir ailəyə bəzən 30-40 il vaxt lazım olur. Onlar özlərinə məxsus bir şərait yarada bilmək üçün, o evə lazım olan əşyaları almaq üçün bəzən illərlə işləməli, əziyyət çəkməli olurlar. Yəni belə ev-eşikləri qurub yaratmaq heç də bir göz qırpımında olan iş deyil. İnsanlar bunu qazanmaq üçün həyatları boyu işdə-gücdə, əziyyət çəkməkdə olurlar. Bu, onların canı-qanı bahasına, illərlə çəkdikləri həqiqi zəhmət hesabına başa gəlir. Yəni təsəvvür edin ki, bu insanlar 30-40 ilə yaratdıqları şəraitlərindən, evlərindən, təsərrüfatlarından, mal-qaralarından, əmlaklarından təcrid olunublar. Yəni zorla sahib olduqları hər bir şeydən imtina etməli olublar. Məcburi köçkün kimi çadırlarda, alaçıqlarda yaşamağa məhkum olunublar. Təbii ki, bu proseslər birinci növbədə bu ailələrin-qadınların həyatında çox ciddi, mənəvi, psixoloji işgəncə, əzab deməkdir. İlk növbədə qaçqın və məcburi köçkün olan qadınlardan danışanda, bu amili qabartmaq lazımdır. Həmin qadınlar bu gün öz övladlarını min bir əzab-əziyyətlə, zülmlə qurduqları evlərində böyüdə bilmirlər. Bu gün onlar məcbur qalıb hansısa bir çadırda, alaçıqlarda yaşayırlar. Təbii ki, qaçqın qadınların ən böyük problemi bu amillərdir və onların ən böyük istəkləri Dağlıq Qarabağın işğaldan azad olunmasıdır".
İzolda Heydərqızı
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə hazırlanıb
 
 
spacer
  Copyright (c) 2008 Bütün haqqları qorunur.
Content by azDesign.ws