Nazim Məmmədov: "Yalnız qanunları sərtləşdirmək yox, həm də islahatları dərinləşdirmək vacibdir"
Rövşən Ağayev: "Məmur cəzasız qalacağına əmin olduqda, əlbəttə ki, istədiyi özbaşınalığı edəcək"

Azərbaycanda rüşvət alma cinayətlərinin sayı artıb. Dünən keçirdiyi mətbuat konfransında Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəhbəri Kamran Əliyev belə deyib. O vurğulayıb ki, 2011-ci ildə Azərbaycanda əvvəlki illərlə müqayisədə korrupsiya cinayətlərinin ən təhlükəli formalarından olan passiv rüşvətxorluq, yəni rüşvət alma cinayətlərinin sayı xeyli çoxalıb. K.Əliyev bildirib ki, istintaq edilmiş cinayət faktlarının sayı əhəmiyyətli dərəcədə artıb və il ərzində 16 şəxs barəsində rüşvət alma maddəsi ilə başlanmış 11 cinayət işi istintaq edilib. 3 şəxs barəsində isə 2 iş vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə, yəni nüfuz alveri faktı aşkarlanıb.
Korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin elan edildiyi, kompleks tədbirlər görüldüyü barədə davamlı bəyanatlar səsləndirildiyi bir dönəmdə nətcənin bu formada olması əlbəttə, daha ciddi tədbirləri qaçılmaz edir. Ekspertlər də bu qənaətdədirlər.
Keçmiş millət vəkili, iqtisadçı Nazim Məmmədov hesab edir ki, bu sahədə daha effektli islahatlar aparılmalıdır. "Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi də yaradılıb ki, bu qurumun vəzifəsi birbaşa olaraq korrupsiya ilə bağlı hüquqpozmaları araşdırmaqdır. Düşünürəm ki, bu sahədə ciddi islahatlar aparılmalıdır. Yalnız qanunları sərtləşdirmək yox, həm də islahatları dərinləşdirmək vacibdir. Korrupsioner dövlət resurslarını öz resursları kimi istifadə edən dövlət məmuru, vəzifəli şəxsdir. Korrupsioner nə qədər öz vəzifəsindən istifadə edirsə, cinayəti bir o qədər böyükdür. Adi bir məişət rüşvətxoru sonradan asanlıqla böyük bir korrupsionerə çevrilə bilər. Belə olan halda vətəndaşlardan çox şey asılıdır. İnsanların təpkisi çox önəmlidir. Vətəndaşlar çox vaxt işinin tez bir zamanda həll olunması üçün özü məmura rüşvət verir. Belə olduqda təbii ki, korrupsiya halları çox olacaq. Biz vətəndaş olaraq özümüzdən başlamalıyıq. Prezidentin korrupsiyaya qarşı elan etdiyi mübarizəni müsbət qiymətləndirirəm və düşünürəm ki, Azərbaycan üçün zəruridir".
Nazim Məmmədov deyir ki, kadr islahatları aparılması labüddür. "Qanunvericilik bazasının və sistemin mükəmməl olmasından asılı olmayaraq icraçılar insanlardır. Ona görə də hesab edirəm ki, ciddi kadr islahatlarına ehtiyac var. İdarəetmənin mexanizmləri daha da dəqiqləşdirilməli, daha da təkmilləşdirilməli və islahatlar daha da dərinləşdirilməlidir. Eyni zamanda, kadr islahatlarına yüksək səviyyədə start verilməlidir. Bu halda nəyinsə dəyişəcəyini görə bilərik". N.Məmmədovun fikrincə, istənilən hakimiyyətin nüfuzu onun məmurunun xalqla münasibətindən asılıdır. "Çalışmaq lazımdır ki, insanlarla münasibətlərdə olan sadə məmurun əməkhaqqı və məsuliyyəti artırılsın. Məmur rəhbərindən deyil, qanunun tələblərindən qorxmalıdır". Ekspertin sözlərinə görə, bir çox məmurlar dövlət vəzifəsində oturub, öz bizneslərini idarə edirlər.
Korrupsiyaya qarşı mübarizə fondunun icraçı direktoru Vasif Mövsümov korrupsiya hallarının Azərbaycanın imicinə zərbə vurduğunu deyir. "Azərbaycanda korrupsiyaya qarşı mübarizəyə 2004-cü ildən start verilib. 2009-cu il 10 fevral tarixdə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilib. Bu, beynəlxalq təşkilatlar tərəfindən müsbət qiymətləndirilsə də, ölkədə korrupsiyaya qarşı mübarizənin icrası acınacaqlıdır. 2010-cu ilin yekunlarına dair müşavirədə də prezident etiraf etdi ki, Azərbaycanda korrupsiyanın səviyyəsi yüksəkdir. Prezident tərəfindən nümayiş olunan bu siyasi iradə niyə aşağı qurumlarda öz ifadəsini tapmır? Daha çox aşağılar yuxarıdan, məmurlardan gələn göstərişlə işləyir. Azərbaycan korrupsiya, daha çox aşağıların korrupsiyasıdır, yəni təhsildə, səhiyyədə və digər sahələrdə rüşvət alınır. Ölkədə əlində səlahiyyət olan bir çox məmur elə özləri korrupsionerdi. Həm də inhisarçılığın qarşısı alınmırsa, korrupsiya halları da hər zaman olacaq. Azərbaycanda ilk növbədə məişət səviyyəsində olan rüşvətxorluğu aradan qaldırmaq lazımdır. Vətəndaşların hüquqi savadları olmalıdır. Vətəndaşlar da bilməlidirlər ki, korrupsiya ölkəni dağıdır və buna qarşı müqavimət göstərməlidirlər. Güclü müqaviməti görən məmur özü geri çəkiləcək. Korrupsiya Azərbaycanın imicinə zərbə vurur. Çox yaxşı olardı ki, korrupsiyaya qarşı mübarizə güclü və davamlı olsun".
İqtisadçı Rövşən Ağayev o qənaətdədir ki, korrupsiyaya qarşı mübarizəni ilk öncə məmurların özlərindən başlamaq lazımdır. "Azərbaycanda 2005-ci ildə korrupsiya əleyhinə qanun qüvvəyə minərkən, məmurların gəlir və əmlak vəziyyəti ilə bağlı deklarasiya qəbul olunmuşdu və 2 ay ərzində məmurların gəlir və əmlak vəziyyəti açıqlanmalı idi. Lakin bundan 6 il keçsə də, hələ də bu sənəd hazır deyil".
İqtisadçı bundan başqa düşünür ki, nazirliklərin funksiyalarının təkmilləşdirilməsi lazımdır. "Məsələn, Torpaq Komitəsinə ehtiyac yoxdur, o, Kənd Təsərrüfatı Nazirliyi və Əmlak Komitəsi arasında bölüşdürülməlidir".
R.Ağayev məhkəmə sistemində islahatların aparılmasını zəruri hesab edir. "Ölkədə süründürməçilik, məmur özbaşınalığı halları var. Nəinki dövlət idarələrində, habelə məhkəmələrdə də vətəndaşların əsəblərini tarıma çəkirlər. Vətəndaş hər hansı qurumda haqqı pozulanda məhkəməyə üz tutmalıdır. Amma məhkəmələrin özü süründürməçiliklə, sifarişlə çalışır. Məmur cəzasız qalacağına əmin olduqda, əlbəttə ki, istədiyi özbaşınalığı edəcək. Elə bunun nəticəsidir ki, vətəndaşlarla dövlət qurumları arasında qeyri-sağlam münasibət formalaşıb. Vəziyyət o qədər mürəkkəbləşib ki, vətəndaşlar çıxış yolunu intiharda görürlər. Faktın özü isə həyəcan siqnalı sayıla bilər. Məmur özbaşınalığı, korrupsiya, rüşvətxorluq, süründürməçilik hallarına qarşı təcili müdaxilə olmalıdır. Bu sahədə köklü islahatlar aparılmasa, nəticə daha pis olacaq".